Qələmi də,
kağızı da xəbərlər çatdıran
Üstün xalq, güclü yurd olmaq yolunda
çalışmalar sonu olmayan gedişatdır. Dəyərlərimizi
qorumaq, yaşatmaq, irəlilətmək, gələcək nəsillərə
ötürmək səmtindəki çalışmalarda bir
an belə ləngimək, addımları yavaşıtmaq
yaramaz. Ləngiyiriksə, addımları
yavaşıdırıqsa, bu, millət olmanın bu qədəri
ilə razılaşmamız deməkdir. Tarixin dünənində
xalqın ucalığını, onun mənəvi zənginliyini
isbat edən nələr varsa, müdam onların
axtarışına çıxmalıyıq.
Bizdən öncə əsrlərcə bunu ediblər.
Bütün bunları ediblər ki, həmin səylərin nəticəsi
olaraq belə zəngin mənəviyyat xəzinəsinə
sahibik.
Tarix boyu Azərbaycanın istedadlı insanları yalnız
burada, vətəndə yazıb-yaratmayıblar. Neçə-neçə
böyük şəxsiyyətimiz orta əsrlərdən
üzü bəri Yaxın-Orta Şərqin neçə
ölkəsinə səfərlərə çıxıb. Bəziləri
elə orada yaşayıb, ömürlərini də oralarda
başa vurublar. Ona görə ədəbi irsimizin əks
olunduğu qaynaqlar bu gün dünya boyuncadır. Onların
axtarışı, əldə olunması bizləri hər
zaman düşündürməlidir. XX yüzilin 20, 30, 40, 50,
60, 70-ci illərində, hətta 80-ci illərdə də bu səmtdə
böyük iş görən insanlar vardı. İndi isə
həmin səmtdə çalışmalar üçün
meydan daha geniş, imkanlar daha çoxdur. XIX yüzilliyin
sonları, XX əsrin əvvəllərində əski irsimizi
aşkarlamaq, təhlil etmək, onları müasir kitablara
döndərərək insanlara təqdim etməyin öz
çətinlikləri vardı. Sanki o zaman məmləkətlər
arasındakı məsafələr indikinə nisbətən
daha böyük idi. Heç nə dəyişməyib.
Dünya həmin dünyadır, məsafələr həmin məsafələrdir,
ancaq həmin məsafələri qət etmək imkanları dəyişib.
Köhnə əyyamlarda bu ölkə ilə o ölkə
arasındakı yolu karvanlarla, gəmilərlə, uzun səyahətlərlə
keçərdilər. XX yüzil gəldi, sürətlər
artdı, sanki dünya boyu yayılmış irsimizi əldə
eləmək imkanları da çoxaldı. Ancaq o dövrdə
də bizim qarşımıza ayrı maneələr
çıxdı. Qapalı dövlətdə yaşadıq,
dünyaya giriş-çıxışımız çətin
oldu. Bununla belə, fədakar tədqiqatçılarımız
daim keçmiş irsin ardıncaydı, əlyazmaları
axtarırdılar, dünənlərdə qalan
ayrı-ayrı söz ustalarımızın
"Divan"larını əldə edirdilər, bunlardan
hansılarısa ərəbcə, farsca qələmə
alınmışdısa, onları öz dilimizə
çevirirdilər, həmin ədiblər haqqında tədqiqat
əsərləri yazırdılar. Ona görə də bu
gün ədəbiyyat tariximizin dünənindən bəhs edərkən
göz qabağından həmin müstəsna millət salnaməsini
yaratmış və borclu olduğumuz sıra-sıra adlar, surətlər
keçir. Ancaq XX yüzilliyin birinci yarısında, qismən
də ondan sonrakı 20-30 il ərzində əldə etdiklərimizə
nəzər salanda və əlimizdə-ovcumuzdakı irsi ondan
sonrakı dövrdə ortaya çıxarılmış,
haqqında yazılmış şəxsiyyətlərlə
müqayisə edəndə görürük ki, çox da irəli
gedə bilməmişik. Dünən bir çox məhdudiyyətlərə
baxmayaraq, sürətimiz də, tədqiqatlarımızdakı
keyfiyyət də daha artıqmış. İndi imkanlar daha
genişkən, dünyanın dörd bucağındakı əlyazma
xəzinələrinə əlimiz rahatlıqla çatarkən
sanki sürətimiz yavaşıyıb. Ancaq belə yaramaz. Azərbaycanın
bir millət olaraq ən vacib özəllik və
üstünlüklərindən biri, bəlkə də,
birincisi elə onun söz sərvətidir. Zənginlik olanda,
qanunauyğundur ki, zirvələr də çoxalır, ancaq
zirvələrin yanında onların
parlaqlığının işığını
örtdüyü digər böyük yaradıcılar da həmişə
olur axı!
Nizami XII əsrin coşqun tərəqqi yaşayan Gəncəsində
yaşayıb-yaradırdı. O mühit Nizami kimi nəhəngi
yetişdirmişdisə, əlbəttə ki, onun
sağında, solunda da neçə-neçə istedadlı
insan qələm çalmaqdaydı. Ancaq məhz Nizaminin
işığının gurluğu onların bir çoxunun
yetərincə parlamasına mane olub. Bəlkə də
onların hərəsi ayrı bir əsrdə
yaşasaydı, daha artıq şöhrətlər qazanar,
daha geniş çərçivədə tanınardı.
Son 30-40 ilin içərisində bir çox əlyazmalar
aşkarlanıb ki, onlar gözlərimizi sanki
keçmişimizə daha geniş açıb. Elə Gəncənin
özündə Nizamidən savayı, 40-a yaxın şairin
adını və bir çoxunun
yaradıcılığından örnəkləri müəyyənləşdirmişik
ki, onlar da həmin dövrdə cilalı qələm sahibləri
zümrəsində yer almışlar. Təzkirələrdə,
ədəbi salnamələrdə həmin unudulmuşlardan bəzisinin
ayrı-ayrı şeirləri var. Ancaq çox
mümkündür ki, onların əksəri "Divan" da
bağlayıbmış, məsnəviləri, digər əsərləri
də varmış. Hansının ardınca olmuşuq,
hansını aşkarlamışıq? Yalnız Nizami, Məhsəti,
Qivami Mütərrizi, Əbül-üla Gəncəvi ilə
iş bitərmi? Əslində Nizamidən, Məhsətidən
başqa heç adı bəlli olan digərlərini də
kifayət qədər öyrənməmişik.
Əbül-üla Gəncəvini, Qivami Mütərrizini 70
il, 80 il, 100 il bundan əvvəl hansı səviyyədə
tanıyırıqsa, o səviyyədə qalmışıq.
Olarmı belə? Ya Şirvan mühiti. Bir Xaqani Şirvani, bir
də qismən Fələki Şirvanini qismən
tanıyırıq, az-çox onların irsi ortadadır, xalqa
çatdırılıb. Ancaq bəs İzzəddin
Şirvani, Qiyasəddin Şirvani və o dövrün
neçə-neçə Şirvaniləri?
Əlbəttə ki, hələ də dünyanın ən
müxtəlif ölkələrindəki kitabxanalarda, əlyazma
xəzinələrində Azərbaycan irsinin bilinməyən
nümunələri çoxdur. Bəzilərinin adları da bəllidir,
"Divan"ları, məsnəviləri haqqında soraqlar
da əldə olunub. Lakin təəssüflər ki, onlara
doğru canatmalar da arzulanan səviyyədə deyil.
Adlarını, ədəbi miraslarının izlərini
tapdığımız və XIII-XIX əsrlər arası
yaşamış xeyli söz ustamız olub ki, onları
bütövlüyü ilə yeni zamana çatdırmağa
inadkar tədqiqatçı əlləri çatmayıb. Belədirsə,
heç bir əlavə izaha və səbəbgətirmələrə
ehtiyac duymadan gəlinən tək qənaət odur ki, səylərimiz,
məqsədyönlülüyümüz yetərincə
olmayıb.
Sanki bizdən çox da uzaq olmayan bir zamanda - XIX
yüzildə yaşamış insan, XX yüzilin 40-cı illərinə
qədər yalnız haqqındakı xırda təzkirə məlumatlarıyla
qənaətləndiyimiz Heyran xanım. Gözəl adına bənzər
hissləri hər dəfə onun şeirlərini oxuduqca yenidən
yaşayırıq, valeh oluruq. XX əsrin ortalarınacansa o, pərdə
arxasında qalan kimi idi. Üzə çıxarıldı,
şeirləri, haqqında araşdırmalar xalqa
çatdırıldı, hələ görüləsi
çox işlərin olması xəbərdarlığı
da diqqətə çarpdırıldı və sanki sonra bu vəd
unuduldu. Bir daha təəssüf ki, yerli-dibli xatırlanmayanlar
öz yerində, biz hətta Heyran xanım kimi nisbətən
bilinən, amma öyrənilişi davam etdirilməlilərimizlə
bağlı da səhlənkar olmuşuq, bu bənzərsiz
qadın şairimizi də XX yüzilliyin ortalarında
tanıdılandan daha irəli apara bilməmişik.
Bu ayrı söhbət ki, Heyran xanımın əhatəsində
olan ədəbi mühitin təmsilçilərinin irsini,
yaratdıqlarını aramaq, axtarmaq, üzə
çıxarmaq, bugünə yetirmək və sabahlara
ötürmək səmtində səylərimiz çox
olsaydı, bu gün tanıdığımız yeni adlar və
yaradıcılıqlar da az olmazdı.
Qadının şeirdə imtiyazı bütün
zamanlarda və dünyanın hər yerində həmişə
çox olub. Kişiləri şeirdə vəsf etməyin
şərtləri həmişə ağır olub. Ya
döyüş meydanında hünərlər göstərməlisən,
ya el naminə gördüyün hansısa işlərlə
ad çıxarmalısan, ya qəhrəmanlığın
tarixə yazılan elə hünər olmalıdır ki, dillərə
düşsün. Bu vəsfnaməçiliyin bir başqa tərəfi
də odur ki, taxt-tac sahibləri, hökmdarlar tutduqları mənsəbə
görə, hakimiyyət kürsüsündəki
ucalıqlarına görə tərənnüm edilib (Hərçənd
onları da öyəndə şairlər
çalışıblar ki, məmduhlarının tərifə
layiq ictimai siqləti olan əməllərini daha çox
qabartsınlar). Fəqət qadınların vəsf
olunmasından ötrü onların elə qadın olması bəs
edib və insan şeirlə nəfəs almağa
başladığı gündən dünyanın hər
yerində qadın şeirin baş qəhrəmanı olub.
Ancaq bu da bir həqiqətdir ki, daim şeirin baş mövzusu
olan qadının özünün şairlər
sırasında görünməsinə həmişə seyrək
rast gəlinib. Bizdə də, dünyanın hər yerində
də. Götürün istənilən xalqın ədəbiyyat
tarixini, ən keçmişlərdən ən yeni zamanlara qədər
olan bütün şairlərini sıralayın - qadınların
adı ara-sıra gözə dəyəcək. Əski
çağlarda, orta əsrlərdə tək-tək, nadir
hallarda, yeni zamanlarda miqdar nisbətən artsa da, bu say kişilərlə
müqayisədə yenə həddindən artıq az
görünəcək.
Guya Qərbə nisbətən orta əsrlərdə
daha hüquqsuz olduğu zənn edilən Şərq
qadınını düşünərkən bu mənzərə
də aydınlığı ilə canlanır ki, bizlərdə
şeir və sənətdə qadınların yeri Qərbdəkinə
nisbətən daim qat-qat geniş və daha urvatlı olub. Orta
əsrlərin müsəlman Şərqindən bir qafilə
şair, musiqiçi, filosof qadınları sadalaya bilirik. Həmin
zamanlarda isə Qərbdə belə simalar gözə dəymir.
Əgər XX yüzildə Azərbaycan şeirində
neçə qadınımız ulduz kimi parladısa, bunun
arxasında ənənə dayanırdı. Məhsətilərdən,
Rəziyyə Gəncəvilərdən, Aşıq Pərilərdən,
Aşıq Bəstilərdən, Ağabacı ağalardan gələn
böyük bir ənənə. Ömrü XIX yüzilə
sığmış, ancaq yaratdıqları ilə
qarşıdan gələn neçə-neçə əsrlərə
sığmayacaq Heyran xanım həmin ənənənin
doğurduğu incilərdən biri idi.
Heyran xanım XIX yüzildə yaşadı, getdi.
Ancaq XX yüzildə Heyran xanım yenidən doğuldu və
dünyaya bu gəlişi olmasaydı, Azərbaycan onu bir
qüvvətli şair olaraq tanımayacaqdı. Heyran
xanımın Azərbaycan insanına, müasir oxucuya
qayıdışı Təbrizdə işıq üzü
görən əl boyda bir kitabla başlayıb.
1940-cı illərin əvvəllərindən Azərbaycanın
bir çox mədəniyyət, ədəbiyyat xadimləri
İranda idilər və onlardan biri - İrandakı müttəfiq
qoşunları kontingentinin sovetlərə məxsus hərbi
hissənin zabiti, unudulmaz teatrşünasımız Qulam Məmmədlinin
zəhmətləri sayəsində o vaxt sözün məcazidən
çox gerçək mənasına daha uyğun olan bir
şəraitdə - iki daşın arasında həmin kitab
ortaya çıxır.
Kitab Sovet İttifaqı Mədəni Əlaqələr
Təşkilatının İran cəmiyyətinin xətti ilə
buraxılmışdı və o müxtəsər topluda dərc
edilmiş şeirlər heç də Heyran xanımın
irsinin hamısı deyildi - onun ana dilində yazdığı
bir-iki şeir və fars dilində qələmə
aldığı mənzumələr. Kitaba o çağlarda
Güneyin tanınan şairlərindən olan Səfvət (həmin
dövrdə İrana səfər edərək bir müddət
orada çalışmışlardan biri olan rəhmətlik
Ənvər Məmmədxanlı Səfvəti həm bir
insan, həm bir şair kimi yüksək dəyərləndirir,
oçağkı cənublu söz ustaları arasında
öndəgedən sayırdı) kiçik bir ön söz
yazmışdı və Qulam Məmmədli də Heyran
xanımın həyatı, yaradıcılığı barədə
toplamağa imkan tapdığı məlumatlar əsasında
onun tərcümeyi-halı,
yaradıcılığının mahiyyəti haqqında
oxucuya məlumat verirdi.
Amma bu kitab vardısa, Heyran xanım yenidən Azərbaycana
qayıtdısa, ilk növbədə yada salınmalı
başqa bir şəxsiyyət ki, yaşarı irsimizdən
söz açılarkən gərək həmişə onu
ehtiramla anaq - Hacı Məhəmməd Naxçıvani.
Kitab vurğunu, ədəbiyyat aşiqi bu kişi əslən
Naxçıvandan olsa da, nəsillikcə İrana, Güney Azərbaycana
köç etməli olmuşdular və Təbrizdə
yaşayır, ticarətlə məşğuldu. Var-dövlət
qazanmaqda qabiliyyətli olan bu zəngin insanın daha parlaq bir
istedadı və fərqli bir zənginliyi də ondan ibarətmiş
ki, əski və xüsusi dəyər daşıyan əlyazmalar
toplamağa çox mailmiş. Yalnız İranın içərisində
deyil, bir çox xarici ölkələrdə də Azərbaycanın
ədəbi irsi ilə bağlı hansısa əlyazma barədə
məlumat əldə edirmişsə, mütləq qüvvələrini
səfərbər edir, həmin əlyazmanı əldə etməkçün
tədbir tökürmüş. Hacı Məhəmməd
Naxçıvani 1879-cu ildə anadan olmuşdu, 1962-ci ildə
həyatdan getdi və bu ömür ərzində
yığıb toplamağa müvəffəq olduğu əlyazmaların
miqdarı 4000 civarında idi. Ancaq təbii ki, bu müddət ərzində
əlindən və gözünün önündən
yüzlərlə, minlərlə əlyazmalar
keçmişdi. Amma vərəqlədiyi, mütaliə
etdiyi, qiymətləndirdiyi əlyazmalar arasından evində cəmlədiyi
4 minə yaxın nüsxəni seçməyi lazım
bilmişdisə, demək, bunlar ən mühümlər, ən
qiymətlilərmiş.
Hacı Məhəmməd Naxçıvaninin şəxsi
kitabxanasını görmüş və təəssüratlarını
oxuduğum, dinlədiyim, rəylərinə də
inandığım insanların fikrincə, istənilən
ölkənin istənilən əlyazmalar xəzinəsi bu
kolleksiyaya həsəd apara bilərdi. İranın
özündə də, dünyanın müxtəlif ölkələrində
də alimlər xəbər alınca ki, filan nadir əlyazma
Hacı Məhəmməd Naxçıvaninin kitabxanasında
var, ona məktub yazar, ya şəxsən müraciət edər,
sonra da durub qulluğuna gələr, o əlyazmadan istifadə
icazəsi istərdilər. Maarifpərvər Hacı həm də
qəlbiaçıq, səxavətli insanmış. Təmənnasız
imkan yaradırmış ki, səriştəsi olanlar onun xəzinəsindən
bəhrələnsin. Sabahıgörən adammış,
agahmış ki, onsuz da topladıqlarının
hamısını sonacan və layiqincə tədqiq etməyə
bir insanın ömrü çatmaz.
Onun ayrı-ayrı əlyazmaları necə əldə
etməsi, bəzən bir əlyazmanı almaqçün bir
mülkə veriləcək qədər məbləği uf
demədən ödəməsi haqqında sıra-sıra
hekayətlər var. Onun haqqında vaxtilə mənə
unudulmaz Qulam Məmmədli və Ənvər Məmmədxanlı
çox söhbətlər edərdi.
Qulam müəllim cavan vaxtlarında İranda Hacı
ilə dəfələrlə görüşmüşdü
və bir neçə unudulmuş şairimizin əlyazmasını
məhz Qulam Məmmədliyə ilk dəfə bu əvəzsiz
Naxçıvani göstərmişdi. Təbrizdə Milli
Kitabxana yarananda da ümummilli xəzinənin bünövrəsi
möhkəm olsun deyə Hacı Məhəmməd
Naxçıvani öz evindən 500 əlyazmanı Təbriz
Milli Kitabxanasına hədiyyə etmişdi. Amma həyatdan
köçəndə də vəsiyyət etdi ki, nə qədər
əlyazması varsa, hamısı Təbriz Milli
Kitabxanasına verilsin. Özü belə yol tutmuşdu, ancaq
eyni cür hərəkət etməyi qardaşı Hacı
Hüseyn Naxçıvaniyə də təlqin etmişdi.
Hacı Hüseyn də, elə qardaşı Hacı Məhəmməd
kimi, kitab aşiqi idi, onun da zəngin əlyazma xəzinəsi
vardı və o da nəyi vardısa, sonda Təbriz Milli
Kitabxanasına hədiyyə etdi. İkisinin birlikdə Təbriz
Milli Kitabxanasına bağışladığı əlyazmaların
miqdarı 9000 civarındadır. Hacı Məhəmməd
Naxçıvani həm də alim təbiətli bir insan idi.
Yazdıqlarından əyan olur ki, Hacı Məhəmməd
Naxçıvani bəsirətli tədqiqatçı
imiş. Təbii, o qədər kitab oxuyan insan elmli, dərin
olmaya bilməzdi. "İbn Sinanın məzarı"
adında bir məqalə yazıb ki, ona dünyanın
neçə alimi istinad edib və edir. "Nizamiyyə mədrəsəsi"
haqqında maraqlı bir araşdırmanın müəllifidir,
Qətranın, Saib Təbrizinin "Divan"larının
mükəmməl elmi-tənqidi mətnlərini
hazırlayaraq Azərbaycana və dünyaya ilk dəfə təqdim
edən də məhz Hacı Məhəmməd
Naxçıvani olub. Mirzəli Möcüzü
tanıyırıqsa, səbəbkar yenə Hacı Məhəmməddir.
Ona əlyazmalarını Möcüz özü təqdim
etmişdi.
Hacı Məhəmmədin xəzinəsindəki əlyazmaların
bir nadirliyi də bu idi ki, onların bir çoxu
avtoqraflardı - hanısısa katibin
köçürdüyü deyil, birbaşa müəlliflərin
öz qələmindən çıxmış əsərlər.
Ruhu şad olsun ki, Heyranı da bizə qaytaran məhz o olub.
Heyran xanımın çox nəfis bir əlyazması
Hacının ləl-cavahiratlı xəzinələrdən
daha üstün olan mənzilində imiş. 1944-45-ci illərdə
aralarında xoş münasibətlər yaranıb isinişəndən
sonra Hacı Məhəmməd Naxçıvani bir-bir evindəki
ayrı-ayrı əlyazmaları Qulam Məmmədliyə
göstərmişdi. Hacı həm sərraf idi, həm arif.
Anlayırdı ki, qarşısındakı adama əlyazma,
irs etibar etmək olar, aparıb evində saxlamayacaq, mütləq
gec-tez üzə çıxaracaq, xalqa çatdıracaq.
Heyran xanımın 1945-ci ildə
çıxmış həmin ilk qayıdış
kitabında Qulam Məmmədlinin müxtəsər müqəddiməsinin
sonunda qədirşünaslıq saçan belə bir cümlə
var: "Heyran xanımın bu tərcümeyi-halını
yazarkən Hacı Məhəmməd Naxçıvaninin məsləhət,
tövsiyə və köməklərindən istifadə
etdim".
Heyran xanımla aramızdakı vaxt məsafəsi
çox böyük olmasa da, onun tərcümeyi-halı
dumanlara bürünüb. Ayrı-ayrı qaynaqların verdiyi
məlumatlar da ziddiyyətlidir, həm də ətraflı,
müfəssəl deyil. Bəzi mənbələr onun Təbrizdə
doğulduğunu yazsa da, qaynaqların çoxu Heyran
xanımın əslən Naxçıvandan olduğunu təsdiqləyir.
1828-ci ildə İranla Rusiya arasında növbəti çarpışma
gedirdi. Bu müharibənin nəticəsi olaraq ruslar
üstün gəlir və İran ordusu geri çəkilməyə
başlayır. Geri çəkiləndə də
Naxçıvandan bir çox ailələri, tayfaları
özləri ilə aparırlar. Heyran xanımın nəsli məhz
həmin müharibənin nəticəsi olaraq Naxçıvandan
İrana köç edənlərdəndir.
İstər ayrı-ayrı mənbələrin
yazması, istərsə də Heyran xanımın öz
şeirləri bu hadisənin gerçəkliyini göstərməkdədir.
Çünki sonralar yazdığı bir çox şeirlərdə
Heyran xanım yurd həsrətini, ayrılıq
acısını dönə-dönə ifadə edib. Məhz
bu köçürülmənin tarixi Heyran xanımın
doğum tarixini də bir-iki il fərqlə müəyyən
eləməyə ipucu verir.
Uzun müddət araşdırıcılar guya onun
1832-ci ildə anadan olduğunu yazmışdılar. Əlbəttə
ki, 1828-ci ildə köçürülmüşdüsə
və öz şeirlərindən də
göründüyü kimi, o zaman artıq nişanlı
olmuşdusa, təbii ki, daha əvvəllər dünyaya gəlmişdi.
Belə götürsək ki, o köçürülmələr
vaxtı Heyran xanımın 17-18 yaşı varmış, onda
təvəllüd tarixini 1810-1811, uzaqbaşı 1812-ci ilə
aid etməliyik. Anlaşılan odur ki, Heyran xanım
Naxçıvanın hörmətli, öndə gedən nəsillərinin
təmsilçilərindən imiş. Bir neçə məxəz,
elə Heyran xanımın öz şeirləri də bu
ehtimalı pıçıldayır.
Bəs Naxçıvandakı hansı nəsildən
idi Heyran xanım? Bu sualın da cavabı elə farsca
yazdığı şeirlərdən birindədir:
Soruşursan nəsəbini bu yazıq Heyranın,
Bir Əli xadimidir, cümlə cahana bildir.
Naxçıvan şəhrinin əşrafına
çatsa nəsəbi,
Əslinə varsan əgər, taifəsi
Dünbülidir.
Bu şeirində Dünbüli nəslindən
olduğunu açıqca deyir və həmin tayfaya aidliyindən
də Heyran xanımın adını ayrı-ayrı mənbələr
elə Heyran Dünbüli kimi nişan vermişlər.
Bu nəslin İrana köçünün bir qüssəli
tərəfi də vardı ki, onlara ikiqat qəriblik nəsib
olmuşdu. Pərən-pərən
düşmüşdülər, tayfa
parçalanmışdı - bir hissəsi Xoyda
qalmışdı, bir hissəsi Təbrizdə, bir hissəsi
Urmiyədə, bəziləri Marağada. Yəni öz
ata-baba yurdlarından köç etdirilməkləri bir yana,
digər dərd də ondan ibarət olmuşdu ki, qürbət
yerdə də bir-birindən ayrı
düşmüşdülər.
Və həmin ayrılıq nisgili, hicran
sızıltıları Heyran xanımın həm ana dilində
- türkcə, həm də farsca yazdığı şeirlərdə
mütəmadi sezilməkdədir.
Heyran xanımın mənsub olduğu Dünbülilər
tayfası İran boyunda da, Azərbaycanda da geniş
yayılmışdı, həmişə də hörmət-izzət
sahibi olmuşdular. Səfəvilər dönəmində də,
Nadir şahdan sonra da, elə Qacar dönəmində də
onlar hakimiyyətdə təmsil olunmuşdular. Xoy tərəflərdə
onlar idarəçilikdə mühüm məqamlar tuturdular. Mənbələrdə
bu məlumat da var ki, Dünbülilərdən neçə
xan Azərbaycanda hakimiyyətdə olub.
Təbii, Naxçıvanda XIX əsrin ilk onilliklərində
sayılıb-seçilən nəsillərdən birinin
övladı olan Heyran xanım rahat bir həyat içərisində
yaşayırdı. Yurdu dəyişmək, tamam ayrı bir
mühitə düşmək, üstəlik də qohum-əqrəbasından
aralı qalmaq həyatındakı müvazinəti
pozmuşdu. İlk gənclik illərindən əli qələmli,
duyğu adamı olan Heyran xanımın bu hissləri sözə
çevirməməsi mümkünsüz idi:
Ey ço mən del bər məhəbbət dadeha,
Dur əz yar o diyar oftadeha.
Ruhən, qəlbən özünə yaxın olan
insanlara üz tuturdu, həmdərdlərinə müraciətlə
"Ey mənim kimi məhəbbət əsiri olanlar, ey mənim
kimi öz yurdundan, elindən ayrı düşənlər!"
söyləyirdi. Belə başlayırdı və bir
çox şeirlərində də elə sayaq heç vaxt
onu tərk etməyən yurd, vətən
ayrılığının oyatdığı acıları
ifadə edirdi. Əlbəttə, ora da Vətəndi, ora da Azərbaycandı,
oradakılar da soydaşları idi, amma ata-baba yurdunun dadı
tamam başqa idi və o həsrət həmişə içərisində
olduğundan bu duyğuların əks-sədası
cavanlığından ahıl çağlarınacan
yazdığı şeirlərdən əskik olmadı.
Heyranı oxuduqca həmin ağrı zoqqultusunun
hanısısa misralarda, beytlərdə
döyündüyünü, bəzənsə hansısa
şeirləri başdan-sona bürüdüyünü
müşahidə edirsən:
Ayə, nə olur öylə bir əyyam olsun,
Nakamı dönüb dəhridə bakam olsun.
Ya Rəbb, bu rübailəri tək Heyranın
Hicranı da kaş axırı itmam olsun.
Məhəmmədəli Tərbiyətin
"Danişməndan-i Azərbaycan" təzkirəsində
yazmasına görə, o, Heyran xanımın qohum-əqrəbası
ilə görüşübmüş. Onlardan
aldığı məlumata görə, Heyran xanım uzun
ömür sürərək 80 yaşında vəfat edib.
Bu minvalla rəhmətə getmə tarixi 1890-cı illərin
əvvəllərinə düşür.
Nə qədər yaşadığını 3-4 il fərqlə
də olsa bilmək ona görə maraq kəsb edir ki, onun ədəbi
mirasının həcmi haqda da müəyyən fikir şəkillənə
bilsin. İş ondadır ki, yazdıqlarının məzmunundan
ilk gəncliyindən ixtiyar çağlarınadək Heyran
xanımın əli qələmli olması
görünür. Ömrü boyu yazıb, şeirin ən
müxtəlif şəkillərində qələmini
sınayıb - qəzəl də qoşub, qəsidə də,
tərkibbəndləri də olub, qitə və rübailəri
də. Ona görə də Məhəmmədəli Tərbiyətin
"Danişməndan-i Azərbaycan"da verdiyi məlumat ki,
onun "Divan"ı 4.500 beytdən ibarətdir, əlbəttə
ki, bu, Heyranın bütün yaradıcılığını
əhatə etmir. O uzunluqdakı ömür və fasiləsiz
yaradıcılıq nüqabilində bu rəqəm xeyli
kiçikdir.
Taleyin Heyranı qovaraq İrana gətirib
çıxardığı çağlarda o, gənc bir
xanımdı, bütün ömür qarşıda idi və
əvvəl-axır ailə həyatı da qurmalı idi. Evlənməyinə
evlənir, ancaq bəxtindən bu ailə həyatı da
uğursuz alınır. Şeirlərindən belə
anlaşılır və müəyyən mənbələr
də bu məlumatı təsdiqləyir ki, yuxarı təbəqədən
olan bir insanla ailə həyatı qurubmuş. O da əvvəl
Heyran xanıma məhəbbət bəsləyirmiş, ancaq
sonra ayrı bir sevdaya düşür, nəhayətdə
yolları ayrılır. Ancaq bu aralanma Heyran xanımın təkidi
və inadı ilə baş verir. Məhz belə
olmasının sübutu həmin yollar ayrılmasının
baş verməsinə nail olmaqçün Heyran xanımın
hansı xeyli əziyyətlər çəkməsi
haqqındakı soraqlardır. Heyran sadə bir qadın deyildi,
köksündə həssas şair qəlbi
daşıyırdı, dünyagörüşlü idi və
təbii, ona bəslənən münasibət də digər
bir qadına bəslənən münasibət kimi ola bilməzdi.
Başqası başını aşağı salıb, qisməti
ilə barışaraq sonacan elə dözərək
yaşayardı. Amma Heyran xanım o ola-ola ərinin bir ayrı
sevdasına, ona göstərilməli olan diqqətdən daha
azının göstərilməsinə səbr edən
deyildi, elə ayrılmasına da bu dözməzliyi əsas
olmuşdu. Ancaq şair qadınla, qələmi cilovsuz insanla
ömürlük birlikdə olmaq qəsdi ilə yola
çıxaraq sonra bu yolda addımlaya bilməməyin bir
ayrı nəticəsi də vardı axı. O, başqa
zövcələrdən deyildi ki, ömrünün həlledici
hadisələri də başqa gündəlik həyat adiliklərinə
qarışaraq sakitcə ötsün, keçsin, yaddan
çıxsın. Bu ömür əlində qələm
olanındırsa, onun həyatındakı heç bir hadisə,
illah da, dərin yara qoyaraq keçənlər mümkün
deyil ki, sadəcə hafizədə qalsın. Mütləq
günlərin birində misralaşır, tarixləşir, bu
xəbərlər sabaha da ötürülür.
Və Heyran xanım da
etmişdi:
Məni zəncirdə saxladın, bu, yetər,
Doğrusu, sən mənə deyilsən ər.
Bilmirəm ruzigarə neyləmişəm
Ki, salıbdır kəməndinə bu təhər.
Etdiyin zülmə, düşdüyüm günümə
Gah gülüb, gah ağlaram müztər.
Qov qapından, barı xilas olum,
Qıl məni razı, ey sitəmpərvər!
Bu şeirin içərisində etiraz
dalğalanır. Dikbaşlıq, zülmə,
haqsızlığa dözməməksə Azərbaycanın
şair qadınlarına - Məhsəti zamanlarından
tutmuş yeni çağlara qədər - səciyyəvi olub
(Mən tutuşdurmuşam, istəyən də şəxsən
yoxlaya və aldığı nəticəyə görə
Şərq qadını ilə iftixar edə bilər. Arxada
qalan min illik tarixi bir dövrdə məhz bu
etirazçılıq, qəliblərə sığmamaq
baxımından Qərbin və Şərqin qadın şairlərini
müqayisə edin. Görəcəksiniz ki, fərqin
böyüklüyündən belə müqayisə heç
insafdan deyil. Qərb şeirindən yalnız XVIII-XIX əsrlərdə
zəif narazılıqlar kimi eşidilməyə başlayan
bu sədalar bizlərdə doqquz-on əsr uzaqlardan üzü
bu yana inqilabi coşqunluqla, kişiyana təpərlə
ucalır və bu baxımdan bizim qadınların zamanına
görə ədəbiyyatda etdiklərini heç Qərbin
kişi şairləri belə bu müəkəmməllik və
hünərliliklə etməmişlər).
Təxminən oxşar sözləri Heyran xanımdan
yeddi əsr əvvəl Məhsəti də car çəkmişdi:
Olmaz bizi etmək qocaya həmdəm ü həmsaz,
Ya qəlbi sıxan bir odada saxlamaq olmaz.
Zəncir kimi zülfü olan bir qızı, heyhat,
Dar hücrədə zəncir ilə də saxlamaq
olmaz.
XIX yüzildə Heyran xanım da eyni şəkildə
səsini qaldırırdı, etirazını bildirirdi. Bir tərəfdən
ailə həyatında düçar olduğu bu uğursuzluq,
digər tərəfdən köç edildikləri İranda
qohum-əqrəbasının müxtəlif səmtlərə
parçalanması, bir qisminin Urmiyədə, bir qisminin
Marağada, bir qisminin Xoyda ömür sürməsi və
bunların arasında da get-gəlin, rabitənin olmaması
Heyran xanımı həmişə məhzun edirdi.
Amma gözəli budur ki, onun şeirinin rəngləri
çox idi, ovqatı da yalnız kədərə köklənməmişdi.
Bir nikbinlik də əvvəldən-sonacan onun şeirində
yer almaqda idi, bir gözü ağlayırsa, həmişə
bir gözü də gülürdü. Çünki Heyran sadəcə
şeir yazıb ürəyini boşaldan bir qadın deyildi və
şeirini tək özü üçün
yazmadığını yaxşı dərk edirdi. O, şair
idi və söz, xalq qarşısında məsuliyyət
daşıdığını dərk etmiş
yaradıcı idi. Daxili dünyasını, içərisindəki
göynəklərini yazıya köçürürdü, təkcə
qaldığı anlarda gözdən axıtdığı yaşlar
da misralarında görünürdü, amma eyni zamanda,
işinin-gücünün yalnız öz dərdini
başqalarına yükləməkdən ibarət
olmadığından da hali idi və ona görə də
könlünə təskinlik olan pərişan sətirlərini
də yazmaqla yanaşı, şux, mehriban, könül
atlandıran, şıltaqca "məni nəğməyə
döndər oxu" deyən zərif şeirlər də
doğururdu.
Və gözəli odur ki, ağlayanda da səmimi idi,
güləndə də. Heyran həmin şux, ruhtərpədən
qəzəllərində də dərd
bölüşdüyü şeirlərindəki kimi sırf
özüdür.
Könül ki, hicrdən oldu fikar, ağlayıram,
Bütün vücudum oldu biqərar, ağlayıram.
Nədən şikayət edim? Bəxtdənmi, ya
göydən?
Məni əzir sitəm-i ruzigar, ağlayıram,
Nə qədər ömr varımdır cahanda, ey
Heyran,
Sızıldayıb həmişə çəngivar
ağlayıram.
Heyran yalnız göydən, taledən, bəxtdən
gileyli deyildi, vaxtdan, zəmanədən də şikayətçi
idi. Ancaq yalnız şikayətlənən də yox, məqamı
yetişdikcə ipə-sapa yatmayan, kükrəyən,
üsyançı bir şairə idi. İçərisindəki
etirazçı duyğular püskürəndə qələm
daha sözünə baxmırdı, ürəyindən nə
keçirdisə, onu açıqca ifadə edirdi. Şəxsən
özünün, eləcə də mənsub olduğu
Dünbüli, Kəngərli qəbilələrinin
başına gələn müsibətlərdə hakimiyyəti
günahlandırırdı.
Və bunu açıqca, hamıya üz tutaraq faş
edirdi:
Ço əbr gerye konəd Donboli yo Gəngərlu
Elahi, həmçu mən Əfşar o, həm Qacar
suzəd.
Söz yox,
Əfşarlar və Qacarlar yansın deyə qarğış
edəndə Heyran özü kimi sadə adamları nəzərdə
tutmur, iqtidar yiyələrini, hökm sahiblərini,
dövranın, ruzigarın bunca
qatışıqlığına bais olanları hədəf
götürürdü.
...Təzkirələrin yazdığından və elə
Heyran xanımın özünün də şeirlərindən
sızan bilgilərdən belə aşkarlanır ki, hər
halda onun həyatının daha bəxtiyar zolağı
Qacarlar dövrü imiş.
Məhəmmədəli Tərbiyət "Danişməndan-i
Azərbaycan"da təsdiqləyir ki, Heyran xanım Fətəli
şah Qacarın oğlu şahzadə Abbas Mirzə dönəmində
onun övladlarıyla yazışmaqdaydı.
Abbas Mirzə 44 il ömür yaşadı. Atası Fətəli
şah Qacar, anası isə yenə köklü-köməcli
bir nəsildən olan Asiya xanım Dəvəli.
1833-cü ildə o, vəfat edəndə Heyran
xanım 5 il idi ki, İrana gəlmişdi. Ancaq artıq Qacar
ailəsi ilə münasibətləri yaranmışdı.
Yazışmaları, şeirləşmələri vardı.
Fətəli şahın özünün də
şairliyi vardı, qanla bu ilham mirasını balalarına da
ötürmüşdü. Çoxsaylı törəmələri
arasında oğlanların da, qızların da bir çoxu əlavə
hansı işlə məşğul olmaqdan başqa həm də
şair idilər - hələ ara-sıra qələm
götürənləri bir qırağa qoysaq, Fətəli
şah Qacarın 8 xanımı, 9 qızı, 23 oğlu
peşəkarcasına şeirlər yazırdılar.
Onlardan biri də Fətəli şahın qızı
Zübeydə xatun idi. Zübeydə xatın "Həya"
və "Qəmər üs-səltənə" təxəllüsləri
ilə şeirlər yazırdı. Güman ki, onun da Heyran
xanıma şeirli məktubları varmış.
Çünki Heyran xanımın "Divan"ına Qəmər
üs-səltənəyə ünvanlanan mənzum məktublardan
daxil edilmişləri var və olsun ki, belə məktublar
çoxmuş. Bunlar varsa, demək, o biri tərəfdən də
bu cür mənzum məktublar gəlirmiş.
Zübeydə xatuna göndərdiyi şeirlərdən
birində Heyran xanım ondan kağız istəyir.
Görünür ki, növbəti şeirlər toplusunu tərtib
etmək niyyətindəymiş və keyfiyyətli
kağıza ehtiyac duyurmuş. Sadəcə keyfiyyətli yox,
həm də qırağı əlvan naxışlı
kağıza. Məqsədi şeirlərini haşiyələri
bəzədilmiş o vərəqlərdə yazmaq, sonra bir
cilddə qovuşdurmaqmış.
İrad tutmağa tələsməyin ki, bugündə
oturub nə cəsarətlə uzaq dünənlə əlaqədar
xırda ayrıntılara qədər dəqiqliklə ürəkdən
keçənləri oxuyurmuş kimi belə yazıram. Tarixdən
bəhs edəndə istənilən mülahizənin
ardında hökmən məxəzlər dayanmalıdır və
belə yazırıqsa, bunları əsla sadəcə
ixtiyari, göydəntutma fərziyyəmiz saymayın.
Daşdan keçən dəlillər və təsdiqinə
şəkk gətirilməz şahidlər var.
Heyran xanımın "Divan"ının əlyazma
nüsxələri bu gün Tehranda, Təbrizdə,
Gürcüstanda saxlanılır və biri, həm də ən
nəfisi Bakıdadır. Həmin əlyazma Bakıya 1945-ci
ildə Azərbaycanın sovetləşməsinin 25 illiyi qeyd
edilərkən buralara elə Hacı Məhəmməd
Haxçıvaninin sovqatı kimi gəlib çatıb. Vərəqlərin
hər birinin ətrafı əlvan naxışlıdır və
üstündə möhür də var: bu kağızı
hansı firmanın istehsal etdiyini nişan verən damğa -
Londondakı "Doks" firması!
Ehtimal, bu kağız Böyük Britaniyada məhz
şah ailəsinin məxsusi sifarişi ilə
hazırlanıbmış. Bir ailədə ki o qədər
şair ola, əlbəttə ki, belə gözəl
kağıza ehtiyac da çoxmuş. Ola da bilər ki, məktublaşmalarında
Zübeydə xanım Heyran xanıma o kağız barədə
söhbət açıbmış. Ona görə də
Heyran xanım növbəti şeirli məktubunda şah
qızından həmin kağızdan istəyirdi:
Səba nəsimi, cəlal ilə durmadan bir an
Hüzuruna o böyük şahzadənin yollan!
Yetiş hüzuruna, söylə mənim dilimdən
ona,
Salam, sonra de: - Ey şahzadeyi-dövran!
Çox ehtiyac varımdır mənim bir az
kağıza,
Ümid tək sənədir, ey gözəllərə
sultan!
Nolur kənizlərinə əmr qıl, nökərlərdən
Sətik xanın yanına göndərə ki, ta ondan
Alıb mənə gətirə bəlkə bir qədər
kağız,
Bu şərtilə ki, hamı həşiyələr
ola əlvan.
Məni xilas elə bu ehtiyacdan,
Səni hifz edə hicrilərdən səni yaradan.
Bu ehtiyac ödənilir, o haşiyələri əlvan
naxışlı kağızlar göndərilir və Heyran
xanımın əllərinin hərarəti hopmuş,
söz-söz, sətir-sətir şeirlərini
yazdığı vərəqlərin qovuşduğu həmin
əlyazma indi bizdədir.
Vərəq-vərəq çeviririk, oxuyuruq, giririk
tarixin qoynuna və bu "Divan" həm Heyranın ruhunu
yaşadır, həm də şeirlərin
yazıldığı naxışlı vərəqlərin
gerçək tarixçəsini dünəndən bugünə
gətirərək bizə olduğu kimi göstərir.
30 noyabr 2025
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2025.- 20 dekabr (№233).- S.16-17.