Müqavimətin melanxoliyası
Bəzən insanın içində elə bir səssizlik
olur ki, səs-küy qədər kəskin hiss edilməsə
də, tədricən ondan artıq ağrı verir. Melanxoliya
məhz bu səssizliyin adıdır - nə tam kədərdir,
nə də tam ümidsizlik. O, insanın ruhunda
yavaş-yavaş dolaşan kölgə kimidir, hər şey
yerində görünür, amma heç nə həqiqətən
yerində deyil. Gülümsəyirsən,
danışırsan, yaşayırsan, amma içində izah
edə bilmədiyin bir boşluq nəfəs alır.
İnsanın içindəki xaos isə bu
melanxoliyanın gizli tərəfidir. Düşüncələr
bir-birinə dəyir, xatirələr plansız şəkildə
üzə çıxır, qorxular səbəbsizcə
böyüyür. Keçmişlə gələcək eyni
anda danışmağa başlayır və insan
hansını dinləyəcəyini bilmir. Bir anlıq xoşbəxt
xatirə səni isidir, növbəti an isə eyni xatirə
niyə artıq mümkün olmadığını
xatırladıb ürəyini sıxır. Xaos elə budur:
eyni hissin həm təsəlli, həm də yara olması.
Melanxolik insan tez-tez özünü başqalarından
fərqli hiss edir. Sanki hamı həyatın ritminə
uyğun addımlayır, o isə bir az geridə qalıb ətrafı
müşahidə edir. Hər detalı hiss edir: səslərin
tonunu, baxışların arxasındakı yorğunluğu,
sözlərin demədiyini. Bu dərin hiss etmək bəzən
bir hədiyyə, bəzən də ağır bir yük
olur. Çünki hər şeyi bu qədər hiss edən
insan özünü qorumağı unudur.
İçimizdəki xaosla yaşamağı öyrənmədikcə,
melanxoliya bizi udur. Amma maraqlıdır ki, bu xaos bizi
dağıtmaqla yanaşı, formalaşdırır da.
İnsan ən dürüst sualları özünə məhz
bu qarışıqlığın içində verir. "Mən
kiməm?", "Nəyi itirdim?", "Nəyi
axtarıram?" Cavablar həmişə tapılmır, amma
sualların özü insanı dərinləşdirir.
Bəlkə də melanxoliya insanın ruhunun istirahət
etmə üsuludur - bir az yavaşlamaq, bir az susmaq, içindəki
xaosu dinləmək üçün. Çünki bəzən
insan ancaq qarışanda özünü tapır.
Uzun cümlələr... Bitmək bilməyən uzun
cümlələr... Ağrının, əzabın, işgəncənin
və mənasızlığın sonsuz vergülləri...
Bir roman insana həyatın dərin qaranlıq
üzünü iliklərinə qədər hiss etdirərək
necə göstərə bilər? Bu il Nobel Ədəbiyyat
mükafatının sahibi bizə ən məşhur əsəri
ilə bunu izah edir.
Laslo Krasnahorkainin "Dirənişin
melanxoliyası" (The Melancholy of Resistance) romanı oxucuya
hadisələri anlatmaqdan çox, onu bir vəziyyətin
içinə salır. Bu vəziyyət nə tam xaosdur, nə
də nizam; daha çox nizamın artıq mənasını
itirdiyi, amma xaosun da hələ adını demədiyi bir
aralıq zonadır. Roman məhz bu keçid anının
estetikasını yaradır. Burada hər şey gecikir: fəlakət
də, üsyan da, xilas da. Gecikən isə ən çox
insanın öz vicdanıdır. Romanın mərkəzində
konkret bir süjetdən çox, insanın tarixi təcrübəsi
dayanır. Sirkin şəhərə gəlişi,
balinanın nümayişi, Şahzadənin görünməz
varlığı - bunların hamısı səbəb deyil,
nəticədir. Əsl səbəb isə artıq
düşünmək istəməyən, məsuliyyəti
üzərindən atan, təhlükəni sezsə də, ona
ad verməyən insan kütləsidir.
Bu romanda şəhər sadəcə fon deyil; o,
canlı bir varlıq kimi davranır. Küçələr,
evlər, meyxanalar, meydanlar - hamısı kollektiv psixozun
müxtəlif mərhələlərini əks etdirir. Şəhər
düşünmür, xatırlamır, müqavimət göstərmir.
O, yalnız reaksiya verir. Bu mənada şəhər müasir
insanın özüdür: baş verənləri analiz etməyən,
amma onların içində sürüklənən bir
subyekt. Krasnahorkai burada təhlükəli bir fikri səssizcə
irəli sürür: xaos həmişə kənardan gəlmir.
Bəzən o, daxildə çoxdan hazır olur, sadəcə
bəhanə gözləyir.
Sirkin mərkəzində dayanan balina ilk baxışda
heyrət obyektidir. Lakin bu heyrət düşüncə
doğurmur; əksinə, onu dondurur. Balina nəhəngdir, səssizdir,
ölüdür - amma müqəddəs kimi qorunur.
İnsanlar ona baxır, lakin onu anlamırlar. Balina burada məna
itkisini gizlədən simvol kimi çıxış edir. Bu
obraz müasir dünyanın böyük ideallarını
xatırladır: hələ də qorunan, amma artıq
içi boş olan anlayışları - din, millət, tərəqqi,
hətta mədəniyyətin özünü. Onlar hələ
mövcuddur, lakin artıq istiqamət vermirlər. İnsan bu
boşluğu qəbul etməmək üçün
balinanı müqəddəsləşdirir.
Şahzadə romanda, demək olar ki,
görünmür. O, danışmır, əmrlər vermir, hətta
səhnədə yoxdur. Amma hamı onun adını çəkir.
Bu obraz müasir hakimiyyətin ən təhlükəli
formasını təmsil edir: fiziki zorakılıqdan çox,
psixoloji hökmranlıq. Şahzadə insanları zorla deyil,
boşluqla idarə edir. O, qorxu yaymır, istiqamət də
göstərmir. Sadəcə mövcudluğuna
inanılır. Bu isə onu real tiranlardan daha güclü edir.
Çünki ona qarşı çıxmaq üçün əvvəlcə
onun həqiqətən var olub-olmadığını
sorğulamaq lazımdır. Kütlə isə bu sualı verməkdən
qorxur.
Valuşka romanın ən tragik obrazıdır,
çünki o, pis deyil. O, zorakılıq istəmir, hakimiyyət
arzulamır, dağıtmaq niyyətində deyil. O, sadəcə
kainatın harmoniyasına inanır. Ulduzların hərəkəti,
planetlərin nizamı onun üçün insan
dünyasının xaosuna alternativdir.
Lakin Valuşkanın problemi də buradadır: o,
reallığa müqavimət göstərmir, ondan
qaçır. Onun saflığı passivliklə nəticələnir.
Krasznahorkai burada oxucunu narahat edən bir sual ortaya qoyur:
yaxşı niyyət yetərlidirmi? Əgər insan şəri
görür, amma ona qarşı heç nə etmirsə, bu
da bir növ şər deyilmi? Valuşka nə qəhrəmandır,
nə də günahkar. O, sadəcə uyğunlaşa bilməyən
insandır. Və bu uyğunsuzluq onu fəlakətin ilk
qurbanına çevirir.
Cənab Eszter musiqi nəzəriyyəsinə,
harmoniyaya, keçmişin ideal nizamına inanır. O,
dünyanı düzəltmək istəyir, amma yalnız
keçmişə baxaraq. Eszter üçün problem xaos
deyil; problem insanların artıq düzgün nizamı
tanımamasıdır. Lakin bu düşüncə də
çıxılmazdır. Çünki Eszterin müdafiə
etdiyi nizam artıq mövcud deyil. O, onu xilas etməyə
çalışdıqca, əslində onun dəfnini
gecikdirir. Eszter konservativ ağılsızlığın
simvolu deyil, daha çox nostaljinin iflic edici təsirinin təcəssümüdür.
Romanda baş verən zorakılıq səhnələri
qəfil deyil. Onlar uzun bir laqeydliyin, səssiz
razılaşmanın nəticəsidir. İnsanlar birdən-birə
qəddar olmur; onlar əvvəlcə susur, sonra baxır, sonra
öyrəşir. Krasnahorkai oxucuya açıq şəkildə
demir ki, nə etmək lazımdır. Amma göstərir ki,
müqavimətin yoxluğu da bir mövqedir. Bu mövqe isə
həmişə güclünün xeyrinə işləyir.
Nəticə: melanxoliya bir hiss deyil, vəziyyətdir.
Roman melanxoliyanı romantik bir kədər kimi yox, tarixi bir vəziyyət
kimi təqdim edir. Bu, artıq üsyan etməyən, amma hələ
də fəlakətə tam razı olmayan insanların
halıdır. Roman oxucuya ümid vermir, amma bir şey tələb
edir: ayıqlıq.
Bəlkə də Krasnahorkainin ən radikal mesajı
budur: dünya məhv olmur, o, sadəcə yavaş-yavaş mənasızlaşır.
Və bu prosesdə ən təhlükəli şey
zorakılıq deyil, onu normal qəbul etməkdir.
Krasnahorkainin romanı bu gün oxunanda tarixi və ya
alleqorik bir mətn kimi deyil, demək olar ki, reportaj kimi təsir
bağışlayır. Sirkin şəhərə gəlişi
artıq uzaq bir fantaziya deyil; o, hər gün
ekranlarımızda, xəbər lentlərində, sosial şəbəkələrin
sonsuz axınında təkrar-təkrar qurulur. Balina indi daha parlaqdır,
daha səs-küylüdür, amma eyni dərəcədə
ölüdür. Şahzadə isə adını dəyişib
- bəzən "təhlükəsizlik", bəzən
"rifah", bəzən də "normal vəziyyət"
adlanır.
Bu gün zorakılıq küçələrdə
baş verməyə də bilər; o, dilin içində,
statistikada, alqoritmlərdə, laqeydlikdə gizlənir.
Valuşkalar hələ də mövcuddur - yaxşı niyyətli,
təmiz, amma səssiz. Eszterlər isə keçmişin
nizamını xatırladıqca, indinin
dağılmasını izah etməyə
çalışırlar. Kütlə isə hələ də
eyni sualı vermir: "Bu vəziyyətə necə gəldik?"
Roman bizdən qəhrəmanlıq tələb etmir.
Amma bir şeyi açıq şəkildə
xatırladır: sükut neytral mövqe deyil. Müqavimət
göstərməmək, hadisələrin
"öz-özünə keçib gedəcəyinə"
inanmaq, əslində ən stabil hakimiyyət formasıdır.
Bugünün melanxoliyası da buradan doğur - nə qəzəb
yetərlidir, nə ümid. Sadəcə baxırıq.
Rəvan
525-ci qəzet .- 2025.- 20 dekabr (№233).- S.18.