Azərbaycan rəssamlığında
qadın izləri
Azərbaycan təsviri sənətinin tarixini yalnız
üslublar, məktəblər və janrlar kontekstində
oxumaq yetərli deyil. Bu tarix eyni zamanda cəmiyyətin
qadına baxışının, onun ictimai mövqeyinin və
yaradıcılıq imkanlarının tarixidir. Uzun illər
boyunca qadın sənətkar adı ya kölgədə
qalıb, ya da ümumiyyətlə qeydə alınmayıb. Hər
qapalı cəmiyyətlərdə olduğu kimi, Azərbaycanda
da qadınlar təhsildən, sənətdən, peşədən,
hətta arzularından uzaq bir həyat yaşayıblar. Şərqdə
qadına seçim hüququ verən ilk dövlət Azərbaycan
Xalq Cümhuriyyəti olsa da, Azərbaycan qadını
özünü təsdiq etmək üçün sonsuz
çətinliklərə sinə gərməyə məcbur
qalıb.
Bu baxımdan Azərbaycan təsviri sənətində
də qadın imzaların formalaşması həm də
sosial və mədəni mübarizə tarixidir. Bu tarixin ən
mühüm simaları isə Reyhan Topçubaşova və
Maral Rəhmanzadədir. Onlar iki fərqli dövrü, iki fərqli
düşüncə modelini və iki fərqli sənət
strategiyasını təmsil etsələr də, ortaq bir
missiyanı bölüşürlər: qadının sənətdə
subyektə çevrilməsi.
Qadın və sənət arasında görünməyən
sədd
XX əsrin əvvəllərində Azərbaycan cəmiyyəti
kəskin dəyişikliklər mərhələsində idi.
Maarifçilik ideyaları, Avropa mədəniyyətinə
inteqrasiya, qadınların təhsil alması kimi proseslər
sürətlənsə də, bu yeniliklər hamı
üçün eyni dərəcədə əlçatan
deyildi. Xüsusilə incəsənət sahəsi qadın
üçün hələ də "uyğunsuz məkan"
hesab olunurdu. Rəsm çəkmək, sərgidə
iştirak etmək, sənət mühitində görünmək
qadından əlavə cəsarət tələb edirdi.
Belə bir mühitdə peşəkar qadın rəssam
olmaq həm də sosial müqavimətə qarşı durmaq
demək idi. Reyhan Topçubaşova bu müqaviməti yararaq
sənətə daxil olan ilk qadınlardan biri oldu. Maral Rəhmanzadə
isə artıq açılmış bu yolu genişləndirərək
onu beynəlxalq səviyyəyə çıxardı.
Azərbaycanın ilk qadın rəssamı - Reyhan
Topçubaşova
Reyhan İbrahim qızı Topçubaşova 1905-ci
ildə Qubada dünyaya gəlib. Onun uşaqlıq illəri
qadın təhsilinin hələ yenicə yayılmağa
başladığı dövrə təsadüf edir. Hacı
Zeynalabdin Tağıyevin Bakı Qızlar Məktəbində
aldığı təhsil Reyhan xanımın
dünyagörüşünü formalaşdıran əsas
amillərdən biri oldu. Həmin məktəb Azərbaycan
qadınının ictimai həyata
çıxışında mühüm rol oynamış, bir
çox ziyalı qadınların formalaşmasına zəmin
yaratmışdı. Bu məktəb qadına yalnız
oxumağı deyil, düşünməyi, öz mövqeyini
dərk etməyi öyrədirdi.
R.Topçubaşovanın erkən dövrdə həm
pedaqoji fəaliyyətlə məşğul olması, həm
də musiqi təhsili alması onun çoxşaxəli
yaradıcılıq potensialından xəbər verir. O,
konservatoriyanın fortepiano sinfində oxusa da, ailə məsuliyyətləri,
xüsusilə oğlu İbrahimin dünyaya gəlişi bu təhsili
yarımçıq qoymasına səbəb olub. Lakin bu məqam
onun taleyində dramatik an kimi qalmadı, yaradıcı
dönüş nöqtəsinə çevrildi. Belə ki,
musiqidə yarımçıq qalan özünüifadə
ehtiyacı rəssamlıqda tam şəkildə
reallaşdı.
1933-cü ildə Reyhan xanım xüsusi istedadına
görə Əzim Əzimzadə adına Azərbaycan
Dövlət Rəssamlıq Məktəbinin birbaşa
üçüncü kursuna qəbul olunur. Bu fakt onun artıq
formalaşmış bədii düşüncəyə malik
olduğunu göstərir. O, burada cəmi iki il oxusa da, bu
müddət onun yaradıcılıq dilinin əsas
konturlarını müəyyənləşdirdi və ilk azərbaycanlı
qadın rəssam kimi sənət dünyasına inamla qədəm
qoydu.
Reyhan Topçubaşovanın sənətində məişət
mövzuları mərkəzi yer tutur. Onun 1936-cı ildə
yaratdığı "Toy" əsəri Azərbaycan təsviri
sənətində qadın baxışının ilk
böyük manifesti kimi qiymətləndirilə bilər. Bu
tablo milli adət-ənənələrin sadə təsviri
deyil. Burada ailə münasibətləri, milli adət-ənənələr,
kollektiv yaddaş, qadının məişətdəki
mövqeyi və emosional atmosfer bir kompozisiyada cəmlənir.
Əsərin bu gün Azərbaycan Milli İncəsənət
Muzeyində qorunub-saxlanılması onun tarixi və bədii dəyərinin
sübutudur.
Portret janrında R.Topçubaşova psixoloji dərinliyə
xüsusi önəm verir. "M. Ə. Sabirin portreti",
"Qəmər Almaszadənin portreti", "Avtoportret"
kimi əsərlərdə obrazlar idealizə edilmir. Onlar
düşünən, yorulan, hiss edən insanlardır.
Xüsusilə "Avtoportret" əsərində rəssamın
öz daxili dünyası böyük ustalıqla əks
olunur.
Onun mənzərələri isə Abşeron təbiətinin
poetik salnaməsidir. "Qız qalası", "Dəniz",
"Mərdəkanın görünüşü",
"İki sahil" kimi əsərlərdə şəhər
və təbiət arasında incə harmoniya qurulur. Bu mənzərələrdə
insan birbaşa görünməsə də, onun izi,
varlığı hiss olunur.
Reyhan Topçubaşovanın fəaliyyəti təkcə
yaradıcılıqla məhdudlaşmırdı. 1938-ci ildə
ilk Azərbaycan qadın rəssamlarının sərgisini təşkil
etməsi onun sənətdə qadın həmrəyliyinə
verdiyi əhəmiyyətin göstəricisidir. 1943-cü ildə
Əməkdar incəsənət xadimi adına layiq
görülməsi isə onun sənətinin dövlət səviyyəsində
tanındığını təsdiqləyirdi.
Maral Rəhmanzadə: milli sənətin bəşəri
dili
Maral Rəhmanzadə 1916-cı ildə Bakıda anadan
olub. O, Reyhan Topçubaşovanın təmsil etdiyi ilk nəslin
açdığı cığırda uğurla irəliləyən,
yolda yetişən nadir istedad sahiblərindən biridir. Azərbaycan
Dövlət Rəssamlıq Texnikumunda aldığı təhsil
onun peşəkar rəssam kimi formalaşmasının ilk mərhələsi
oldu. Daha sonra Surikov adına Moskva Dövlət Rəssamlıq
İnstitutunda təhsil alması Maral Rəhmanzadənin
yaradıcılıq diapazonunu xeyli genişləndirdi, Azərbaycan
rəssamlığının qadın nəfəsini
bütün dünyaya tanıtdı.
Maral xanımın sənətində qrafika xüsusi
yer tutur. O, linoqravüra və qravüra texnikasında
yaratdığı silsilələrlə Azərbaycan təsviri
sənətində yeni vizual dil formalaşdırdı.
"Bizim qızlar", "Mənim bacılarım",
"Azərbaycan qadını keçmişdə və
indi" kimi silsilələrdə qadın obrazı nə
romantik mifdir, nə də passiv fiqur. Bu qadınlar sosial həyatın
fəal iştirakçılarıdır.
Maral Rəhmanzadənin
yaradıcılığında region mövzusu xüsusi əhəmiyyət
daşıyır. O, Azərbaycanın müxtəlif bölgələrini
coğrafi məkan olmaqdan əlavə, həm də mədəni
kodlar sistemi kimi təqdim edir. Naxçıvanın monumental səssizliyi,
Lənkəranın rütubətli və canlı təbiəti,
Şamaxının tarixi qatları onun qrafik əsərlərində
lakonik, lakin dərin emosional güclə ifadə olunur.
Kitab qrafikası sahəsində Maral Rəhmanzadənin
xidmətləri xüsusilə vurğulanmalıdır. Nizami
Gəncəvi, Məhəmməd Füzuli, Şah
İsmayıl Xətai kimi klassiklərin əsərlərinə
çəkdiyi illüstrasiyalar mətnlə vizual təsvir
arasında harmonik körpü yaradır. Bu işlərdə
rəssam sözün fəlsəfi dərinliyini şəkil
dili ilə açır.
Maral Rəhmanzadənin yaradıcılığı
beynəlxalq miqyasda geniş rezonans doğurub. Onun əsərləri
London, Paris, Moskva, Nyu-York, Tokio kimi mədəniyyət mərkəzlərində
nümayiş etdirilib. Xaricdə təşkil olunan fərdi sərgiləri
Azərbaycan təsviri sənətinin dünya mədəni xəritəsində
görünməsinə ciddi töhfə verib. Bu mənada
Maral Rəhmanzadə milli sənətin vizual diplomatına
çevrilib.
Hər zaman sənətə və sənətkara
yüksək dəyər verən dövlətimiz Maral Rəhmanzadə
yaradıcılığını da diqqətdən kənarda
qoymayıb. O, Xalq rəssamı adı və "Şöhrət"
ordeni də daxil olmaqla bir sıra yüksək mükafatlara
layiq görülüb. 2008-ci ildə vəfat etsə də,
Maral Rəhmanzadə yaradıcılığı bu gün də
öz aktuallığını qoruyub-saxlamağı
bacarır və yeni nəsil sənətkarlar
üçün güclü ilham mənbəyidir.
İki ad - bir missiya
Reyhan Topçubaşova və Maral Rəhmanzadə Azərbaycan
qadın rəssamlığının iki fərqli mərhələsini
təmsil edirlər. Reyhan xanım "ilk olmağın"
bütün ağırlığını daşıyan sənətkardır.
O, qadın üçün qapalı hesab edilən sənət
məkanına cəsarətlə daxil olaraq bu qapını
digərləri üçün taybatay açdı. Maral Rəhmanzadə
isə artıq açılmış bu qapıdan keçərək
onu geniş dünyaya tanıtdı.
Reyhan Topçubaşovanın sənətində səssiz
müşahidə, lirizm və daxili harmoniya
üstünlük təşkil edirsə, Maral Rəhmanzadənin
yaradıcılığında ictimai dinamika, ideoloji mövqe
və qlobal baxış daha qabarıqdır. Biri məişətin
içindən sənət yaradır, digəri məişəti
sənətin mərkəzinə gətirir. Bu fərq
onların dövrü, aldığı təhsil və
qarşılaşdığı sosial reallıqlarla
birbaşa bağlıdır. Amma bütün fərqlərə
baxmayaraq, hər ikisi Azərbaycan təsviri sənətinin
qadın baxışı ilə zənginləşməsinə
xidmət edir.
Bu iki sənətkarın irsi sübut edir ki, Azərbaycan
təsviri sənətində qadın imzası təsadüfi
və epizodik deyil. Bu, ardıcıl zəhmətin, cəsarətin
və yaradıcılıq azadlığının nəticəsidir.
Reyhan Topçubaşova və Maral Rəhmanzadə bu tarixin
iki əsas dayağı, iki fərqli, lakin bir-birini tamamlayan səsidir.
Bu gün Azərbaycan təsviri sənətində
onlarla gənc qadın rəssam fəaliyyət göstərir.
Onların sərbəstliyi, mövzu seçimi və beynəlxalq
platformalara çıxışı heç də təsadüfi
deyil. Bu imkanların təməlində Reyhan
Topçubaşova və Maral Rəhmanzadə kimi sənətkarların
ömür boyu apardığı səssiz, lakin davamlı və
inadkar mübarizə dayanır. O mübarizə ki, batinində
gözəllik, millilik, səxavət və cəsarət gizlənmişdi.
Məhz belə bir mübarizə uğura və əbədi həyata
layiq idi.
Ona görə də Azərbaycan təsviri sənət
tarixinə adlarını qızıl hərflərlə
yazmış bu iki qadın rəssamın
yaradıcılığı bu gün də aktualdır,
çünki sənətləri insanı, cəmiyyəti və
qadın taleyini anlamağa kömək edir. Onların
fırçası ilə yazılan talelər Azərbaycan mədəniyyət
tarixində əbədi olaraq yaşayacaq.
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025.- 20 dekabr (№233).- S.19.