Azərbaycan alimlərinin
böyük maarifçilik missiyası
MOSKVA ŞƏRQŞÜNASLIQ İNSTİTUTLARININ
AZƏRBAYCANLI TƏLƏBƏ, MÜDAVİM, ALİM VƏ
PEDAQOQLARI HAQQINDA DƏYƏRLİ MƏNBƏ
1815-ci ildə Moskvada təsis edilən Şərq Dilləri
İnstitutu əvvəlcə xüsusi məktəb kimi fəaliyyət
göstərsə də, qısa müddət ərzində
Şərq dillərinin sistemli şəkildə öyrənilməsinə
yönəlmiş ixtisaslaşdırılmış tədris
mərkəzinə - instituta çevrildi. Bu tədris müəssisəsinin
yaradılması XIX əsrin əvvəllərində Rusiya
imperiyasının siyasi, hərbi və strateji məqsədlərindən
irəli gələn tarixi-siyasi zərurətlə şərtlənirdi.
XIX əsrin ilk onilliklərində Rusiya imperiyası Cənubi
Qafqaza doğru sürətlə genişlənirdi. Bu
genişlənmə prosesi həm Osmanlı dövləti, həm
də Qacar İranı ilə aparılan uzunmüddətli
müharibələr və diplomatik qarşıdurmalarla
müşayiət olunurdu. Kürəkçay (1805),
Gülüstan (1813) və Türkmənçay (1828)
müqavilələrinin imzalanması nəticəsində Azərbaycan
torpaqlarının böyük bir hissəsi Rusiya
imperiyasının nəzarətinə keçdi. Bununla da, Cənubi
Qafqaz Rusiya üçün strateji əhəmiyyətə
malik hərbi-siyasi məkan, İran və Osmanlıya
qarşı aparılacaq əməliyyatlar üçün
dayaq zonası, həmçinin rus sənayesinin inkişafı
üçün zəngin xammal bazası və imperiyanın Cənub
siyasətinin əsas dayağı kimi formalaşmağa
başladı.
Bu yeni geosiyasi reallıq Rusiyanın Qafqazda daha səmərəli
idarəçilik həyata keçirməsini zəruri edirdi.
Mərkəzi hakimiyyətin regionda baş verən prosesləri
düzgün qiymətləndirməsi, yerli əhali ilə
effektiv ünsiyyət qurması, eləcə də Qacar və
Osmanlı sarayları ilə aparılan diplomatik
danışıqlarda iştirak etməsi üçün
Şərq dillərini bilən mütəxəssislərin
hazırlanması həyati əhəmiyyət kəsb edirdi.
Cənubi Qafqazın etnik və dil baxımından
mürəkkəb mühitində Rusiya dövlət
aparatına türk (Azərbaycan) dili (regionun əsas ünsiyyət
dili), fars dili (İranla diplomatik münasibətlərin və
hüquqi yazışmaların dili) və ərəb dili
(dini, hüquqi və klassik Şərq mənbələrinin
dili) üzrə mütəxəssislər tələb
olunurdu. Bu dillərdə sərbəst danışan, həmçinin
Şərq mədəniyyətini, hüquq sistemi və ictimai
quruluşunu dərindən bilən tərcüməçilər,
konsulluq əməkdaşları, məmurlar və hərbi-topoqrafiya
kadrları imperiya üçün xüsusi strateji əhəmiyyət
daşıyırdı.
Şərq Dilləri İnstitutu Rusiya
imperiyasının məhz bu ehtiyacını qarşılamaq,
Cənubi Qafqaz və Yaxın Şərq istiqamətində həyata
keçirilən siyasətin icrası üçün peşəkar
kadrlar hazırlamaq məqsədilə fəaliyyət göstərirdi.
Bunun nəticəsində institut dövlətin ideoloji və
praktiki maraqlarına uyğun olaraq "Şərqin öyrənilməsi
- Şərqə hakim olmağın vasitəsidir" prinsipinə
əsaslanan imperiya şərqşünaslığının
mühüm dayaqlarından birinə çevrilmiş,
imperiyanın Qafqaz siyasətinə xidmət edən
çoxfunksiyalı maarif mərkəzi rolunu
oynamışdır.
Burada hazırlanan mütəxəssislər həm
Qafqaz canişinliyinin idarəçilik aparatında, həm də
Rusiyanın İran və Osmanlıdakı konsulluqlarında fəaliyyət
göstərirdilər. Onların bir qismi isə imperiyanın
milli ucqarlarda həyata keçirdiyi idarəetmə siyasətinin
mühüm elementi olan dünyəvi təhsil modelinin və
müasir məktəb sisteminin Cənubi Qafqazda tətbiqi
prosesinə bilavasitə cəlb olunur, yerli maarif
strukturlarının təşkili və idarə edilməsində
fəal iştirak edirdi.
Şərq Dilləri İnstitutu XIX əsrin əvvəllərindən
etibarən yalnız Rusiya imperiyasının Şərq siyasətinə
xidmət edən xüsusi təhsil mərkəzi olmaqla kifayətlənməmiş,
eyni zamanda çoxmillətli elmi-mədəni mühit
formalaşdıran mühüm ocaq rolunu oynamışdır.
Burada təhsil alan və fəaliyyət göstərən
mütəxəssislər arasında azərbaycanlıların
xüsusi çəkisi diqqətəlayiq dərəcədə
böyük olmuşdur. Azərbaycanlı müəllimlər,
tələbələr, tədqiqatçılar və şərqşünas
alimlər institutun elmi və pedaqoji fəaliyyətinə əhəmiyyətli
töhfələr vermiş, onun inkişaf istiqamətlərinin
formalaşmasında fəal iştirak etmişlər. Geniş
və çoxşaxəli fəaliyyət spektrinə baxmayaraq,
indiyədək aparılmış araşdırmalarda
onların institutun elmi və tədris mühitində
tutduğu yer sistemli şəkildə öyrənilməmişdir.
Halbuki bu irs Azərbaycan təhsil tarixinin, maarifçilik hərəkatının
və ümumilikdə milli intellektual inkişafın
ayrılmaz bir hissəsini təşkil edir.
Bu sahədə genişmiqyaslı araşdırmalar
aparan tanınmış dilçi alim, filologiya elmləri
doktoru, professor Nadir Məmmədlinin xidmətləri xüsusi
vurğulanmalıdır. Onun zəhməti, elmi erudisiyası,
arxiv materialları ilə işləmək
bacarığı, analitik düşüncə tərzi və
ümumiləşdirmə səriştəsi bu sahədə
ilkin fundamental tədqiqatların meydana çıxmasına
imkan yaratmışdır. Kitabın redaktoru və ön
sözün müəllifi akademik Rafael Hüseynov bu barədə
yazır: "Dünya şərqşünaslığında
aparıcı mövqe tutmuş azərbaycanlı alimlərin əvəzsiz
yeri haqqında Nadir Məmmədlinin ardıcıl
araşdırmaları mövcuddur. Bu mövzuda yazmaq
üçün isə müəyyən səlahiyyətlər
tələb olunur. Araşdırıcıya isə həmin
mövzuya gəlib çıxana qədər keçdiyi yol,
qazandığı səriştə və biliklər bu səlahiyyəti
verir".
Professor Nadir Məmmədli bu istiqamətdə ilk
geniş həcmli araşdırmasını "Moskva Şərq
Dilləri İnstitutunun azərbaycanlı məzunları"
(1995) kitabı ilə təqdim etmişdir. Akademik
R.Hüseynovun sözlərinə görə,
"Başını aşağı salaraq fəhlə zəhməti
çəkən, elmə sədaqətlə qulluq edən,
daha dərinlərə baş vura bilmək üçün
çalışmaqdan, axtarmaqdan usanmayan" Nadir Məmmədli
aradan keçən illər ərzində tədqiqatlarını
daha da dərinləşdirmiş, yeni arxiv sənədləri,
bioqrafik materiallar və statistik məlumatlar əsasında
mövzunu yenidən işləyərək daha geniş bir
monoqrafiya - "Moskva Şərqşünaslıq
İnstitutlarının azərbaycanlı tələbə,
müdavim, alim və pedaqoqları" (2025) əsərini ərsəyə
gətirmişdir.
Bu nəşr yalnız azərbaycanlıların Şərq
Dilləri İnstitutundakı fəaliyyətini sistemli şəkildə
tədqiq etməklə kifayətlənmir, eyni zamanda XIX-XX əsrlər
Azərbaycan ziyalılarının elm, təhsil və
maarifçilik tarixinin yenidən qiymətləndirilməsinə
mühüm töhfə verir.
Professor Nadir Məmmədlinin Şərq Dilləri
İnstitutu ilə bağlı sistemli araşdırmaları
bir neçə mühüm aspektdən diqqətə layiqdir:
1. Azərbaycanlı ziyalıların bir qisminin XIX-XX əsrin
əvvəllərində Rusiya elmi mərkəzlərində
formalaşması və burada göstərdikləri xidmətlər
milli elmi-mədəni tariximizin bütövlüyünü
anlamağa imkan verir.
2. Şərq Dilləri İnstitutunda təhsil alan azərbaycanlıların
milli maarifçiliyin və dünyəvi məktəb
sisteminin inkişafında oynadıqları əhəmiyyətli
rol üzə çıxarılır.
3. Azərbaycanlı alimlərin institutdakı tədqiqat
və pedaqoji fəaliyyətinin həm Rusiyada, həm də Azərbaycanda
şərqşünaslığın formalaşmasına
ciddi təsiri müəyyənləşdirilir.
4. Azərbaycanlı alimlərin bir əsr əvvəl
apardıqları araşdırmaların dünya şərqşünaslıq
elminə verdiyi dəyərli töhfələr və
onların Rusiya şərqşünasları arasında
nüfuzlu mövqe qazanması oxucuda iftixar hissi yaradır.
Akademik Rafael Hüseynovun "Böyüklüyü
görmək və göstərmək bacarığı"
adlı ön sözündə Nadir Məmmədlinin elmi fəaliyyətinə,
tədqiqatçılıq prinsipinə və milli-mədəni
irsə xidmətinə işıq tutulur, tədqiqatçı
alim, ləyaqətli vətəndaş, milli ziyalı kimi təqdim
olunur. Bunlar analitik düşüncə tərzi və
mövzunu sistemli şəkildə ümumiləşdirmə
qabiliyyəti ilə seçilən Nadir Məmmədlinin yaradıcılıq kredosunu müəyyənləşdirir.
Belə ki, hər bir araşdırma yalnız faktların
toplanması ilə kifayətlənmir, həm də həmin
faktların tarixi, elmi və mədəni kontekstdə dəyərləndirilməsini
əhatə edir. Akademik R.Hüseynovun da qeyd etdiyi kimi, Nadir Məmmədli
öz tədqiqatlarında tarixi-pedaqoji irsi milli dəyərlər
kontekstində qiymətləndirir,
Azərbaycan ziyalılarının, alimlərinin və
pedaqoqlarının elmi-mədəni xidmətlərini sistemli
şəkildə təqdim edir. Ön sözdə "Moskva
Şərqşünaslıq İnstitutlarının azərbaycanlı
tələbə, müdavim, alim və pedaqoqları"
kitabı bu prinsiplərin praktik təcəssümü kimi dəyərləndirilir.
Kitabın ilk bölümündə Şərq Dilləri
İnstitutunda təhsil almış tələbə və
müdavimlər - Nurulla bəy Ağarəhim bəy oğlu Məlikov,
Əhməd Hacı Qurban oğlu Qurbanov, Əbülfət
ağa Nəcəfqulu ağa oğlu Şahtaxtlı, Cahangir bəy
Mirzə Hüseyn əfəndi Qayıbov, Mahmud Qədirəli
oğlu İsmayılov, Ələsgər Abdulla oğlu
Əliyev, Fərrux xan Mizə Fərəc xan oğlu Bədəlbəyev,
Firidun xan Mizə Fərəc xan oğlu Bədəlbəyev və
Məhəmməd bəy Həsən bəy oğlu
Ağaoğlu (Ağayev) haqqında oçerklər təqdim
edilir. Bu oçerklərdə yalnız onların şəxsi
həyatlarına dair əsas məqamlar qeyd olunmur, eyni zamanda təhsil
aldıqları dövrdə və sonrakı fəaliyyətlərində
göstərdikləri ictimai, elmi və mədəni fəaliyyətlər,
eləcə də regionun intellektual və mədəni
inkişafındakı xidmətləri də təhlil olunur.
Şərq Dilləri İnstitutunun tələbə və
müdavimləri sırasına daxil olmuş bu şəxslər
kitabda yalnız fərdi uğurlarına görə deyil, həm
də institutun formalaşdırdığı elmi və mədəni
mühitin daşıyıcıları kimi qiymətləndirilirlər.
Kitabın ikinci bölümündə institutda fəaliyyət
göstərmiş Mirzə Əbülhəsən bəy Vəzirov,
Mirzə Cəfər Rzayev, Mirzə Cəfər
Topçubaşov və Mirzə Abdulla Qafarov kimi müəllim
və alimlərin elmi-pedaqoji irsi təqdim olunur. Təhlil
göstərir ki, Mirzə Əbülhəsən bəy Vəzirovun
1861-ci ildə tərtib etdiyi "Uçebnik tatarsko-azerbaydjanskoqo
nareçiə" dərsliyi institutda və ümumiyyətlə,
anadilli dərsliklərin inkişafında mühüm rol
oynamışdır. Sankt-Peterburq Universitetində Azərbaycan
dili fənni məhz bu dərslik əsasında tədris
edilmişdir. Dərsliyin qrammatika, nəsr, nəzm və
kargüzarlıq bölmələrini əhatə etməsi
onun yalnız dilin struktur xüsusiyyətlərini deyil, həm
də funksional-kommunikativ tərəflərini nəzərə
alaraq kompleks tədris modeli yaratdığını göstərir.
Nəticədə Qafqaz regionunda tərcüməçi
hazırlığı üçün sistemli dil tədrisi
modeli formalaşmışdır.
Dərsliyin Sankt-Peterburq Universitetində Azərbaycan
dili fənnində əsas mənbə kimi istifadə
olunması onun elmi etibarlılığını və
statusunu təsdiqləyir. Həmçinin, bu dərslik
sonrakı illərdə ana dili dərsliklərinin və
didaktik materialların formalaşmasına ciddi təsir göstərmişdir.
Məsələn, A.O.Çernyayevski "Vətən
dili" dərsliyinin II hissəsinin müqəddiməsində
yazır ki, dərsliyi hazırlayarkən M.H.Vəzirovun
kitabını əsas götürmüşdür. Beləliklə,
dərslik yeni nəsil dərsliklərin yazılmasına vəsilə
olmuşdur.
XIX əsr Rusiya şərqşünasları
arasında nəzəri və praktik hazırlığı ilə
seçilən Mirzə Cəfər Rzayev yalnız Şərq
dillərinin mahir bilicisi kimi deyil, həm də Rusiya Şərqşünaslığı
məktəbinin formalaşmasında mühüm rol
oynamış alim kimi tarixə daxil olmuşdur. O, fars, ərəb
və türk dillərini mükəmməl bilirdi və fars
dilinin fonetikasını, qrammatik quruluşunu və
leksik-semantik xüsusiyyətlərini incəliklərinə qədər
araşdırmışdı.
Farsdilli ölkələrlə ticarət və
diplomatik əlaqələri olan iş adamları və xidmət
sahəsində çalışanlar üçün
yazdığı "Farsca-rusca danışıq
kitabı" (1883) gündəlik danışıq nümunələri,
ticarət terminləri, məişət ifadələri və
ünsiyyət qaydalarını özündə ehtiva edirdi.
Daha sonra o, "Farsa-rusca-fransızca danışıq
kitabı"nı nəşr etdirmişdir. İki hissədən
ibarət olan "Fars dilinin müxtəsər
qrammatikası" (1884) kitabında isə fars dilinin fonetik,
morfoloji və sintaktik xüsusiyyətləri izah edilmiş,
istifadə qaydaları sistemləşdirilmişdir.
M.C.Rzayevin dərs vəsaitləri və bir neçə
tədris ili üçün tərtib etdiyi proqramlar Şərq
dillərinin elmi əsaslarla öyrədilməsinə dəyərli
töhfə hesab olunur. Müəllif M.C.Rzayevin
yaradıcılığını dörd əsas istiqamət
üzrə təhlil etmişdir:
1. Şərq dillərinin sistemli tədris prinsiplərinin
qurulması;
2. Fars dili üzrə peşəkar kadrların
hazırlanması;
3. Terminoloji sistemin təkmilləşdirilməsi;
4. Mədəni əlaqələrin yaradılması.
Bu yanaşma Rzayevin tədqiqatlarının həm nəzəri,
həm də praktik əhəmiyyətini üzə
çıxarmaqla onun Şərqşünaslıq elminin
inkişafındakı rolunu açıq şəkildə
ortaya qoyur.
Kitabda təqdim olunan irihəcimli oçerklərdən
biri görkəmli şərqşünas və maarif xadimi
Mirzə Abdulla Qafarova həsr edilmişdir. Oçerkdə
müəllifin zəngin elmi-pedaqoji irsi çoxşaxəli
şəkildə təhlil olunur. Xüsusilə onun "X əsrdən
müasir dövrədək fars yazılı ədəbiyyatı
nümunələri" (1902) əsəri Şərqşünaslıq
sahəsində dəyərli mənbə hesab olunur: burada fars
ədəbiyyatının tarixi inkişaf mərhələləri
sistematik surətdə araşdırılır və orta əsr
ədiblərinin yaradıcılığı orijinal şəkildə
izah edilir.
Oçerkdə Mirzə Abdulla Qafarovun "Fars dilini
öyrənənlərə kömək" (V.A.Qorlevski ilə
birlikdə) adlı metodik vəsaitində fonetik, leksik və
qrammatik materialların seçilməsi prinsipləri yüksək
qiymətləndirilir. Eyni zamanda, fars xalq müdrikliyinin
struktur-semantik xüsusiyyətləri, adekvat tərcümə
prinsipləri və müqayisəli folklorşünaslıq
baxımından yenilikçi yanaşmaların tətbiqi
geniş şəkildə işıqlandırılır. Onun
"Fars tarixşünaslığından" əsəri isə
Şərq tarixi düşüncəsinin formalaşmasına
dair müqayisəli elmi araşdırma kimi qiymətləndirilir
və müəllifin həm tarixi mənbələrin təhlilində,
həm də Şərq tarixşünaslığı məktəblərinin
təsnifatında göstərdiyi peşəkarlıq
xüsusi vurğulanır.
Oçerkdə Mirzə Abdulla Qafarovun Şərq Dilləri
İnstitutundakı pedaqoji fəaliyyəti, dərslik və tərcüməçilik
yaradıcılığı ayrıca tədqiq olunur. Şərq
dillərinin qrammatikasına dair elmi fikirləri, Şərq ədəbiyyatı
tarixinin dövrləşdirilməsi ilə bağlı irəli
sürdüyü ideyalar və müasir tədqiqatçılara
yol göstərən metodoloji yanaşmalar əsərin
mühüm istiqamətlərindən biri kimi təqdim olunur.
Professor Nadir Məmmədli Mirzə Cəfər və
Mirzə Abdulla Qafarovun ictimai təşkilatlardakı fəaliyyətlərində
iki əsas xüsusiyyəti önə çəkir. O, bir tərəfdən,
onların Moskva şərqşünaslıq mühitində
demək olar ki, bütün mühüm elmi-ictimai təşəbbüslərdə
fəal iştirak etmələrini, yüksək təşəbbüskarlıq
nümayiş etdirmələrini vurğulayır. Digər tərəfdən,
alimlərin Şərq irsinin toplanması, öyrənilməsi
və nəşri sahəsində göstərdikləri elmi məsuliyyəti
və prinsipial mövqeyi yüksək qiymətləndirir. Onun
fikrincə, hər iki alim Moskva şərqşünaslığı
üçün sadəcə iştirakçı deyil, elmi
ideyaların formalaşmasına təsir edən nüfuzlu təşəbbüs
sahibləri olmuşdur.
Kitabda verilən oçerklər təkcə bioqrafik məlumatları
əks etdirmir: onların elmi-pedaqoji fəaliyyətinin
institutun tədris strategiyasının formalaşmasına, dərslik
ənənəsinin inkişafına və Azərbaycan dilinin
akademik müstəvidə tədrisinə verdiyi sistemli təsiri
göstərir.
Professor Nadir Məmmədlinin "Moskva Şərqşünaslıq
İnstitutlarının azərbaycanlı tələbə,
müdavim, alim və pedaqoqları" monoqrafiyası
çoxşaxəli elmi və mədəni əhəmiyyətə
malik ciddi tədqiqat əsəridir. Əsər XIX-XX əsrlərdə
Rusiyada şərqşünaslıq məktəbinin təşəkkülü
və inkişafında mühüm rol oynamış azərbaycanlı
ziyalıların elmi fəaliyyətini sistemli şəkildə
təqdim edərək mövcud tədqiqat
boşluqlarını doldurur və həmin dövrün elmi-mədəni
mühitinin az öyrənilmiş aspektlərini üzə
çıxarır.
Monoqrafiyada toplanmış faktoloji materiallar şərq
dillərinin tədrisi, mədəniyyətlərarası
kommunikasiya və tərcümə məsələlərinin
elmi-nəzəri əsaslarını araşdırmaq
üçün etibarlı tarixi baza formalaşdırır.
Buradakı bioqrafik məlumatlar dil tədrisi
metodikasının, şərqşünaslığın nəzəri
istiqamətlərinin və tərcümə ənənələrinin
inkişaf mərhələlərini izləməyə imkan
verir ki, bu da hazırkı dövrdə tədris
proqram-larının yenilənməsi və yeni pedaqoji
texnologiyaların tətbiqi baxımından xüsusi əhəmiyyət
daşıyır.
Əsər həmçinin Azərbaycan-Rusiya elmi əlaqələrinin
tarixi inkişafını geniş panoramada təqdim edərək
müasir akademik əməkdaşlıq modellərinin formalaşdırılmasına
zəngin təcrübə təqdim edir. Keçmiş nəsil
alim və pedaqoqların elmi irsinin sistemli şəkildə təqdim
olunması gənc tədqiqatçılar üçün
motivasiya və metodoloji istiqamət rolunu oynayır.
Monoqrafiya milli elmi kimliyin qorunması və təbliği
baxımından mühüm funksiyanı yerinə yetirməklə
Azərbaycan şərqşünaslıq məktəbinin
tarixini yenidən qiymətləndirməyə, dəyərli
elmi fakt və ideyalarla zənginləşdirməyə xidmət
edir.
Fərrux RÜSTƏMOV
ADPU-nun İbtidai təhsilin pedaqogikası
kafedrasının müdiri,
pedaqoji elmlər doktoru,
professor,
Əməkdar elm xadimi
525-ci qəzet .- 2025.- 20 dekabr (№233).- S.20;21.