Söz
qalasının mədəni strategiyası
Bakının lap mərkəzində bu şəhərin
simvollarından birinə çevrilmiş bir qala ucalır.
Qala deyirəm, çünki öz təyinatına görə
elə əsl qala missiyasını yerinə yetirir - keşikdə
dayanır. Ancaq daşı, kərpici, qalın divarları ilə
deyil. Onun silahı malik olduğu qiymətli sənədlər,
həqiqəti hayqıran əlyazmalar, dəyərli tarixi əşyalar,
mühafizləri isə bütün bunları tədqiq, təqdim
və təbliğ edən ziyalılardır. Söhbət
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı
Muzeyindən gedir.
Hər bir xalqın yüzilliklər boyu
cilalanmış ədəbiyyat, incəsənət və mənəvi
dəyərlərinin sintezindən yaranmış mədəni
irsi onun tarixi və milli kimliyini, zəngin ruhunu ayna kimi
özündə təcəssüm etdirir. Təsadüfi
deyildir ki, mədəni irs nümunələrinin qorunması
olduqca mühüm əhəmiyyət kəsb edir və beynəlxalq
hüquq müstəvisində bu məsələyə
böyük diqqət ayrılır.
Otuz ilə yaxın davam edən Ermənistanın
işğalçı siyasəti nəticəsində
Qarabağ ərazisində Azərbaycan mədəniyyətinə,
tarixinə mənsub bir sıra əsrarəngiz abidələr
təcavüzə məruz qalmış, muzeylər qarət
olunmuş, nadir sənət inciləri talan edilmişdir. Azərbaycan
Respublikası Mədəniyyət Nazirliyi və Beynəlxalq
Münasibətlərin Təhlili Mərkəzinin birgə
hazırladığı bəyanatda qeyd olunur ki, işğal
dövründə ələ keçirilmiş ərazilərimizdə
22 muzey dağıdılmış, on minlərlə dəyərli
və nadir eksponat ya məhv edilmiş, ya Ermənistana göndərilmiş,
ya da dünyanın müxtəlif ölkələrində
keçirilən hərraclarda satışa
çıxarılmışdır. Sadalanan əməllər
beynəlxalq hüququn kobud şəkildə pozulmasına səbəb
olmuş, Qarabağda mədəni irsin hüquqi müdafiəsini
ciddi şəkildə şərtləndirmişdir.
Azərbaycan qanunvericiliyinə əsasən, mədəni
sərvətlərin qorunması dövlətin əsas vəzifələrindən
biridir. Azərbaycan Respublikası Konstitusiyasının 77-ci
maddəsi dövlətə mədəni sərvətlərin
mühafizəsini təmin etmək və vətəndaşların
tarixi-mədəni dəyərlərə çıxış
hüququnu qorumaq öhdəliyini müəyyən edir. Bu
müddəalar "Mədəni irs haqqında" qanunda daha
ətraflı şəkildə açıqlanır və mədəni
irsin qorunması, bərpası və ictimaiyyət
üçün əlçatanlığının təmin
edilməsi dövlətin prioritetlərindən biri kimi təsbit
olunur.
Məsələyə beynəlxalq hüquq müstəvisində
baxıldıqda isə mədəni irsin mühafizəsi sahəsində
iki əsas sənəd xüsusilə əhəmiyyət kəsb
edir. Bunlar 1954-cü ildə qəbul edilmiş "Haaqa
Konvensiyası" və UNESCO-nun 1972-ci il "Dünya Mədəni
və Təbii İrsinin Qorunması haqqında"
konvensiyasıdır. Bu konvensiyalar müvafiq olaraq silahlı
münaqişə dövründə mədəni sərvətlərin
müdafiəsinə və dünya əhəmiyyətli mədəni-təbii
irs obyektlərinin qorunması üzrə beynəlxalq əməkdaşlığa
dair əsas hüquqi çərçivəni müəyyən
edir.
Mədəni irsimizə qarşı törədilmiş
cinayətlərin dünyaya tanıdılması və
onların hüquqi status qazanması məsələsi istiqamətində
aparılan fəaliyyət bu gün də davam etdirilir. Lakin
iş yalnız qanunlarla bitmir.
Qarabağ mədəni irsinin qorunması, təbliğ
olunması və gələcək nəsillərə
ötürülməsi, nəinki dövlətin, eləcə
də elm və mədəniyyət sahəsində
çalışan hər bir vətəndaşın mənəvi
borcu, əsas missiyalarından biridir. Məhz bu missiyanın
mühüm icraçılarından olan Nizami Gəncəvi
adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi bu gün təkcə
nadir eksponatların sərgiləndiyi bir məkan deyil. Bura həm
də Qarabağın mədəni iztirablarını
danışmaqla yanaşı, onun qürurverici dirçəlişini
tərənnüm edən, xalqımızın
yaddaşının bərpa olunduğu, əcnəbilərin
isə bizi daha yaxından və daha doğru şəkildə
tanıdığı mühüm elmi-mədəni mərkəzdir.
Məlum olduğu kimi, işğal dövründə
muzeyin Xurşidbanu Natəvan adına Qarabağ filialında
saxlanılan qiymətli sənət nümunələri -
xalçalar, miniatürlər, rəsm əsərləri erməni
vandalizminin qurbanına çevrilmişdir. Lakin bütün bu
itkilərə baxmayaraq, Qarabağ mədəniyyətini
susmağa qoymayanlardan biri də elə Nizami Muzeyidir. Muzeyin
eksponatları arasında Qarabağ xanlığının
qurucusu - Pənahəli xana məxsus "Gülləbatmaz
köynək" və fərmanlar, Xan qızı Natəvanın
tikmələri, Vaqif məqbərəsinin maketi, Cavanşirlər
nəslinin ailə yadigarları və Qarabağ mühitinin
dahi şəxsiyyətlərinə məxsus xatirələr
bir xalqın mədəniyyət uğrunda mübarizəsinin
canlı şahidləridir. Burada geniş izahat müşayiəti
ilə nümayiş olunan hər bir əşya, hər bir sənəd
zehinlərdə Azərbaycanın mədəni
hüquqlarının və tarixi ədalətin müdafiəçisinə
çevrilir. Həmidə xanım Cavanşir, Əhməd bəy
Cavanşirin oğlu Məhəmməd, Firudin bəy
Köçərli, Əbdürrəhim bəy Haqverdiyev,
Süleyman Sani Axundov, Yusif Vəzir Çəmənzəminli,
Nəcəf bəy Vəzirov, İlyas Əfəndiyevə aid
xatirə əşyaları, həmçinin Mir Möhsün
Nəvvab, Fatma xanım Kəminə, Xan qızı Natəvan,
Üzeyir Hacıbəyli, Y.Çəmənzəminli,
Süleyman Sani Axundov, N.Vəzirovun əks olunduğu portret və
tablolar, Qasım bəy Zakir və Üzeyir bəyin büstləri,
Xurşidbanu Natəvanın heykəli tamaşaçılarda
Qarabağ mədəni mühitinin zənginliyi barədə dərin
təsəvvür yaradır. Zənnimizcə, bu qiymətli
eksponatlar sırasına əslən Şuşadan olan
böyük xalçaçı rəssam Lətif Kərimovun
yaradıcılığına məxsus nəfis
xalıları və Azərbaycanın ilk monumentalçı
qadın heykəltaraşı Münəvvər Rzayevanın
yaratdığı, Nizami Muzeyinin ekspozisiyasını bəzəyən
əsərlərini də daxil etmək yerinə düşər.
Bəli, dövrümüzün Söz qalası olan
Nizami Muzeyinin strategiyaları arasında Qarabağ həqiqətlərini
özünəməxsus yolla, sözün həqiqi mənasında
mədəni şəkildə dünyaya çatdırmaq əsas
yerlərdən birini tutur. Bu strategiyanın məğzini təşkil
edən Qarabağın irsini yaşatmaq, tanıtmaq və onu
qürurla qorumaq ideyası artıq bir vicdan borcuna
çevrilmişdir.
Xalqın dəstəyi, dövlətin siyasəti və
zamanın ədaləti ilə silahlanan Söz qalası
onilliklər boyu Qarabağın susdurulmuş səsini bu
gün dünyanın dörd bir tərəfindən Vətənimizə
gələn əcnəbilərə çatdırmağa
davam edir.
Rəhilə SADIQOVA
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı
Muzeyi "Doktorantura və elmi inkişaf" şöbəsinin elmi
işçisi
525-ci qəzet .- 2025.- 20 dekabr (№233).- S.21.