Yaponiya - böyük
transformasiyalar ölkəsi
(Əvvəli ötən şənbə
saylarımızda)
Yapon liderləri Qərb ölkələrinin təcrübəsinə
əsaslanaraq, onlara hörmətlə yanaşmaq yolunu tutdu.
İki palatalı parlament yaradıldı, lakin o, fəaliyyətsizlik
göstərdi, çünki hökumət liderləri özlərinə
məxsus olan yollara üstünlük verirdi. Hökumət
dünyanın hər bir yerindən bilik və müdriklik
axtarırdı, bütün təbəələrə imkan
verirdi ki, özləri üçün məqbul olan
canlanmanı icra etsinlər.
Aşağıdan narazılığın ifadə
edilməsi imkanlarını yaratmaq üçün siyasi
partiyalar yaradıldı. Hökumət siyasəti ilə
yanaşı, fərqli demokratik hərəkat da
böyüdü. Mütərəqqi partiya fəaliyyətə
başladı, Liberal partiya isə kəndlilərin mənafeyini
ifadə etməklə, keçmiş samuraylara və kənd
icmasının liderlərinə arxalanırdı.
Yeni Konstitusiya hazırlamaq üçün bir siyasi
xadim Avropaya göndərildi. Almaniyada o, imperial hakimiyyətlə
konstitusional formalar arasında mövcud olan tarazlığı
müşahidə etdi. Məhz bu balans, parlamentə
seçkilərin populyar sistemdə, təmsilçilərin
şəxsində özünə ideya cəhətdən
yaxın hesab etdiyi partiyaya səs vermək qaydasının həyata
keçirilməsini mümkün etmişdi. 1885-ci ildə
qurulan Kabinet sistemi üç il sonra Konstitusiyanın təhlükəsizliyini
təmin etdi. 1889-cu ildə Konstitusiya tamamlandı.
Aşağı palataya seçki keçirilməsi, parlament təşəbbüsünün
üstünlüyünü dəstəklədi.
Konstitusiya imperatorun bəxş etdiyi nəcib bir formada
idi. Haqlar və azadlılar yalnız qanunla nizamlanırdı.
İmperator "müqəddəs və toxunulmaz" idi, o,
orduya komandanlıq edir, müharibə və sülh elan edirdi,
öz iradəsinə görə parlamentin aşağı
palatasını buraxa bilərdi. Beləliklə, idarəetmə
sahəsində səmərəli hakimiyyət, icra qolunun
üzərinə qoyuldu. Təhsil üzrə
hazırlanmış proqram, gələcək nəsillər tərəfindən
də imperial iradənin və hakimiyyətin, heç bir suala
yol
vermədən həyata keçirilməsinə təminat
verməli idi. Bütün bunlar, Konstitusiya vasitəsi ilə
"Meydzi Bərpasının" və inqilabının
başa çatdırıldığını göstərdi.
1929-cu ildə ABŞ-da start götürən
Böyük Depressiya ərzində, hərbi işğal hesabına
atılan ekspansiya addımları guya Yaponiyanın iqtisadi
problemlərinin həllinə xidmət etməli idi. Meydzi Bərpası
dövründə ölkədə əhalinin sayı 30 milyon
nəfər idisə, 1930-cu ildə bu rəqəm 65 milyona
yüksəldi. Hər il problemlər daha da dərinləşirdi,
qida maddələrinin idxalına olan ehtiyac xeyli
artmışdı. Oriental (Şərqdə yaşayan) xalqlara
qarşı ayrı-seçkilik hesabına, çox
saydakı zonalara emiqrasiya kəsildi. Hökumətin bir hissəsinin
bu iqtisadi və irqi arqumentlərə hərbi
inamsızlığı yüksəldi. Çinə qarşı
tətbiq edilən bahalı boykotlar heç bir fayda vermədi.
Yaponların ruhundakı unikallığı nəzərə
alıb və onu qoruyub saxlamaq üçün, mülki
ultramillətçilər parlament hökumətinə
"yapon olmayan" kimi müxalif çıxdılar. Bir
sıra riqorist təşkilatlar formalaşdı, onlar özlərini
"daxili təmizliyə" və xarici dövlətlərə
qarşı ekspansiya siyasətinə həsr edirdilər. Onlar
düşünürdülər ki, yapon ruhunun
unikallığı, hökmən artan Qərb təsirinə
qarşı vuruşacaqdır.
Parlament hökumətinə qarşı əsas
güc gənc hərbi zabitlər tərəfindən
formalaşırdı. Onların çoxu mübarizələrində
xaraktercə Almaniyanın Natsional-Sosialistlərin həyata
keçirdiklərinə bənzəyən məqsədləri
canlandırırdılar. Hətta Konstitusiyanın kənara
atılması təklifləri eşidilirdi, əvəzində
"Milli patriotlardan" ibarət inqilabi rejim
yaradılması irəli sürülürdü.
1931-ci ilin sentyabrında Çinin əyaləti olan
Mancuriya pretsedenti baş verdi, bununla Şərqi Asiyadakı
ölkələrə təcavüz hərəkətləri
başlandı. Kvantun ordusuna Cənubi Mancuriya Dəmir yolu
qatarını bombalamaq tapşırıldı. Regionun
paytaxtı Mukden sürətlə işğal edildi, bundan
sonra bütün Mancuriyanın yapon ağalığına
keçməsi baş verdi. Tokiodakı Mülki hökumət
ordunun cəhdlərini dayandıra bilmirdi. 1936-cı ilin
fevralında Yaponiyanın bir neçə görkəmli
dövlət xadimi öldürüldü. Lakin başlanan
qiyam yatırıldı və onun liderləri tezliklə həbs
edildi.
Ancaq gənc ekstremistlərin təsiri əhali
arasında böyüməklə, siyasi əhəmiyyətli
bir güc olaraq qalırdı.
1926-cı ildə gənc imperator Hirohito Şoua
titulunu qəbul etməklə, ölkəni idarə etməyə
varislik etdi. O, əvvəllər öz əcdadlarından daha
proqressiv xadim kimi görünürdü, Qərbə səyahət
etmişdi və hobbi kimi dəniz biologiyasına maraq göstərirdi.
Ultramillətçilər isə onun hakimiyyətdəki rolunu
bəyənmirdilər ki, o, heç də yapon mistikasını
təcəssüm etdirmir. Saray müşavirləri də
imperatorun taxt-tacda möhkəm dayanacağından qorxurdular,
çünki bu, potensial qurbanların geniş şəkildə
axtarılmasına səbəb
ola bilərdi. Avropanın təcavüzünə
qarşı daxili tənqid böyüyürdü,
yaponların çoxu öz hərbçilərini dəstəkləməyə
tələsirdi.
Hərbi ekstremistlərin hər bir irəliləyişi,
hökumətin barışdırıcı elementləri tərəfindən,
onlara yeni kompromis xarakterli güzəştlərə gedilməsi
ilə müşayiət olunurdu. Həm də bu, xaricilərə
qarşı düşmənçiliyin və inamsızlığın
böyüməsinə gətirib çıxarırdı. Hərbçiləri
narazı salmamaq xatirinə, hökumət Mancuriyanın saxta
"müstəqil" dövlət olması ilə
razılaşdı. Çinin sonuncu Mancu imperatoru əvvəlcə
regent elan olundu, sonra isə 1934-cü ildə taxt-taclan
uzaqlaşdırıldı. Kvantun ordusuna real nəzarət etmək
isə Yaponiya hökumətinin üzərinə
düşürdü. Millətlər Liqasının
müvafiq komitəsi 1932-ci ildə yapon qoşunlarının
geri çəkilməsini məsləhət gördü ki,
Mancuriya üzərində Çinin əvvəlki suverenliyi
tanınsın.
Bu vaxt Mancuriyaya böyük muxtariyyət verilməsi tədbirləri
həyata keçirildi. 1933-cü ildə Yaponiya bu beynəlxalq
orqandan rəsmi olaraq geri çəkildi. Buna baxmayaraq, yapon
texniklərinin və kapitalının Mancuriyaya axını
davam edirdi. Oradakı bol resurslardan Yaponiyada ağır sənaye
bazasını qurmaq üçün istifadə edilirdi. Belə
vəziyyət Şərqi Asiyada görünməmiş yeni
bir qayda idi.
Mərkəzi Çində nəzarəti ələ
keçirmək mümkün olmadığından, narazı
qalan hərbi dənizçilər Tokioya qayıtdılar və
zor tətbiq etməyə başladılar. Müstəsna ambisiyalar
getdikcə böyüsə də, daxili böhranları həll
etmək üçün hələ gözləmək
lazım gəlirdi. Ordu içərisindəki nəzarət
hüququ fraksiyası, hakimiyyəti öz əlində cəmləşdirirdi.
Maliyyə naziri öldürüldü. Lakin yapon xalqı hələ
parlament sistemini ləğv etməyə hazır deyildi.
Mülki liderlərin yeni cəhdlərə hazır olduğu
görünsə də, cəbhə orduları təkidlə
onlara xəbərdarlıq etmələrini davam etdirirdi.
1937-ci ilin iyununda yapon qoşunlarının Pekin
yaxınlığında Çin birləşmələrinə
atəş açması ilə "Çin intsidenti"
başlandı. Yapon orduları Çinin mühüm şəhərləri
olan Nankini və Kantonu tutdular. Lakin Çin qoşunları
şimalda igidliklə müqavimət göstərirdi.
Çan Kay-şinin başçılıq etdiyi Çin
milliyyətçi hökuməti təklif olunan kompromisdən
imtina edib, başqa bir şəhərə geri çəkildi.
1940-cı ildə yaponlar daha bir kooperativ rejim qurdular.
Yaponiyada ədəbiyyatın intibahı
1930-cu illərdə yapon militaristlərinin təcavüzkar
müharibəyə başlaması ədəbi məhsulların
yaranmasına da mane olurdu, əslində imkan vermirdi. Senzura daha
da güclənmişdi və yazıçılardan yalnız
müharibə cəhdlərini təbliğ etmək gözlənirdi.
Müharibədən sonra Osamu Dazainin əsərlərində,
xüsusən "Şayo"da (1947-ci ildə çap olunan
"Günəşin batması" romanında) həmin
dövr canlı surətdə təsvir olunur. Digər
yazıçılar da müharibə illərinin dəhşətlərini
qələmə alırdılar. Hirosima və Naqasakiyə
atom bombasının atılması da çox sayda poeziya və
nəsr əsərlərinin meydana çıxmasını
ilhamlandırdı.
Ümumiyyətlə, Şoua erası 1926-cı ildən
1989-cu ilə kimi dövrü əhatə etməklə, ədəbiyyatın
inkişafı kimi xarakterizə olunur. Eranın adı, həmin
müddətin 63 ili ərzində taxt-tacda olmuş imperator
Şouadan (Hirohitodan) götürülmüşdü.
Müharibədən əvvəl militarizm ədəbiyyata da
öz mənfi təsirini göstərdiyi halda, məğlubiyyətdən
və işğaldan sonrakı dövr iqtisadi möcüzənin
yaranması ilə yanaşı, ədəbiyyatın da əsl
vüsətinə səbəb oldu.
1958-ci ildə ilk yapon yazıçısı Nobel
mükafatına layiq görüldü, bu, Yasunari Kavabata
(1899-1972-ci illər) idi. O, psixoloji belletristikanın uydurma
mövzularının ustası idi. Yazıçı Kioto
şəhəri mühiti barədə əsərlərin
müəllifidir. Onun "Fudzidə ilk qar" və "Qar
ölkəsi" romanları dünya oxucuları tərəfindən
də maraqla qarşılanmışdı. Əvvəlki məşhur
"İzu rəqqası" əsərindən fərqli
olaraq "Qar ölkəsi" romanı seksual məhəbbət
üzərində qurulmuşdur.
İkinci Nobel mükafatına layiq görülən
yapon yazıçısı isə Oje Kenzaburo idi. O, çox
erkən məşhurlaşmış, hələ 1958-ci ildə
Akutaqava mükafatını almışdı. 1994-cü ildə
isə onun yaradıcılığı Nobel mükafatı
kimi yüksək qiymətləndirilmişdi. Onun əsərləri
universitet tələbələri arasında çox məşhur
idi və onlar sonralar siyasi və sosial islahatları həyata
keçirəcəkdilər.
XX əsr yapon romanları, ümumiyyətlə, öz
estetik səviyyəsinə və vurğunluğa həsr
olunmasına görə qiymətləndirdikdə, beş əsər
xüsusilə seçilir. Bunlar Tanizakinin "Yeddi yapon hekayətləri",
Dazainin "Uzun boylu adam", Mişumanın
"Qızıl pavilyon məbədi", Kobo Abenin
"Yeşik adam" və Haruki Murakaminin "Fırlanan
quşun xronikası" romanlarıdır.
Əsrin başlanğıcında yazıb-yaradan
Akutaqava Ryunoske (1892-1927-ci illər) öz hekayələri ilə
daha böyük marağa səbəb olmuşdu. Onun hekayələri
yapon həyatının öyrənilməsində
böyük dərslik rolunu oynaya bilər. Akutaqava Yaponiyada
klassik kimi qiymətləndirilir.
Sonrakı illər içərisində yaranan əsərlər
arasında Osamu Dazainin "Günəşin batması"nda
II Dünya müharibəsindən sonra gənc yapon qadını
Katsukonun dünyasının dəyişilməsinə səbəb
olan mövcud böhranla, onun üzləşməsindən
söhbət gedir. Qadın bu qənaətə gəlir ki,
"kişilər sonda etməli olduqlarını edirlər,
vuruşur və ağır zəhmət çəkirlər
və beləliklə, qadınlar da sağlam uşaq
doğurlar".
Kobe Abe isə "Qumlardakı qadın"
romanında dəhşətli mənzərəni
canlandırmaqla sürrealist mövzuya üstünlük verir,
qadının yaşadığı acı mühit oxucuda vahimə hissləri
yaradır. Sonralar Haruki Murakami Kobe Abenin əsərinin təsiri
altında "Gecə yarısı" adlı maraqlı sürrealist
roman yazmışdır. Onun
"Qadınlarsız kişilər" əsəri iki
cins arasındakı münasibətlərin anlaşılmaz
hadisələrə gətirib çıxardığından
bəhs edir.
Oye Kenzaburonun "Sakitləşən
qışqırıq" romanı ailə münasibətlərinə
həsr olunsa da, həyatda nihilizmin də hələ
güclü olduğunu göstərir.
Yapon nəsri ölkəni və xalqı başa
düşməkdə, anlamaqda oxucu üçün bələdçi
rolunu oynayır və tarixi kitablardan da daha məzmunlu məlumatlarla
onu təmin edir.
(Ardə var)
Telman ORUCOV
525-ci qəzet .- 2025.- 20 dekabr (№233).- S.22.