Minatəmizləmə əməliyyatları:
Böyük Qayıdışa yol açan vacib proses
Ötən həftə Tərtər, Ağdərə,
Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd,
Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl
və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları
zamanı piyadaəleyhinə 42, tankəleyhinə 18 mina və
683 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Azərbaycan Respublikasının Minatəmizləmə
Agentliyindən (ANAMA) verilən məlumata görə, həmçinin
838,2 hektar ərazi mina və partlamamış hərbi sursatdan
təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını
ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi
(FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və
dörd özəl şirkət Tərtər, Ağdərə,
Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi,
Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl,
Qubadlı və Zəngilan ərazilərində, o cümlədən
Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs
Ayrım, Aşağı Əskipara, Xeyrımlı,
Qızılhacılı kəndlərində həyata
keçirib.
Agentlik işğaldan azad edilmiş ərazilərə
Böyük Qayıdış Proqramı çərçivəsində
illik plana əsasən humanitar minatəmizləmə əməliyyatlarını
davam etdirir. İşğaldan azad edilmiş ərazilərdə
əsasən yaşayış infrastrukturunun
yaradılması, kənd təsərrüfatı sahələri,
nəqliyyat, energetika, eləcə də digər prioritet
istiqamətlərdə fəaliyyət icra edilir.
Başlıca prioritet isə insanları mina və digər
partlayıcı sursatların təhlükəsindən qorumaqdan,
bərpa-quruculuq işləri üçün təhlükəsiz
mühitin yaradılmasından ibarətdir.
Minatəmizləmə işlərində
qarşıya çıxan əsas çətinliklər ərazilərin
nizamsız şəkildə minalanması, minalanmış ərazilərin
metallarla çirkləndirilməsi, eləcə də mina və
partlamamış hərbi sursatlarla yanaşı, ərazilərdə
quraşdırılan tələ minaları, əldədüzəltmə
partlayıcı qurğulardır. Burada xüsusilə tələ
minaları və əldə düzəltmə
partlyıcı qurğuların təhlükəsini
vurğulamaq istərdim. Çünki bu kimi tələlər
adətən minalar kimi gizli yerləşdirilə və ya diqqəti
cəlb edən əşyaya bənd edilə bilir.
Ölkəmizdə icra edilən humanitar minatəmizləmə
fəaliyyəti dünyada mövcud olan ən müasir və
qabaqcıl texnologiyalardan istifadə edilməklə Beynəlxalq
Minatəmizləmə Standartlarına uyğun həyata
keçirilir. Ərazinin çirklənmə səviyyəsi
və relyefinə uyğun olaraq minatəmizləmə
üsulları tətbiq edilir. Əməliyyatlar əsasən əl
ilə minaaxtarma, mexaniki minatəmizləmə vasitələri
və xüsusi təlim keçmiş minaaxtaran itlər vasitəsilə
icra edilir.
Mülki əhalinin təhlükəsizliyini təmin
etmək məqsədilə ANAMA partlayıcı sursatların
təhlükəsinə dair maarifləndirmə istiqamətində
təlim proqramları həyata keçirir. Bu proqramların əsas
məqsədi insanların mina və partlamamış hərbi
sursatlar, onların törədə biləcəyi fəsadlarla
bağlı məlumatlılığını artırmaq,
onlara düzgün davranış qaydalarını öyrətmək
və baş verə biləcək hadisələrin
qarşısını almaqdır. ANAMA tərəfindən 4
istiqamətdə maarifləndirmə fəaliyyəti icra edilir
- ümumi maarifləndirmə, təlimçilərin təlimi,
icma əsaslı və məktəblərdə maarifləndirmə.
Maarifləndirmə işlərinin əsas komponentlərindən
biri də məktəblərdə bu istiqamətdə biliklərin
artırılmasıdır.
Azərbaycan dünyada mina ilə ən çox
çirklənmiş ölkələr sırasındadır.
Mənfur ermənilər 30 il ərzində işğalda
saxladıqları əraziləri xarabalığa çevirməklə,
infrastrukturu məhv etməklə yanaşı, şəhər,
kənd və qəsəbələrə aparan yolları,
tarixi abidələrin yerləşdiyi yerləri, qəbiristanlıqları,
əkin sahələrini qarış-qarış
minalayıblar. Qarabağ işğaldan azad olunduqdan sonra ilk
iş bu ərazilərin minalardan təmizlənməsi olub.
Qarabağa Böyük Qayıdışın yolu
kommunikasiyaların bərpasından və işğaldan azad
edilən ərazilərdə genişmiqyaslı
tikinti-quruculuq, təmir-bərpa işlərinin
aparılmasından keçir. Bütün bu işlərin həyata
keçirilməsi üçün də ilk öncə bu ərazilərdə
mina və partlamamış döyüş sursatlarının
aşkar olunaraq zərərsizləşdirilməsi işlərinə
başlanılıb. Yaşayış məntəqələrinin
salınacağı ərazilər, əkin sahələri,
yollar və s. minalardan təmizlənib. Hazırda da təmizləmə
işləri davam etdirilir. İlkin qiymətləndirmələrə
görə, Ermənistan işğal dövründə
torpaqlarımıza 1,5 milyon mina basdırıb. Ərazilərdə
icra edilən qeyri-texniki tədqiqat və texniki tədqiqat əməliyyatları
nəticəsində təkcə keçmiş təmas xətti
boyu ərazilərin deyil, eləcə də mülki təyinatlı
ərazilərin də mina və müharibənin digər
partlayıcı qalıqları ilə ciddi şəkildə
çirkləndiyi müəyyən olunub.
Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai
birliyinin sədri Hafiz Səfixanovun sözlərinə görə,
xətt boyunca ərazilər 4-7 km dərinlikdə
minalanıb. Son dörd ildə mina qurbanlarının 70 faizi
ölkənin dərinliklərində baş verən
partlayışlar nəticəsində həlak olub:
"ANAMA-nın məlumatına əsasən, 1991-ci ildən
bəri 3460 nəfər mina partlayışlarının
qurbanı olub. İşğal dövründə Qarabağ və
Şərqi Zəngəzurda 1,5 milyona yaxın mina yerləşdirilib.
2021-2024-cü illərdə 179 min hektardan çox ərazi
minalardan təmizlənib. Son dörd ildə 18 411 tank əleyhinə
mina, 29 250 piyada əleyhinə mina və 119 104
partlamamış hərbi sursat zərərsizləşdirilib.
2026-cı ilin sonuna kimi 280 min hektar ərazinin tam təmizlənməsi
planlaşdırılır. Təcrübəyə əsasən,
döyüşlər bitdikdən sonra, minalarla bağlı
iki mənbədən məlumat alınır: xəritələrdən
və yerli əhalidən. Bu məlumatlar əsasında
minalanmış ərazilərin konturları müəyyən
olunur və təmizlənmə aparılır. Bizdə isə
verilən xəritələr dəqiq deyil. Məlumat toplamaq
üçün yerli əhali də yoxdur. Ona görə də
biz qarış-qarış qabağa gedirik. Prosesdə beynəlxalq
dəstək olsa da, onun həcmi bizim problemin miqyasına
adekvat deyil. Minatəmizləmə çox vaxt və pul aparan
işdir. Beynəlxalq birliklərdən cəmi beş faiz
yardım ala bilirik. Əhalinin işğaldan azad edilmiş ərazilərə
qayıdışı ilə mina qayğıları daha da
çoxalır. Hər ay mina qurbanlarının sayı
artır. Bizim qurbanların sayı Cənubi Qafqazın digər
ərazilərindəki mina qurbanlarının sayından ən
azı iki dəfə çoxdur. İnsanlarımız
şüurlu şəkildə təlimatlara əməl etməlidirlər.
Mina probleminin nə vaxt bitəcəyi ilə bağlı dəqiq
proqnoz vermək çətindir. Görülən işlər
ona hesablanır ki, minatəmizləmə ilə bağlı
vaxt qısalsın. Konkret vaxt demək isə çox çətindir.
Qarabağın içərilərinə getdikcə hansı ərazilərdə
nə olduğunu bilmirik".
QHT sədri həmçinin bildirib ki, BƏƏ,
Çin, Böyük Britaniya və bir sıra beynəlxalq təşkilatlar
humanitar minatəmizləmə prosesinə maliyyə və
texniki dəstək verirlər: "Kolumbiyadan xüsusi təlim
keçmiş siçovul-saperlər, MLI vasitəsilə isə
Malinois cinsindən minaaxtaran itlər gətirilib. Minaların
tam təmizlənməsi və təhlükəsiz həyatın
bərpası üçün genişmiqyaslı işlər
davam etdirilir".
Millət vəkili Sevinc Fətəliyeva bildirir ki, Azərbaycan
dünya miqyasında mina terrorundan ən çox əziyyət
çəkən ölkələrdən biridir. Ermənistan
30 illik işğalçılıq siyasəti zamanı ərazilərimizə
1.5 milyondan çox mina yerləşdirib. Ölkəmizin ərazisinin
12 faizi minalarla və partlamamış sursatlarla çirklənib.
Bu, kənd təsərrüfatı üçün
yararlı torpaq fondunun 28 faizi deməkdir. Bu faktlar sübut edir
ki, mina terroru Ermənistanın müharibə cinayətlərinin
ayrılmaz tərkib hissəsidir. Müharibədən sonra xeyli
ərazilər minalardan təmizlənib: "Lakin reallıq
bundan ibarətdir ki, minatəmizləmə işi uzun müddət
tələb edən prosesdir. Bunun nəticəsidir ki,
müharibə artıq 4 ilə yaxındır bitsə də,
mina qurbanlarının sayı getdikcə artır. Bunun əsas
səbəbləri sırasında Ermənistanın Azərbaycan
ərazisində basdırdığı minaların dəqiq xəritələrini
təqdim etməməsi, keçmiş təmas xəttinin
arxasında yerləşən yollara, qəbiristanlıqlara,
mülki təyinatlı obyektlərə tələ xarakterli
minalar yerləşdirməsidir".
Millət vəkili qeyd edib ki, Azərbaycan dövlətinin
qarşısında dayanan əsas vəzifələrdən
biri 30 illik erməni işğalı zamanı vəhşicəsinə
dağıdılmış yurd yerlərimizi bərpa etmək,
həmin şəhər və kəndlərə yenidən həyat
verməkdir. Lakin Ermənistanın törətdiyi cinayətlər
sırasında ərazilərimizin kütləvi minalanması
hələ də ən böyük təhdidlərdən biri
kimi qalması Böyük Qayıdış proqramına,
keçmiş məcburi köçkünlərin doğma
yurdlarına qayıtmasına əngəl törədir:
"Dövlət tərəfindən minaların təmizlənməsi
sahəsində böyük işlər görülür.
Minatəmizləmə ən müasir və qabaqcıl
texnologiyalardan istifadə edilməklə, əsasən də
daxili resurslar hesabına həyata keçirilir. Bu gün
işğaldan azad olunmuş əraziləri öz hesabına əsaslı
bərpa edən və yenidən quran Azərbaycan mina
probleminin həllinə də böyük vəsaitlər sərf
etmək məcburiyyətindədir".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 20 dekabr (№233).- S.23.