Azərbaycan-BƏƏ: Strateji tərəfdaşlıqda yeni səhifə

 

 

Son illər Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında münasibətlərin inkişafı dinamik xarakter alıb. İki ölkənin həm siyasi münasibətləri yüksək səviyyədədir, həm də iqtisadi-ticari, investisiya və digər sahələrdə intensiv inkişaf özünü göstərir. Bu sırada təbii ki, dövlət başçılarının qarşılıqlı səfərləri, daimi təmaslar mühüm rol oynayır.

Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə növbəti səfəri iki ölkənin əlaqələrində daha bir əhəmiyyətli addım oldu. Dövlət başçısı Əbu-Dabidə keçirilən "Gələcəyin Oyunları 2025" qlobal idman turnirinin açılış mərasimində iştirak edib. Eyni zamanda, səfər çərçivəsində BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə ikitərəfli görüş keçirib. Söhbət zamanı strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-BƏƏ ikitərəfli əlaqələrinin bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, həmçinin bərpaolunan enerji, mədəni, humanitar və digər istiqamətlərdə uğurla inkişaf etdiyi vurğulanıb. Azərbaycan və BƏƏ prezidentləri əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıblar. Görüşdə diqqətdə olan məsələlər bir daha onu göstərir ki, bu səfərin məqsədi yalnız idman tədbirində iştirakla məhdudlaşmır, iki ölkənin siyasi, iqtisadi və strateji tərəfdaşlığının möhkəmlənməsində xüsusi əhəmiyyət kəsb edir.

Qeyd edək ki, "Gələcəyin Oyunları" turniri hər il təşkil olunur və idmançıların həm fiziki, həm də rəqəmsal oyunlar üzrə bacarıqlarını nümayiş etdirdiyi qlobal platformadır. Turnirin təşkilatçısı "Phygital International" fiziki və rəqəmsal oyunların birgə keçirilməsini təşviq edir. Yarış iki mərhələdə keçirilir: idmançılar ilkin mərhələdə fiziki idman növləri, ikinci mərhələdə isə rəqəmsal oyun bacarıqları üzrə sınaqdan keçirilir. Dekabrın 18-dən 23-dək Əbu-Dabi Milli Sərgi Mərkəzində təşkil olunan builki turnir "Növbəti nəsil insanlar. Gələcəyini oyna" devizi altında keçirilir və orada müxtəlif ölkələrdən idmançılar ümumilikdə 11 idman növü üzrə yarışacaqlar. Ötən il BƏƏ 9 iddiaçı namizəd arasında qalib gələrək, 2025-ci ildə keçiriləcək "Gələcəyin Oyunları" turnirinə ev sahibliyi etmək hüququ qazanıb. Azərbaycanın bu nüfuzlu idman yarışının açılış mərasiminə dəvət alması ikitərəfli münasibətlərimizin səviyyəsinin göstəricisidir.

Vurğuladığımız kimi, Azərbaycan-BƏƏ münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Prezident İlham Əliyev indiyədək Birləşmiş Ərəb Əmirliklərinə 6 dəfə, BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan isə Azərbaycana 3 dəfə səfər edib. Bu səfərlər iki ölkə arasında strateji dialoqun və qarşılıqlı etimadın möhkəmlənməsində mühüm rol oynayıb.

Bu il BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Qarabağa səfəri, Şuşada Prezident İlham Əliyevlə görüş ikitərəfli münasibətlərdə daha bir əlamətdar hadisə oldu. Dövlət başçısı səfər zamanı bildirdi ki, siyasi əlaqələrimiz çox uğurla inkişaf edir: "Biz hər zaman beynəlxalq təşkilatlarda bir-birimizin yanındayıq, bir-birimizi dəstəkləyirik. Son vaxtlar qarşılıqlı sərmayə qoyuluşu bizi çox şad edir. Neft-qaz sahəsində əməkdaşlıq dərinləşir. Bu səfər zamanı imzalanmış sənədlər arasında nəqliyyat sektorundakı əməkdaşlıq böyük perspektivə malikdir. Biz xüsusilə ölkənizə və ölkənizin şirkətlərinə minnətdarıq ki, Azərbaycanın bərpaolunan enerji növlərinin işlənilməsi istiqamətində bizə çox böyük dəstək vermişlər. Birləşmiş Ərəb Əmirliklərinin şirkətləri burada bizim strateji tərəfdaşlarımızdır, əsas investordur və Azərbaycanda istifadəyə verilmiş birinci Günəş Elektrik Stansiyasının tikintisi və investisiyaları ölkənizin bizə dəstəyi nəticəsində mümkün olub. Bilirsiniz ki, planlarımız daha genişdir, bir neçə giqavat bərpaolunan enerji növünün yaxın gələcəkdə Azərbaycanda istehsalı məhz Sizin şəxsi göstərişinizin və ölkənizin şirkətlərinin fəaliyyəti nəticəsində mümkün olacaqdır".

BƏƏ Prezidenti isə bəyan edib ki, ölkəsi Qafqaz regionunda sülh və əmin-amanlığın bərqərar olmasına çox böyük əhəmiyyət verir, Azərbaycan başda olmaqla, bütün xalqların mənafeyi üçün bölgənin bütün ölkələri ilə əlaqələrini və əməkdaşlığını inkişaf etdirməkdə maraqlıdır: "Bu xüsusda Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsinin imzalanması istiqamətində əldə edilmiş nailiyyətlərin və müsbət inkişafın davam etməsini səbirsizliklə gözləyirik. Bu münasibətlə Birləşmiş Ərəb Əmirlikləri dövlətinin regionda sülhün və əmin-amanlığın bərqərar olmasına, buradakı xalqların sülh şəraitində yaşamasına hər cür dəstək verməyə hazır olduğunu bir daha vurğulayırıq".

Qarşılıqlı səfərlər zamanı imzalanan sənədlər strateji tərəfdaşlığı bütün sahələrdə daha da möhkəmləndirib. Belə ki, 2024-cü ilin yanvarında BƏƏ Prezidentinin Azərbaycana ilk rəsmi səfəri zamanı "Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu" imzalanıb, 2025-ci ilin sentyabrında isə "Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə" qüvvəyə minib.

Bu ilin iyul ayında Əbu-Dabiyə baş tutan ali səviyyəli səfər çərçivəsində "Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi"nin imzalanması iki ölkə arasında ticarət dövriyyəsinin və investisiya axınlarının artmasına, daha rəqabətqabiliyyətli və dayanıqlı iqtisadi tərəfdaşlığın qurulmasına xidmət edəcək. Ticarət və investisiya əlaqələrinin genişlənməsində sahibkarların rolu nəzərə alınaraq, Birgə Biznes Şuranın yaradılması qərara alınıb. Sözügedən yeni institusional mexanizm biznes dairələri arasında əməkdaşlığın daha yüksək müstəviyə yüksəldilməsinə öz töhfəsini verəcək.

İnvestisiya sahəsində əməkdaşlıq da mühüm əhəmiyyət kəsb edir. 1 milyard dollarlıq maliyyə imkanına malik Birgə İnvestisiya Fondu bu sahədə ən vacib alətlərdən biridir. Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bu günlərdə bildirib ki, hazırda Fond çərçivəsində bir sıra layihələrə investisiya qoyuluşu ilə bağlı danışıqlar aparılır. Bu ilin sentyabr ayında Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Modon Holding" ilə şəhərsalma sahəsində 5 milyard dollar dəyərində investisiya layihəsi ilə bağlı əməkdaşlıq müqaviləsi imzalanıb. Neft-qaz sahəsində tərəfdaşlıq isə SOCAR və ADNOC şirkətlərinin uğurlu əməkdaşlığı nəticəsində inkişaf edir. Eyni zamanda, digər yeni layihələrə də əməkdaşlıq marağının artdığı müşahidə edilir.

Ümumilikdə, bu günədək Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında siyasi, iqtisadi, enerji, humanitar və mədəni sahələri əhatə edən təxminən 68 saziş və anlaşma memorandumu imzalanıb ki, bunlar da iri investorlara enerji, davamlılıq və süni intellekt kimi müxtəlif vacib sahələrdə investisiyaların mübadiləsi üçün imkanlar açıb. Bu sənədlər eyni zamanda, münasibətlərin institusional əsaslar üzərində inkişaf etdiyini göstərir.

Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərində minatəmizləmə fəaliyyətinə də dəstək göstərir. Bu məqam ikitərəfli münasibətlərin humanitar ölçüsünü nümayiş etdirir.

BƏƏ hökuməti bu məqsədlə ANAMA-ya 5 milyon ABŞ dolları məbləğində maliyyə yardımı ayırması postmünaqişə dövründə təhlükəsizliyin təmin olunmasına, bərpa və yenidənqurma proseslərinə mühüm töhfədir. Görünən odur ki, iki ölkənin əməkdaşlığı daha da genişləndirməsi üçün böyük potensialı və imkanları mövcudur.

Mili Məclisin deputatı Ceyhun Məmmədov "525"ə deyib ki, hazırda Azərbaycanla BƏƏ arasında münasibətlər sürətlə inkişaf edir. Onun sözlərinə görə, iki ölkənin əlaqələrinin yeni bir dövrə, yeni mərhələyə daxil olduğunu müşahidə edirik: "Söhbət təkcə bu gündən getmir, əlaqələrimiz uzun müddətdir mövcuddur və bu gün münasibətlərin daha da inkişaf istiqamətində addımlar atılır. Bu mənada cənab Prezidentin BƏƏ-yə səfəri təsadüfi deyil. Bu səfərin ciddi əsasları və səbəbləri var. Biz səfərə o aspektdən yanaşmalıyıq ki, bunun ölkələrimiz üçün xüsusi önəmi və əhəmiyyəti var. Bu gün iki ölkənin liderləri arasında çox sıx münasibətlər, əlaqələr mövcuddur. Bu əlaqələr günü-gündən daha da inkişaf etməkdə, daha da möhkəmlənməkdədir. Səfər əlaqələrimizin inkişafına birmənalı olaraq öz töhfəsini verəcək, əlaqələrimizi daha da gücləndirəcək, möhkəmləndirəcək. Bu gün BƏƏ-nin ölkəmizdə böyük bir sərmayəsi də var. Sərmayənin davamlı olaraq yatırıldığını müşahidə edirik. Bu da qeyd etdiyimiz kimi, ümumi prosesə töhfə verəcək bir məsələdir. Bütövlükdə bu səfərin bir çox aspektdən xüsusi önəmi və əhəmiyyəti var".

Milli Məclisin deputatı Vüqar Bayramov mövzu ilə bağlı bildirib ki, Azərbaycan ilə BƏƏ arasında siyasi və iqtisadi əlaqələrin son illər daha da dərinləşməsi müşahidə olunur. İki dövlət arasında ticarət dövriyyəsi 2024-cü ildə 96 milyon 805 min dollar olub. 2021-ci ilə nisbətən ticarət dövriyyəsi 2 dəfə artasa da mövcud rəqəm potensialı tam əhatə etmirdi. Bu ilin ilk 10 ayında iki ölkə arasında ticarət dövriyyəsi 147 milyon 490 min dollara çatıb. Bu isə o deməkdir ki, Azərbaycan ilə BƏƏ arasında ticarət dövriyyəsi bu ilin ilk 10 ayında bütövlükdə 2024-cü ilə nisbətən 66 faiz artıb. BƏƏ ilə ticarətdə Azərbaycan 40 milyon dollarlıq müsbət saldoya malikdir. Bu isə BƏƏ-nin qeyri-neft ixracatımızda yeni destinasiyalardan birinə çevrilməkdə olduğundan xəbər verir.

Onun sözlərinə görə, dövlətlərarası münasibətlərin dərinləşməsinin növbəti illərdə ticarət dövriyyəsində daha çox artımlar ilə müşahidə olunacağı gözlənilir: "Qeyri neft-qaz ixracat bazarlarının şaxələndirilməsi baxımdan sözügedən ölkə ilə əməkdaşlıq olduqca vacibdir. Bu ilin ilk 10 ayında 2 milyard 988 milyon dollarlıq qeyri-neft qaz ixracatının 3.1 faizi Birləşmiş Ərəb Əmirliyinin payına düşüb. Bununla yanaşı, BƏƏ Azərbaycanda yaşıl enerjiyə sərmayə qoyluşu həyata keçirən dövlətlərdəndir. Tərəflər arasında innovativ sahədə əməkdaşlıq daha güclənməkdədir. Son illər Azərbaycan yaşıl enerji sektoruna 1 milyard dollardan çox sərmayə yönəldib. Bu investisiyaların əhəmiyyətli hissəsi körfəz dövlətlərinin payına düşür. Bu baxımdan, alternativ mənbələrdən enerji istehsalında Azərbaycan ilə BƏƏ arasında əməkdaşlığın daha da güclənəcəyi gözlənilir.

BƏƏ Azərbaycanın işğaldan azad olunan ərazilərinə sərmayə yönəltməkdə maraqlı olan dövlətlərdəndir. Bu sahədə də əməkdaşlığın daha da dərinləşməsi gözlənilir. Bu, Qarabağın iqtisadiyyatının inkişafı və reinteqrasiyası prosesində BƏƏ-nin rolunu daha da artıra bilər. Bütövlükdə, Prezidentin Birləşmiş Ərəb Əmirliyinə səfəri iki ölkə arasındakı münasibətlərin daha da dərinləşməsində yeni səhifə açacaq".

 

 

Pərvanə  

525-ci qəzet .- 2025.- 20 dekabr (№233).- S.5.