"Həyatın rəngarəng
paltarları"...
Səlim Babullaoğlunun
Danimarkada seçmə şeirlər kitabı nəşr
olunub
Səlim Babullaoğlunun Kopenhagendə, “Det Poetiske
Bureaus Forlag” nəşriyyatında
“Bureauets Lommebibliotek” (“Büronun cib kitabları”)
seriyasından “Həyatın rəngbərəng paltarları”
adlı seçmə şeirlər kitabı nəşr
edilib. 25 şeirin daxil olduğu kitabı Danimarka dilinə
orijinaldan Hüseyin Duyğu çevirib. Kitabın ön
söz müəllifi və redaktoru tanınmış Danimarka
şairi Nils Havdır.
Nis Hav “Yeni ədviyyatlar” adı verdiyi qısa giriş
məqaləsində yazır:
“Səlim Babullaoğlunun Danimarka dilindəki bu
şeirlər kitabı mühüm bir hadisədir.
Danimarkalı oxucular ilk dəfədir ki, müasir Azərbaycan
ədəbiyyatı ilə tanış olmaq imkanı
qazanırlar.
Səlim Babullaoğlu ölkə müstəqillik
qazananda on doqquz yaşında idi. Yeni azadlıq gənc
şairlər üçün geniş meydan açdı və
o, böyük enerji ilə fəaliyyətə başladı;
Babullaoğlu hekayələr, esselər və publisistik
yazılar yazsa da, hər şeydən əvvəl şairdir.
Şövqlə və böyük maraqla dünyanın hər
yerindən olan yeni poeziya ilə tanış olmuş, T.S.
Eliot, X. L. Borxes, O.Vəli, B.Pasternak, Ç. Miloş,
T.Tranströmer, İ. Brodski və bir çox
başqalarının kitablarını tərcümə
etmişdir.
Beləliklə, Danimarka dilində təqdim olunan bu
müəllif böyük dünya görüşünə
malik təcrübəli bir şairdir. Səlim Babullaoğlu
real dünyadakı gündəlik həyat haqqında sadə
şeirlər yazır. Onu ümumbəşəri təcrübələr:
uşaqlıq, gənclik, yetkinlik düşündürür.
Gündəlik həyatın çeşidli çətinlikləri
üçün məsuliyyət daşımaq.
Bu şeirlərin hər misrasında bir dərin həsrət
və fanilikdən agahlıq var. “Oğlumla söhbətlər”
və “Atama” kitabın məhrəm və yaxınlıq
atmosferini duyduran səciyyəvi başlıqlardır.
“Səhərlər şəklinə, / Axşamlar
güzgüyə baxıram. / Elə belə qocalıram”.
Yaxud başqa bir şeirində yenə gerçəkçi əqlinəticəyə
gəlinir: “bu dünya hamının barmağına fanilik
halqası keçirdir”.
Səlim Babullaoğlu varlığın təməl dəyərlərinə:
sevgiyə, ailəyə və nəslə fokuslanır.
Bunlar səmimi hisslərlə aşılanmış,
dünyanın hər yerində hər kəs
üçün anlaşılan güclü şeirlərdir”.
525-ci qəzet .- 2025.- 23 dekabr (¹234).- S.9.