Müstəqillik dövrünün ən
böyük amnistiya aktı
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü
ilə irəli sürülmüş Milli Məclisin qəbul
etdiyi amnistiya aktının artıq icrasına
başlanılıb. Dövlət
başçısının “Konstitusiya və Suverenlik
İli” münasibətilə Milli Məclisə təqdim
etdiyi Amnistiya Qərarının layihəsi əhatə dairəsinə
görə Azərbaycanın müstəqillik dövründə
ən genişmiqyaslı amnistiya sənədi kimi qiymətləndirilir.
Belə ki, amnistiya aktının ümumilikdə 20 min nəfərə
yaxın şəxsə şamil ediləcəyi gözlənilir.
Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə
cəzasından azad ediləcəyi, 3 mindən artıq şəxsin
cəzasının azaldılacağı, 7 mindən çox
məhkumun azadlığın məhdudlaşdırılması
cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə
ilə bağlı olmayan digər cəzalardan və ya şərti
tətbiq edilmiş cəzalardan, habelə mindən çox
şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi
proqnozlaşdırılır. Amnistiya aktı 4 ay ərzində
icra ediləcək.
Onu da vurğulayaq ki, amnistiya aktının layihəsinə
əsasən, Azərbaycan Respublikasının suverenliyinin və
ərazi bütövlüyünün qorunması uğrunda
aparılan döyüş əməliyyatlarında, o cümlədən
Vətən müharibəsində və 2023-cü il
sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatında
iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda
həlak olmuş və ya xəbərsiz itkin
düşmüş şəxslərin yaxın
qohumlarının, Ermənistan Respublikasının mülki əhaliyə
qarşı hərbi təxribatı nəticəsində əlil
olmuş şəxslərin, habelə qadınların, 60
yaşına çatmış şəxslərin, cinayət
törədərkən yetkinlik yaşına
çatmayanların və digər şəxslərin cəzadan
və ya cinayət məsuliyyətindən azad edilmələri
nəzərdə tutulur.
Bununla yanaşı, layihəyə əsasən,
böyük ictimai təhlükə törətməyən və
ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət
törətdiklərinə görə azadlıqdan məhrumetmə
cəzasına məhkum olunmuş bir sıra şəxslər
cəzadan azad ediləcək və ya cəzalarının
çəkilməmiş hissəsi azaldılacaq.
Əhatə dairəsinə görə ən
böyük olan bu amnistiya aktı bir daha Azərbaycan dövlətinin
siyasətində humanizmin, insan amilinə verilən dəyərin
göstəricisidir. Bu siyasətin əsası Ulu öndər
Heydər Əliyev tərəfindən
qoyulub. İkinci dəfə hakimiyyətə
qayıdışından sonra Heydər Əliyev insan hüquq
və azadlıqlarının təmin edilməsi, qorunması,
humanizm dəyərlərinin bərqərar olması istiqamətində
mühüm addımlar atdı. Ulu öndərin
imzaladığı əfv fərmanları və onun təşəbbüsü
ilə qəbul edilmiş amnistiya qərarları nəticəsində
minlərlə məhkum azadlığa buraxılıb.
Ümummilli liderin müəyyən etdiyi bu humanist hüquq
siyasəti sonrakı dövrlərdə Prezident İlham
Əliyev tərəfindən ardıcıl şəkildə
və uğurla davam etdirilib.
Eyni zamanda, Birinci vitse-prezident, Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyeva da deputatlıq fəaliyyəti
dövründə bu irsə sadiq qalaraq amnistiya təşəbbüsləri
ilə çıxış edib.
Qeyd etmək lazımdır ki, son 30 il ərzində
imzalanmış 71 əfv fərmanı ilə 10 mindən
artıq məhkum azadlığa buraxılıb, qəbul
edilmiş artıq 13 amnistiya qərarı isə 150 minə
yaxın şəxsə şamil olunub.
Bundan əvvəl 8 noyabr Zəfər bayramı ilə
bağlı aminstiya aktı icra olunub. Həmin amnistiya
aktının təsir dairəsinə 17 min nəfər
düşüb.
“Vətəndaşların Əmək
Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə
Komitəsinin sədri Sahib Məmmədov mövzu ilə
bağlı “525”ə deyib ki, bu, indiyədək qəbul
olunmuş amnistiya aktları içərisində ən əhatəlisidir:
“Eyni zamanda, daha çox maddələri, daha çox
insanların azadlığa çıxmasını əhatə
edir.
Beş min nəfərə yaxın şəxs müəyyən
müddətə azadlıqdan məhrumetmə cəzasından
azad ediləcək. Bunun bir özəl xüsusiyyəti odur
ki, məhz “Konstitusiya və Suverenlik İli”nin sona
çatması ərəfəsində Prezidentin təşəbbüsü
ilə qəbul olunub. Bilirsiniz ki, dövlətimizin
Konstitusiyasının üçdə bir hissəsi insan və
vətəndaş hüquq və azadlıqlarına həsr
olunub. Yəni Konstitusiyamız bütövlükdə humanizm
və insan hüquqlarını əsas götürür. Ona
görə də bu, həm də simvolik olaraq
Konstitusiyamızın 30 illiyi münasibətilə elan
olunmuş amnistiya aktı kimi qəbul olunur”.
Amnistiya aktları və əfv sərəncamları
ilə azadlığa çıxan şəxslərin cəmiyyətə
inteqrasiyası, dövlətin göstərdiyi etimadı nə
dərəcədə doğrultmalarına gəlincə,
hüquqşünas deyib ki, bununla bağlı izləmələr
aparılır: “Mən dəqiq rəqəmlər deyə bilməyəcəm.
Amnistiya aktı elə bir aktdır ki, onu qəbul edərkən
sosial ədalət prinsipi pozulmamalıdır. Ona görə də
şəxsiyyət əleyhinə cinayət törətmiş
şəxslər, məsələn, qəsdən
adamöldürmə, yaxud sağlamlığa xüsusi
ağır zərbə vurmaq və s. yəni şəxsiyyət
əleyhinə yönələn cinayətlərə bu, tətbiq
olunmur. Eyni zamanda, dəfələrlə cinayət törətmiş
şəxslər də amnistiya aktından bəhrələnə
bilmirlər. Amma amnistiya aktı, yaxud əfv qərarlarından
sonra onların dairəsinə düşən şəxslərin
100 faiz peşmançılıq hissələri keçirdikləri,
bir daha cinayət törətməyə meyilli
olmadıqlarını demək düzgün deyil. Lakin əksər
hallarda əlbəttə, bu şəxslər sonradan cəmiyyətə
inteqrasiya olunurlar”.
Ekspert əlavə edib ki, amnistiya aktının təsiri
altına düşənlərin siyahısında qadınlar
da var ki, onlar da artıq yəqin ki, bir daha belə əməllər
törətməyəcəklər.
Milli Məclisin deputatı Fatma Yıldırım isə
“525”ə bildirib ki, Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü
qaydasında təqdim etdiyi və “Konstitusiya və Suverenlik
İli” münasibətilə hazırlanmış
genişmiqyaslı amnistiya aktı cəmiyyətimizin
hüquqi və mənəvi inkişafına töhfə verən
mühüm sənəddir. Bu təşəbbüs, Ulu
öndər Heydər Əliyevin dövlət idarəçiliyində
əsasını qoyduğu humanizm və ədalət prinsiplərinin
bu gün də uğurla davam etdirildiyinin əyani sübutudur.
Deputat vurğulayıb ki, 1993-cü ildə xalqın təkidli
tələbi ilə yenidən hakimiyyətə qayıdan
Ümummilli lider Heydər Əliyev ölkəmizdə əfv
və amnistiya institutlarının hüquqi əsaslar və
humanist dəyərlər üzərində
formalaşdırılmasına xüsusi önəm verib, bu
sahədə sistemli və dərin islahatların
başlanğıcını qoyub: “Məhz Ulu öndər
Heydər Əliyevin rəhbərliyi dövründə –
1998-ci ildə atılan tarixi addım, yəni ölüm
hökmünün ləğv olunması, Azərbaycanda insan
hüquq və azadlıqlarının qorunması sahəsində
dönüş nöqtəsi olub. Bu qərar beynəlxalq
ictimaiyyət tərəfindən də böyük rəğbətlə
qarşılanıb və Azərbaycanı dünyada humanist dəyərlərə
sadiq dövlət kimi tanıdıb. Onun rəhbərliyi ilə
həyata keçirilən bu siyasət bir tərəfdən cəza
tədbirlərinin hüquqa əsaslanan şəkildə tətbiqinə,
digər tərəfdən isə cəmiyyətdən təcrid
olunmuş şəxslərin yenidən sosial həyata
qayıdışına şərait yaradıb. Bu gün həmin
ali dəyərlərin daşıyıcısı kimi
çıxış edən möhtərəm Prezident
İlham Əliyev dəfələrlə bu prinsiplərə
sadiqliyini nümayiş etdirmiş, insan amilini dövlət
siyasətinin mərkəzində saxlayıb.
Eyni zamanda qeyd etmək lazımdır ki, Birinci
vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyeva da deputatlıq fəaliyyəti dövründə bu
irsə sadiqliyini qoruyaraq bir sıra amnistiya təşəbbüsləri
ilə çıxış edib, yüzlərlə ailəyə
sevinc, cəmiyyətə isə ümid bəxş edib.
Bu baxımdan, Milli Məclis tərəfindən qəbul
olunmuş amnistiya aktı həm hüquqi, həm də mənəvi
baxımdan yüksək dəyərlərə əsaslanan bir
sənəddir”.
Deputatın sözlərinə görə, bu sənəd
yalnız hüquqi akt deyil, eyni zamanda, Prezident İlham
Əliyevin öz vətəndaşına olan inamının və
mərhəmətinin təcəssümüdür:
"Əminik ki, bu təşəbbüs bir çox insanlara
yeni başlanğıc üçün imkan yaradacaq,
onların cəmiyyətə inteqrasiyasını sürətləndirəcək
və sosial sabitliyə öz töhfəsini verəcəkdir.
Möhtərəm Prezidentimiz cənab İlham
Əliyevin bu humanist təşəbbüsünü yüksək
qiymətləndirir və ölkəmizdə həyata
keçirilən hüquqi islahatların ardıcıl və məqsədyönlü
şəkildə davam etdirildiyini bir daha vurğulamaq istəyirəm”.
Pərvanə
525-ci qəzet .- 2025.- 23 dekabr (¹234).- S.4.