Paytaxtın
küçə və prospektlərində
"ağıllı işıqforlar"
Məlum olduğu kimi, paytaxtda ilk dəfə olaraq nəqliyyat
axınının fasiləsiz hərəkətinə şərait
yaradan "ağıllı işıqforlar" (adaptiv)
quraşdırılıb. Daxili İşlər Nazirliyinin Nəqliyyatı
İntellektual İdarəetmə Mərkəzindən
(NİİM) bildirilib ki, bu məqsədlə iki xarici ölkənin
mütəxəssisləri ilə birlikdə pilot layihəyə
start verilib. İlkin olaraq paytaxtın Binəqədi rayonu,
Azadlıq prospekti ilə Cəfər Xəndan, Məsud
Davudoğlu küçələrinin kəsişməsində,
115 nömrəli tam orta məktəbin qarşısında
(piyada işıqforu), həmçinin Cəfər Xəndan
küçəsi ilə Əhməd Rəcəbli, Anar
Şükürov, İbrahimpaşa Dadaşov, Şövkət
Məmmədova və Əlişir Nəvai küçələrinin
kəsişməsində quraşdırılan belə
işıqforlar sınaq müddətində işə
salınıb. "Ağıllı işıqforlar" yol
üzərində yerləşdirilən sensorlar, kameralar və
bəzən radarlar vasitəsilə hərəkət
intensivliyini ölçür. Toplanan məlumat mərkəzi
idarəetmə proqramına ötürülür və həmin
proqram real vaxt rejimində hansı istiqamətdə
işıqforun yaşıl işığının müddətinin
artıb-azalması ilə bağlı qərar verir. Ənənəvi
işıqforlar sabit qrafiklə işləyir, adaptiv sistem isə
daim dəyişən vəziyyətə uyğunlaşır.
Pik saatlarda nəqliyyat axını sürətlə artır.
Ənənəvi svetoforlar bu artımı nəzərə
almır, nəticədə uzun növbələr yaranır.
Adaptiv sistem isə avtomatik olaraq həmin istiqamətə daha
çox yaşıl işıq ayırır. Qəza
halında və ya yol bağlandıqda isə sistem dərhal vəziyyəti
analiz edir, istiqamətlərin prioritetini dəyişir və
yükün balanslaşdırılmasına şərait
yaradır. Adaptiv işıqforlar yol hərəkəti
iştirakçıları üçün səmərəlilik
baxımından daha faydalı olacaq. Yəni yolda nəqliyyat
sıxlığı olmadığı vaxtlarda
işıqforların yaşıl işığı daimi
yanmaqla, vaxt itkisinin qarşısı alınmış olacaq.
Bu tip sistemlər tıxacların
qarşısının alınmasında effektiv vasitəyə
çevriləcək
Nəqliyyat eksperti Elməddin Muradlı deyir ki, bu "ağıllı
işıqforlar" nəqliyyatın intellektual idarəetmə
sisteminin əsas komponentlərindən biridir. Bu tip sistemlərin
tıxac və sıxlığın qarşısının
alınmasında effektiv vasitəyə çevriləcəyi
gözlənilir. Bu, özü-özlüyündə olduqca
vacib bir elementdir: "Günün müəyyən
saatlarında hansısa istiqamətdə avtomobil axını
daha çox olur, amma işıqforlar hələ də
axının zəif olduğu istiqamətə
üstünlük verir. Adaptiv sistemlə işləyən bu
ağıllı işıqforlar isə real vaxt rejimində bu
vəziyyəti izləyərək məlumatı mərkəzə
ötürür və dərhal həmin istiqamətə daha
uzunmüddətli "yaşıl işıq" tətbiq
etməklə tıxacın qarşısını alır. Bu
sistem hələlik test rejimində tətbiq olunur, lakin
ümid edirik ki, yaxın gələcəkdə onun effektiv nəticələrini
görəcək və geniş şəkildə faydalana biləcəyik.
Hazırkı mərhələdə bu sistemin səmərəli
istifadəsi Bakı şəhəri üçün
çox vacibdir".
Artıq hər yol ayrıcında bir polis əməkdaşının
durmasına ehtiyac qalmayacaq
Ekspertin sözlərinə görə, hazırda
tıxac problemi hər kəsi narahat edən bir məsələdir
və bu problemin necə həll olunacağı ilə
bağlı müxtəlif yanaşmalar mövcuddur: "Uzun
müddət ərzində icra olunan, lakin nəticə verməyən
layihələr insanlarda inamsızlıq yaradıb və belə
düşüncə formalaşıb ki, Bakının
tıxac problemi heç vaxt həll olunmayacaq. Amma bu cür
ağıllı sistemlərlə problemin
qarşısını almaq mümkündür. Belə sistemlərin
tətbiqi nəticəsində artıq hər yol
ayrıcında bir nizamlayıcı - polis əməkdaşı
durmasına ehtiyac qalmayacaq. Əgər hansısa ərazidə
sıxlıq yaranırsa, dərhal ora bir əməkdaş
göndərmək əvəzinə, sistem özü vəziyyəti
analiz edərək avtomatik tənzimləmə aparacaq. Bu, həm
də sürücülərin qayda pozmalarının
qarşısını almağa kömək edəcək".
Bu sistemlər yol hərəkətinin daha səmərəli
və təhlükəsiz təşkilinə imkan yaradır
Nəqliyyat məsələləri üzrə ekspert
Eldəniz Cəfərovun dediyinə görə,
"ağıllı işıqforlar"ın
quraşdırılmasında əsas məqsəd şəhərdə
avtomobil sıxlığını tənzimləmək, nəqliyyat
axınına nəzarət etmək və
sıxlığın tıxaca çevrilməsinin
qarşısını almaqdır. Bu gün müasir
texnologiyalara əsaslanan bu sistemlər yol hərəkətinin
daha səmərəli və təhlükəsiz təşkilinə
imkan yaradır. Bu sistemin müsbət tərəflərindən
biri ondan ibarətdir ki, tıxacların yaranma ehtimalını
minimuma endirir: "Hesab edirəm ki, paytaxtın hansı ərazilərində
qəza riski çoxdursa, mütəmadi qəzalar baş
verirsə, piyadaların yolu keçməsində problem
yaşanırsa, həmin ərazilərdə işıqfor
quraşdırılmalıdır. İşıqforlar yolda hərəkəti
tənzimləyən vacib elementdir. Yol
iştirakçılarının təhlükəsizliyinin
qorunması, rahat hərəkətin təmin edilməsi, nəqliyyat
axınının düzgün idarə olunması
üçün vacibdir. Yol hərəkəti
iştirakçılarına hansısa maneə yaranan ərazilər
varsa, düşünürəm ki, müvafiq qurumlar mütəxəssislərlə
bu vəziyyəti yerində araşdırmalı, monitorinqlər
aparılmalı və qaydaların dəyişməsinin
labüd olduğu təsdiqləndikdə hansısa
işıqfor ləğv edilə, yol nişanlarında
düzəlişlər edilməlidir. İşıqforlar və
ya yol nişanları sürücülərin, ya da
piyadaların şəxsi istəkləri əsasında
qoyulmur. Bu, təhlillər əsasında həyata
keçirilir və keçirilməlidir və bu zaman yolda nəqliyyatın
sıxlığı, təkcə piyadaların deyil, ümumən
yol-hərəkət iştirakçılarının təhlükəsizliyi
və rahatlığı nəzərə
alınmalıdır".
"Ağıllı işıqforlar" ictimai nəqliyyat
vasitələri üçün daha böyük
üstünlüklər yaradacaq
Ekspert hesab edir ki, "ağıllı
işıqforlar" xüsusilə ictimai nəqliyyat vasitələri
üçün daha böyük üstünlüklər
yaradacaq: "Avtobus və digər ictimai nəqliyyat vasitələrinin
vaxtında hərəkət etməsi üçün
işıqfor işıqlarının düzgün və
çevik şəkildə idarə olunması vacibdir. Bu
sistemlər marşrutların daha dəqiq
planlaşdırılmasına və sərnişinlərin
vaxt itkisi yaşamamasına imkan verir. Ona görə də
ağıllı işıqfor sistemlərinin müsbət cəhətləri
kifayət qədər çoxdur. Bu qurğular həm nəqliyyatın
effektiv idarə olunmasına, həm ekoloji problemlərin
azalmasına, həm də şəhər sakinlərinin
gündəlik həyat keyfiyyətinin yüksəlməsinə
xidmət edir. Nəticə etibarilə, ağıllı
işıqforlar müasir şəhər infrastrukturunun
ayrılmaz və vacib bir hissəsinə çevrilir".
"Ağıllı işıqfor"lar dinamik,
çevik və adaptiv şəkildə işləyən idarəetmə
mexanizmi yaradır
Azərbaycan İnternet Forumunun prezidenti Osman
Gündüzün fikrincə, "ağıllı
işıqforlar"ın quraşdırılması paytaxt
yollarında demək olar ki, hər gün müşahidə
olunan tıxacların qarşısının alınmasına
öz töhfəsini verəcək: "Artıq Bakıda hər
gün, hər saat və hər an tıxaclar qaçılmaz
olub. Buna görə də nəqliyyat axınının fasiləsiz
hərəkətinə şərait yaradan
"ağıllı işıqforlar"ın,
detektorların sayı da artırılmalıdır. Bununla da
mərkəzi küçələrdə avtomobillərin orta
sürətini bir qədər artırmaq mümkün ola bilərdi".
Osman Gündüzün söylədiyinə görə,
sistem həmçinin süni intellekt alqoritmləri ilə tənzimlənir.
Bu alqoritmlər vasitəsilə hansı istiqamətdə nəqliyyat
sıxlığının daha çox olduğu müəyyən
edilir və məhz həmin istiqamətə yaşıl
işıq daha uzun müddət yönəldilir. Beləliklə,
ağıllı işıqforlar dinamik, çevik və
adaptiv şəkildə işləyən bir idarəetmə
mexanizmi yaradır: "İşıqforların üzərindəki
kamera və sensorlara bənzər qurğular əvvəlcə
radar olaraq düşünülsə də, nəqliyyat sensoru
və nəqliyyat axınına nəzarət sisteminin bir hissəsidir.
Verilən məlumata görə, onların əsas
funksiyası işıqfor qarşısında neçə
avtomobil dayandığını və zolaqlarda
sıxlığı adaptiv bir şəkildə təyin etmək
olacaq. Toplanan məlumat əsasında işıqforun
fazaları tənzimlənəcək və avtomobil
axını sıxlığa görə səmərəli
idarə olunacaq. Beynəlxalq təcrübədə
"vehicle detection camera" və ya "traffic monitoring
sensor" kimi tanınan sistem artıq müxtəlif ölkələrdə
də uğurla tətbiq edilir".
Dayanıqlıq məsələsi ağıllı
işıqforların əsas funksiyalarındandır
Nəqliyyat eksperti Aslan Əsədov bildirib ki,
"ağıllı işıqfor"lar hərəkət
intensivliyini izləyir və yolun buraxma qabiliyyətini
artırır. Nəticədə sıxlıq azalır və
nəqliyyat axını daha səmərəli təşkil
olunur: "Dayanıqlıq məsələsi
ağıllı işıqforların əsas
funksiyalarındandır. Sistem avtomobil axınını
avtomatik analiz edir və işıqforların dəyişmə
vaxtını optimal şəkildə tənzimləyir. Beləliklə,
5 avtomobil üçün 105 saniyə və ya 35 saniyə
gözləmə problemi aradan qaldırılır. Əsasən
bu sistem əvvəlcə sıx hərəkətli
küçələrdə tətbiq olunacaq, daha sonra isə
digər ərazilərə yayılacaq. Ağıllı
işıqforlar şəhərdə hərəkətin
effektiv idarə olunmasına və nəqliyyat
axınının yaxşılaşdırılmasına xidmət
edəcək".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 23 dekabr (№234).- S.8.