Günümüzün
problemi - “şəxsi inkişaf”
Esse
Müasir insanın həyatında bir məcburiyyət
var ki, o, açıq şəkildə heç bir qanunda,
heç bir kitabda yazılmayıb. Amma hamı
özünü ona tabe olmağa məcbur hiss edir. Bu məcburiyyətin
adı “Özünü inkişaf etdirmək”dir.
Çağdaş dövr bizə dayanmağa icazə vermir.
Dayanmaq olmaz. Razı qalmaq olmaz. Olduğun halı qəbul etmək
olmaz. Çünki haradasa, kimsə, sənə davamlı
olaraq pıçıldayır: “Daha yaxşı ola bilərsən”.
Bu cümlə ilk baxışda ümidverici, motivasiya edici səslənsə
də, zamanla insanın içində sakit, amma
dağıdıcı bir səsə çevrilir.
Bu gün şəxsi inkişaf anlayışı sadəcə
fərdi seçim deyil. O, ictimai norma, əxlaqi tələb, hətta
mənəvi öhdəlik formasını alıb. İnsan
öz həyatında xoşbəxt olmaya, sevdiyi işlə məşğul
olmaya bilər, amma hər zaman ətraf çevrəsinə
qarşı çalışqan, motivasiyalı və “öz
üzərində işləyən” görünməlidir.
Çünki müasir dünyada zəiflik, gerilik
bağışlanmır, yorğunluq anlayışla
qarşılanmır, dayanmaq isə məğlubiyyət kimi qəbul
edilir.
Bəs doğrudanmı hər dəyişiklik
inkişaf hesab edilməlidir? Həqiqətənmi hər yorğunluq
tənbəllikdir? Ən əsas isə hər şey
doğrudanmı şəxsi inkişafdır?
****
Şəxsi inkişaf anlayışı həyatımıza
təsadüfən daxil olmayıb. Tarix boyunca insan həmişə
daha yaxşı yaşamaq, daha çox anlamaq, daha sağlam və
balanslı olmaq istəyib. Özünü tanımaq, potensialını
açmaq, həyatını mənalı qurmaq, həmişə
özün üçün ən yaxşısına can atmaq
təbiidir. Əgər belə olmasaydı, insan hələ də
daş dövründə qalar, mağaralarda yaşayardı.
Çünki cəmiyyətin inkişafı fərdin
inkişafından başlayır. Problem ideyada yox, ideyanın istismar
edilməsindədir.
Zamanla şəxsi inkişaf anlayışı bir
düşüncə istiqaməti olmaqdan çıxıb,
istehsal mexanizminə çevrilib. Bu mexanizmin işləməsi
üçün əsas şərt isə odur ki, insan
özünü daim natamam hiss etməlidir. Çünki
özündən razı olan insan alıcı deyil.
Özünü “yetərli” sayan adamın kursa, seminara,
motivasiya kitabına ehtiyacı yoxdur. O, özünü
inkişaf etdirmək üçün heç bir cəhdlər
etmir. Bu isə dövrün istehsal mexanizminə, inkişaf sənayesinə
və kapitalizmin satış prinsiplərinə ziddir. Şəxsi
inkişaf sənayesi çox nadir hallarda insana “sən kifayətsən”
deyir. Onun əsas mesajı “sən potensialsan, sənin
gücün, qüvvətin var, amma hələ
reallaşdırmamısan, özünü tam şəkildə
kəşf edə bilməmisən” kimidir. Bu mexanizmin insana
özünü yetərli hiss etməyə icazə vermir.
Çağdaş insanın ən böyük problemlərindən
biri də elə özünü daimi
çatışmazlıq halında hiss etməsidir. Hətta
hər şey öz qaydasında gedərkən belə, onun
içində narahat bir sual dolaşır: “Görəsən,
daha çox edə bilərdimmi, niyə daha
artığını etmədim?” Bu hiss insanı motivasiya edə,
hərəkətə gətirə də bilər, amma daha
çox müşahidə olunan odur ki, onun uzunmüddətli
təsiri çox vaxt tükənmə ilə nəticələnir.
Yəni insan özünü tükənmiş hiss edir. O hiss
ona daha çox inkişaf etməli olduğunu diktə etsə
də, insan etdiklərindən razı qalmadığı
üçün özünü yetərsiz sayır və nəticədə
mental yorğunluq yaşayır.
Çünki insan psixikası fasiləsiz gərginliyə
uyğunlaşmır. Daim özünü yoxlayan, ölçən,
müqayisə edən insan bir müddət sonra yaşamaqdan,
həyatdan zövq almaqdan daha çox, özünü idarə
etməklə, özünü daha “yaxşı etdirməklə”
məşğul olur. Həyat plan, cədvəl, nəticə
və göstəricilərdən ibarət mexanizmə
çevrilir. İnsan artıq hiss etmir, ölçür,
sevinmir, qiymətləndirir, yorulmur, özünü
qınayır, zövq almır, gərginliyin içərisində
yox olur.
****
Şəxsi inkişaf mədəniyyətində
yorğunluq sadəcə fiziki hal deyil, əxlaqi problem kimi təqdim
olunur. Yorğunsansa, deməli, düzgün yaşamırsan.
Əgər tükənmisənsə, deməli,
özünü yaxşı idarə etməmisən. Bu
yanaşma insanı üzdə guya daha güclü etmək kimi
görünsə də, əksinə, onu özünə
qarşı qəddarlaşdırır. Müasir insan
özündə yorulmaq üçün haqq tapmır, bunu
özünün utancı kimi hiss edir. İstirahət etmək,
iş-gücdən əlini çəkib, özü ilə
baş-başa qalmaq onun əskikliyi, gücsüzlüyü
kimi görünür.
Halbuki yorğunluq bəzən zəiflik yox, həddindən
artıq dözməyin nəticəsidir. İnsan çox
zaman motivasiyasız olmur, o, sadəcə mənasız yüklərə
məcbur edilir. Şəxsi inkişaf sxemi isə bu
nüansları sevmir. O, sadə həllər təqdim edir:
daha çox çalış, daha tez qalx, daha az şikayət
et, daha çox iş gör, daha çox öyrən. Bu
mexanizm isə insanı dinləmir, onun istəklərini,
potenasialını, edə bilib, edə bilməyəcəklərini
nəzərə almır, əksinə, onu gücü yetdiyi
qədər susdurur.
****
Sosial şəbəkələr, müasir cəmiyyət
motivasiya nitqləri ilə doludur. İndi bunlara ayrıca tədbirlər
həsr olunur, bir zal dolusu insan bu nitqləri dinləməyə
məcbur edilir. Kənardan baxanda hər şey çox gözəl,
hər şey insanlıq üçün çox faydalı və
səmərəli görünür. Çünki motivasiya
nitqləri nadir hallarda açıq-aşkar təzyiq göstərir.
Onlar gülümsəyir, ruhlandırır,
alqışlayır. Amma bu yumşaq dilin altında çox
zaman sərt mesaj gizlənir: “Əgər bacarmırsansa,
problem səndədir”.
Bu mesaj sosial və iqtisadi reallıqları arxa plana
atır. İnsanların eyni şərtlərdə
yaşamadığını, eyni imkanlara sahib
olmadığını nəzərə almır. Hər
şeyi fərdi iradəyə bağlayır. Beləliklə,
sistem məsuliyyətdən azad olur, bütün yük
insanın çiyninə düşür. Halbuki həyat yer
üzündə yaşayan bütün insanlar
üçün eyni deyil. Hər insan cismən fərd olaraq
doğulduğu kimi, onların sosial vəziyyəti, zehni
inkişafı, həyatdan istək və arzuları da fərdidir.
Kimsə ən böyük zirvələri istəyər, digəri
isə olduğu yerdə özünü çox xoşbəxt
hiss edə bilər. Kimsə bütün motivasiya tədbirlərinə,
kurslara, seminarlara qatılacaq qədər zənginkən, bir
başqası axşam evə çörək ala bilib, bilməyəcəyinin
dərdi ilə yaşayar... Bunların heç birini nəzərə
almayan sistem insanı bu xaosun içərisində tək
buraxır və problemi də, onun həllini də insanın
üstünə atır.
****
Şəxsi inkişafin ən cazibədar, eyni zamanda ən
təhlükəli anlayışlarından biri “daha
yaxşı versiya” ideyasıdır. Bu ideya insana daim gələcəkdə
daha yaxşı olacağını vəd edir. Amma bunun bir
şərti var ki, heç zaman indiki halınla
barışmamalısan.
İnsan özünü və öz hisslərini həmişə
gələcək üçün təxirə salır. O,
sevinci də, rahatlığı da, istirahəti də, qəbul
etməyi də “bir az da düzəlsəm”, “bir az da
inkişaf etsəm”, “bir az da öyrənsəm”, “bir az da
çalışsam” kimi düşüncələrlə gələcəyə
saxlayır. Bu “bir az”lar isə heç vaxt bitmir. İnsan ona
verilən həyatı yaşamaq əvəzinə, onu təkmilləşdirmə
layihəsinə çevirir.
Şəxsi inkişaf, yoxsa özünü istismar?
Burada sərhəd incə, amma çox önəmlidir.
İnkişaf insanı gücləndirirsə, ona nəfəs
verirsə, seçimlərini genişləndirirsə, bu,
sağlamdır. Amma əgər inkişaf adı altında
insan özünü daim günahkar, yetərsiz, gecikmiş
hiss edirsə, bu, artıq şəxsi istismardır.
İnsan çox zaman özünü istismar etdiyinin fərqində
olmur. Çünki bunu “məsuliyyət”, “intizam”, “öz
üzərində işləmək” adı ilə edir.
Axı dinlədiyi motivasiya nitqləri, şəxsi inkişaf
təlimləri hamısı ona bunu
aşılamışdı. Amma nəticə dəyişmir:
emosional tükənmə, özünə qarşı sərtlik,
daxili boşluq.
Şəxsi inkişaf mədəniyyəti hər kəsi
eyni idealın arxasınca sürükləyir: lider ol, risk al,
fərqlən, maksimum potensialını ortaya qoy. Amma bu
yanaşma insan müxtəlifliyini inkar edir. Hər kəs lider
olmaq istəmir. Hər kəs səhnədə görünmək
istəmir. Hər kəs ambisiya ilə yaşamır. Bəziləri
sakitliyi seçir. Bəziləri sabitliyi sevir. Bəziləri
“yetər” deməyi bacarır.
Şəxsi inkişaf ideologiyasının ən az
danışılan və nəzərə alınan tərəflərindən
biri onun hamı üçün eyni dərəcədə əlçatan
olmamasıdır. Bu mədəniyyət çox vaxt “hamı
bacara bilər” iddiası ilə çıxış edir, amma
reallıq tam fərqlidir axı. Vaxtı olmayan, maddi yük
altında yaşayan, emosional məsuliyyət daşıyan
insanlar üçün inkişaf
çağırışları çox vaxt əlçatmaz
lüksə çevrilir.
Xüsusilə qadınlar üçün bu yük
ikiqat ağırdır. Qadın həm inkişaf etməli, həm
qayğı göstərməli, həm emosional dayaq olmalı,
həm güclü görünməli, həm də
yorulmamalıdır. Ana olan qadın isə sanki iki dəfə
“öz üzərində işləməli” olur.
Çünki o, öncə əvvəlki özünü bərpa
etməli, sonra daha yaxşı versiyasına çevrilməlidir.
Bu, inkişaf yox, davamlı özünü inkar rejimidir.
Şəxsi inkişaf dili qadın yorğunluğunu
romantikləşdirir, amma real yükü görmür. Ana
olmaq, evin görünməyən əməyini daşımaq,
emosional iş görmək, hətta ailəyə maddi dayaq
olmaq üçün çöldə də işləmək
nadir hallarda “inkişaf” anlayışına daxil edilir. Halbuki
bu, real həyatın ən ağır tərəfləridir.
Bütün bunların öhdəsindən gələn
qadın şəxsi inkişafsız da özü ilə yetərincə
qürur duya bilər.
****
Sosial media çox sahələrdə olduğu kimi,
şəxsi inkişaf ideyasını da gücləndirib.
Orada hər şey planlı, estetik və uğurludur.
İnsanlar tez-tez səhər rutinlərini, oxuduqları
kitabları, iştirak etdikləri təlimləri
paylaşırlar. Amma yorğunluq nadir hallarda
görünür. Şübhələr gizlədilir. Dayanmaq
paylaşılmır.
Beləcə kollektiv bir illüziya yaran ki, hamı hərəkətdədir,
hamı inkişaf edir, bir sən geri qalmısan. Bu müqayisə
insani irəli aparmaq əvəzinə, əksinə, onu
özündən də uzaqlaşdırır.
****
Əsl inkişaf həmişə irəli getmək
deyil. Bəzən lazımi anda dayana bilmək, dönüb
geriyə baxmağı bacarmaq, “daha çox” yox, “daha az” deyə
bilmək də inkişafdır. Bəzən dəyişmək
yox, qəbul etməkdir inkişaf.
Əlbəttə, bizim məqsədimiz şəxsi
inkişafa qarşı çıxmaq deyil. Doğru tənzimlənmiş
şəxsi inkişaf təbii ki, insan üçün
çox faydalıdır. Amma şəxsi inkişaf adı
altında insana yüklənən sonsuz məcburiyyətlər
heç vaxt istənilən faydanı verməyəcəkdir.
Hər həyat optimallaşdırılmalı deyil. Hər
insan daim “daha yaxşı versiya”sına qaçmalı deyil.
Ümumiyyətlə, hər insan həmişə “ən
yaxşı” olmaq məcburiyyətində deyil. Bəzən ən
böyük inkişaf insanın özünü olduğu
halı ilə də yetərli sayıb xoşbəxt
olmağı bacarmasıdır.
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025.- 23 dekabr (¹234).- S.11.