Bütövlük eşqi: İlyas
Əfəndiyevin Cənuba baxışı
Ədəbiyyatdan daim millilik və xəlqilik tələb
edən İlyas Əfəndiyev
yaradıcılığının "sarı sim"i,
heç şübhəsiz ki, Cənub mövzusudur.
Yazıçının yaradıcılıq nəfəsi
Güneylə gedib Qarabağla gəlir, hər ikisinin "təmas
xəttində" yaşayırdı. Necə deyərlər,
"elin o başı-bu başı olmaz". Onun
yaradıcılığında Cənub hər tərəfdən
elə "baxır", özünü elə büruzə
verir ki, hamısını bir yerə toplamaq, bütün
"sualtı daşları" əhatə etmək çox
çətindir. Bədii əsərləri öz yerində,
məqalələrində də (yeni əlifba haqqında məqaləsində
belə) Arazqırağı kəndlər, Araza baxan pəncərə,
sərhəd əsgərlərinin düşərgəsi və
başqa bu kimi daim fikrini məşğul edən epizodlar,
nüanslar yer alırdı. "Qarı dağı" kimi
kiçik bir hekayəyə "Qarabağ meşələrindən
tükləri alov kimi yanan qırqovullar" da gətirmişdi,
"günün axırında günəşin son
işığının Savalanın zirvəsindəki
buludlarda saralıb sönməsini" də. İ.Əfəndiyevin
yaradıcılığının xarakteri vardı.
"Qarı dağı"nın yazıldığı
1944-cü ildə artıq var idi, yaranıb
formalaşmışdı. Bu xarakter həqiqətin
gözünün içinə baxmağı bacarırdı.
Əslində, yazılacaq mövzunu müəllif seçmir,
mövzu müəllifini özü axtarıb tapır və
kimi tapdığını bilir, heç vaxt ünvanı səhv
salmır. Əgər mövzu yazıçını içəridən
çalxalamasa, onu daim məşğul etməsə, onunla bir
olmasa və əsərini belə bir özül üzərində
yaratmasa, sonuc imitasiyadan başqa bir şey olmayacaq. İ.Əfəndiyev
özü deyirdi: "Həyatımda o çatmır ki, niyə
Azərbaycan bütöv deyil?" Təəssüf ki, bu
mövzu da Qarabağ kimi kədər, nisgil dolu, faciəlidir.
Və bir-biri ilə bağlıdır. Əlbəttə, Azərbaycan
bir olsaydı, başımıza Qarabağ müsibəti də
gəlməzdi. Əbəs yerə deyil ki, işğal
uzandıqca ziyalılarımız Qarabağ probleminin də,
Güney Azərbaycanın taleyinə dönəcəyindən
nigaranlıq ifadə edirdilər. "Neçə min il tarixi
olan igid bir xalqı iki yerə parçalayıb gücdən
saldılar" (İ.Əfəndiyev). Yazıçı əsərlərində
hər dəfə Cənubun adını çəkəndə,
üstündən iki əsr keçməsinə baxmayaraq, hələ
də yaxamızdan düşməyən, hökmü ilə
heç barışmayacağımız "od kimi, su kimi
köhnə" nisgilimiz yada düşür. İ.Əfəndiyev
müsahibələrinin birində deyirdi: "Bu elə dərddir
ki, Azərbaycan dilində yazan hər bir sənətkarın
ürəyində qubar bağlayıb". Gözdən uzaq
olsa da, könüldən uzaq düşmür... Sonra
yazıçı, Astarada şahidi olduğu bir hadisəni nəql
edir. "Məşhur" tikanlı məftillərin o
üzünə yaxından baxmaqdan ötrü hər iki
tayı birləşdirən körpünün ətrafında
balıq tutanlara qoşulub müəyyən olunmuş yerə
getməyindən danışır... İcazə olan yerdə
"hər iki taylı azərbaycanlılar torla balıq
tuturdular. Torları ilişən balıqçıların
bir-birinin üzünə baxmağa ixtiyarı
çatmırdı. Çünki o tayda onların, bu tayda
bunların üzərində güclü keşikçi nəzarəti
vardı". Burada bir həssas məqam da var... Suyun
altında torlar birləşir, üstündə isə
qardaş-qardaşın üzünə baxa bilmir. Bu epizod
yazıçını çox kövrəldir, yaralayır,
hiddətləndirir, sarsıdır. Bu arada, özüm də
nə vaxtsa eşitdiyim bənzər əhvalatı
xatırladım... Uzaq 70-lərdə sərhəddə xidmətmi
edən, ya nə isə başqa bir işi icra edən azərbaycanlı
biz tərəfdən nərdivana çıxıb elektrik xəttini
düzəldirmiş. Tikanlı məftillərin o
üzündə isə cənublu bir qadın dayanıb ona
tamaşa edirmiş. Oğlanın da adı Əli imiş.
Adı ilə çağrılanda qadın bunu eşidər
və o da başlayar oğlanı adı ilə
çağırmağa... - Adına qurban olum, ay Əli, bir
bu tərəfə bax...
Oğlan da o qədər təsirlənər ki, artıq
əlindəki işi görə bilməz. Xəbərdarlıq
da gələr ki, "o tərəfə bir nəzər... və
anında güllələnəcəksən!"
Görün nələr çəkmişik və
çəkməkdə də davam edirik. Kaş Cənub həsrətimiz
də Qarabağ dərdimiz kimi keçmiş ola!
"Xəncər" hekayəsi 1948-ci ildə
yazılmış, "İnqilab və mədəniyyət"
jurnalında çap olunmuşdu. "Vətənpərvər
gənc müəllimə Südabə və onun şagirdi
İldırımın taleyi fonunda yazıçı
böyük bir hərəkatın milli-siyasi mahiyyətini verə
bilir" (Şirindil Alışanlı). Burada xəncər
bir rəmzdir, yazıçının azadlıq yolunda görə
bildiyi çıxış yoludur, böyük işin
kiçik modelidir. Hekayə bu gün heç olmayan kimi
müasirdir, necə ki, işğal altında olan
torpaqlarımızı silaha sarılıb 30 ilin
tapdağından azad etdik. İldırımın
"atamın xəncəri yanımda olanda heç nədən
qorxmuram" deməyi də rəmzi məna
daşıyır. Hekayənin sonu da, rəmzi, həm də
ümidvericidir: "Meşəni nə qədər
arayıb-axtardılarsa, oğlandan heç bir nişanə
tapmadılar".
1945-ci il dekabrın 12-də xalq silahlı üsyanla Təbrizdə
Milli Demokratik Hökumət qurmuşdu (İnqilablar beşiyi Təbriz
zaman-zaman çalxalanırdı). Lakin bu hökumət cəmi
bir il yaşadı. Eynən 2 il yaşayan Azərbaycan Xalq
Cümhuriyyəti kimi. "Xəncər" hekayəsi də
həmin dövrün hadisələrinə həsr edilib. Hekayənin
dəyəri aşıladığı ideya, amaldan başqa,
həm də onun sənətkarlığındadır. Necə
ki, ədəbiyyat əhvalatı nəql etmək deyil, necə
nəql etməkdir: "Bir ilə yaxındır ki, şəhər
xoşbəxt günlər keçirirdi... Bir ilə yaxın
idi ki, İran Azərbaycanında Milli Hökumət
qurulmuşdu". Bunu oxuyanda düşünürsən ki,
sadə cümlələrlə necə xoşbəxtliyin rəsmini
çəkmək olar. Xoşbəxtliyə
yaxınlaşmağın yox, xoşbəxt olmağın, elə
xoşbəxtliyin özünün. Özü də fərdin
yox, bütöv bir xalqın.
Saf məhəbbətdən, qadın-kişi,
ata-oğul, ana-qız, bir sözlə - insan münasibətlərindən
bəhs edən, mənəvi təmizliyə
çağıran "Sən həmişə mənimləsən"
pyesi sözügedən mövzudan çox uzaqdır. Lakin
yazıçı buraya da Cənuba aid nüans, ştrix daxil
etmədən ötmür. Heç olmasa, bütöv Azərbaycan
zəncirinin bir halqasını da buradan götürür.
Çünki ürəyi yanır. Özü deyən kimi,
ürəkdən od almayan söz sənətə çevrilə
bilməz. Əsərdə səslənən "Qaragilə"
mahnısı "əslən" Cənubdandır. Vaxtilə
Ərdəbildən olan Xalq artisti Rübabə Muradova bu
mahnını yurd yanğısıyla şirin Cənub şivəsində
oxuduğu üçün efir qadağasına qədər
repressiyaya uğramışdı. "Qızıl gül əsdi,
səbrimi kəsdi. Sil gözün yaşın, Qaragilə,
ağlama bəsdi..."
Tamaşaçı sevgisi ilə müəllifinə
böyük şöhrət gətirən əsərlərdən
biri də 1968-ci ildə qələmə alınmış
"Unuda bilmirəm" pyesidir. Dövrünün mədəni
simvollarından sayılan bu tamaşa bu gün artıq
klassika, antikadır (Yaşı yarım əsri keçib). Elə
böyük rezonans yaradıbmış ki, hamı bu
tamaşadan danışırmış, bilet
tapılmırmış. Azərbaycan Dram Teatrının
qızıl dövrü deyə bilərik o vaxta. Dar çərçivədən
baxsaq, bu, İ.Əfəndiyev dramaturgiyasına xas ailə-məişət
fonunda sırf psixoloji dram əsəridir. Amma ilk baxışda
ailə-məişət draması kimi görünən bir əsərə
"kimlərsə" millətçi damğası vurub
premyerasını saxlamaq istəmişdilər. Müəllifin
çox "cənub-cənub" deməyi kürklərinə
birə salmış, tamaşanın İranla gərginliyə
səbəb olacağından qorxmuşdular. Hətta vəzifəli
bir partiya funksioneri "Unuda bilmirəm"in üstündə
onu "otravlennıy nasionalizm"də, pantürkizmdə
ittiham etmişdi. Pyes kuryoz "yaşamış",
dramaturqun və xeyirxahlarının qətiyyəti, inadı
sayəsində premyera qazana bilmişdi. Sonrası isə asan
idi... Qaliblərə sorğu-sual yoxdur... İ.Əfəndiyev
Cənubla o qədər dərindən məşğul
olmuş, tənqid və hücuma məruz qalmışdı
ki, mövzunun düşmənlərinə qarşı
sınanmış immuniteti vardı. O, rejimlə
"vuruşmurdu", loyallığını qoruyur, bəzən
də, heç yoxmuş kimi davranırdı... "Unuda bilmirəm"in
unudulmaz ilk tamaşası əsər ətrafında
dolaşan qərəzli fikirləri unutdurdu.
Dramaturqun obrazlar dairəsinə nəzər salanda
professor Möhsünzadə və Kərəm dayı surətlərinin
vətəndaş mövqeyi bu zəmini siyasiləşdirir.
"Onlar Cənubi Azərbaycanda demokratik hərəkat
boğulduqdan sonra Vətəndən uzaq düşmüş
qardaşlarımızı təmsil edirlər.
Möhsünzadə də, Kərəm dayı da illər
uzunu geri qayıtmaq həsrəti ilə yaşayırlar. Lakin
Araz yolu kəsib. Onlar hələlik Arazın sahilində
dayanıb o tərəfə tamaşa etməklə təsəlli
tapırlar" (Buludxan Xəlilov). Yazıçının
doğulub boya-başa çatdığı
Arazqırağı Qarabağ İranla həmsərhəd
olduğundan bu tərəfdən baxanda o tərəf aydın
görünürdü (Necə ki, Naxçıvanda gecə o
tayın işıqları Araza düşür. Lakin qəlbimizi
saran kədər mənzərədən zövq almağa
qoymur). Vaxtilə gənc
İlyas dostu Əhəd Bağırzadə ilə Füzulidə
"Qara köpək" adlanan təpənin üstünə
çıxıb Arazın o tayına -
"gümüşü bir duman altında uzaq bir əfsanə
kimi görünən" Savalan dağına, "qürbətdən
vətənə" deyil, "vətəndən vətənə"
baxırdı. İlk gəncliyinin bu epizodunu İ.Əfəndiyev
unuda bilməmiş, eynilə əsərinə gətirmişdi.
Şahnaz Nicata ("Mahnı dağlarda qaldı")
qoşulub Arazın o tayına - İsfahana qaçmağı
təklif edir. "Büllur sarayda"kı Təbrizin adı
Arazın o tayında qalan qohum-əqrabasının həsrətilə
qoyulub... Dinməz, dilsiz, günahkar Araz, Cənub mövzusunda
yazılan bütün əsərlərin içindən
axıb gedir. Gah lil ilə, gah gil ilə... Həm
Qarabağı, həm o tayı xatırladır. Cəfər
Cabbarlıdan belə ("Araz, çəkil aradan, bir olsun Azərbaycan!"),
hamı da onu suçlayır. Birbaşa, ya poetik... O baxır
insafa. Ayıran ayırdı, dilə-dişə düşən,
təqsirkar Araz oldu. İ.Əfəndiyevdə "Araz qan-qan
deyir". Yazıçı üçün "Vətən
- yalnız Arazboyu Qarabağ deyildi, Vətən - yalnız
SSRİ-nin tərkibindəki Sovet Azərbaycanı deyildi, Vətən
- şimallı-cənublu, şərqli-qərbli Azərbaycan
idi".
"Məhv olmuş gündəliklər"in
mövzusu Cənub deyil. Əsərdə hər şey var.
Müasir gənclik, əsl məhəbbət, onun saxtası,
üçbucağı, xarakterlər... İlk baxışda
Güney görünmür. Lakin səhnə dəyişdikcə
dramaturq elə ustalıqla "o taya" keçir ki, belə
sızmalar əsas mətndən kənara çıxıb
qabarır, diqqət çəkib priyomun effektini
artırır. Epoxanı unutmayaq. Sovet rejimi bütöv Azərbaycanı
ikiyə bölən Rusiya siyasətinin xələfi idi. Təbii
ki, birbaşa Cənub həsrəti alqışlanmayacaqdı.
Ona görə müəllif bu yolla problemi diri saxlayır, əsər
boyu oxucu-tamaşaçıya iki parça olan Azərbaycanı
xatırlatmaqda davam edir, bununla ürəyini soyudur.
Açıq, üstüörtülü, dolayı,
pıçıltı ilə, bəzən də
qışqıraraq... Hələ üstəlik, nəsrdən
fərqli olaraq dramaturgiyada ideyanı gizlətmək çətindir,
imkanlar məhduddur. Ona görə müəllif demək istədiklərini
ayrı-ayrı parçalarda obrazlar arasında
bölüşdürür... Anjel Səttarxan haqqında kitab
oxuyur... ("Sarıköynək və Valehin
nağılı"nda professor Əli bəy evinin
divarından Səttarxanın portretini asır). Savalan Fəridəyə
Savalan dağının şəkli çəkilmiş tablo
hədiyyə edəndə onun: "Nə qədər dərin
hisslə çəkilmişdir" sözünə, Qənimət:
"Çünki rəssam ürəyini o dağlarda qoyub gəlib"
- deyir. Adı dağın şərəfinə qoyulan Savalan
üçün hər şey uca Savalana nisbətdə
ölçülür. Məsələn, bunun kimi: "Mən
gözəl ona deyərdim ki, Savalan dağının harda
olduğunu dərhal bilsin. Onun adını tutanda üzü
günəş kimi parlasın!.. Savalan deyəndə, elə
bilirdim, qoca nənəm Kamırxan qarının
bükülmüş beli düzəlir,
qırışmış alnında bir şəfəq
yanır. Tanımaq azdır. Onu sevmək, onun əzəməti
ilə fərəhlənmək, Prometey kimi zəncirə
vurulmuş dağın bir gün azad olacağı ümidi ilə
yaşamaq, yaratmaq!" Daha nə qədər açıq demək
olar ki? Yazıçının yumşaq gücü də elə
bunda idi. A.Gertsenin dediyi kimi - "teatr - həyati vacib
sualların cavab tapıldığı yüksək instansiya
və məkandır". Bu əsər
özü-özlüyündə bir "premyera" idi.
"Müvəqqəti çətinliklərə" məruz
qalsa da, Cənubi Azərbaycan ilk dəfə "səhnəyə
çıxdı". Baş rolda olmasa da... Bu dramaturqun cəsarəti,
birbaşa hünəri idi. Birinci katib vəzifəsinə yeni
seçilmiş Heydər Əliyev teatra gəlir, tamaşaya
baxıb bu sözləri deyir: "İlyasa deyin, çox
yaxşı əsərdir. Cənubi Azərbaycanı da
yazıb, yaxşı eləyib".
Baş rol da olacaq. Müəllif inamla, bu yolda maneələri
dəf edə-edə, yazılan danoslara, təzyiqlərə
yenilməyərək "Xiyabani"yə doğru gedirdi.
Çünki teatrın ictimai şüura təsirini, onun
istiqamətləndirən və tənzimləyən qüvvə
olduğunu bilirdi. Teatrın yatanı ayıldan vasitə
olduğundan xəbərdar idi. Bu səbəbdən də
"Məhv olmuş gündəliklər" yaşanan tarixi
proseslər kontekstində zəmanə ilə ayaqlaşır
və müasirliyini itirmir. 1969-cu ildən üzü bəri
vaxtaşırı yeni-yeni quruluşlarda səhnəyə
qoyulub. Hər dəfə də maraqla qarşılanaraq müəllifini
yaşadır.
"Natəvan"da Qarabağ mövzusu üzvi şəkildə
Cənubla birləşir. "Dramaturqun Şimalda və Cənubda
baş verən hadisələri dram predmetinə çevirmək
məqsədi onun vətən idealından güc alır"
(Təyyar Salamoğlu). Natəvanın səhnəyə daxil
olması ilə dərdləri də açılır.
Birinci pərdənin birinci şəklində
"madmazel"in canişinlə görüş səhnəsində
Azərbaycanın ikiyə bölünməsindən söhbət
düşür. Əslində canişin lütfkarlıq
göstərmək istəyərkən bu mövzuya təsadüfən
toxunur, Banu da fürsəti qaçırmayıb knyaz həzrətlərinə
"bu, bizim faciəmizdir, iki böyük dövlətin qədim
bir tarixi olan Azərbaycan xalqını iki yerə
parçalayıb, qardaşı qardaşdan ayırmaları ədalətli
iş deyildir", - deyərək mövzudan
yapışır. Bu söhbətin ardı İran şahzadəsi
ilə də davam etdirilir. Əvvəlcə Natəvan onu qəbul
etmək istəmir, "yoxsa elə bilir ki, onun Cənubi azərbaycanlılara
tutduğu divan yadımızdan çıxıb?" Pyesin
içərilərinə doğru Natəvanın şəxsi
dramı dərinləşdikcə, Cənubla bağlı məqamlar
da çoxalır. Özünü yalnız Qarabağın
deyil, o taylı-bu taylı bütün Azərbaycanın
şairəsi sayan və bununla fəxr edən Xan
qızının doğma torpağa, xalqa
bağlılığı, sevgisi Qarabağın
hüdudları ilə məhdudlaşmır, İran azərbaycanlılarının
taleyi də onu daim narahat edir, düşündürür.
"Natəvan"da "Savalan" rəsmdən
mahnıya keçib:
Mən çöllərdə bir ceyranam,
Heç bir kəsə ram olmaram.
Ürəyim Savalandadır,
Canım da Savalandadır...
İ.Əfəndiyev "nəsr əsərləri
bir yana, Güney Azərbaycanın azadlıq mübarizəsini
("Şeyx Məhəmməd Xiyabani" - D.A.), Araz həsrətini
(bir çox əsərlərində), Borçalı
mövzusunu da ("Unuda bilmirəm") səhnəyə gətirmişdi".
Yazıçının yaradıcılığında Cənub
mövzusunun zirvəsi "Şeyx Məhəmməd
Xiyabani" (1986) fundamental tarixi dramı, "surətlər
xiyabanı"nın önündə gələn isə Azərbaycanın
azadlığı və istiqlaliyyəti yolunda mübarizə
aparan Şeyx Xiyabanidır. Milli amal uğrunda
çarpışan o taylı qəhrəmanlarımız,
Sabirdən belə ("Səttarxana" şeiri) daim bizim ədəbiyyatın
diqqət mərkəzində olmuş, (gözəl adı
olan) Məşrutə hərəkatı, Səttarxan, Xiyabani,
Pişəvəri zamanla yazıçılarımızın
yaradıcılığında iri planda
görünmüşlər. "Sabirin şeirləri
İran inqilabına bir ordudan ziyadə xidmət edib" (Abbas
Səhhət). Bəxtiyar Vahabzadənin məşhur
"Gülüstan" poeması bu şəxsiyyətlərin
xatirəsinə həsr edilmişdi. Daha əvvəl isə
M.S.Ordubadi "Dumanlı Təbriz"i yazmışdı.
Sovet hökumətinin ciddi-cəhdlə mövzunun
başından basmasına baxmayaraq, ədəbiyyat adamları
bu tarixi faktı unudulmağa qoymamış, əsərlərində
hər uyğun məqamda müraciət etmişlər. Bizim
faciəmiz həm də ona görə daha
ağrılıdır ki, dünyada bizim kimi məcburən
ikiyə bölünmüş ikinci bir xalq yoxdur. Xiyabaninin bədii
obrazı daha əvvəl Xalq şairi Xəlil Rza
Ulutürkün "Xiyabani yurdunda" şeirində, Pənahi
Makulunun "Xiyabani" romanında canlandırılsa da,
İ.Əfəndiyevin "Şeyx Məhəmməd
Xiyabani" pyesi bu mövzuda ilk səhnə əsəri oldu.
1923-cü ildə Cəfər Cabbarlının "Araz
çayı" mənzum pyesi teatrın repertuarına
salınsa da, səhnə üzü görə bilməmişdi,
əsərin əlyazması da qalmayıb. "Xiyabani"nin
isə bəxti gətirdi, uyğun yerdə, uyğun zamanda
yarandı. Bu əsəri dramaturq bütünlükdə Cənuba
həsr etmişdir. Nəhayət ki, bunu edə bilmişdir.
Əvvəlki dramlarında Cənuba aid epizodlar
görünürdüsə, burada mövzu qol-qanad
açmış, yazıçı sovet hökumətindən
70 il yığılıb qalan acığını
çıxaraq, ürəyini
istədiyi kimi boşaltmışdı. İ.Əfəndiyev
bu barədə belə deyirdi: "Mənə elə gəlir
ki, indi-indi yazmağa başlayıram..."
Əsər tamaşaçısını xeyli gizli mətləblərdən
agah edir. Burada Xiyabani həm də, bir "mütəfəkkir,
görkəmli ictimai xadim, alovlu tribun, qüdrətli
publisist" (Hüseyn Abbaszadə) kimi tanıdılır. Ona
görə "tanıdılır" ki, sovet Azərbaycanı
Şeyx Məhəmməd kimi bir oğlunu lazımi qədər
tanımırdı. Bunun üçün sovet rejimi əlindən
gələni etmişdi. "Geniş kütlələr onun həyat
və fəaliyyətindən lazımınca xəbərdar
deyildilər". Tarixin kimin tərəfindən
yazılmağına, dövrə necə sərf edirsə,
yazılmağına baxmayaraq, həqiqəti istəyən və
axtaran onu həmişə tapır. Motivi istiqlal, milli
özünüdərk, dövlətçilik və qəhrəmanlıq
olan bir əsərin keçən əsrin son rübü, həsrətində
olduğumuz milli müstəqillik (yazıçının da
səngimək bilməyən arzusu) və qarşıda bizi
gözləyən faciələr öncəsi yazılması
da sanki rəmzi məna daşıyır. Pyesdə siyasi
proseslər XX əsrin 20-ci illərində İranda cərəyan
edir, "xalqın fars şovinizmi əleyhinə
apardığı milli azadlıq mübarizəsi təsvir
olunur". İctimai ədalət və məfkurə
uğrunda mübarizədə Səttarxanın yolunu davam etdirən
Xiyabani xalqın birlik-bərabərliyi, müstəqilliyi
uğrunda döyüşən mücahiddir. Necə ki,
yazıçının özü bu mövzuda əsl sənət
fədaisi idi. Qəhrəmanlarının içində
bütöv Azərbaycan alovunu yandıran İlyas Əfəndiyevi
Azərbaycan teatrı əbədi yaşadacaq.
Dilarə ADİLGİL
525-ci qəzet .- 2025.- 23 dekabr (№234).- S.12;13.