Şəhid kapitanın şərəfli
ömür yolu
Vətən müharibəsindən keçən
beş il bu sonsuz zamanda, bu əngin fəzada qısa bir
müddət kimi görünsə də, Azərbaycan
xalqı, Azərbaycan dövlətçiliyi üçün
çox önəmli, unudulmaz və hər gün keçdikcə
təsirlərini daha qüvvətli şəkildə hiss
etdiyimiz zaman oldu. Bu müddətdə biz təkcə
işğal altında olan torpaqlarımıza
qovuşmadıq, həm də öz kimliyimizi, mənliyimizi və
əsl niyyətimizi bütün dünyaya sübut etdik. Bu
dönəmdə biz həm qolumuzun gücünü, həm
sözümüzün kəsərini, həm də ruhumuzun
saflığını bəşəriyyətə göstərdik.
Dünya gördü ki, Azərbaycan xalqı vaxtı, məqamı
yetişəndə öz haqqını qolunun gücünə
müdafiə edə bilir. Öz niyyətini
açıq-aşkar ifadə edir. Həm də insan həyatına
necə böyük dəyər verir.
Bu dövrün qəhrəmanları isə heç
şübhəsiz, şəhidlərimiz, rəşadətli
ordumuz oldu. Onlar hər üç xüsusiyyətimizin
daşıyıcısı kimi insanlıq örnəyinə
çevrildilər. Xalqımızın uzun illərdir söylədiyi
"Ali Baş Komandan əmr versə, döyüşə
atılmağa hazırıq" - sözünə sadiq
qaldılar, cəbhədə düşmənlə
üz-üzə mərd-mərdanə savaşdılar, amma
sıravi vətəndaşlara güllə atmayacaq qədər
də ruhlarının saflığını qorudular.
Əbədiyaşar şəhidlərimizdən biri də
Surxay Noçuyevdir. O, ömrü məsuliyyətlə, sədaqətlə,
Vətənə sevgisi ilə ölçülən qəhrəmanlarımızdan
biridir.
Surxay Əbdül oğlu Noçuyev 19 dekabr 1988-ci ildə
Zəngilan rayonunun Məmmədbəyli kəndində
doğulub. Taleyi elə ilk gündən onu Vətən
anlayışı ilə üz-üzə qoymuşdu.
İşğal ağrısını uşaqlıqda hiss edən
bu torpaq övladı böyüdükcə silaha yox, məsuliyyətə
sarıldı. Onun həyat seçimi təsadüf deyildi, bu,
şüurlu bir yol idi.
1995-2002-ci illərdə Xarici Dillər Təmayüllü
Gimnaziyada təhsil alan Surxay 2003-2006-cı illərdə Cəmşid
Naxçıvanski adına Hərbi Liseydə ilkin hərb təhsilini
aldı. 2006-2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan
Ali Hərbi Məktəbində (AAHM) aldığı təhsil
isə bu yolu peşəkar zabitlik mərtəbəsinə
yüksəltdi. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
Təlim və Tədris Mərkəzinin "Zabit ixtisas
kursu"nu da uğurla başa vuran gənc hərbçi
2010-cu ildə Müdafiə nazirinin müvafiq əmri ilə
ona "leytenant" hərbi rütbəsinə layiq
görüldü.
Surxay Noçuyev xidmət etdiyi illər ərzində
bir çox məsul vəzifələri icra etdi. Tağım
komandiri oldu, bölük idarə etdi, qərargah rəisi kimi
planladı, cəmi 29 yaşında tabor komandiri kimi yüzlərlə
əsgərin məsuliyyətini öz çiyinlərinə
götürdü. Amma onu fərqləndirən vəzifəsinin
adı yox, o vəzifəyə münasibəti idi. O, arxada
dayanıb əsgərləri idarə edən komandirlərdən
deyildi. Onun yeri hər kəsdən öncə ön xətt
idi. O, həm Vətənini, həm də əsgərlərini
öz sinəsi ilə qoruyurdu.
2016-cı ilin Aprel döyüşləri çox hərbçilərimiz
kimi, Surxay Noçuyevin də döyüş yolunun ilk
böyük sınağı oldu. O günlərdə göstərdiyi
qətiyyət, soyuqqanlılıq və cəsarət onun gələcək
döyüş yolunun, peşəkar hərbçi taleyinin xəbərçisi
idi.
Elə bu peşəkarlıq, bu şücaətin nəticəsi
idi ki, o, "Kapitan" hərbi rütbəsinə qədər
ucalmışdı.
2020-ci il sentyabrın 27-də Vətən müharibəsi
başlayanda Surxay Noçuyev artıq təkcə peşəkar
hərbçi yox, müharibəyə hazır bir ruh idi. Cəbrayıl,
Füzuli, Zəngilan, Qubadlı, Xocavənd və nəhayət
Şuşa... Bu adlar onun həyatının son, amma ən
şərəfli səhifələrinə çevrildi.
Komandiri olduğu mexanikləşdirilmiş taborun şəxsi
heyəti ilə birlikdə düşmənin canlı qüvvəsini
və texnikasını məhv edərək azadlığa gedən
yolun daşlarını qanı ilə yazdı qəhrəman
kapitan...
9 noyabr 2020-ci il. Şuşa. Müharibənin son
günü. Qələbəyə cəmi bir addım
qalmışdı. Kapitan Surxay Noçuyev həmin gün xidməti
vəzifəsini yerinə yetirərkən qəhrəmancasına
şəhadətə ucaldı. O, Şuşanı azad
görənlərdən biri oldu, amma zəfər sevincini
yaşamağa zalım düşmən gülləsi imkan
vermədi. Nə vaxtsa belə bir fikir oxumuşdum ki, bəzən
tarix ən ağır qurbanlarını ən müqəddəs
anlarda alır. Surxay Noçuyev də həmin müqəddəs
anın qurbanlarından biri oldu.
İgid şəhidimiz 2020-ci ilin 12 noyabr tarixində
II Fəxri xiyabanda uğrunda canından keçdiyi
torpağın qoynunda əbədi ünvanına
köçdü.
S.Noçuyevin şəhidliyi təkcə cəbhədə
yox, evində də zamanın axarını dəyişdi. O, cəbhəyə
yollandığı gün körpə qızı Fidan
dünyaya gəlmişdi. Qəhrəman ata üzünü
belə görə bilmədiyi balasına təkcə ad yox,
bir ömürlük qürur miras qoydu. Beş yaşlı
oğlu Uğur isə atasının şərəfli yolunun ən
böyük əmanətçisidir.
Şəhidlərimiz bu Vətən üçün
canlarından keçərək gələcək nəsillər
üçün ən böyük örnək, ən
böyük qürur mənbəyidirlər. Şəhid
Surxayın şərəfli ömür yolu da həm xatirələrdə,
həm də dövlətimiz tərəfindən layiq
görüldüyü medallarda yaşayır.
Sağlığında nümunəvi xidmətlərinə
görə, müxtəlif zamanlarda III dərəcəli
"Qüsursuz xidmətə görə" medalı,
"Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi",
"Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə
təltif olunan S.Noçuyev Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Sərəncamları ilə şəhadətindən
sonra "Vətən Müharibəsi Qəhrəmanı"
adı verildi, "Vətən uğrunda",
"Qubadlının azad olunmasına görə",
"Füzulinin azad olunmasına görə",
"Şuşanın azad olunmasına görə"
medalları ilə təltif edildi.
2021-ci ildə müvəqqəti olaraq Bakı şəhəri,
Binəqədi rayonunda yerləşən Zəngilan rayonu 1
nömrəli tam orta məktəbə Vətən müharibəsi
Surxay Noşuyevin adı verildi. Bu gün onun adı məktəbdə
yaşayır, xatirəsi könüllərdə uyuyur. Surxay
Noçuyev kimi oğullar sübut etdilər ki, "Vətənim
demək azdır, Vətənin olmaq gərək".
19 dekabr Vətənin olmağı seçən Surxay
Noçuyevin doğulduğu gündür. Yaşasaydı,
oğul balası Uğurla, körpə qızı Fidanla, ailəsi,
sevdikləri ilə birgə 37-ci yaşını qeyd edəcəkdi.
Amma o, 32 yaşında özündən sonra azad torpaq,
başı dik xalq və qürurla daşınan bir ad qoyaraq əbədi
həyatı seçdi.
Doğulduğun gün mübarək, kapitan! Ruhun
şad olsun, bu yurdun Vətən yaddaşı!
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025.- 23 dekabr (№234).- S.14.