Tarix: yaddaşda və
bədii ədəbiyyatda
Yunan tarixçisi Plutarx qədim dünyanın məşhur
natiqlərindən Demosfen haqqındakı mülahizələrində
belə bir fikri vurğulayır: "Tarixi əsərlər
yazacaq adamlar gərək maarifin, mədəniyyətin
inkişaf etdiyi iri, məşhur şəhərlərdə
yaşasın". Plutarxın "Tarixi əsərlər
yazacaq adamlar gərək maarifin, mədəniyyətin
inkişaf etdiyi iri, məşhur şəhərlərdə
yaşasın" - fikri nə dərəcədə
doğrudur? Həqiqətənmi tarixi əsərlər yazacaq
adamlar mütləq maarifin, mədəniyyətin inkişaf
etdiyi iri, məşhur şəhərlərdə
yaşamalıdır?
Şotland mənşəli vəkil, tarixçi və
yazıçı, tarixi roman janrının banisi Volter Skott
(ilk tarixi roman 1814-cü ildə nəşr edilmişdi -
"Veverli") uşaqlıq illərini Sendinoyda babasının
fermasında və dayısının Kelso
yaxınlığında yerləşən evində
keçirmiş, Şotlandiyanın sərhəd əyalətləri
ilə sıx əlaqəli olmuşdu. Volter Skott
dünyagörüşünün formalaşmasında
uşaqlıq illəri önəmli rol oynamış, hələ
yeniyetmə yaşlarında o, ətrafındakıları iti
ağlı və fenomal yaddaşı ilə heyrətləndirmişdi.
Uşaqlıq illərini keçirdiyi mühit, gələcəkdə
yazdığı ən məşhur tarixi romanları -
"Veverli, yaxud altmış il əvvəl", "Qay
Mannerinq və ya Astroloq", "Antikvar",
"Puritanlar", "Rob Roy", "Rahib",
"Monastır", "Kenilvort", "Kventin Dorvard" və
"Talisman" üçün xammal olmuşdu.
Deməli, tarixi əsərlər yazacaq adamların
harada yaşamasından asılı olmayaraq, ilk öncə
"cəmiyyətin keçmişini öyrənən, sələflərinin
vəsiyyətlərini bütün təfsilatı və tərəfləri
ilə xələflərinə çatdıran, etiraz və
nifaq səbəblərini, tərəqqi və tənəzül
yollarını anladan, gələcəkdə yarana bilən
hadisəni keçmişin libasında insanların nəzərinə
çatdıran" tarixi sevməsi və bilməsi
lazımdır. Çünki tarixi romanlarda məqsəd tarixi
yazmaq olmasa da, o dövrün insanlarının
düşüncələrini, hisslərini,
duyğularını, əhval-ruhiyyəsini,
psixologiyasını təsvir etməkdir, insan həyatını
və cəmiyyətin keçmişini tarixin fonunda təhlil
etməkdir. Bu baxımdan bizdən əvvəl
yaşamış yazıçı və şairlərin bədii
əsərləri öz dövrlərinin səciyyəvi cəhətlərini
dərindən əks etdirdiyinə görə,
dövrünün tarixinə, vəziyyətinə, mənəvi
dəyərlərinə nəzər salmaq baxımından əvəzsizdir.
Məsələn, "Rus şairi Puşkinin
yazdıqlarının hamısının tarixi sənəd
olduğu vurğulanır, onun çoxsaylı əsərləri
dövrün poetik salnaməsi adlandırılır".
Tarix hər bir ölkənin, xalqın, millətin
kimliyini göstərən ən dürüst, etibarlı sənəd,
tarixi əsərlər isə ədəbi salnamələrdir.
Fondlar tarixin panteonları sayılan arxiv və muzeylərdə
qorunan sənədlər, faktlar, əlyazmalar, yəni tarix
"yaddaşda və bədii ədəbiyyatda diri qalır,
yeni həyatını başlayır. Arxiv və məxəzlərdə
tarixin faktı, rəqəmi, bədii ədəbiyyatda isə
ruhu yaşayır. Mövzu, ideyalar məcmusu kimi yox, canlı
obraz kimi yaşayır. Obrazlar tarixi oxuculara, gələcək
nəsillərə ötürür. Bu səbəbdən
"Poeziya tarixdən daha ciddidir" (Aristotel).
Dünya haqqında obyektiv həqiqətin meyarı
sayılan tarix ən ədalətli hakimdir. Tariximiz
xalqımızın müharibələrlə və
mübarizələrlə dolu şanlı zəfərlər
və milli faciələr tarixidir. Ədəbiyyatımız
isə bütün bunların inikasıdır. Tarixə
müraciət etmək, tarixi mövzuda əsər yazmaq
çox çətin, bir o qədər də məsuliyyətlidir.
Xalq arasında tarixi roman yazan yazıçı haqqında bəzən
deyirlər: "Filankəs tarix yazır". İgidlər qəhrəmanlıq
göstərib tarix yazır, yazıçılar isə
onların həyatını, xalqın mübarizəsini
romanlarına mövzu seçərək onları ədəbiyyatda
yaşadır.
Dünya tarixinə nəzər salsaq, görəcəyik
ki, ən böyük hünər və qəhrəmanlıqlar
müqəddəs vətən naminə edilib. Xalq qəhrəmanımız
Qaçaq Nəbinin "hünər və qəhrəmanlıqları
vətən naminə edilib. Doğma vətənini, Azərbaycanı
müstəmləkə altında görmək istəməyən
Qaçaq Nəbi vətən, azadlıq uğrunda mübarizə
aparan, axına qarşı gələn 22 yaşlı gənc
altında Bozat, əlində "Aynalı", yanında
dostu, həyat yoldaşı, silahdaşı Həcərlə
və dəstəsinə qoşulan igid oğlanlarla dağlara
çəkilib azadlıq amalı uğrunda silaha
sarılıb. Azərbaycanın azadlığa
qovuşmasını görə bilməsə də, milli
düşüncə formalaşdıran bir qəhrəman kimi
adını əbədilik yaddaşlara yazıb. Atalarımız nə
gözəl deyib: "İgid ölər, adı qalar". Qədirbilən
Azərbaycan xalqı qəhrəman Nəbiyə şeirlər
yazıb, mahnılar qoşub, məşhur "Qaçaq Nəbi"
adlı dastan yaradıb.
Romanı "ədəbiyyatın qocalıq şəkli"
adlandıran professor N.Şəmsizadə yazır: "Əgər
bir əsərdə xalq yoxdursa, o, nə qədər möhtəşəm
olsa da, roman adlana bilməz. Xalq isə tarixdə
yaşayır, ona görə də roman tarixi olduğu kimi təsvir
etməlidir. Yazıçı tarixin təkcə
faktını, sənədini deyil, tarixi faktın, rəqəmin
arxasında gizlənən mənasını, sirrini, sehrini, möcüzəsini
görməyi və göstərməyi
bacarmalıdır".
Qaçaqçılıq hərəkatından (XIX əsrin
sonu - XX əsrin əvvəlləri) bəhs edən mərhələ,
tarixi nəsrimizin də diqqət mərkəzində olub,
Qaçaq Nəbidən bəhs edən, içində
"xalq olan" çoxlu tarixi əsərlər:
"Qaçaq Nəbi" mənzum dramı (S.Rüstəm),
"Nəbi" kinosenarisi (M.Təhmasib), "Aynalı"
povesti, "Qafqaz qartalı" romanı, "Pəri
çınqıllı" hekayəsi (S.Rəhimov) və digərləri
yazılıb.
Xalq qəhrəmanı "Qaçaq Nəbi"
haqqında roman yazıb adını əbədiləşdirənlərdən
biri də yazıçı Cəlal Bərgüşaddır.
Onun "Bozatın belində" romanı Qaçaq Nəbi hərəkatından
bəhs edən əsərlər sırasında özünəməxsus
yer tutur.
Yazıçı "Bozatın belində"
romanında tarixi dövrün mənzərəsi fonunda
yaratmış olduğu ayrı-ayrı obrazların xarakterləri
zəminində milli-əxlaqi dəyərlərə
bağlılığın özünəməxsus aspektlərini
canlandırıb. Xüsusilə, Qaçaq Nəbi və onun
həyat yoldaşı Həcər xanımın xarakteri daha
dolğun və canlı şəkildə yaradılıb,
onların xarakteri ən mürəkkəb hadisə və əhvalatlar
fonunda aşkarlanıb.
Qadının öz əri ilə birgə mübarizə
meydanına atılması, ən çətin məqamlarda
ona arxa durması "Kitabi-Dədə Qorqud",
"Koroğlu" və digər qəhrəmanlıq
dastanlarımızda öz əksini tapıb. Bu məqam
"Qaçaq Nəbi" dastanının da süjet xəttini
təşkil edir. Yazıçı Qaçaq Nəbinin qəhrəmanlığını,
igidliyini, mübarizliyini, qorxmazlığını, Həcər
xanımın sədaqətini, təmizliyini,
saflığını, dözümlülüyünü
inandırıcı ştrix və detallarla əks etdirməyə
çalışıb və buna nail olub.
"Bozatın belində" romanında Cəlal Bərgüşadın
Qaçaq Nəbi və Həcər xanımı eyni yolun
yolçusu kimi canlandırması onların daxili
dünyasını milli-əxlaqi dəyərlər müstəvisində
aşkarlamağa imkan verib. Bu baxımdan romanda Qaçaq Nəbi
və Həcər xanımın xarakter cizgiləri milli
psixologiyanın və əxlaqi dəyərlərin orijinal təzahürü
kimi diqqət çəkir. Üç dəfə yüksək
tirajla nəşr olunan roman (1958, 1970, 1988) geniş oxucu
kütləsinin marağına səbəb olub, böyük
uğur qazanıb.
Həyatda heç nə təsadüfi
olmadığı kimi, bizim də yazımıza yunan
tarixçisi Plutarxın qədim dünyanın məşhur
natiqlərindən Demosfen haqqında: "Tarixi əsərlər
yazacaq adamlar gərək maarifin, mədəniyyətin
inkişaf etdiyi iri, məşhur
şəhərlərdə yaşasın", -
mülahizələrindən, Demosfenin: "Mənə qədər
olanları bilmirəm, özümə gəldikdə mən
kiçik bir şəhərdə yaşayıram və onu da
kiçiltməmək üçün bundan sonra da orada
yaşamaq fikrindəyəm" - sözlərindən, tarixi
roman janrının banisi Volter Skott uşaqlıq illərini
Sendinoyda babasının fermasında və dayısının
Kelso yaxınlığında yerləşən evində
keçirməsindən, Şotlandiyanın sərhəd əyalətləri
ilə sıx əlaqəli olmasından yola çıxaraq
başlamamız təsadüfi deyil. Tarixi romanlar müəllifi
C.Bərgüşad da kiçik bir kənddə
doğulub-böyümüşdü. Nəbinin
doğulduğu Mollu kəndi ilə qonşu olan Qəziyan kəndində
doğulan yazıçı hələ uşaq vaxtlarından
Nəbinin, Həcərin igidlikləri haqqında yaşlı
adamlardan eşitdiyi söhbətlərlə,
aşıqların Nəbinin qoçaqlığını
öyən havalarını dinləyərək
böyümüş, "xalq qəhrəmanına və onun
özündən qoçaq can yoldaşına bəstələnən
el nəğmələri bir vaxt anasının laylasına
qarışıb onun beşiyimə axmış",
eşitdiklərindən yaranan uşaq sevgisi və
marağı sonralar onun yaradıcılıq amalına
çevrilmiş, uşaqlıq illərini keçirdiyi
mühit, yazıçının gələcəkdə
yazacağı tarixi romanlar üçün ən qiymətli
xammal olmuşdu. O, tələbəlik illərində
"Bozatın belində" romanını yazmadan öncə,
uşaqlıq yaddaşına həkk olunmuş Xalq qəhrəmanı
haqqında uzun illər axtarışlar aparıb, Tiflis,
Bakı, Naxçıvanın dövlət arxivlərini
araşdırıb, tarixi həqiqətləri öyrənib,
"Kavkaz" qəzetinin səhifələrindən öz qəhrəmanının
həyatına aid dəyərli sənədlər toplayıb.
"Qaçaq Nəbi və Həcər xanımın
döyüş yerlərini gəzib, qəhrəmanların səngər
dostları ilə görüşüb, şəxsən
onların vuruş səhnələrinin şahidi olan
qocaların xatirələrini dinləyib" (toplanmış
materiallar və əsərin əlyazma variantları Azərbaycan
Respublikası Dövlət Ədəbiyyat və İncəsənət
Arxivində qorunur), dərin araşdırmalar aparıb və
bütün bunlardan uğurlu şəkildə bəhrələnib.
Romandan öncə Qaçaq Nəbinin keçdiyi mübarizə
yolunun müxtəlif səhifələrini əks etdirən məqalələrlə
mətbuatda çıxış edib, oxucuların diqqətini
mövzuya yönəldib.
Tələbə yoldaşı Mürsəl Qocayev
"Cəlal Bərgüşadla Bərgüşad sahillərində"
adlı məqaləsində yazır: "Hələ tələbəlik
illərində Cəlal Qaçaq Nəbidən bir sanballı
yazı yazmaq arzusunda idi. Bakıya ezamiyyətə gələndə
bir tələbə yoldaşı, həmyerli və həmkar
kimi görüşüb xeyli dərdləşərdik.
Artıq Nəbi haqqında romanın bir çox fəsillərini
yazmışdı. Hətta Nəbinin ldürülməsi xəbərindən
bəhs edilən XXX fəslini əl yazmasından dönə-dönə
mənə oxumuşdu".
Qaçaq Nəbinin doğulduğu yerlərdə,
Xalq qəhrəmanı haqqında dastanlar, nəğmələr,
söhbətlər dinləyərək böyüyən vətənpərvər,
doğulduğu yurda bağlı qeyrətli, milli
düşüncəli, folklora və aşıq
yaradıcılığına yaxından bələd olan
müəllifin, "Bozatın
belində" romanını başladığı epiqraf
çox canlı və təsirli səslənir:
"Dünyada mənə elə bir igid göstərin ki,
iyirmi bir il el-obasından didərgin düşüb, öz
ömür-gün yoldaşı ilə qaranlıq
mağaralarda, qalın meşələrdə, qarlı
dağlarda məskən salmış olsun. Dünyada mənə
elə bir cəngavər göstərin ki, at belində
yaşa dolub, at belində vuruşsun; at belində qocalıb,
at belində həlak olsun. Belə bir xalq qəhrəmanına
və onun özündən qoçaq can yoldaşına bəstələnən
el nəğmələri bir vaxt anamın laylasına
qarışıb mənim də beşiyimə
axmışdır. İndi bu nəğmələri mən
öz səsimlə oxumaq istəyirəm. Bilmirəm məni
axıracan dinləməyə səbriniz
çatacaqmı?"
Üst-üstə 90 min tirajla 3 dəfə Azərbaycanda
və İstanbulda nəşr olunması romanın
böyük səbr, sonsuz sevgi və məhəbbətlə
oxunmasının və əsərin uğurunun təsdiqidir.
Türkiyə mediası romana yüksək dəyər
vermiş, onu "Qəhrəmanlıq və məhəbbət
dastanı" adlandırmışdı.
Yazıçının Qaçaq Nəbinin və onun
silahdaşı Həcərin ölüm-dirim mübarizəsini
əks etdirdiyi "Bozatın belində" romanını həm Azərbaycan
oxucusu, həm də ədəbiyyatşünaslığımız
obyektiv şəkildə qiymətləndirmişdi.
(Ardı var)
Lütviyyə ƏSGƏRZADƏ
Filologiya elmləri doktoru, Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun baş elmi işçisi
525-ci qəzet .- 2025.- 23 dekabr (№234).- S.15.