İçərişəhər
və Qala qoruqlarında mədəni irsin mühafizəsi və
təbliği istiqamətində görülən işlər
təqdim olunub
“İçərişəhər” Dövlət
Tarix-Memarlıq və Qoruğu İdarəsində
İçərişəhər və Qala qoruqlarında mədəni
irsin mühafizəsi və təbliği istiqamətində
görülən işlərin təqdimatına həsr olunan
ilin yekunları üzrə mətbuat konfransı
keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə
İçərişəhərdə il ərzində
görülən işləri əks etdirən videoçarx
nümayiş olunub.
Daha sonra “İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğunun İdarə Heyətinin sədri
Rüfət Mahmud 2025-ci ildə həyata keçirilən fəaliyyətlərlə
bağlı məlumat verib. Qeyd edib ki, məqsəd təkcə
infrastrukturun yenilənməsi deyil, həm də idarəetmə
mədəniyyətinin müasirləşdirilməsidir:
“Görülən işlər əvvəlcədən müəyyənləşdirilmiş
strateji çərçivə və sistemli fəaliyyət
planı əsasında ardıcıllıqla həyata
keçirilib. Bu yanaşma resursların səmərəli idarə
olunmasına və dayanıqlı nəticələr əldə
etməyə imkan verib”.
Onun sözlərinə görə, idarəetmədə
institusional islahatlar aparılıb, struktur
optimallaşdırılıb, daha çevik və şəffaf
idarəetmə mexanizmləri tətbiq olunub. Maliyyə
intizamı gücləndirilib, əməkdaşların
bacarıqlarının artırılması məqsədilə
təlim və inkişaf proqramlarına start verilib. Daxili
proseslərin standartlaşdırılması genişləndirilib,
işçilərin əmək şəraitinin
yaxşılaşdırılması üzrə təminat
mexanizmləri də optimallaşdırılıb.
“İçərişəhərdə, o cümlədən
Neftçilər prospekti boyunca fasadlar və balkonlar mərhələli
şəkildə təmir olunub, tarixi görünüşə
uyğun olmayan elementlər sökülüb. Uzun illərdən
qalmış yararsız konstruksiyalar, səliqəsiz
görüntü yaradan detallar aradan qaldırılıb,
balkonlarda yerləşdirilmiş kombi sistemləri, antenalar və
digər texniki elementlər mümkün qədər
nizamlanıb və vizual mühitə
uyğunlaşdırılıb”, - deyə o vurğulayıb.
Bununla yanaşı, Rüfət Mahmud diqqətə
çatdırıb ki, İçərişəhərin
giriş hissəsində — həm Neftçilər prospekti
istiqamətindəki əsas girişdə, həm də Qoşa
Qala qapısı ətrafında köşklərin
sökülməsi həyata keçirilib. Bu addım ərazidə
daha estetik və açıq ictimai məkanın
formalaşdırılmasına imkan verib.
“Piyada hərəkəti üçün şərait
yaxşılaşdırılıb və fiziki əlçatanlığın
təmin olunması istiqamətində müvafiq tədbirlər
görülüb. Bu, xüsusilə hərəkət
imkanları məhdud olan şəxslərin İçərişəhər
ərazisində daha rahat və təhlükəsiz hərəkət
etməsinə şərait yaradır. Eyni zamanda Neftçilər
prospekti istiqamətində gediş-gəlişin daha səmərəli
təşkili üçün də əlavə addımlar
atılıb”, - deyə o əlavə edib.
O bildirib ki, daxili ərazidə də
genişmiqyaslı işlər görülüb. Bir çox
ünvanlarda uzun illər plastik materiallarla
örtülmüş, baxımsız vəziyyətdə olan
balkon və fasad elementləri təmizlənərək ilkin
görünüşün bərpası istiqamətində tədbirlər
həyata keçirilib. 28 ünvanda sakinlərin mənzillərinin
təmizlənməsi və məişət
tullantılarının çıxarılması təmin
olunub. Həmçinin bir sıra binaların fasadları yenilənib,
baxımsız ərazilər mərhələli şəkildə
təmizlənərək səliqəyə salınıb:
“Hazırda isə digər infrastruktur xidmətlərinin yenilənməsi
məqsədilə layihələr hazırlanıb.
İşıqlandırma, kommunikasiya xətləri və
texniki qurğularla bağlı yenilənmələr üzrə
təkliflər formalaşdırılıb. Ümid edirik ki,
2026-cı ildə bu layihələrin icrasına
başlanılacaq”.
"İçərişəhər" Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri
Yuliya Pasternak çıxış edərək inkişaf
konsepsiyası, İcma və Xidmət Mərkəzləri, eləcə
də turizm və xidmət keyfiyyəti istiqamətində
görülən işlər və prioritetlər barədə
məlumat verib.
“İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğunun İdarə Heyətinin
üzvü Aytac Əlisultanlı bildirib ki, “Ağıllı
qoruq inkişaf strategiyası”nın mahiyyəti tarixi məkana
müdaxilə etmək deyil, irsin mühafizəsi və idarə
olunmasında müasir yanaşmaların tətbiqidir.
Onun sözlərinə görə, cari ilin əvvəlində
fəaliyyətə başlayarkən müəyyən
çağırışlarla üzləşiblər və
yeni idarəetmə sisteminin qurulmasına ehtiyac
yarandığını görüblər:
“Bura bizim bəşəri dəyərimiz, memarlıq
incimizdir. İçərişəhər son iki əsri əhatə
edən dövr boyunca müxtəlif idarəetmə formalarına
şahidlik edib”.
A.Əlisultanlı yaxın tarixə qısa nəzər
salaraq qeyd edib ki, 1952–1957-ci illərdə İçərişəhərin
qala divarları bərpa olunub, 1977-ci ildə İçərişəhərə
tarix-memarlıq qoruğu statusu verilib, 1985-ci ildə isə
Dövlət Tarix-Memarlıq Qoruğu elan edilib. O
vurğulayıb ki, 2000-ci ildə İçərişəhər
Qız qalası və Şirvanşahlar saray kompleksi ilə
birlikdə UNESCO-nun Ümumdünya İrsi Siyahısına
daxil edilən ilk obyekt olub.
O bildirilib ki, 2025-ci ildən İçərişəhər
yeni dövrün çağırışları ilə
üz-üzədir: “Ağıllı şəhər” dedikdə
tarixi məkanlarda hər hansı dəyişiklik nəzərdə
tutulmur. Biz bütün yeniliklərə hazır olmalı və
irsin idarə olunmasında bu amilləri nəzərə
almalıyıq”.
Daha sonra "İçərişəhər"
Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəqəmsallaşdırma
sektorunun müdiri Rəsul Çopurov yeni veb-sayt və mobil tətbiq,
eləcə də nəqliyyat və kadastr sahəsində
görülən işlər barədə təqdimatla
çıxış edib.
Sonda jurnalistləri maraqlandıran suallar
cavablandırılıb.
525-ci qəzet .- 2025.- 24 dekabr (¹235).- S.4.