Naxçıvanda Dövlət
qurumlarının İT rəhbərlərinin VII Zirvə
toplantısı keçirilib
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi
Dövlət Xidməti tərəfindən dövlət
qurumlarında informasiya təhlükəsizliyi sahəsində
koordinasiyanın gücləndirilməsi, aktual risklərin və
strateji yanaşmaların müzakirəsi məqsədilə
Dövlət qurumlarının İT rəhbərlərinin
VII Zirvə toplantısı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər
verir ki, Zirvə toplantısı Naxçıvan Muxtar
Respublikasında təşkil olunub. Tədbirdə mərkəzi
və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri
və informasiya təhlükəsizliyi üzrə məsul
şəxslər iştirak ediblər.
Əvvəlcə Naxçıvan Muxtar
Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli
nümayəndəsi Ceyhun Cəlilov və Xüsusi Rabitə
və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin
rəisi general-leytenant İlqar Musayev Ümummilli Lider Heydər
Əliyevin Naxçıvan şəhərinin mərkəzi
meydanında ucalan abidəsini ziyarət edib, Ulu Öndərin əziz
xatirəsini dərin ehtiramla anıblar.
Toplantıda çıxış edən
Naxçıvan Muxtar Respublikasında Azərbaycan
Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi
Ceyhun Cəlilov informasiya təhlükəsizliyinin dövlət
idarəçiliyində artan rolunu vurğulayaraq qeyd edib ki, rəqəmsal
mühitdə dövlət informasiya ehtiyatlarının
qorunması milli təhlükəsizliyin mühüm tərkib
hissəsidir. O, bu sahədə sistemli yanaşmanın və
institusional əməkdaşlığın əhəmiyyətini
iştirakçılarının diqqətinə
çatdırıb.
Zirvə toplantısında çıxış edən
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi
Dövlət Xidmətinin rəisi general-leytenant İlqar
Musayev bildirib ki, kibertəhdidlərin dinamik inkişafı
informasiya təhlükəsizliyinə yanaşmada yeni metod və
mexanizmlərin tətbiqini zəruri edir. Xidmət rəisi qeyd
edib ki, dövlət qurumlarında informasiya təhlükəsizliyinin
təmin edilməsi istiqamətində əsas hədəf
qabaqlayıcı müdafiə prinsiplərinə əsaslanan,
dayanıqlı və koordinasiyalı təhlükəsizlik
mühitinin formalaşdırılmasıdır. İlqar Musayev
bu sahədə vahid siyasətin, peşəkar kadr
potensialının və müasir texnoloji həllərin əhəmiyyətini
xüsusi vurğulayıb. Həmçinin Xidmət tərəfindən
Naxçıvan Muxtar Respublikasında görülən
işlər barədə ətraflı statistik məlumatlar
verib.
Sonra Naxçıvan Muxtar Respublikasının rəqəmsal
inkişaf və nəqliyyat nazirinin müavini Azər Məmmədrəhimov
çıxış edərək, muxtar respublikada rəqəmsal
transformasiya prosesləri ilə paralel olaraq informasiya təhlükəsizliyinin
təmin edilməsi istiqamətində görülən
işlər barədə danışıb. O, dövlət
qurumlarının informasiya sistemlərinin təhlükəsizlik
tələblərinə
uyğunlaşdırılmasının davamlı inkişaf
üçün əsas şərtlərdən biri
olduğunu qeyd edib.
Tədbirin davamında Xüsusi Rabitə və
İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin
baş idarə rəisinin müavini Tural Məmmədov
“Dövlət qurumlarında informasiya təhlükəsizliyinin
mövcud vəziyyəti ilə bağlı statistik göstəricilər,
Naxçıvan Muxtar Respublikasında görülmüş
işlər, yeniliklər və planlar” mövzusunda məruzə
ilə çıxış edib. Məruzədə dövlət
informasiya resurslarının qorunması sahəsində cari vəziyyət,
aşkar olunan əsas risklər, onların aradan
qaldırılması istiqamətində həyata keçirilən
tədbirlər, eləcə də Naxçıvan Muxtar
Respublikasında informasiya təhlükəsizliyi
infrastrukturunun gücləndirilməsi üzrə
atılmış addımlar diqqətə
çatdırılıb. Eyni zamanda, qarşıdakı
dövr üçün prioritet istiqamətlər təqdim
olunub.
Sonra informasiya təhlükəsizliyi sahəsində
mövcud çağırışlar, yeni texnoloji meyillər
və dövlət qurumlarının
qarşılaşdığı problemlər ətrafında
fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, bu formatda
keçirilən Zirvə toplantıları dövlət
qurumları arasında qarşılıqlı əməkdaşlığın
gücləndirilməsinə, vahid yanaşmaların
formalaşdırılmasına və informasiya təhlükəsizliyi
sahəsində dayanıqlı sistemin qurulmasına
mühüm töhfə verir.
525-ci qəzet .- 2025.- 24 dekabr (¹235).- S.4.