Ermənistan vətəndaşlarının
məhkəməsi təqsirləndirilən şəxslərin
son söz çıxışları ilə davam etdirilib
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü
nəticəsində sülh və insanlıq əleyhinə
cinayətlər, müharibə cinayətləri, o cümlədən
təcavüzkar müharibənin hazırlanması və
aparılması, soyqırımı, müharibə
qanunlarını və qaydalarını pozma, habelə
terrorçuluq, terrorçuluğu maliyyələşdirmə,
hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və
digər çoxsaylı cinayətlər törətməkdə
təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları
Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, Davit İşxanyan,
David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində
olan cinayət işləri üzrə açıq məhkəmə
prosesinin baxış iclası dekabrın 23-də davam
etdirilib.
Bakı Hərbi Məhkəməsində
hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və
Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova)
keçirilən məhkəmə iclasında təqsirləndirilən
şəxslərin hər biri bildikləri dildə tərcüməçi,
həmçinin müdafiələri üçün vəkillərlə
təmin olunub.
İclasda təqsirləndirilən şəxslər,
onların müdafiəçiləri, zərərçəkmiş
şəxslərin bir qismi, onların hüquqi varisləri və
nümayəndələri, həmçinin dövlət
ittihamını müdafiə edən prokurorlar iştirak ediblər
Sədrlik edən Z.Ağayev bildirib ki, məhkəmə
iclası təqsirləndirilən şəxslərin son
söz çıxışları ilə davam etdirilir.
Məhkəmə iclasında təqsirləndirilən
şəxs Levon Mnatsakanyan son söz
çıxışını davam etdirib.
O, 2016-cı ilin Aprel döyüşləri, muzdlular və
s. barədə ittiham tərəfinin və zərərçəkmiş
şəxslərin bildirdikləri ilə bağlı
özünün əks fikirlərini səsləndirib.
L.Mnatsakanyan Aprel döyüşlərinin
planlaşdırılmasında ittiham edildiyini, lakin bunun belə
olmadığını söyləyib. O, Aprel
döyüşlərində hər şeyin qondarma rejimin
"müdafiə rayonlarında" və
"diviziyalarda" baş verdiyini və döyüşləri
onların özləri tərəfindən idarə
olunduğunu iddia edib.
Təqsirləndirilən şəxs Aprel
döyüşləri zamanı mülki obyektlərin zərər
çəkməsi barədə danışarkən mülki
obyektlərin qəsdən vurulmadığını, hərbi
obyektləri hədəf aldıqlarını iddia edib.
O, "müdafiə ordusu"nun (Ermənistan
silahlı qüvvələrinin ən böyük birləşməsi
- red.) silahları Ermənistan silahlı qüvvələrindən
aldığını söyləyib.
Vaxtilə artilleriya briqadasının komandiri olmuş
L.Mnatsakanyan artilleriya zərbələri nəticəsində
meşələrə zərər vurulmasında və abidələrin
dağıdılmasında ittiham olunması barədə də
danışıb. Təqsirləndirilən şəxs bu
ittihamı da qəbul etməyib və bildirib ki, abidəyə
zərəri digər silahlar da vura bilərdi. O, həmin
silahları sadalayıb: "Artilleriyadan başqa bu silahlardan
da istifadə olunurdu: tanklar, piyadaların döyüş
maşınları, minaatanlar, əl qumbaraları və
sair".
Təqsirləndirilən şəxs Tunel və
Başlıbel hadisələrində (Tunel və
Başlıbel qətliamları - red.) iştirak etmədiyini,
yaralanması ilə əlaqədar həmin vaxt müalicə
aldığını, fizioterapiya kursu keçdiyini söyləyib
və əlavə edib: "O zaman mərkəzi müdafiə
rayonunun artilleriyası hələ yeni
formalaşırdı".
Məhkəmə prosesi dekabrın 25-də davam etdiriləcək.
525-ci qəzet .- 2025.- 24 dekabr (№235).- S.6.