Umud Mirzəyev: “Amnistiya aktı hüquqi dəyərlərin
təşviqinə və ictimai həmrəyliyin gücləndirilməsinə
mühüm töhfə verəcək”
Son günlər qəbul edilmiş amnistiya aktı Azərbaycan
dövlətinin humanizm, ədalət və sosial məsuliyyət
prinsiplərinə sadiqliyinin növbəti bariz nümunəsidir.
Bu mühüm hüquqi sənəd rəsmi məlumatlara əsasən
minlərlə məhkumu əhatə etməklə, onların
ailələri və yaxınları üçün yeni
ümidlər yaradır, cəmiyyətə yenidən
inteqrasiya baxımından real imkanlar açır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev
söyləyib.
O bildirib ki, amnistiya aktında qadınların,
azyaşlı uşaqları olan şəxslərin, yetkinlik
yaşına çatmayanların, yaşlıların və əlilliyi
olan şəxslərin sosial həssas qruplar kimi nəzərə
alınması dövlətin insan mərkəzli siyasətinin
aydın göstəricisidir. Bu yanaşma cəza siyasətində
təkcə hüquqi mexanizmlərin deyil, eyni zamanda, mənəvi
və etik dəyərlərin də əsas
götürüldüyünü nümayiş etdirir.
"Amnistiya aktı yalnız hüquqi prosedur kimi qiymətləndirilməməlidir.
Bu qərar dövlətin vətəndaşa olan
etimadının, islah və “ikinci şans” fəlsəfəsinin
ifadəsidir. Cəzanın əsas məqsədi yalnız cəzalandırma
deyil, eyni zamanda, şəxsin islahı, ailə münasibətlərinin
bərpası və cəmiyyətə sağlam
reinteqrasiyanın təmin edilməsidir.
Bu baxımdan qadınların və uşaqların ailə
mühitinə qayıtması, yaşlı və fiziki məhdudiyyətli
şəxslərin sosial qayğı ilə əhatə
olunması sosial sabitliyin möhkəmləndirilməsinə,
ailə institutunun qorunmasına və ümumilikdə ictimai
rifahın gücləndirilməsinə xidmət edir",- deyə
U.Mirzəyev vurğulayıb.
QHT sədri hesab edir ki, qəbul edilmiş amnistiya
aktı hüquqi dövlət prinsiplərinin real həyatda tətbiqinin,
ədalət və humanizm balansının qorunmasının
mühüm göstəricisidir. Bu sənəd bir daha
sübut edir ki, dövlətin gücü yalnız qanunun sərtliyində
deyil, eyni zamanda, mərhəmətində və sosial məsuliyyətində
təzahür edir.
Şübhəsiz ki, bu addım cəmiyyətlə
dövlət arasında qarşılıqlı etimadın
möhkəmlənməsinə, hüquqi dəyərlərin
təşviqinə və ictimai həmrəyliyin gücləndirilməsinə
mühüm töhfə verəcək.
525-ci qəzet .- 2025.- 24 dekabr (¹235).- S.6.