“Bülbülün
qonaqları” layihəsi Rəşid Behbudovun 110 illiyinə həsr
olunub
Bülbülün Memorial Muzeyinin təqdim etdiyi
"Bülbülün qonaqları" layihəsi Azərbaycan
mədəniyyətinin ölməz simalarından biri olan,
öz möhtəşəm səsi və mahnıları ilə
milyonların qəlbini fəth edən, dünyaşöhrətli
müğənni, SSRİ Xalq artisti Rəşid Behbudovun
anadan olmasının 110 illiyinə həsr olunub.
Bu barədə AZƏRTAC-a Bülbülün Memorial
Muzeyindən məlumat verilib.
Tədbiri giriş sözü ilə açan muzeyin
direktoru Fərqanə Cabbarova Rəşid Behbudovun Azərbaycan
mədəniyyətinə verdiyi böyük töhfələrdən,
Bülbüllə olan sıx dostluq əlaqələrindən
bəhs edib.
Həmçinin Rəşid Behbudov Fondunun direktoru
Kamil Şahverdiyev çıxış edərək bu cür
tədbirlərin sənətkarın irsinin təbliğində
böyük rol oynadığını bildirib.
Tədbirdə Əməkdar artistlər Fərid
Əliyev, Səidə Şərəfəliyeva, Azərbaycan
Dövlət Akademik Musiqili Teatrının solistləri Eleanora
Mustafayeva, Emil Zeynallı, Sübhan Rüstəmov, Azərbaycan
Dövlət Akademik Opera və Balet Teatrının solisti Fəhmin
Əhmədli, Azərbaycan Milli Konservatoriyasının tələbəsi
Ləman Mustafayeva Rəşid Behbudovun repertuarından
"Zibeydə", "Əziz surət", "Əziz
dost", "Qızıl üzük", "Bakı",
Azərbaycan xalq mahnısı "Qoy gülüm gəlsin,
ay nənə", Üzeyir Hacıbəylinin
"Arşın mal alan" operettasından Əsgərin
ariyası, Fikrət Əmirovun "Sevil" operasından
Balaşın mahnısını səsləndiriblər.
İfaçıları pianoda Fidan Məmmədova, Roza Səlimova,
Tamara Nəhmədova müşayiət ediblər.
Tədbir zamanı Rəşid Behbudovun ifasında
mahnılar, sənətkarın Bülbül haqqında fikirləri
qonaqlara təqdim olunub.
525-ci qəzet .- 2025.- 24 dekabr (№235).- S.10.