Kayseri şəhərində
Azərbaycan incəsənət ustalarının
iştirakı ilə konsert təşkil edilib
Türkiyənin Kayseri şəhərində Azərbaycan
incəsənət ustalarının iştirakı ilə
“Qardaşlığımız əbədidir” adlı konsert
proqramı təqdim edilib.
AZƏRTAC xəbər verir ki, Türkiyədəki səfirliyimizin
nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin
layihəsi, Şuşa Azərbaycan Evi və Kayseri
Universitetinin dəstəyi və ev sahibliyi ilə keçirilən
tədbir Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü və Yeni il bayramına həsr olunub.
Tədbirdə çıxış edən Azərbaycan
Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov
Dünya Azərbaycanlılarının Həmrəyliyi
Gününün dünyanın müxtəlif bölgələrində
yaşayan azərbaycanlılar arasında birlik və həmrəyliyi
möhkəmləndirən mühüm bir tarix olduğunu
vurğuladı. Samir Abbasov çıxışında Azərbaycan
türklərinin həmrəyliyinin təkcə milli məna
daşımadığını, eyni zamanda, bütün
Türk dünyasının birlik və bərabərliyinə
töhfə verən güclü bir amil olduğunu qeyd edib. O,
Azərbaycan-Türkiyə tarixi dostluğu və
qardaşlıq münasibətini vurğulayaraq, Azərbaycanın
zəngim mədəniyyəti və incəsənətinin
Türkiyədə tanıdılması istiqamətində
görülən işlər barədə danışıb.
Tədbirdə çıxış edən Kayseri
Universitetinin rektoru Kurtuluş Karamustafa Türkiyə ilə Azərbaycan
arasında mövcud olan köklü qardaşlıq münasibətlərinin
təhsil və mədəniyyət sahəsindəki əməkdaşlıqlar
vasitəsilə daha da möhkəmləndiyini qeyd edərək,
universitet olaraq bu cür beynəlxalq mədəni tədbirlərə
ev sahibliyi etməkdən məmnunluq duyduğunu
vurğulayıb.
Şuşa Azərbaycan Evinin rəhbəri Elşən
Gənbərov isə çıxışında Azərbaycanın
tarixi və mədəniyyətinə diqqət çəkərək,
milli-mədəni dəyərlərin
yaşadılmasının və tanıdılmasının
vacibliyini dilə gətirib.
Proqram çərçivəsində təqdim olunan
bədii çıxışlar tamaşaçılar tərəfindən
böyük maraqla qarşılanıb.
Azərbaycan və Özbəkistanın xalq artisti
Gülyanaq Məmmədova, Rəşid Behbudov adına Dövlət
Mahnı Teatrının solisti Fəxri Kazım Nicat, opera sənətçisi
Fidan Hüseynova xalq mahnılarımızı ifa ediblər.
Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan
rüzgarı” muğam poeziya qrupu və “Zəngəzur” Azərbaycan
Xalq Rəqsləri Ansamblının səhnə
çıxışları maraqla qarşılanıb.
525-ci qəzet .- 2025.- 24 dekabr (¹235).- S.10.