Azərbaycandan sülh yolunda daha bir addım - Neft qatarı Ermənistanda

Politoloq İlyas Hüseynov: "Sülh istiqamətində jestlər birtərəfli qaydada olmamalıdır"

 

 

Bir neçə gün əvvəl Azərbaycandan Ermənistana neft məhsullarının tədarükünə başlanılıb. İlkin mərhələdə 22 yanacaq çəninə yüklənmiş 1220 ton Aİ-95 markalı benzin Ermənistana çatdırılıb. Bu, cari ilin oktyabr ayında Azərbaycan tərəfindən tranzit məhdudiyyətlərinin aradan qaldırılmasından sonra qeyd edilən istiqamətdə atılan növbəti addımdır. Prezident İlham Əliyev oktyabrın 21-də Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında çıxışı zamanı bəyan etdi ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb.

“Onu da qeyd etməliyəm ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub. Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir”, - İlham Əliyev qeyd edib.

Azərbaycan üzərindən həm Rusiya, həm Qazaxıstan taxılının Ermənistana tədarükü artıq həyata keçirilib. Noyabrda Rusiyadan 1048 tondan çox taxıl 15 vaqonlu qatarla Azərbaycandan keçərək Gürcüstan üzərindən Ermənistana çatdırılıb. Ermənistana yaxın zamanda Azərbaycan vasitəsilə yeni taxıl partiyasının çatdırılması da gözlənilir.

Ardınca isə neft məhsullarının tədarükü onu deməyə əsas verir ki, dövlət başçısının bildirdiyi kimi, sülh artıq kağız üzərində deyil, praktiki mərhələyə keçib. Bunlar təbii ki, Azərbaycan-Ermənistan sülh prosesinə töhfə verən amillərdir. Eyni zamanda bu addımların atılması təkcə iqtisadi baxımdan əhəmiyyət daşımır. Görünən odur ki, 8 avqust Vaşinqton sammitindən sonra həm regionda sülh bərqərar olmağa başlayıb, həmçinin tərəflər arasında etimad quruculuğu istiqamətində addımlar atılır ki, bu da yekun sülhə nail olmaq üçün həddindən artıq vacibdir.

Ermənistan uzun illər davam etdirdiyi işğalçılıq siyasəti nəticəsində regional layihələrdən özünü təcrid etdi, iqtisadi baxımdan çətin vəziyyətə düşdü, əlverişli, alternativ nəqliyyat-logistik imkanlarından özünü məhrum etdi. İşğal Ermənistanı asılı bir dövlətə, forposta çevirdi, müstəqil siyasət aparmaqdan məhrum etdi. Bu gün isə artıq Ermənistanın Azərbaycanın regionda yaratdığı yeni reallıqlardan, imkanlardan faydalanmaq şansı yaranıb. Rəsmi İrəvan bunun fərqindədir. Ermənistan hakimiyyəti, cəmiyyəti də ölkənin gələcəyinin, inkişafının məhz Azərbaycanla sülhdən, münasibətlərin qurulmasından keçdiyini dərk edir.

Yada salaq ki, neft məhsullarının tədarükü ilə bağlı razılaşma noyabrın 28-də Qəbələ şəhərində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev ilə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın görüşündə əldə olunub. Dekabrın 8-də Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, dekabrın 5-də Tbilisi tərəfdaşlarından Gürcüstan ərazisindən keçməklə Azərbaycandan Ermənistana birdəfəlik yanacaq tranzitinin reallaşdırılması üçün müraciət alıb: “Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin qərarı ilə Gürcüstan Dəmir Yollarına göstəriş verilib ki, dərhal birdəfəlik əsasda yüklərin dəmiryolu ilə tamamilə pulsuz daşınması həyata keçirilsin”.

Azərbaycan neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir və benzin beynəlxalq bazar qiymətlərinə uyğun satılacaq. Bu addım sülh prosesinin iqtisadi dividendləri konsepsiyasını əks etdirdiyini göstərməklə yanaşı, iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin yaradılması istiqamətdə mühüm addımdır. Həmçinin regionda iqtisadi-ticarət əlaqələrinin inkişafına, gələcək dövrdə region ölkələri arasında əlaqələrin genişlənməsinə töhfə verəcək.

Ermənistanın Baş naziri Nikol Paşinyan Sankt-Peterburqda keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasında Prezident İlham Əliyevə yüklərin Azərbaycan ərazisindən Ermənistan istiqamətində tranzitinin açılması və ikitərəfli ticarətin başlanması üçün şəraitin yaradılması ilə bağlı qəbul edilən qərara görə təşəkkürünü bildirib. O, qarşılıqlılıq və bərabərhüquqluluq prinsipləri, habelə suverenlik və milli yurisdiksiyalar əsasında ticarət-logistika əməkdaşlığının inkişaf perspektivlərini qeyd edib. Əlavə edib ki, baş verən müsbət və konstruktiv dəyişikliklər bu böyük regionun bütün ölkələri üçün yeni imkanlar yaradır, iqtisadi dayanıqlığın möhkəmləndirilməsinə və regional kommunikasiyaların genişlənməsinə töhfə verir: “Bu baxımdan, yüklərin Azərbaycan ərazisindən Ermənistan istiqamətində tranzitinin açılması, eləcə də ikitərəfli ticarətin başlanması üçün şəraitin yaradılması barədə qərara görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığımı bildirirəm. Bu, regionda sülhün və sabitliyin bərqərar olunması çərçivəsində əldə edilmiş ilk və ən mühüm nailiyyətlərdən biridir”.

Qeyd edək ki, Azərbaycan neft məhsulları ilə yüklənmiş yük qatarlarının Ermənistana çatdırılması iqtisadi əməkdaşlığın praktik nəticəsidir. Ermənistan neft və qaz ehtiyatlarına malik olmadığı üçün bu məsələdə tam şəkildə qonşu ölkələrdən asılıdır.

Paşinyan, həmçinin Ermənistanla Azərbaycan arasında sülhün artıq bərqərar olduğunu da bildirib. O, Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı Cənubi Qafqazda mühüm və müsbət proseslərin baş verdiyini deyib. Hökumət başçısı Ermənistanla Azərbaycan arasında sülhün artıq reallaşdığını hesab etdiyini bildirib və dəmir yolu əlaqəsinin bərpa olunmasına diqqət çəkib: “Artıq ölkəmizin ərazisində bəzi digər dəmir yolu sahələrinin bərpası gündəliyi formalaşıb. Söhbət xüsusilə İcevan, Yerasx (Arazdəyən - red.) və Axurik istiqamətlərindən gedir. Bunlar Ermənistanı Azərbaycanla, onun əsas ərazisi, Naxçıvan və Türkiyə ilə kifayət qədər fəal siyasi proses fonunda birləşdirən dəmir yolu xətləridir. Eyni zamanda, demək olmaz ki, hazırda bu dəmir yollarının açılması ilə bağlı artıq siyasi qərarlar qəbul edilib, lakin mənim fikrimcə, vəziyyət hazırlıq işlərinə başlanılması üçün lazım olan mərhələyə çatıb”.

O, Ermənistanın ABŞ ilə “Beynəlxalq Sülh və Rifah naminə Tramp marşrutu” (TRIPP) layihəsi üzrə apardığı ikitərəfli danışıqların konstruktiv xarakter daşıdığını bildirib. Qeyd edib ki, uzun illər regiondakı nəqliyyat kommunikasiya xətlərindən kənarda qalmaq ölkə iqtisadiyyatına ciddi zərbə vurub. Alternativlərin məhdudluğu, enerji və nəqliyyat sahəsində asılılıq vəziyyəti İrəvanı yeni yanaşmalara məcbur edir.

Onu da vurğulayaq ki, ötən həftə Paşinyan rusiyalı tərəfdaşlarından bir sıra dəmir yolu xətlərinin təcili bərpasını xahiş etdiyini bildirib. Məlumata görə, söhbət Yerasx (Arazdəyən) Naxçıvanla sərhədə qədər olan dəmir yolu xətti və Axurikdən Türkiyə ilə sərhədə qədər olan dəmir yolu xəttindən gedir. Qazax-İcevan dəmir yolu sahəsi ilə bağlı məsələni də gündəmə gətirməyi planlaşdırdığını deyən Paşinyan, Rusiya tərəfdaşlarının bu müraciəti mümkün qədər tez həyata keçirəcəyinə ümid etdiyini vurğulayıb.

Son addımların sülh prosesinin irəliləməsində rolunu “525”ə şərh edən politoloq İlyas Hüseynov deyib ki, 8 avqust Vaşinqton razılaşmalarından sonra Cənubi Qafqazda yeni münasibətlər sistemini görürük: “Hesab edirəm ki, bu, sülhə, təhlükəsizliyə, sabitliyin qorunmasına, etimad quruculuğuna xidmət edir. Bir sıra pozitiv məqamlar sırasında əvvəlcə vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərlərini gördük, ardınca Qazaxıstan taxılı Azərbaycan və Gürcüstan vasitəsilə Ermənistana çatdırıldı, son olaraq neft məhsulları Gürcüstan vasitəsilə Ermənistana göndərildi və hətta qonşu və dost Gürcüstan bu marşrutun formalaşdırılmasında tranzit gəlirlərindən də imtina etdi. Düşünürəm ki, bu, sülh yolunda çox böyük irəliləyişdir, hətta tarixi hadisədir. Lakin sülh istiqamətində jestlər birtərəfli qaydada olmamalıdır. Qarşılıqlı sülhə dair ümumi vizyon və addımlar həyata keçirilməlidir”.

Politoloq hesab edir ki, Paşinyanın hazırkı reallıqlarda Zəngəzur dəhlizinin keçdiyi marşrut üzrə müxtəlif koordinatlar yönündə söylədiyi fikirlər praktiki müstəviyə keçməlidir, söhbət Arazdəyən bölgəsindən gedir: “Məhz Horadiz-Ağbənd istiqaməti üzrə Azərbaycan avtomobil və dəmir yolu çəkilişini icra etməkdədir. Hətta yaxın müddətdə biz bu işlərin tamamlandığının da şahidi ola bilərik. Lakin Vətən müharibəsindən keçən 5 il ərzində biz Ermənistan ərazisində heç bir iqtisadi-texniki əsaslandırma işinin getmədiyinin şahidi olmuşuq. TRİPP marşrutu ilə bağlı əldə olunan razılaşma həm də Ermənistanı məcbur edir ki, daha mühüm addımlar atılsın və bu addımların atılması həm də nəqliyyat arteriyalarının açılmasına, infrastruktur əlaqələrinin yaradılmasına xidmət etsin”.

 

Pərvanə  

525-ci qəzet .- 2025.- 24 dekabr (¹235).- S.5.