Əməkhaqqı ayda iki dəfə
ödənilsə...
Bu, əməkhaqqının daha səmərəli
istifadə olunmasını stimullaşdırar
Məlum olduğu kimi, Əmək Məcəlləsinə
təklif edilən dəyişikliyə əsasən, əməkhaqqının
verilməsi müddətləri ilə bağlı qaydalarda dəyişiklik
ediləcək. Belə ki, dəyişikliyə əsasən, əməkhaqqı
işçilərə ayda bir dəfədən az olmayaraq
verilməlidir. Tərəflərin qarşılıqlı
razılığı ilə aylıq əməkhaqqı iki
hissəyə bölünərək (avans olaraq və qalan
hissəsi məbləğində) on altı gündən
çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilə
biləcək. Bu, bəzi hallarda Azərbaycanda əməkhaqqının
artıq ayda iki dəfə veriləcəyi kimi təqdim edilsə
də, əslində söhbət məcburiyyətdən
deyil, tərəflərin razılığı əsasında
mümkün olan bir mexanizmdən gedir.
Bu, ailə büdcəsinin
planlaşdırılması baxımdan da çox əhəmiyyətli
olacaq
İqtisadçı millət vəkili Vüqar
Bayramov deyir ki, indiyə qədər əməkhaqqının
hesablanması qaydası, o cümlədən vergi
hesabatlılığı ayda bir dəfə həyata
keçirilirdi. Əmək Məcəlləsinə təklif
edilən dəyişiklikdə isə bunun iki dəfə həyata
keçirilməsi təsbit olunur.
Millət vəkili hesab edir ki, bu, yeni qayda ailə
büdcəsinin planlaşdırılması baxımdan da
çox əhəmiyyətli olacaq: "Bu həm də beynəlxalq
təcrübədə tətbiq edilən metodlardan biridir və
bu istiqamətdə proqram təminatının da təkmilləşdiriləcəyi
gözlənilir: "Çünki vergilərin hesablanması
və təqdim olunması üçün proqram təminatının
təkmilləşdirilməsinə ehtiyac var. Təbii ki, bu da
ailənin öz xərclərinin planlaşdırması və
onların sosial aspekti üçün önəmlidir. Nəticədə
əməkhaqqının daha səmərəli istifadə
olunmasına və ailə büdcəsində xərclərin
planlaşdırılmasına gətirib çıxara bilər".
V.Bayramov xatırladıb ki, işçilər
üçün bu metod həm beynəlxalq təcrübədə
tətbiq olunur, həm də Beynəlxalq Əmək Təşkilatı
belə bir mexanizmi tövsiyə edir: "Digər tərəfdən
bu, işçilər üçün, xüsusi olaraq
büdcənin planlaşdırılması ilə
yanaşı, həmçinin beynəlxalq təcrübəyə
uyğun dəyişiklikdir".
Bunun nə vergiyə, nə dövlət büdcəsinə
hər hansı təsiri var
İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə
görə, sözügedən dəyişikliyin vətəndaşa
böyük mənada faydası olmayacaq: "Çünki
bunun nə vergiyə, nə dövlət büdcəsinə hər
hansı bir təsiri var. Heç bir vergi dəyişmir.
Çünki vergi məcəlləsində vətəndaşın
aylıq və ya illik gəlirlərindən vergi tutulur. Əməkhaqqı
istər ay ərzində 10 dəfə verilsin, istər 1 dəfə,
fərqi yoxdur. Əməkhaqqı dəyişmirsə, vergi nə
artır, nə azalır. Yəni o baxımdan heç bir dəyişiklik
yoxdur dövlət büdcəsində, vergi sistemində. Bu dəyişikliyin
məqsədi, belə deyim, vətəndaş
üçün əlavə hüquqların, pulun xərclənməsində
daha rahat şəraitin yaradılmasıdır. Bəzi
şirkətlər zatən bunu edirdi, avans və
"paluçka" sistemi deyidilər buna sovet vaxtı, bəziləri
eləmirdilər. Bu dəyişikliyin vətəndaşa əslində,
belə deyək də, xüsusi bir köməyi yoxdur.
Çünki toplananların yerini dəyişəndə cəm
dəyişmir. Cəm dəyişməyəndən sonra
büdcəyə daxil olan vəsaitin məbləği də
dəyişmir. Amma yenə də, vətəndaşa əlavə
hüquqlar verilir. Gec almasın əmək haqqını, bir
az tez alsın. Müəyyən xərclərini
qarşılasın. Bu baxımdan, yaxşı haldır, o qədər
də pis deyil, pulu tez əldə edəcək, daha rahat xərcləmək
imkanı yaranacaq. Dövlət üçün o qədər
fərqi yoxdur, amma iqtisadiyyata müsbət təsiri ola bilər.
Əmək haqqını bölünmüş halda ayda 2 dəfə
almaqla xərclərini daha rahat şəkildə, bərabər
paylamaq imkanı olacaq. Bu baxımdan müsbətdir. Amma məsələ
burasındadır ki, indi insanlar kredit kartları vasitəsiylə
də ehtiyaclarını müəyyən qədər ödəyə
bilirlər. Aşağı-yuxarı əsaslı dəyişiklik
deyil. Çox xərcləyən yenə çox xərcləyəcək,
az xərcləyən az. müsbət tərəfi bu ola bilər
ki, işçi müəyyən ehtiyacı yarandıqda maddi
kömək üçün kiməsə ağız
açmalı olmaz. Mənfi yox, müsbət tərəfləri
var. Amma təbii ki nə insanın gəliri artır, nə
vergi öhdəliyi, heç bir şey artmır".
Büdcədən maliyyələşən qurumlar
bunu edə bilməyəcək
Vətəndaşların Əmək
Hüquqlarını Müdafiə Liqasının İcraiyyə
Komitəsinin sədri Sahib Məmmədov qeyd edib ki, Əmək
Məcəlləsinin 172.1. maddəsi qismən dəyişdirilir:
"Əvvəlki qayda belə idi ki, aylıq əməkhaqqı
işçilərə, bir qayda olaraq, iki hissəyə
bölünərək (avans olaraq və qalan hissəsi məbləğində)
on altı gündən çox olmayan vaxt fasiləsi ilə
ayda iki dəfə verilməlidir. Əməkhaqqı illik
dövr üçün hesablanan işçilərə isə
ayda bir dəfədən az olmayan müddətdə verilməlidir".
S.Məmmədovun dediyinə görə, yeni layihədə
isə imperativlik aradan qalxır. Çünki praktikada ayda iki
dəfə (avans və qalan hissə olmaqla ikiyə
bölünməklə) əməkhaqqı ödəmək
demək olar ki, mümkün deyil: "Xüsusən büdcədən
maliyyələşən qurumlar bunu edə bilməyəcək.
Çünki Maliyyə Nazirliyi əməkhaqqının
ödənilməsi xəttini ayda iki dəfə
açmağa razılıq verməyəcək. Ümumiyyətlə,
bu, hesabatlılıqda da müəyyən problemlər
yaradır. Ona görə yeni təklif olunan layihədə
deyilir ki, əməkhaqqı işçilərə ayda bir dəfədən
az olmayaraq verilməlidir. Tərəflərin
qarşılıqlı razılığı ilə aylıq
əməkhaqqı iki hissəyə bölünərək
(avans olaraq və qalan hissəsi məbləğində) on
altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda
iki dəfə də verilə bilər. Yəni "dəyişiklikdən
sonra işçilərə əməkhaqqı ayda iki dəfə
veriləcək" deyə bir şey yoxdur".
Ailənin borclanmasının qarşısını
alan vasitə
Maliyyə eksperti İsmayıl Məmmədovun fikrincə,
bu mexanizm ailənin borclanmasının qarşısını
alan, maliyyə yükünü yumşaldan bir vasitə kimi
işləyə bilər: "Ailə qurmayan, subay, kirayədə
yaşayan və xərclərini planlaşdırmaqda çətinlik
çəkən bir işçi ayın əvvəlində
aldığı 300 manatı plansız şəkildə xərcləyə
bilər. Ayın sonuna yaxın isə kirayə haqqı və
digər sabit ödənişlər üçün vəsait
çatışmazlığı yaranar. Bu halda iki dəfə
maaş mexanizmi maliyyə intizamını artırmaq əvəzinə,
problemi dərinləşdirə bilər. İşəgötürən
tərəfdən yanaşdıqda isə, xüsusilə
kiçik bizneslər üçün əlavə çətinliklər
meydana çıxır. Məsələn, 5 işçisi
olan kiçik bir mağaza sahibi indiyədək maaşları
ayda bir dəfə köçürməyə öyrəşib.
Yeni sistemdə isə ayda iki dəfə bank
köçürməsi etməli, iki dəfə komissiya
ödəməli və ikiqat mühasibat uçotu
aparmalıdır. Əgər müəssisənin elektron
sistemləri zəifdirsə, bu, əlavə vaxt itkisi və xərc
deməkdir. Bu səbəbdən bəzi işəgötürənlər
qeyri-rəsmi şəkildə avans məbləğini minimum
səviyyədə saxlamağa çalışa bilərlər
ki, bu da dəyişiklikdən gözlənilən sosial effekti
azaldır".
Bu layihələr əsasən aylıq ödəniş
modelinə uyğun qurulub
Ekspertin söylədiyinə görə, əməkhaqqının
ayda iki dəfə ödənilməsi banklar üçün
də əlavə texniki və məsuliyyət yükü
yaradır: "Banklar maaş layihələrini işəgötürənlə
bağlanmış müqavilələr əsasında idarə
edir və bu layihələr əsasən aylıq ödəniş
modelinə uyğun qurulub. İki dəfə ödənişə
keçid bank sistemlərində əlavə əməliyyatlar,
yoxlamalar və risk idarəetməsi tələb edir ki, bu da
bank üçün real xərcdir. Ayda bir dəfə olan
maaş axını bank üçün daha
proqnozlaşdırılandır: kart dövriyyəsi, kredit
ödənişləri, overdraft və digər məhsullar bu
tarixlərə uyğun planlaşdırılır. İki dəfə
ödəniş zamanı isə bu axın parçalanır
və banklar kredit məhsullarının risk modellərini yenidən
tənzimləməli olurlar. Bundan əlavə, bank
komissiyaları məsələsi də aktuallaşır.
Xüsusilə, kiçik və orta bizneslərdə hər əlavə
köçürmə ayrıca əməliyyat
sayılır. Banklar bu əməliyyatları pulsuz etsələr,
xidmətin maya dəyəri artır; komissiya tətbiq etdikdə
isə işəgötürənlər narazı qalır. Bu
səbəbdən bank sektorunun mövqeyi ondan ibarətdir ki,
iki dəfə maaş ödənişi məcburi deyil,
könüllü mexanizm kimi tətbiq olunmalı və
yalnız texniki baxımdan hazır olan müəssisələrə
şamil edilməlidir".
Yeni yanaşma həm real ehtiyacları
qarşılayır, həm də riskləri minimuma endirir
Kart xidmətləri ilə bağlı risklər də
nəzərə alınmalıdır: "Ayda iki dəfə
maaş daxil olan kartlarda daha tez-tez nağdlaşdırma,
balansın sıfırlanması və impulsiv xərclər
müşahidə olunur. Bu isə bank üçün
müştəri davranışının dəyişməsi
və bəzi hallarda fırıldaqçılıq
monitorinqində əlavə siqnalların yaranması deməkdir.
Digər risk kreditlərlə bağlıdır. Kreditlərin
böyük hissəsi aylıq maaş dövriyyəsinə
uyğun qurulub. İki dəfə maaş ödənişi
zamanı bəzi müştərilər vəsaiti erkən xərcləyir,
ayın sonuna yaxın isə ödəniş qabiliyyəti zəifləyir.
Hesab edirəm ki, ən sağlam model işçiyə
seçim hüququnun verilməsidir: "Eyni müəssisədə
bir işçi ayda bir dəfə, digəri isə iki dəfə
maaş ala bilər. Məsələn, ailəli və kredit
öhdəlikləri olan işçi iki dəfə ödənişi
seçər, subay və yığım etməyə
üstünlük verən işçi isə aylıq tam
maaşla işləyə bilər. Bu yanaşma həm real
ehtiyacları qarşılayır, həm də riskləri
minimuma endirir. Əməkhaqqının ayda iki dəfə
ödənilməsi düzgün tənzimləndiyi halda real həyatda
borclanmanı azaldan, ailə büdcəsini rahatladan mexanizmə
çevrilə bilər. Lakin avansın faizi, ödəniş
tarixləri və hesablanma qaydaları dəqiq müəyyən
edilməzsə, bu dəyişiklik kağız üzərində
üstünlük kimi görünsə də, praktikada yeni
problemlər yarada bilər".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 24 dekabr (№235).- S.9.