Tarla qoşa gedilən tale yolu
ƏMƏKDAR ARTİST SAHİB PAŞAZADƏNİN
45 YAŞINA SÖZARDI
Ömrü səslə ölçülən insanlar
var. Bu səs nə saat əqrəblərinin
qaçışıdır, nə də təqvimin
yelqanadlı çevrilişi. Bu səs musiqinin insan ruhunu riqqətə
gətirən, qəlbin ən zərif tellərinə toxunan və
zamanla qocalmayan bir səsdir. Musiqiçi ömrü məhz bu
ecazkar səslə ölçülür.
Əməkdar artist Sahib Paşazadənin həyat yolu
tarın sinəsində doğulan, barmaqların ucunda
yaşayan və illər keçdikcə sənətə
çevrilən bir səsin yoludur. O yol ki, Azərbaycan
muğamının ruhundan keçir, ənənə ilə
müasirliyin sərhədində dayanır və dinləyicini
təkcə eşitməyə yox, həm də bütün qəlbi
və ruhu ilə hiss etməyə məcbur edir.
Sahib Paşazadənin sinəsindəki tar bizə
musiqinin müqəddəsliyini, əvəzedilməzliyini
sakit, amma dərin, klassik, lakin heç zaman köhnəlməyən
səslə danışır. Məhz buna görə də
çalğısı zamanın sınağından
alnıaçıq, üzüağ çıxan ifadır.
lll
Sahib Paşazadənin həyat və
yaradıcılığı haqqında internet resurslarında
kifayət qədər məlumat var. Lakin bu yazıda da onun tərcümeyi-halına
baxış etmək yerinə düşərdi.
Tarzən S.Paşazadə 1980-ci ildə Bakı şəhərində
doğulub. 1987-ci ildə Bülbül adına orta ixtisas musiqi
məktəbinə piano sinfi üzrə daxil olub. 1992-ci ildən
Tar ixtisası üzrə təhsilini davam etdirib. İlk müəllimi
atası - Xalq artisti, professor Ağaverdi Paşayev olub. Sonra isə
not ixtisası üzrə Akif Novruzovdan, muğam üzrə isə
Sərvər İbrahimovdan dərs alıb.
O, hələ uşaq yaşlarından etibarən
müxtəlif müsabiqələrdə, festivallarda
iştirak edərək önəmli uğurlar qazanıb.
1998-ci ildə məktəbi bitirərək Bakı
Musiqi Akademiyasına daxil olub. Burada ona ixtisas fənni üzrə
Xalq artisti, mərhum professor Ramiz Quliyev, muğamdan isə Xalq
artisti Vamiq Məmmədəliyev dərs deyib.
2001-ci ildə M.Maqomayev adına Azərbaycan Dövlət
Akademik Filarmoniyasının Dövlət Xalq
Çalğı Alətləri Orkestrində fəaliyyətə
başlayıb. 2008-2018-ci illərdə orkestrin konsertmeysteri
olub.
2001-ci ildə Dövlət Xalq Çalğı Alətləri
Orkestri ilə İİR-nın Tehran şəhərində
10 konsertdə solo çıxışlar edib.
2002-ci ildən təhsilini Azərbaycan Milli
Konservatoriyasında davam etdirib. Burada onun müəllimləri
Əməkdar incəsənət xadimi, professor Məmmədağa
Kərimov, muğamdan isə Xalq artisti, professor Ağasəlim
Abdullayev olublar. 2003-cü ildə Azərbaycan Milli
Konservatoriyasını bakalavr dərəcəsini fərqlənmə
diplomu ilə bitirib. 2005-ci ildə həmin ali təhsil müəssisəsinin
magistr pilləsini də fərqlənmə diplomu ilə bitirib
və elə həmin ildən Azərbaycan Milli
Konservatoriyasında müəllim vəzifəsində
çalışmağa başlayıb. 2005-2009-cu illərdə
aspirantura pilləsini bitirib. 2013-cü ildən
Konservatoriyanın dosentidir.
2015-ci ildə Nardaran muğam biliciləri tərəfindən
verilən və tarzənlər arasında çox az sayda rast
gəlinən "Mirzə" tituluna layiq görülüb.
2015-ci ildə Fransanın Sorbonna Universitetinin Kardinal
Rişelye adına konsert salonunda pianoçu Səidə
Zülfüqarova ilə solo konsert verib. 2015-ci ildə
Braziliyanın San Paolo şəhərində keçirilən
14-cü Serrinha Festivalında iştirak edib. Festivaldan sonra San
Paoloda "Casa do Nucleo" konsert salonunda solo konsert proqramı
ilə çıxış edib. Festivalda 10 gün ərzində
səslənən musiqilərdən ibarət CD və DVD albom
"Musica na Serrinha" 2017-ci ildə Braziliyada işıq
üzü görüb.
2017-ci ildə Özbəkistanın Səmərqənd
şəhərində keçirilən dünya şöhrətli
11-ci "Şərq Təranələri" festivalında
ölkəmizi ilk dəfə olaraq alət ifaçısı
kimi təmsil edib və 70 ölkə arasında Qran Pri
mükafatı qazanaraq 20 ildən sonra 2-ci Qran Pri
mükafatını Azərbaycana gətirib. Ümumilikdə
bütün festival tarixində Qran Pri qazanan ilk alət
ifaçısıdır.
2017-ci ildə Fransanın Bulon-Biyankur Kirxasında
pianoçu Səidə Zülfüqarova ilə ikinci solo
konsertini verib.
2018-ci ildə Özbəkistanın Şəhrisəbz
şəhərində keçirilən I Beynəlxalq MAKOM
Festivalında rəhbərlik etdiyi "Muğam"
ansamblı ilə I yer qazanıb.
2018-ci ildə Polşada Azərbaycanın fövqəladə
və səlahiyyətli səfiri Həsən Həsənov tərəfindən
Polşa və Azərbaycan Respublikalarının müstəqilliyinin
100 illiyi şərəfinə həsr olunmuş medal ilə təltif
olunub.
2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən
"Tərəqqi" medalı ilə təltif edilib.
2023-cü il 23 oktyabr tarixində "Azərbaycan
Musiqi Mədəniyyətinin yüksək səviyyədə
təqdim və təbliği" nominasiyasında
"Humay" mükafatı laureatı olub.
2024-cü il 12 iyun tarixində Özbəkistan Dövlət
Mədəniyyət və İncəsənət
İnstitutunun fəxri professoru adına layiq
görülüb.
2025-ci ildə "Azərbaycan Sərhəd Mühafizəsinin
100 illiyi (1919-2019)" yubiley medalı, "Vətən
övladı" ictimai ordeni ("Qızıl Orden"),
Özbəkistanın mədəniyyət naziri tərəfindən
"Özbəkistan Mədəniyyətinin Səfiri"
medalı ilə təltif olunub, Özbəkistanın Yunus Rəcəbi
adında Özbək Milli Musiqi Sənəti İnstitutunun fəxri
professoru seçilib.
Sahib Paşazadə çox sayda dünyamiqyaslı
turlarda iştirak edib, bir sıra xarici orkestr və dirijorlar ilə
ABŞ, Kanada, Yaponiya, Braziliya, Argentina, Avstriya, Macarıstan,
Fransa, İtaliya, Almaniya, Belçika, Niderland, Böyük
Britaniya, Rumıniya, Yunanıstan, Mərakeş, Nigeriya,
Çin, Latviya, Litva, İsveç, İsveçrə,
Norveç, Koreya, Səudiyyə Ərəbistanı, Pakistan,
Meksika, Polşa və sair kimi 50-dən çox ölkədə,
200-ə yaxın şəhərdə Azərbaycan
muğamını və musiqisini layiqincə təmsil edib.
Ümumilikdə 70-dən yuxarı Beynəlxalq Festivalda
iştirak edib. Dünyada 40-a yaxın solo konserti keçirilib.
Tar və orkestr üçün bəstələnmiş
8 irihəcmli konsert, ümumilikdə isə 15-ə yaxın əsər
Sahib Paşazadəyə həsr olunub. O, 60-a yaxın əsərin
ilk ifaçısıdır.
Tarla qurulan tale
Hər sənətkarın həyatında bir
başlanğıc nöqtəsi olur. O nöqtə bəzən
bir səs, bəzən bir təsadüf, bəzən də
ailə mühitidir. Sahib Paşazadənin sənət yolu isə
taleyin tarla bağladığı bir yoldur. Tar onun
üçün sadəcə musiqi aləti olmayıb - o, bir
düşüncə tərzi, bir daxili nizam, bir həyat fəlsəfəsidir.
Bu alətlə qurulan münasibət illər ərzində
ustad-şagird münasibətindən də o yana keçərək,
sənətkarla sənətin vəhdətinə
çevrilib.
Tar ifaçılığı səbr və sonsuz əzm
tələb edir. Hər barmaq yeri, hər mizrab zərbəsi,
hər pauza uzun illərin təcrübəsindən
süzülüb gəlir. Sahib Paşazadənin ifasında həm
uzun illərin zəhməti, həm də sonsuz səbr və
sevgi hiss olunur. Bu sevgi təkcə musiqiyə, tar alətinə
deyil. Bu, milli kimliyinə, Azərbaycan adına, onun tarixi
köklərinə, Şərqin ruhuna olan sevgidir. Elə bir
sevgi ki, hər notla dinləyicisinə də sirayət edir,
onun qəlbinə ən gözəl duyğuları toxuyur.
Muğamın dili, tarın yaddaşı
Azərbaycan muğamı tarixdir, düşüncədir,
bir xalqın milli kimliyidir, daxili dünyasıdır. Muğam
ifaçısı olmaq üçün notları bilmək
kifayət etmir. Muğamı yaşamaq, onu hiss etmək, onunla
eyni ritmdə nəfəs almaq lazımdır. Sahib Paşazadənin
tar ifaçılığı məhz bu baxımdan
seçilir. Onun ifasında muğam hər zərrəsi ilə
yaşanılır və yaşadılır.
Sahib Paşazadə muğamı klassik çərçivədə
saxlayaraq, onu canlı və çağdaş səsləndirməyi
bacaran sənətkarlardandır. O, muğamı nə təhrif
edir, nə də muzey eksponatına çevirir. Onu olduğu
kimi qoruyur, amma bugünün dinləyicisinə təqdim edir.
Səhnədə yüksək enerji ilə
özünü göstərən ifaçılar da var, səssiz,
lakin dərin təsir buraxanlar da. Sahib Paşazadə ikinci
qisim sənətkarlardandır. Onun ifasında
nümayişkarlıq yoxdur. O, tarı sinəsinə
sıxıb onun tellərinə sevgisini
pıçıldayır və bu pıçıltı
zalın ən son sırasına qədər gedib
çıxır.
Onun ifaçılıq üslubunun əsas xüsusiyyətlərindən
biri də daxili intizamdır. O, tar
ifaçılığında ənənəni qoruyaraq,
öz fərdi səsini tapmağı bacaran sənətkarlardandır.
Əsl sənətkar səhnəyə çıxarkən
təkcə öz sənətini icra etmir, həm də bir mədəniyyət
nümayiş etdirir. Sahib Paşazadənin səhnə
davranışı, ifa zamanı tutduğu mövqe,
tamaşaçı ilə qurduğu səssiz ünsiyyət
onun sənət etikasının göstəricisidir. O, səhnəni
müqəddəs məkan kimi qəbul edir. Tarla olan
münasibəti də bu müqəddəsliyin içində
formalaşıb.
Bu gün bəzən sürətə, effektə,
qısa yoldan təsir yaratmağa üstünlük verildiyi
bir dövrdə Sahib Paşazadə kimi sənətkarların
varlığı xüsusi əhəmiyyət kəsb edir.
Onlar sənətdə tələskənliyin yox, zamanın tərəfdarıdırlar.
Onlar bilir ki, həqiqi sənət tələsmir.
lll
Hər zaman milli musiqimizin, bu musiqinin layiqli
daşıyıcısı olan sənətkarlarımızın
yanında olan dövlətimiz və dövlət
başçımız Sahib Paşazadənin hələ
uşaq yaşlarından başlanan və sonsuz əmək, gərgin
əməklə formalaşan sənət yolunu da diqqətdən
kənarda qoymayıb. O, dövlətimiz tərəfindən
"Əməkdar artist" fəxri adına, Prezident
mükafatına və başqa təltiflərə layiq
görülüb.
Ancaq onun kimi sənətkarlar üçün layiq
görüldüyü hər mükafat, göstərilən
hər etimad bir dayanacaq yox, daha böyük məsuliyyətdir.
Çünki həqiqi sənətkar üçün əsl
iş mükafatı əldə edəndən sonra
başlayır. Sahib Paşazadə bu məsuliyyəti anlayan və
daşıyan sənətkarlardandır. Onun hər yeni
ifası bu ada yenidən haqq qazandırmaq cəhdidir.
Müasir dövrdə klassik səsin qorunması
Bugünkü musiqi mühiti sürətlə dəyişir.
Janrlar qarışır, sərhədlər itir, ənənə
bəzən kölgədə qalır. Belə bir zamanda
klassik ifaçılıq məktəbinin
davamçıları xüsusi dəyər
daşıyır. Sahib Paşazadə bu baxımdan təkcə
ifaçı deyil, həm də mühafizəçidir. O,
tar ifaçılığının klassik estetik dəyərlərini
yaşadan, onları gələcək nəsillərə
ötürən sənətkardır.
Onun ifasında köhnəlik yoxdur, amma kök var. Bu kök
onu torpağa, milli musiqinin yaddaşına bağlayır. Eyni
zamanda, bu kök onun müasir dinləyici ilə dialoquna mane
olmur. Əksinə, bu dialoqu daha sağlam edir.
Artıq iki ildir ki, Sahib Paşazadə Beynəlxalq
Muğam Mərkəzi kimi paytaxtımızın, eləcə
də ölkəmizin əsas mədəniyyət
ocaqlarından birinə rəhbərlik edir. Hər zaman
muğamın, milli musiqimizin beşiyi kimi bildiyimiz Beynəlxalq
Muğam Mərkəzi onun rəhbərliyindən sonra bir az da
canlandı, öz repertuarını genişləndirdi, ən
gözəl konsertlərə, ən uğurlu tədbirlərə
ev sahibliyi etdi və etməkdədir. Bu da Sahib Paşazadənin
həm də bir idarəçi kimi uğurlu fəaliyyətinin
göstəricisidir.
Onun sənət yolu bir daha sübut edir ki, həqiqi sənət
dəbdən, zamandan, sürətdən asılı deyil. Həqiqi
sənət insanın içindən gələn səsdir.
Əziz sənətkarımızı 45 yaşı,
eləcə də qarşıdan gələn Yeni il və
Dünya Azərbaycanlılarının Həmrəylik
Günü münasibəti ilə təbrik edir, ona möhkəm
cansağlığı, bütün fəaliyyətlərində
sonsuz uğurlar arzulayırıq!
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025.- 24 dekabr (№235).- S.11.