"Rəşid Behbudov"
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki
qonağı Bakı Xoreoqrafiya Akademiyasınım müəllimi,
xoreoqraf Nuray Sasanidir. Müsahibimizlə Əməkdar incəsənət
xadimi, rəssam Nəcəfqulu İsmayılovun "Rəşid
Behbudov" əsərindən danışmışıq.
Rəngkar, karikaturaçı və illüstrasiya
ustası, "Kirpi" satirik jurnalının baş rəssamı
və yaradıcılarından biri Azərbaycan SSR Əməkdar
incəsənət xadimi (1963) Nəcəfqulu Əbdülrəhim
oğlu İsmayılov 1923-cü ildə Bakı şəhərində
anadan olub. Rəssam yaradıcılığı boyu qrafiak
ustası və rəngkar kimi fəaliyyət göstərmiş
və Cəlil Məmmədquluzadənin hekayələrinə,
Mirzə Ələkbər Sabirin "Hophopnamə"sinə
illüstrasiyalar çəkib. Nəcəfqulu İsmayılovun
dəzgah rəngkarlığının portret, natürmort və
tematik tablo janrlarında bir sıra əsərləri var.
Əsasən portret janrında işləyən rəssam
dövrünün görkəmli mədəniyyət xadimlərinin
obrazlarını yaradıb. Onun
yaradıcılığında insan xarakterinin
açılması əsas yer tuturdu. Nəcəfqulu
İsmayılov yaradıcılığı boyu klassik realizm ənənələrinə
sadiq qalmış və ərsəyə gətirdiyi portretlərdə
zahiri oxşarlıqla yanaşı, daxili aləmi də əks
etdirib. Məhz möhtəşəm portretləri ilə o, Azərbaycan
təsviri sənətinin portertlər qalereyasını
sözün əsl mənasında zənginləşdirib.
- "Rəşid Behbudov" əsəri rəssamın
yaradıcılığının hansı dövrünə
təsadüf edir?
- "Rəşid Behbudov" portreti ötən əsrin
50-ci illərində, 1950-ci ildə ərsəyə gəlib.
Bu da təsadüfi deyildi. Məhz bu dövr Behbudov
yaradıcılığının ən parlaq mərhələsi
idi. Əsər sənətkarın milli mədəniyyətdəki
rolunu vurğulayırdı. Eyni zamanda portret dövrünün
ideoloji və estetik xüsusiyyətlərini əks etdirirdi.
- Əsərin rəng həlli necədir?
- Tabloda tünd və sakit rənglərin
harmoniyası hökm sürür. Behbudovun qara kostyumlu fiquru
xüsusi kontrast yaradır və açıq fon obrazın
önə çıxmağına mərkəzdə diqqət
cəlb etməyinə kömək edir. Rəssam böyük
ustalıqla rənglərarası harmoniyanı,
uyğunluğu qoruya bilib.
- Bəs əsərin kompozisiyası necədir?
- Kompozisiya baxımından sadə təkfiqurlu və
monumental qurulmuş əsərdir. Fiqur tamaşaçıya
yaxın məsafədən təsvir edilib. Behbudovun
açıq əl jesti müğənninin
tamaşaçı ilə ünsiyyətini simvolizə edir.
Bununla rəssam sənətkarın yüksək səhnə
mədəniyyətini göstərib.
- Tablo harada saxlanılır?
- Əsər müxtəlif dövrlərdə Azərbaycan
mədəni irsi ilə bağlı muzey və fondlarda qorunub.
Bildiyimiz kimi, bu tip əsərlərin saxlandığı ən
etibarlı yer Azərbaycan Milli İncəsənət
Muzeyidir. Elə ötən ay başlayan və bu ayın sonuna
qədər davam edəcək Azərbaycan Milli İncəsənət
muzeyində R.Behbudovun zəngin həyatı və parlaq
yaradıcılıq yolunu əks etdirən "Səsin rəngi"
adlı sərgisində də bu əsər nümayiş
olunur.
- Bu portret rəssamın digər əsərləri ilə
hansı oxşar xüsusiyyətlərə sahibdir?
- Biz qeyd etdik ki, rəssam möhtəşəm
portretlər ustasıdır. Yəni əminliklə deyərdim
ki, Nəcəfqulu İsmayılov əsl sənətkar
portretçidir. O, Tahir Salahov, Mikayıl Abdullayev, Fikrət
Əmirov, Cəlal Qaryağdı, Bəşir Səfəroğlu
və başqalarının dostluq şarjlarını işləyib.
Haqqında danışdığımız tablo da realist
üslubda obrazın daxili aləminin xüsusi bacarıqla təsvirinə
görə rəssamın digər əsərləri ilə
oxşarlıq təşkil edir.
- Sizcə, bu rəsm bizə nə deyir?
- Rəşid Behbudov obrazının rəssamın
portretlər qalereyasına daxil olmasının səbəbi
sadədir. Yaradıcı insanı yaradıcı obraz
maraqlandırır. Rəşid Behbudov həmin dövrdə
yaradıcılığının zirvəsini
yaşayırdı. Yaradıcı şəxsiyyət
obrazı daim rəssamların diqqət mərkəzində
olub. Bunların bariz nümunələri Tahir Salahovda
Roşenber, Rastrapoviç, Qara Qarayev, Mikayıl Abdullayevdə
Nəsimi, Əminə Dilbazinin portreti, Oqtay Sadıqzadədə
Xan qızı Natəvan, Nizami, xalq rəssamları Eldar
Mikayılzadə, Siruz Mirzəzadədə Füzuli obrazı
və s. Siyahını çox uzada bilərik. Bu əsərlərdə
sanki rəssam mədəni irsimizi, onun layiqli nümayəndələrini
qorumağın vacibliyini bizlərə çatdırmaq istəyib.
Behbudov obrazı təkcə rəngkarların deyil, eyni zamanda
heykəltaraşlarımızın da marağını cəlb
edib. Maraqlısı bundadır ki, obraz öz
aktuallığını itirməyib, bu ənənə bu
gündə davam edir. Ümumilikdə təsviri sənətin
hər üç növündə Behbudovun portretini akademik
Ömər Eldarov, Fuad Salayev, Tahir Salahov, İsa İbrahimov,
Cümşüd İbrahimov, İsmayıl Məmmədov, Asəf
Cəfərov, Marqarita Əfəndi, Altay Sadıqzadə,
Elturan Avalov, Ülviyyə Həmzəyeva və digər rəssam
və heykəltaraşlar işləyib. Düşünürəm
ki, gələcək nəsillər üçün də
Behbudov obrazı daim maraqlı olacaq.
Aytac SAHƏD
525-ci qəzet .- 2025.- 24 dekabr (№235).- S.12.