"Hər şey yaxşı olacaq..."  

 

 

Yazıçı-publisist Mahir Cavadlının Azərbaycanın Milli Qəhrəmanı, böyük təyyarə bələdçisi Hökümə Əliyevaya həsr etdiyi "Hökümə" (poema) kitabı haqqında düşüncələr

 

Bu mərdlik, bu dəyanət

əbədi anılacaq.

o səs bizə əmanət

"hər şey yaxşı olacaq".

 

Çiskinli, dumanlı Pirəbədil vadisinin dekabr gecəsində oxudum bu poemanı. Bilmirəm, belə havada təyyarələr uçurmu və ya necə idarə olunur, bir onu bilirəm ki, bizim nağılların uçan xalça-kilimi göylərin yeddiqat göyündən uçur.

Amma bu, nağıl deyil, qəhrəmanlıq salnaməsidir. Nağılla başlasa da...

"Nənə bir nağıl danış" (ilk bölüm belə başlayır) - "can nənə, sinəsi dastan nənə, bir nağıl danış..." - elə bir nağıl ki, orada yalan, aldanış, böhtan, kələk olmasın. "Naxışlı gözəl xalça, həm də uçan olsun, qüssə, kədər yox olsun.

Amma bu, qorxulu bir hekayətdir, xalçası da yaralı:

 

...Xalçam, yaralı xalçam,

Yaran saralı xalçam

Kim sənə qıydı belə

Düşdün aralı, xalçam. 

 

Müəllifin bu cür ifadələrlə başladığı salnaməni nağıl dili ilə, axıcı, fəqət baş vermiş hadisəni ürək ağrısı ilə yazmaq, səma mələyini - stüardessa xanımı vəsf etmək asan deyildi. Bəlkə ona görə ki, təyyarədə qəza təhlükəsi yaşamaq Mahirin öz başına da uzaq Avropada gəlmişdi. Yad sərhəd qovşağında (müəllif - mən də o qorxunu yaşamışam) özü də belə qorxu yaşamışdı.

Qəzaya uğramış təyyarənin hələ qara qutusunun sirri açılmamışdı, amma xarici müdaxilənin olması hamıya gün kimi aydın idi. Baiskarın - "şər qüvvələrin" təyyarəni vurmaq, dənizə salmaq, bununla izi itirmək məqsədi baş tutmadığını müəllif sadə sözlə ifadə etmişdi:

 

Göydə zülmət, duman, çən,

Yerdə sazaq, buz oldu.

Şükür! Şər qüvvələrin

cəhdi uğursuz oldu.

 

"AzAL seçimi" - brend aviaşirkətlərə bel bağlamayan müəllif sonda öz qərarını verdi, çünki yad ölkənin adlı-sanlı şirkətinin uçaqlarında özü də qəza təhlükəsi yaşamışdı və elə bu səbəbdən, müqayisədə üstünlük verdiyi şirkət AzAL oldu:

 

o gecə taleyimiz

bircə tükdən asıldı

...mənim tək seçimim var

o da yalnız AzAL-dı.

 

Mahir Cavadlının "yerliçilik" seçimini, haqqın-ədalətin, dünya məzlumlarının yanında olmasını - ictimai mövqeyini  poeziyanın diplomatik gedişi kimi də  qəbul etmək olar. O zaman ki müəllif bu məsələdə qürurludur və haqlıdır.

 

Heç kim qoy qınamasın

Məni millətçilikdə.

Bəşərə bir xidmətdir

Milli dövlətçilik də.

 

- beləcə qələmə aldığı bu sətirlər müəllifin vətəninə, millətinə, dövlətinə sevgisinin - üstün münasibətinin təzahürüdür.

Poemanın "Son səs, son nəfəs" başlıqlı bölümündə - qabaq sıralara dəvət olmasaydı, çox yəqin "bütün sərnişinlər məhv olacaqdı" bu  qəza təhlükəsizliyinə hesablanmış çağırış idi. Bu çağrış, bu təlimat peşəkarlıq nümunəsi idi.

Peşəkarlıq və fədakarlıq təyyarənin yönünü təyin etdi. Səmt Turan idi, bu yol Aktau yolu, Qazaxıstan - Turan yurdu idi.

"Üzü Aktauyadı..." - müəllif bu sətirlərdə qardaş ölkənin ərazisində ikiyə bölünmüş təyyarənin acısını yaşayan qardaş qazax xalqının köməyini də diqqətdən kənarda qoymamışdır.

"Üç dost, üç yoldaş" - İqor, Saşa kimi pilotlar və Hökümə eyni təyyarənin can qurbanlarıdır.

"Salam, İqor əmi" - həyət uşaqlarının da şirin çağırdığı bir addı. On beş min saatlıq uçuş planı yerinə yetirilib deyir. Həm də tezliklə təqaüd vaxtıdı. Deyəsən, ürəyinə danmışdı nəsə. "Belə vida etdi pilot o günə" .

"İyirmi iki bənd şeir" - iyirmi iki yaşına yazılmış bənd və sonda gənc ruhuna iyirmi iki salavat... müəllifin duaları kimi səslənir.

"Susuzluqdan gələn yol" - Hökümənin həyat hekayəti bu bölümün əsas süjet xəttidir. Kəlbəcər diyarının ucqar kəndidi -Susuzluq. Üç il Bərdə həyatı, Gəncə məktəb illəri, xarici dil öyrənməyi, hüquqşünaslığa meyl və sevdiyi iş stüardessa.

"Fəxri xiyabanda" - qəhrəman İqor, Saşa, mərd qızımız Hökümə - üç məzar yan-yanadır.

Axan göz yaşları... - bu hissəni Mahir Cavadlının ağrıları və duası da adlandıra bilərik:

Bir dua var dilimdə

Qəbriniz nurla dolsun.

Və bu hisslərlə yaşamaq yazarın öz səhhətinə də təsirsiz ötüşə bilməzdi...

Bu da son - təyyarə ölümü - Tanrıya daha yaxın, ölümü daha doğma...

Başın sağ olsun, Vətən!

 

Xosrov NATİL

525-ci qəzet .- 2025.- 24 dekabr (№235).- S.12.