Ağ rəngin poeziyada harmoniyası
Qulu Ağsəsin poeziyasında "ağ"
yalnız rəng deyil - ideya, gözəl niyyət və
estetik mövqedir. Onun şeirlərindəki məna
yükü nə qədər ağırdırsa, bu
yükü daşıyan bədii ifadə bir o qədər
saf, şəffaf, ağ-bəyazdır. Elə buna görə
də bu yazının sərlövhəsi ilk andan
öz-özünə formalaşır: "Ağ rəngin
poeziyada harmoniyası".
Azərbaycan ədəbiyyatının yaxın tarixinə
nəzər saldıqda nikbinlik və ümid üzərində
qurulan, adında "işıq", "ağ",
"ümid" sözləri daşıyan onlarla əsərlə
qarşılaşırıq: Fikrət Sadığın
"Ağ cığır", "Yerdən göyə
ümid", Xəlil Rza Ulutürkün "Ümid və məhəbbət
poeziyası", Arif Abdullazadənin "Ömrün ağ
cığırları", Musa Yaqubun "İşıq
ömrü", Anarın "Ağ liman" və digərləri...
Bu silsilə təsadüfi deyil. Professor Tofiq
Hüseynoğlunun dəqiq müşahidəsi ilə desək,
həmin dövrün müəllifləri həyati
konsepsiyalarındakı nikbinliyi, insana və gələcəyə
inamı əsərlərinin adına əlavə edilən
"ağ" epiteti ilə kodlaşdırırdılar.
Lakin sonrakı illərdə yazılan oxşar adlı əsərlər
əvvəlki rezonansı doğurmadı. Çünki zaman dəyişmişdi
- torpaq həsrəti nikbinliyin üzərinə kölgə
salmışdı.
Qarabağsız qalan şairin sevinci necə
bütöv ola bilərdi? İllərlə yurd həsrəti
çəkən qələm sahibləri üçün
"ağ" rəng də ağrı ilə
çulğalaşmış,
qaynayıb-qarışmışdı. Ta ki 27 illik
ayrılıq sona çatana qədər... Bu tarixi
dönüşdən sonra Qulu Ağsəs də
poeziyasına yeni bir nəfəs gətirdi. Əvvəlki illərdəki
torpaq həsrəti üçün anaların söylədiyi
vətən xitablı ağıları eşidib
ağlamadı, bu dəfə ağ rəngdən
"Ağdam"ı yazdı, "Ağam şəhəri"ni
yazdı, ağ rəngi yenidən mənalandırdı,
aktuallaşdırdı:
Yuxarı başına keçən kafirə
yuxarıdan aşağı baxan,
Allahdan da çəkinməyən,
bircə əsarətdən qorxan!
Ağ alınlı qızılı atların vətəni,
Seyid cəddinə içilən andların vətəni!
Qulu Ağsəsin qeybdən gəlirmiş kimi səslənən
təxəllüsü onun poeziyasının ideya təmizliyini
də tamamlayır. Xalq təfəkküründə
"ağ gün", "üzün ağ olsun" kimi
ifadələr yaxşı niyyətin, saf əməlin
göstəricisidir. Şairin şeirləri də məhz bu
semantik sahədən qidalanır. Ağlığın
harmoniyasından yoğrulan bu misralar hələ işğal
illərində onun qəlbində azad Ağdamın
işığını yandırmış, ümidini
çoxaltmışdı.
Şairlər hər mövzuda yaza bilər. Amma mənə
görə, şairliyin başlanğıc mövzusu da, son
mövzusu da Vətəndir. Necə ki, insan ömrü laylayla
başlayıb laylayla bitir, Azərbaycan insanının Vətən
sevgisi də beşikdən başlayır. Daşı,
qayası, çayı, meşəsi, dağı - Vətənin
hər detalı şeirin materialına çevrilir. Bu
mövzuda yazmaq sadəcə poetik seçim deyil, məsuliyyət
və cəsarətdir. Oxucuya bu qüruru aşılamaq isə
əsl sənətdir. Qulu Ağsəsin "Ağdam"
şeiri məhz bu estetik yükü daşıyır.
Əlbəttə, ədəbiyyat mövzu
baxımından sonsuzdur, zəngindir. Amma Qulu müəllim Vətən
mövzusuna xüsusən həssas və duyğusal
yanaşır. Axı qarış-qarış
tanıdığı doğma ata-baba yurdu mənfur
düşmənin işğalı altında olduğu
müddətdə başqa nə haqda düşünəydi
ki?! Ona görə yurd ayrılığının
ağrısını sözə, şeirə çevirdi.
Oxucu da, ədəbi tənqid də bu
yaradıcılığı səmimi qəbul etdi, yüksək
qiymətləndirdi.
Lakin düşünürəm ki, Ağdam azad edildikdən
sonra qələmə aldığı "Ağam şəhərim!
Adam şəhərim! Ağdam şəhərim!"
şeiri Ağsəs təxəllüsünə xüsusi bir
parlaqlıq gətirdi. Bu, artıq azad Ağdamın səsi
idi:
Ağam şəhərim!
Adam şəhərim!
Ağdam şəhərim!
Şükür külünə,
şükür qayıdış gününə!
Sevincdən ağlımız çaşıb,
yüz min dəliynən gəlirik.
Bir "Uzundərə" havası çal,
çıx Bərdə yoluna -
Uzundərəynən gəlirik!..
Şair Q.Ağsəs heca və sərbəst şeirdə
eyni ustalıqla yazır. Xüsusilə, sərbəst
şeirdə ritm, ahəng, intonasiya və ideya
bütövlüyü onun poeziyasının əsas göstəricilərindəndir:
Bu dünyada heç kəsə demədim...
O dünyada soruşsalar:
sən kimsən? -
deyəcəm ki,
altındakı skamyada
bir yol özü oturmayan
yorğun ağacam...
Qulu Ağsəsin poeziyası mövzu rəngarəngliyi
ilə seçilir: Vətən, təbiət, məhəbbət,
sosial mühit. İctimai proseslərə vətəndaş-şair
mövqeyindən yanaşması onun şeirlərini
aktuallaşdırır və oxucuya daha
yaxınlaşdırır. "Atama ithaf" şeirindəki
ata - zəhməti, alın təri ilə övladını
böyüdən bütün valideynlərin ümumiləşmiş
obrazı, lirik qəhrəmandır. Yazıçı Seyran Səxavət
bu şeiri dünya ədəbiyyatının on poetik nümunəsindən
biri adlandırıb:
Bir tikə çörəyin dərdindən
gecə yatmayıb,
gündüz yatmayıb,
tabutdan başqa heç yerdə
ayaqlarını oxxaynan uzatmayıb...
Şəkli də qalmayıb,
darıxanda köksümə sıxım,
bütün ömrü dincəlsəm də, doymuram
-
atamın yorğunluğu
mənim canımdan çıxır...
Qulu Ağsəs "şair" olmaq xatirinə
şeir yazanlardan deyil. Onun yaradıcılıq yolu
kitabları ilə təsdiqlənib: "Sənsən hər
yer" (2002), "T.o.ç.k.i." (2007), "Nabran
novellası" (2009), "Bitpəna poşta" (Kiyev, 2009),
"Dawn" (2016, ingilis dilində), "Yorğun ağacam"
(Təbriz, 2022), "Görsən üşüyürsən..."
(2024).
Qulu Ağsəsə kitablarının davamını
görmək, növbəti şeirlər yazmaq diləyi ilə
yaradıcılıq yolunda bol uğurlar arzulayırıq!
P.S. Qulu müəllimi ilk dəfə "Ulduz"
jurnalında həyata keçirdiyi "Variasiya" layihəsinin
müəllifi kimi tanımışam. Layihənin mahiyyəti
maraqlı idi: hansısa yazıçıdan bir hekayə təqdim
olunar, növbəti dəfə həmin hekayəni davam etdirib
yekunlaşdıran cürbəcür, rəngarəng sonluqlu
yeni hekayələr ərsəyə gətirən
yazarların ədəbi məclisi qurulardı. Hərə
öz sonluğunu təqdim edər, yaddaqalan ədəbi
görüşlər baş tutardı. Söz-sənətdən
danışılar, poeziyadan seçmələr səsləndirilər,
hekayələrin müzakirələri tədbirə rəng
qatardı. Hər dəfə diqqətimi çəkən əsas
məqam isə bu idi - seçilən mövzuların müxtəlifliyinə
baxmayaraq, tədbirin mərkəzində daha çox əsas
ideya kimi Vətən, vətənpərvərlik ideyası
dayanırdı.
P.P.S. Q.Ağsəsin insan olaraq da ağ niyyətli
olması yaddaşımda dərin iz buraxıb.
"Variasiya" layihəsinin bir tədbirinə gedərkən
dediyi səmimi sözlər bu gün gerçəyə
çevrilib. Belə ki, "Variasiya" layihəsinin tədbirinə
yazıçı-publisist Şahanə Müşfiq ilə
birlikdə dərsdən çıxıb yol yoldaşı
kimi gedərdik. O vaxt Şahanə magistrant, mən də
doktorant idim. Yol boyu Şahanə mənə dedi:
- Eşitdin Qulu müəllim bizə nə dedi?"
- Eşitdim, eşitdim. Dedi: "Şahanədən gələcəkdə
yaxşı yazıçı olacaq, Yeganədən isə
yaxşı alim". Qulu müəllim hər ikimizə səmimi
arzularını əvvəlcədən uzaqgörənliklə
ifadə etmişdi. Mən oldum filologiya üzrə fəlsəfə
doktoru, elmi fəaliyyətimə davam etməkdən məmnunam.
Şahanə isə ədəbiyyatda
yazıçı-publisist kimi kifayət qədər diqqətəlayiq
bir məqamda yer tutub. Uzaqgörənlik yalnız istedada deyil,
ağ niyyətə də bağlıdır. Qulu müəllim
də, demək, elə ağ niyyətin özüdür.
Yeganə XANLAROVA,
Filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet .- 2025.- 24 dekabr (№235).- S.13.