Küçələrə su səpmişəm...
Esse
25 dekabr 2024-cü il, saat 07:30.
Bir ilə yaxındır, qürbətdəyəm. Vətənlə
aramızda 3 saatlıq zaman fərqi var. Yuxudan oyanar-oyanmaz adətim
üzrə telefona baxıram. Şair təsviri ilə desəm,
hər sabah ilk işim kilometrlərlə uzaqda
nigaranlığımı azaltmaq üçün qucaqlaya bilmədiyim
vətənimi, ailəmi, dostlarımı bu kiçik cihaz
vasitəsi ilə ovcuma alıram. Ard-arda eyni xəbərlər
əsas səhifəmə düşür:
Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243
nömrəli Bakı-Qroznı reysini yerinə yetirən
"Qusar" "Embraer E190AR" təyyarəsi
Qazaxıstanın Aktau şəhərinin 3 kilometr
yaxınlığında qəza enişi edib. Xəzər dənizi
üzərində "SOS" siqnalı verdikdən sonra məcburi
eniş etmək üçün Qazaxıstana istiqamətlənən
təyyarə Aktau aeroportu yaxınlığında qəzaya
uğrayıb. Ölənlər var.
Daha sonra baş verənlər hamıya məlumdur.
Aylar, günlər keçir. Gündəm dəyişir.
Sevgililər günü gəlir. Hamı sevgidən, sevgililərdən
danışır. Mənsə gecədən bəri gün
boyu Etibar Əliyevi düşünürəm. Hökümənin
Etibarı, etibarlısı...
"Təhminə və Zaur" filmində sevdiyim bir
epizod var. Radioda rəhmətlik Şövkət Ələkbərova
oxuyur:
Küçələrə su səpmişəm. Yar gələndə
toz olmasın.
Təhminə deyir:
- Bir qulaq as, Zaur. Gör, necə sevərlərmiş
bir vaxtlar. Necə sadə, necə gözəl. Sonra da
üzünü tutur Zaura:
- Bəs sən? Sən, mənim üçün
küçələrə su səpərsən?
Hökümə Əliyevanın həyat
yoldaşı hüquqi varis kimi dövlət tərəfindən
təqdim edilən sığorta pulu və 40 min manatlıq
kompensasiyadan imtina etdi.
Bu xəbəri oxuyanda mən də Təhminə kimi
təsirlənmişdim. Eyni Təhminə kimi üzümü
öz "Zaur"uma tutub sevgisini sorğulamışdım.
Təhminədən fərqli olaraq bu sevgi məni o qədər
kövrəltmişdi ki, cümləmi tamamlaya bilməyib
hönkürüb ağlamışdım.
Həm də keçmiş vaxtlarda deyil, bizim
vaxtımızda. Hər şeyin bu qədər dəyərsizləşdiyi,
adiləşdiyi bir vaxtda. 21-ci əsrin Leyli və Məcnunu -
Hökümə və Etibar!
Var ömür gün yoldaşı, var
ömrüm-günüm. "O, mənim ömrüm
günüm idi" - deyir Etibar Əliyev. Bunu söyləyərkən
müsahibəsi boyu, bir dəfə də olsun jurnalist
xanımla göz təması qurmur. Hökümənin
sevgisiylə möhürlənmiş gözləri müsahibə
boyu yalnız və yalnız bir nöqtəyə zillənir.
Evlilikdə sevginin müddəti 3 ildir, deyirlər.
Etibarla Hökümə də cəmi 3 il birgə ömür
sürdü. Bəlkə də Hökümə sevgiləri əbədi
yaşasın deyə, öldü. Ayrıldı ki, əbədi
qovuşsunlar. Hər dəfə yağış yağanda
buludlardan su səpir ki, yar gələndə toz olmasın.
Axı Hökümənin küçələri səmalar
idi...
Günel BALAKİŞİ
525-ci qəzet .- 2025.- 24 dekabr (№235).- S.13.