Tofiq Əbdülhəsənli - 70
illik mənalı ömür və ziyalı missiyası
Dekabrın 30-da Azərbaycan elminə, jurnalistikaya
töhfələr vermiş, "Qızıl qələm",
"Həsən bəy Zərdabi" və "Araz" ali ədəbi
mükafatları laureatı, Əməkdar mədəniyyət
işçisi, filologiya elmləri doktoru, professor Tofiq
Əbdülhəsənlinin 70 yaşı tamam olur. Onun
ömür yolu sözə, elmə və milli-mənəvi dəyərlərə
sədaqətin bariz nümunəsidir. Uzun illər ərzində
Azərbaycan filologiyasının müxtəlif sahələrində
apardığı araşdırmalar, elmi məqalələr
alim-pedaqoqun zəngin yaradıcılıq irsini
formalaşdırıb.
T.Əbdülhəsənli 1955-ci ildə Neftçala
rayonunun Pirəbbə kəndində doğulub. Orta təhsilini
Neftçala rayonunun Yuxarı Qaraymanlı kənd məktəbində
alıb. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı
Dövlət Universiteti) filologiya fakültəsini fərqlənmə
diplomu ilə bitirən filoloq, Azərbaycan dili və ədəbiyyatı
müəllimi ixtisasına yiyələnib.
T.Əbdülhəsənli onlarla monoqrafiya, dərslik,
dərs vəsaiti, ölkədə və xaricdə çap
olunan 100-dən artıq elmi məqalənin, həmçinin,
"Azərbaycan dili" və "İşgüzar Azərbaycan
dili" dərsliklərinin müəllifidir.
Tofiq Əbdülhəsənlinin elmi fəaliyyəti
ilə yanaşı, pedaqoji xidmətləri də xüsusi
qeyd olunmalıdır. O, uzun illər ali məktəblərdə
gənc filoloqların yetişməsində mühüm rol
oynayıb, yüzlərlə tələbəyə Azərbaycan
dili və ədəbiyyatının incəliklərini
sevdirib. Onun elmi rəhbərliyi altında müdafiə
olunmuş dissertasiyalar bu gün ölkənin elmi-mədəni
həyatında fəal iştirak edən mütəxəssislərin
formalaşmasına zəmin yaradıb.
Ədəbi-tənqidi və publisistik irsin
başlanğıcı
Alimin publisistik fəaliyyəti də diqqətəlayiqdir.
Cəmiyyətin aktual problemlərinə həssas münasibəti,
milli düşüncənin, ana dilinin və ədəbi-estetik
dəyərlərin qorunması uğrunda qələmə
aldığı yazılar onu geniş oxucu auditoriyasına
sevdirib. Məhz bu xidmətlərinə görə Tofiq
Əbdülhəsənli nüfuzlu mükafatlara layiq
görülüb və dövlət tərəfindən
"Əməkdar Mədəniyyət İşçisi"
fəxri adı ilə təltif edilib.
Tofiq müəllim 1993-cü ildən Azərbaycan
Dövlət İqtisad Universitetinin (UNEC) "Azərbaycan
dili" kafedrasında müəllim,
baş müəllim, dosent vəzifəsində
çalışıb. Hazırda UNEC-in "Azərbaycan
dili" kafedrasının müdiridir.
"Gənclik" nəşriyyatında formalaşan
redaktor məktəbi
Universitet illərindən fəal, daim axtarışda
olan, yazmağa daha çox meyilli tələbələrdən
olub Tofiq müəllim. Jurnalist fəaliyyətinə tələbəlik
illərindən başlayan T.Əbdülhəsənli o illərdə
müxtəlif mətbu orqanlarda məqalələrlə
çıxış edib. 1980-ci ildən isə
T.Əbdülhəsənli peşəkar jurnalist kimi bir
müddət Azərbaycan Respublikasının Televiziya və
Radio Verilişləri Komitəsində iqtisadi və ekoloji
mövzularda verilişlər hazırlayıb. O, həmin
dövrlərdə tələbələrin həyatlarından
bəhs edən silsilə reportajların müəllifi olub. Bu
layihə onun tez bir zamanda tanınmasına və jurnalist kimi təcrübə
qazanmasına kömək edib.
80-ci illərdə "Gənclik" nəşriyyatına
işə düzəldim. Sonradan isə fəaliyyət sahəsini
genişlənməyə başlayıb. Bir müddət
radio, televiziya sahəsində işləyib. Sonra isə Milli Məclisin
orqanı olan "Azərbaycan" qəzetinə şöbə
müdiri vəzifəsinə təyinat alıb.
Yazılı mətbuata daim üstünlük verən
T.Əbdülhəsənli 1985-1990-cı illərdə "Gənclik"
nəşriyyatının redaktoru işləyib. 1990-1992-ci illərdə
Azərbaycan Ali Sovetinin orqanı - "Həyat" qəzetində
şöbə müdiri olub. 1992-2002-ci illərdə Milli Məclisin
rəsmi nəşri "Azərbaycan" qəzetinin
şöbə müdiri vəzifəsində
çalışıb. Azərbaycanın bu təlatümlü
illərində peşəkarlığı, insanların qəlbinə
yol tapmaq bacarığı ilə seçilən,
yazılarındakı mövqeyi ilə tanınan Tofiq müəllim
10 il bu mətbu orqanda çalışıb.
2003-cü ildə öz arzusu ilə "Respublika"
qəzetinə keçən T.Əbülhəsənli fəaliyyətini
burada davam etdirib. Əsasən ölkə iqtisadiyyatı,
maşınqayırma və energetika kompleksi barədə
silsilə məqalələr yazaraq bu sahələrin
inkişafını və tərəqqisini
işıqlandırıb. Onun neft strategiyası, iqtisadi
islahatlar mövzusunda yazdığı analitik-iqtisadi məqalələr,
mütəxəssislər, həm də geniş oxucu kütləsi
tərəfində maraqla oxunub. Neçə-neçə
şərhləri, məqalələri, təhlili və
publisistik yazıları dərc olunub.
Tofiq müəllim 1993-cü ildən Azərbaycan Dövlət
İqtisad Universitetinin (UNEC) "Azərbaycan dili"
kafedrasında müəllim,
baş müəllim, dosent vəzifəsində
çalışıb. Hazırda UNEC-in "Azərbaycan
dili" kafedrasının müdiridir.
Doğma torpağa sevgi
Tofiq Əbülhəsənli deyir ki, doğma
Neftçala rayonu Pirəbbə kəndindən
çıxıb arzularımın dalınca yollananda təxminən
17 yaşı olub: "Həmin vaxtdan xeyli keçib, illər
arxada qalıb. Bakıdayam o zamandan. Amma bu uzun illər ərzində
bir gün də qəlbən, ruhən Pirəbbəsiz
olmamışam. Elə görüşünə də tez-tez
gedirəm doğma kəndin. Hər dəfə də gedəndə
ürəyim mənzil başına çatmağa tələsir.
Əvvəllər, yəni cavanlıqda mindiyim bəzən
kiçik, bəzən iri tutumlu avtobusların
sürücülərini tələsdirmək istəyirdim.
Sonralar artıq sükan arxasında özüm olanda yol boyu
hiss məni üstələdikcə ürəyimdə
özümə əmr edirdim: "Yavaş, Tofiq,
maşınında tək deyilsən, ailən var,
uşaqların var!" Elə ki, kəndə
çatıram, dərhal dərindən nəfəs almaq istəyirəm.
Sanki ciyərlərim genişlənib daha çox hava udmaq istəyir...
Yadıma gəlir ki, orta məktəbdə oxuyanda bizə belə
bir mövzuda inşa yazdırardılar: "Haradan
başlanır Vətən?" Əlbəttə, hər
birimiz yazırdıq ki, Vətən Pirəbbədən
başlanır. Yazmağına düz yazırdıq. Amma bəlkə
də verilən sualın dərinliyinə bir o qədər
vara bilmirdik. Onda çoxumuzun anlayışında Vətən
elə Pirəbbənin ərazisi qurtaranda bitirdi. Axı o zaman
az qala hamımız kəndimizdən qırağa
çıxmamışdıq.
Vaxt gəldi, ömür qatarı bizləri o biri kəndlərə,
şəhərlərə də apardı. Həm də təkcə
öz yurdumuzda, öz ölkəmizdə deyil. Qatarlarla təhsil,
elm, iş, qazanc dalınca digər məmləkətlərə
gedənlər də oldu. Mənim üçün mənzil
başı Bakı oldu, baş şəhərimiz,
paytaxtımız, canımız Bakı. Bakı bizə qucaq
açdı, burada oxuduq, təhsil aldıq, işə düzəldik.
Uğurlarımızın, gözəl günlərimizin,
sevgimizin, ümidlərimizin realaşdığı şəhər
oldu Bakı. Ömrün bu yaxın-uzaq yollarında nə qədər
gözəl yerlər görsəm də, Bakı mənim
üçün cox əziz bir şəhər olaraq
qalacaq".
Zəngin və çoxşaxəli
yaradıcılığa malik ziyalı
45 il Azərbaycan mətbuatına töhfələr
verən T.Əbdülhəsənli jurnalist kimi zəngin və
çoxşaxəli yaradıcılığa malik
ziyalılarımızdan biridir. Əminliklə söyləmək
olar ki, onun bu sahədəki fəaliyyəti təmiz əqidəyə,
dövlətə və dövlətçiliyə sədaqət
prinsiplərinə, o cümlədən yüksək amallara
söykənir. O, təkcə dövlət səviyyəli,
ölkə miqyaslı mətbuat orqanlarında müvafiq
şöbələrə rəhbərlik etməklə kifayətlənməmiş,
eyni zamanda həmin mətbu orqanlarında dövlətimizin və
xalqımızın mənafeyi, taleyi üçün
mühüm əhəmiyyət daşıyan
saysız-hesabsız məqalələr dərc etdirmişdir.
Bu cəhətdən Tofiq müəllimin publisistik
yaradıcılığı, əsasən, üç istiqaməti:
ədəbi-tənqidi, iqtisadi və ekoloji mövzuları əhatə
edir.
T.Əbdülhəsənli ədəbi-publisistik
yazıları ilə həmişə filoloji ictimaiyyətin
diqqət mərkəzində olmuşdur. "İçimizdəki
alov və ya qam şaman duası", "Vətənlə
sevgi arasında", "Həsrətin 43 ili", "Rəssam
qızlar", "Şeyx Səfi məqbərəsi",
"Mən köçdüm, yurdum qaldı...",
"Dürrə", "Ömür bir qatardır",
"Sənətə məhəbbət olanda", "Məhəbbət
oyunu", "El alqışları", "Tarixi yaşadan
Şirvanşahlar sarayı", "Uşaq ədəbiyyatımıza
qayğı gələcəyimizə qayğıdır"
və s. yazılarında öz həyat təcrübələrini,
müşahidlərini və həqiqət
axtarışlarını bədii dillə əbədiləşdirən
ziyalının əsərlərini dəfələrlə
oxumaq insanı yormur. Ədəbi-tənqidi
yazılarının yer aldığı "Vətəndaş
yanğısı" kitabı da yazarın bədii-estetik
fikirlərini təhlil etmək baxımından maraqlı olub,
onun ötən əsrin 80-ci illərindən qələmə
aldığı ədəbi-tənqidi və publisistik
yazılarının toplusu kimi təqdir olunmaqdadır.
"Gənclik" nəşriyyatında uzun illər
redaktor işləyib, onlarla kitabı araya-ərsəyə gətirib.
Bu sahədə elə bir təcrübə toplayıb ki,
redaktə etməli olduğu yazıda gözündən iynənin
ulduzu boyda bir nöqsan da yayına bilməz. Bununla belə,
yaşından, təhsilindən, vəzifəsindən
asılı olmayaraq hər bir müəllifin dilinə,
üslubuna hörmətlə yanaşmağı bacarır.
Tofiq müəllim yazanı, yazmağı bacaranı
qiymətləndirən insandır! Bir nəfər ona
işıqlı insan dedi. Əlbəttə ki, söhbət qəlbin
işığından gedir...
Müxtəlif mövzu və janrlarda qələm
işlədə bilən müəllif
Nəşriyyatdakı işindən sonra tale elə gətirib
ki, ölkənin aparıcı qəzetlərinin iqtisadiyyat
şöbələrinə rəhbərlik edib. İqtisadiyyat
- hər gün rəqəmlər, icmallar, təhlillər... Həmin
illərdə onunla çiyin-çiyinə
çalışan həmkarları söyləyirlər ki,
bir də görürdün iqtisadi problemlərə aid
yazıların içərisindən baş qaldıran Tofiq
müəllim kükrəyib Füzulinin, Cavidin, Xəlil Rza
Ulutürkün misralarını əzbərdən deyir.
Çoxumuz heç bilmirdik ki, o, artıq filologiya üzrə
namizədlik dissertasiyası da müdafiə edib. Zəhmətinin
bəhrəsi olan "İstiqlal işığında",
"Vətəndaş yanğısı"
kitablarını nəşr etdirib. Hələ qovluqlarında
neçə-neçə kitaba yerləşəcək məqalələri
var. Ədəbi, ekoloji, iqtisadi mövzularda.
Fakt, rəqəm və poeziya, şeir... Bunların
müsbət nəticə verən birləşməsi,
qovuşması niyə, nədən, necə
yaranmışdı? Mükəmməl savadın, dərin
biliyin, geniş dünyagörüşünün və elmi
diapazonun nəticəsi, bəhrəsidir bu. Məhz buna görə
Tofiq Əbdülhəsənli müxtəlif mövzu və
janrlarda qələm işlədə bilən müəlliflərdəndir.
O, həm ədəbiyyatçı, həm jurnalist, həm iqtisadçı,
həm də alim kimi yazmağı bacarır. Uzun illər mətbuatda
çalışdığı zaman qələmindən
çıxan çoxsaylı məqalələrdə filoloji
təfəkkürü, jurnalist müşahidəsi və
iqtisadi biliyi üst-üstə gələrək bir vəhdət
yaradıb. Elə buradaca bir daha xatırladaq ki, o, 12 il "Azərbaycan"
və 15 il "Respublika" (2003-2018-ci illər) qəzetlərində
şöbə müdiri vəzifəsində
çalışıb. Bu nüfuzlu mətbu orqanların səhifələrində
əsasən Azərbaycanın iqtisadi inkişafı, müəllifi
Ümummili Lider Heydər Əliyev olan yeni neft strategiyası,
ölkədə həyata keçirilən uğurlu iqtisadi
siyasətlə bağlı yüzlərlə publisistik məqaləsi
dərc olunub.
İqtisadi mövzuda yazmaq, ələlxüsus qəzet
məqaləsi yazmaq çətindir. Əvvəla, biliyin,
mövzuya bələdliyin olmalıdır, ikincisi də burada
gözəl sözlər yığımı kara gəlmir.
70 illik ömür yolunun hər mərhələsi
elmi zəhmət, mənəvi zənginlik və ictimai məsuliyyətlə
səciyyələnən professor Tofiq Əbdülhəsənli
bu gün də yaradıcılıq enerjisi, prinsipial
mövqeyi və ziyalı təfəkkürü ilə
nümunədir. Onun fəaliyyəti Azərbaycan elminin və
mədəniyyətinin inkişafında əhəmiyyətli
yer tutur.
Yubiley münasibətilə görkəmli alimə
möhkəm cansağlığı, uzun ömür, yeni elmi
nailiyyətlər və yaradıcılıq uğurları
arzulayırıq.
S.QARAYEVA
525-ci qəzet .- 2025.- 24 dekabr (№235).- S.14.