Tarix: yaddaşda və bədii ədəbiyyatda

 

(Əvvəli ötən sayımızda)

 

Yazıçı Cəlal Bərgüşadın folklor motivlərindən yaradıcı şəkildə bəhrələnməsi əsərin uğurlu cəhətlərindən sayılıb, onun uzunmüddətli axtarışlar, illərlə toplanmış, mətbuat səhifələrində paylaşılmış materiallar əsasında bu el qəhrəmanının - Qaçaq Nəbinin həyatı, döyüş yolu haqqında tarixi reallıqlara uyğun olaraq dastanvari şəkildə bir əsər ortaya qoyduğu vurğulanıb, Nəbinin Sankt-Peterburqdan foto şəklinin surətinin tapılması yüksək qiymətləndirilib. Professor Y.Axundlu yazır: "Nəbinin vaxtilə Zəngəzurun mərkəzi olan Gorus həbsxanasına salındığı dövrdə çəkilmiş  fotoşəklinin sürətini xeyli zəhmət və vaxt sərf edib Sankt-Peterburq arxivindən əldə edə bilmişdi. Həmin vaxta qədər elə zənn edilirdi ki, Nəbinin şəkli olmamışdır. Tarixi şəxsiyyətin, xalq qəhrəmanının surətinin yaradılması baxımından ədəbiyyatımızın ənənələrini davam etdirən müəllifin öz qəhrəmanı ilə əlaqədar əldə etdiyi materiallar əsəri inandırıcı və təsirli etmişdir".

Həmçinin yazıçının Qaçaq Nəbinin keçdiyi mübarizə yolunun müxtəlif səhifələrini əks etdirən məqalələrlə mətbuatda çıxış etməklə oxucularını bu mövzuya hazırlaması, müvafiq məqamlarında Nəbiyə həsr edilmiş şeir parçalarından istifadə etməklə  güclü təsir imkanı yarada bilməsi uğurlu sayılıb (1930-cu illərdə aşıqların dilindən toplanmış şeirlər və Qaçaq Nəbi haqqındakı dastandan da istifadə olunub). Romanda Xalq qəhrəmanı Nəbinin həyat yolunu işıqlandırmağı məqsəd olaraq müəyyənləşdirən yazıçı, eyni zamanda onun mübarizə apardığı çar məmurlarının yerli xalqa qarşı amansız rəftarı, xalqın malını talaması hüquqlarını tapdalaması kimi ictimai-sosial problemləri, ictimai-siyasi vəziyyəti geniş planda əks etdirib.

Tarixi roman yazmaq yazıçıdan bədii materiala ciddi yanaşmağı, mövzu obyekti kimi seçdiyi tarixi dövrü mükəmməl öyrənməyi, dövrün, zamanın ruhunu qoruyub saxlamağı, təsvir olunan dövrün tarixi mənzərəsini oxucuya çatdırmağı tələb edir. Və yazıçı buna nail ola bilib.

Romanda tarixiliklə müasirlik vəhdətdədir. "Qaçaq Nəbi" tarixi romanında faciələrimizin kökünün haradan qaynaqlandığı inikas edir, oxucuya ədəbi dildə yaşanan faciələrin 200 ildən bəri Cənubi Qafqazda rus imperiyasının apardığı siyasətin nəticəsi olduğu anladılır. Keçmişlə günümüz arasında baş verən hadisələr paralelləşdirilir. Filologiya üzrə fəlsəfə doktoru H.Nərimanoğlu bunun altından xətt çəkərək yazır: "Cəlal Bərgüşadın "Bozatın belində" romanını təkrar oxuduğum günlər Zəngəzurda Azərbaycan-Ermənistan sərhəddinin demarkasiyası ətrafında baş verən qarşıdurmalarla eyni vaxta düşdü. Romandan bir parçanı buraya köçürərək baş verənlərin 200 ildən bəri Cənubi Qafqazda rus imperiyasının apardığı siyasətin nəticəsi olduğunu bir daha açıq-aşkar göstərən dialoq, səhnələri xatırladıram. "Məhəmməd bəy, qaldı o rus gədəsi Vasqadır, nədir, istəmirəm o kafir mürdar ayağını bir də mənim torpağıma bassın! - Kərbəlayı birin bilirsən, birin yox. Eşitmədin Səlim bəy bizi yanına çağıranda nə dedi? Dedi ki, Kərbəlayı Cəfər yerölçən Vasili Bortsovdan böyük bir şikayət yazıb. Bilirsən ki, Vasilidən başqa Zəngəzurda yerölçən yoxdur... Topalın gözü zəmilərdə qalmışdı. "Bunlar mənim ata-baba yerimdir. Bunu mən başqasına necə verim?! Ölərəm, ancaq bir qarış torpağımdan keçmərəm! - Ə, sarı Vasqa, səni Fitilbörkdən bura kim çağırtdırıb? Ə, qoduq, sən nə haqla mənim ata-baba torpağımı kəsib bu gorbagor olmuşa verirsən. O Qoçdaş mənim ulu babamındır. Sərhəd - Qoçdaşdır. Burda mən zəmi əkəndə, heç sən anadan olmamışdın... Mənim yerimə mərz qoydurana bax! Vasili belə hədə-qorxuya alışmışdı. Kərbəlayının söyüşünə məhəl qoymayıb xəritədə işarələr etməklə məşğul idi. - Deyəsən, bu köpəkoğlu urusun qanı artıqdır! Xəncərini siyirib Vasilinin üstünə cummaq istəyəndə Məmməd bəy onu arxadan qucaqladı, qollarını güclə tutdu. - Məmməd bəy, burax məni, bu Vasqanın qabağından qaçdıqca adamın başına çıxır. Onun bağırsaqlarını ayaqlarına dolayacağam! Vasili isə öz işində idi. Atın tərkinə bağladığı xurcundan bir neçə nal boyda möhür çıxarıb onları saqqız ağacına mıxlayır, təzə mərz qoyurdu".

Bütün bəlaların haradan və kimdən qaynaqlandığı, o mərz qoyan, torpaq ölçən vasililərin və onların əlinə ixtiyar verib bura göndərəndə olduğu gün kimi aydındır. "Bəla, həmin bəladır! "Bütün bəlaların başı o mərz qoyan, torpaq ölçən vasililərdə, onların əlinə ixtiyar verib bura gətirdəndə və göndərəndədir".

Əkinçilərin vəziyyətinin gündən-günə pisləşdiyini, onların ədalətsizlik və müstəmləkəçilik yükü altında inildədiyini görən Nəbi bu ədalətsizliyi kəndlilərin üzərindən götürməyə, xalqın düşmənlərini məhv etməyə çalışır, sosial ədalətsizliyə qarşı mübarizə aparırdı.

Onun atası Əli kişi də bəylərin torpaqlarında işləyir, ailəsini böyük çətinliklə dolandırırdı. Ağır güzəran səbəbindən övladlarını bəylərin torpaqlarında işləmək üçün göndərirdi. Atası Nəbini də 15 yaşında ikən kəndlərindəki Kərbəlayı Cəfər ağaya nökər vermişdi. Kərbəlayı Cəfər Nəbinin atası Alı kişini biyara getmək üstündə döydürərkən 16 yaşlı Nəbi atasının müdafiəsinə qalxmış, ağasının üstünə atılıb onu yumruqlamışdı. Bu, Nəbinin haqsızlığa, ədalətsizliyə qarşı ilk üsyanı idi. Bu hərəkətindən sonra "narahat adam kimi" çar məmurlarının diqqətini cəlb etmişdi.

Beləliklə, uşaq yaşlarından çobanlıqla məşğul olan, gənc yaşlarından başlayaraq bəylər və mülkədarların yanında işləməyə başlamış Nəbi, varlıların zülm və ədalətsizliklərini öz gözü ilə görmüş, sonralar bu haqsızlığa dözə bilmədiyi üçün qaçağa, az müddətdə öz dövrünün ən görkəmli kəndli inqilabçılarından birinə, xalq qəhrəmanına çevrilmişdi. Əvvəllər "narahat adam kimi" çar məmurlarının diqqətini cəlb edən Nəbi onlar üçün ciddi təhlükəyə çevrilmiş, çar hökuməti onu məhv etmək üçün qonşu İran və Türkiyə hökumətləri ilə danışığa girib çoxlu casus göndərmişdi.

C.Bərgüşadın "Qaçaq Nəbi" romanının "Uğursuz səfər" adlanan VIII fəsilin başlığına arxivdən götürdüyü İrəvan məhkəmə palatasının mütərcimi Məmməd Musayevin ifadəsindən alınmış sitatı verməsi tarixi fakta sədaqətdir və oxucuya bu məqamları aydınlatmağa xidmət edir: "Nəbi hərəkatı çar hökuməti və mülkədarlar üçün çox qorxulu idi. Çar hökuməti İran və Türkiyə hökumətləri ilə danışığa girib çoxlu casus göndərmişdi. Hökumət Nəbini öldürən və ya onun öldürülməsində fəallıq göstərən casuslara çoxlu pul, qiymətli şeylər verməyi, onları vəzifəyə irəli çəkməyi, medalla təltif etməyi vəd etmişdi".

Bunu romanda 134-cü səhifədə, Naxçıvanla da bağlı məqamda və iki naxçıvanlının söhbətində izləmək mümkündür. Söhbətdə Naxçıvan mahal naçalniki Slavçinskinin əhaliyə qarşı rəhmsiz davranışından bəhs olunur. Naxçıvanın Tivi, Nəsirvaz, Anzır kəndlərində, eləcə də digər kəndlərdə Nəbinin dəstəsinə yardımlar edildiyi, cəza tədbiri kimi Nəbiyə kömək edənlərin cərimələnəcəyi bildirilir".

Şuşada gedən söhbətlərdə Nəbinin dəstəsinin bütün Azərbaycana səs saldığı, xalqın Nəbini müdafiə etməsi, bu cəhətdən Naxçıvanın da seçilməsi vurğulanır, Nəbinin dəstəsində fərqlənən igidlər içində Tumaslı Allahverdinin, Başkəndli Şahhüseyinin adları çəkilir. Bu vaxt çaparın Nəbinin Ordubadın pristavı Əliağa Əliyevi öldürdüyü xəbərini verməsi naçalnik Səlimbəyi daha da narahat edir.

Yazıçı xalq arasında gəzən rəvayətlərdən yararlanaraq Naxçıvan mahal naçalniki Slavçinskinin Nəbiyə köməklik edənləri təqib etməsini, ermənilərin Nəbini qızışdırması nəticəsində Nəbinin Əliağa Əliyevi öldürməsi faktını və bütün bunların fonunda  Nəbinin mərdliyi, yenilməzliyi, namus, əxlaq məsələlərindəki mövqeyini, həmçinin Nəbiyə qarşı vuruşanların ən çirkin tədbirlərə əl atmasını, Nəbinin hamilə qadınını - Həcəri qaçırmağı planlaşdırmasını əks etdirir. Bununla da onların arasındakı fərqi göstərir.

Nəbi ilə yanaşı, Həcər də Naxçıvanda seçilən və sevilən sima olmuş, yeri gəldiyində, yerli məmurların caniliyini müdafiə edən Naxçıvan naçalniki Slaviçinskidən fərqli olaraq, xalqa zülm edənlərin cəzasını vermişdi. Məsələn, Nəbiyə Naxçıvanda Başkəndin koxası Kərbəlayi Heydərdən şikayət edən bir vətəndaşla söhbətdən aydın olur ki, xalqa zülm edən koxanın əlinin birini Həcər kəsmişdi.

Əzilən, haqqı yeyilən, söyülüb-döyülən xalqın ümid qapısına çevrilmiş Nəbiyə bəylərdən, mülkədarlardan şikayət edənlər Mollu kəndinə də gedib çıxırmışlar. Çünki Nəbi harada haqsızlıq varsa, orada olur, ədaləti bərpa edirdi.

"Boz atın belində" romanı C.Bərgüşadın on illik əməyinin, yuxusuz gecələrinin, ciddi axtarışlarının uğurlu nəticəsidir. Müəllif yazır: "Bozatın belində" romanını yazanda yuxuda da beynim rahat olmurdu. Gündə şıltaqlığına dözdüyüm obrazlar - (qaçaqlar) gecələr də yuxuma girir, məni yatmağa qoymurdu. Nəticədə, mən yuxusuzluq xəstəliyinə tutuldum. Nə qədər çalışırdımsa da, qaçaqları yuxumdan qova bilmirdim. Həkimə müraciət etməli oldum, həkimin dərmanları da məni yatırda bilmədi. Mən o zaman rahat yatırdım ki, Moskvada Peredelkino yaradıcılıq evində "Bozatın belində" romanını bitirdim".

Göründüyü kimi, Cəlal Bərgüşad "Bozatın belində" romanını yazarkən xalq qəhrəmanı Qaçaq Nəbinin həyatını, fəaliyyətini bir tarixi şəxsiyyət olaraq araşdırmış, topladığı sənədli faktları dərindən tədqiq etmiş, bir sıra yeni məlumatları aşkarlamış və bütün bunları oxucuları ilə bölüşmüşdü.

"Qaçaq Nəbi" tarixi romanı Qaçaq Nəbi ilə onun vəfalı ömür-gün yoldaşı və silahdaşı Həcərin igidliyi haqqında tarixi faktlara sədaqətlə və  axıcı və rəvan bir dillə yazılmış ən gözəl əsər, yaşadığımız faciələrin kökünün haradan və necə başladığını bilmək üçün tarixi-ədəbi mənbədir.

Qaçaq Nəbi ilə onun vəfalı ömür-gün yoldaşı və silahdaşı Həcərin igidliyi haqqında "Qaçaq Nəbi" tarixi romanının müəllifi Cəlal Bərgüşadın bir arzusu da Qaçaq Nəbi ilə Həcərə abidə qoyulması olmuş və bu arzusunu da həyata keçirmişdi. Tələbə yoldaşı mərhum jurnalist Mürsəl Qocayev yazır: "Hər dəfə görüşəndə Zəngəzurun bu bir cüt qartalına - Nəbiyə və Həcərə rayonda abidə qoyulması arzusundan danışardı. Bunun üçün onun Qubadlının nüfuzlu ağsaqqaları, rəhbərləri ilə dəfələrlə söhbətlər apardığının şahidi olmuşam. Nəhayət, səksəninci illərdə arzusuna çatdı. Nəbi ilə Həcərin qoşa büstü Qubadlının ən gedişli-gədişli bir yerində ucaldılıb rayon əməkçilərinin ziyarətgahına çevrildi".

Fikrimizcə, "Qaçaq Nəbi" haqqında ən uğurlu romanın müəllifi kimi, Azərbaycanın tanınmış yazıçısı Cəlal Bərgüşad hələ sağlığında ən böyük təqdiri və təşəkkürü Ümummilli lider Heydər Əliyevdən almışdı. Ulu öndər H.Əiyev Cəlal Bərgüşada anadan olmasının 70 illiyi və ədəbi fəaliyyətinin 50 illiyi münasibəti ilə təbrik məktubu göndərmiş və onun yaradıcılığını yüksək dəyərləndirmişdi. Məktubda yazılıb: "Xalqımızın qəhrəmanlıq keçmişindən və bu günündən bəhs edən tarixi romanlarınız, povest hekayə və ssenariləriniz Sizə şöhrət gətirmişdir. Əminəm ki, əsərləriniz xalqımızın hələ neçə-neçə nəslinə milli ruh, vətənpərlik, xalqlar dostluğu aşılanması işinə xidmət edəcəkdir". Bu, Qaçaq Nəbiyə əbədi abidə yaratmış yazıçının əməyinə verilmiş ən yüksək dəyərdir.

 

Lütviyyə ƏSGƏRZADƏ

Filologiya elmləri doktoru,

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi

525-ci qəzet .- 2025.- 24 dekabr (№235).- S.15.