Dahi Üzeyir Hacıbəylinin xatirəsi
Ankarada əbədiləşdirilib
Ankarada fəaliyyət göstərən Musiqi və
Gözəl Sənətlər Universitetinin ərazisindəki
küçəyə dahi Azərbaycan bəstəkarı,
Türk dünyası musiqisinin zirvəsi Üzeyir Hacıbəylinin
adının verilməsi ilə bağlı təntənəli
tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Türkiyədəki səfirliyimizin
nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi
və Ankara Musiqi və Gözəl Sənətlər
Universitetinin birgə təşəbbüsü ilə baş
tutan tədbirdə diplomatlar, ali təhsil ocağının rəhbərliyi,
elm xadimləri, ictimaiyyət nümayəndələri və
tələbələr iştirak ediblər.
Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr
olunmuş tədbirdə milli bəstəkarlıq məktəbinin
yaradıcısının adını daşıyan
küçənin rəmzi açılışını
bildirən lent kəsilib.
Ankara Musiqi və Gözəl Sənətlər
Universitetinin foyesində davam edən tədbirdə
çıxış edən universitetin rektoru, professor Erhan
Özden bütün sahələrdə olduğu kimi mədəniyyət,
təhsil sahəsində əməkdaşlığın
inkişafından danışıb. Rektor Azərbaycan
tanınmış bəstəkarı Üzeyir Hacıbəylinin
öz yaradıcılığı ilə bütün
Türk dünyası musiqisini zənginləşdirdiyini qeyd
edib.
Mədəniyyət xadimlərinin Türkiyə-Azərbaycan
birliyinə böyük məsuliyyətlə töhfə
verdiyini vurğulayan rektor deyib: “Bu gün gənclərimizə
Üzeyir Hacıbəyli kimi dahi şəxsiyyətlərin
yaradıcılığını nə qədər
yaxşı izah etsək, öz vəzifəmizi o qədər
geniş icra edərik”.
Azərbaycan Mədəniyyət Mərkəzinin
direktoru Samir Abbasov Üzeyir Hacıbəylinin milli musiqi mədəniyyətimizin
formalaşmasında oynadığı müstəsna roldan,
onun zəngin yaradıcılıq irsindən və dünya
musiqi xəzinəsinə bəxş etdiyi nadir əsərlərdən
ətraflı bəhs edib.
S.Abbasov Üzeyir Hacıbəylini müasir Azərbaycan
peşəkar musiqisinin banisi kimi öz musiqisini Türk
dünyasının ortaq səsinə çevirməyi bacaran
bir dahi olduğunu vurğulayıb.
Azərbaycanın Türkiyədəki səfirliyinin
müşaviri Füzuli Məcidli xalqımızın milli
kimliyinin formalaşmasında Üzeyir Hacıbəylinin
müstəsna rol oynadığını söyləyib.
“Üzeyir Hacıbəylinin adını daşıyan
bir küçənin Türkiyənin “Cümhuriyyət
yaddaşının” mənbəyi hesab olunan Ankara şəhərində
açılması ölkələrimizin tarixini bir araya gətirən
çox vacib hadisədir”, - deyən diplomat layihəni dəstəkləyən
Musiqi və Gözəl Sənətlər Universitetinin rəhbərliyinə
təşəkkürünü bildirib.
Tədbir Azərbaycan Mədəniyyət Mərkəzinin
Üzeyir Hacıbəyli yaradıcılığına dair
hazırladığı konsert proqramı ilə davam edib.
Konsert proqramında Azərbaycan və Özbəkistanın
Xalq artisti Gülyanaq Məmmədova, vokalistlər Şenol
Talibli, Fəxri Nicat Kazım, opera sənətçisi Fidan
Hüseynova Üzeyir Hacıbəylinin əsərlərindən
parçalar ifa ediblər.
525-ci qəzet .- 2025.- 25 dekabr (¹236).- S.9.