Milli Kitabxanada “Müzəffər Ali
Baş Komandan - İlham Əliyev” adlı sərgi
açılıb
Milli Kitabxanada Müzəffər Ali Baş Komandan,
Prezident İlham Əliyevin doğum günü münasibətilə
virtual və ənənəvi kitab sərgisi istifadəçilərə
təqdim olunub.
Bu barədə AZƏRTAC-a kitabxanadan məlumat verilib.
Bildirilib ki, virtual sərgidə Zəfər
diplomatiyasının müəllifi, 200 illik münaqişəyə
son qoyan qalib xalqın qalib Lideri, Müzəffər Ali Baş
Komandan İlham Əliyevin müdrik və uzaqgörən siyasəti,
regionda sülh və normallaşma strategiyası, Vaşinqton
sammiti, yüksək diplomatik məharəti, cəmiyyət həyatının
bütün sahələrində qazanılmış
mühüm nailiyyətlər, 44 günlük qəhrəmanlıq
savaşımız haqqında dövri mətbuatda dərc
olunan məqalələr, Azərbaycan və müxtəlif
dillərdə ədəbiyyatlar nümayiş olunub.
Virtual sərgidə resurslar tam mətni ilə təqdim
edilib.
Sərgi ilə tanış olmaq istəyənlər
linkdən istifadə edə bilərlər.
Ənənəvi sərgidə Ulu Öndər Heydər
Əliyevin siyasi kursunun layiqli davamçısı Müzəffər
Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi
müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü
xarici siyasəti, müstəqil Azərbaycanda aparılan
davamlı inkişaf strategiyası, böyük qətiyyəti,
qurub-yaratmaq bacarığı, Vətən müharibəsi və
şanlı Qələbə, hərb tarixində misli-bərabəri
olmayan, görünməmiş hərbi taktika haqqında Azərbaycan
və müxtəlif dillərdə ədəbiyyatlar yer
alıb.
525-ci qəzet .- 2025.- 25 dekabr (№236).- S.9.