Teatr Muzeyində
tanınmış rəssam Sənubər Səmədovanın
70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət
Teatr Muzeyində tanınmış rəssam, Azərbaycan Rəssamlar
İttifaqının üzvü Sənubər Səmədovanın
anadan olmasının 70 illik yubileyinə həsr olunmuş tədbir
keçirilib.
Bu barədə AZƏRTAC-a Dövlət Teatr Muzeyindən
məlumat verilib.
Bildirilib ki, tədbirdə muzeyin direktoru, Əməkdar
mədəniyyət işçisi Sevinc Mikayılova milli mədəni
irsimizin yaşadılması baxımından bu qəbildən
olan tədbirlərin əhəmiyyətini vurğulayıb.
Muzeyin əməkdaşı Türkan Əliyeva teatr rəssamlığının
səhnə sənətindəki rolundan bəhs edərək
illərini bu peşəyə həsr etmiş Sənubər Səmədovanın
yaradıcılıq bioqrafiyasını tədbir
iştirakçılarının diqqətinə
çatdırıb.
Yubiley tədbirində Azərbaycan mədəniyyətinin
tanınmış simaları çıxış edərək
Sənubər Səmədovanın sənətə
bağlılığından, peşəkarlığından
və insani keyfiyyətlərindən söz açıblar.
Azərbaycan Dövlət Pantomim Teatrının
yaradıcısı, Xalq artisti Bəxtiyar Xanızadə, Azərbaycan
Dövlət Kukla Teatrının aktyoru, Əməkdar artist Rəhman
Rəhmanov, Azərbaycan Dövlət Pantomim Teatrının
quruluşçu rejissoru Ceyhun Dadaşov, “Bakı” rəsm
qalereyasının rəhbəri Eldəniz Babayev, Əməkdar
rəssam Həmzə Abdullayev və başqaları
yubilyarı təbrik edərək, onunla bağlı öz
ürək sözlərini və səmimi fikirlərini
bölüşüblər.
Tədbir çərçivəsində muzey əməkdaşları
tərəfindən hazırlanmış, sənətkarın
həyat və yaradıcılığını əks etdirən
videoçarxlar, həmçinin rəssamı Sənubər Səmədova
olan, Azərbaycan Dövlət Pantomim Teatrında səhnələşdirilən
“Katarsis” tamaşasının videoyazısından bir
parça nümayiş olunub. Eyni zamanda Azərbaycan Dövlət
Kukla Teatrının kollektivi yubilyarın şərəfinə
“Müsyo Jordan və Dərviş Məstəli Şah”
tamaşasından canlı səhnəcik təqdim edib. Bundan əlavə
gənc musiqiçilər Cəlal Səmədov və
Günel Əsədova tədbirə öz ifaları ilə
xüsusi ovqat qatıblar.
Yekununda Sənubər Səmədova tədbirin təşkilinə
görə muzeyin rəhbərliyinə və kollektivinə, həmçinin
göstərilən diqqət və ehtirama görə
bütün qonaqlara öz minnətdarlığını
bildirib.
Muzeydə rəssamın müxtəlif növ əsərlərindən
ibarət qurulan sərgi sənətkarın çoxşaxəli
yaradıcılıq fəaliyyətinə nəzər salmaq,
həm də onun keçdiyi sənət yolunu izləmək
baxımından böyük maraq doğurub.
525-ci qəzet .- 2025.- 25 dekabr (¹236).- S.9.