Bakıda dövlət-din münasibətlərinin
Azərbaycan modeli müzakirə olunub
Azərbaycan Din Xadimlərinin II Forumu çərçivəsində
"Multikultural dəyərlər sistemi: dövlət-din
münasibətlərinin hüquqi və mədəni aspektləri"
mövzusunda panel müzakirəsi keçirilib.
"Report"un məlumatına görə,
iştirakçılar qarşılıqlı hörmət,
bərabərlik və bir-birinin fəaliyyətinə
müdaxilə etməmək kimi prinsiplərə əsaslanan
Azərbaycannın dövlət-din münasibətləri
modelini müzakirə ediblər.
Çıxış edənlər Azərbaycanın
müxtəlif din və mədəniyyətlərin dinc
yanaşı yaşaması sahəsindəki təcrübəsinin
çoxmillətli və çoxkonfessiyalı cəmiyyətlər
üçün uğurlu nümunə kimi qəbul edildiyini
vurğulayıblar.
Müzakirə zamanı, həmçinin mədəni
irsin qorunması, o cümlədən dini obyektlərin dövlət
tərəfindən qorunan abidələr siyahısına daxil
edilməsi məsələlərinə toxunulub.
Panelin moderatoru Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin sədr müavini Gündüz
İsmayılov olub.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov
bildirib ki, Azərbaycandakı maddi və qeyri-maddi mədəni
irs nümunələri dövlət tərəfindən
qorunduğunu və beynəlxalq səviyyədə təbliğ
olunur.
Özbəkistan Din İşləri Komitəsi sədrinin
birinci müavini Davronbek Maxsudov bildirib ki, Azərbaycan və
Özbəkistanı dövlət-din münasibətlərinə
oxşar yanaşmalar birləşdirir. Onun sözlərinə
görə, hər ikisi dünyəvi dövlətdir, ənənələrə,
xüsusilə xalqların dini adət-ənənələrinə
hörmətlə yanaşırlar.
Dağ Yəhudiləri Dini İcmasının sədri
Milix Yevdayev vurğulayıb ki, Azərbaycan dini və mədəni
müxtəlifliyin harmoniyasını qoruyub saxlaya bilmiş
azsaylı ölkələrdən biridir. O əlavə edib ki,
dağ yəhudiləri üçün Azərbaycandan daha
yaxşı vətən yoxdur və ölkədə
yaşayan bütün xalqlar Azərbaycan torpağının
övladlarıdır.
Azərbaycan İlahiyyat İnstitutunun müəllimi
Elnur Əzimli çıxışında multikulturalizmin
tarixi və onun İslam ənənəsindəki yeri məsələsinə
toxunub.
525-ci qəzet .- 2025.- 25 dekabr (№236).- S.4.