Tariximizə, mədəniyyətimizə
və milli kimliyimizə bağlılığın təzahürü:
“Şəhərsalma və Memarlıq İli”
Prezident İlham Əliyev Azərbaycanın çoxəsrlik
tarixə malik şəhərsalma və memarlıq mədəniyyəti
ənənələrinin yaşadılması, eləcə də
ölkədə bu sahədə yeni
çağırışlara cavab verən mütərəqqi
yanaşmaların təşviqi və tətbiqinin genişləndirilməsi
məqsədilə 2026-cı ili “Şəhərsalma və
Memarlıq İli” elan edib. Dövlət
başçısının bununla bağlı imzaladığı
sərəncamda qeyd edilib ki, Azərbaycanda şəhərsalma
və memarlıq ənənələrinin çoxəsrlik zəngin
bir keçmişi vardır. İpək Yolu üzərində
yerləşən və mühüm ticarət, sənətkarlıq,
mədəniyyət mərkəzləri kimi Şərq
ölkələri ilə sıx iqtisadi, siyasi və mədəni
əlaqələr quran iri şəhərlərimizin
özünəməxsus simasının formalaşmasında
qiymətli memarlıq abidələri müstəsna rol
oynayıb. Azərbaycan şəhərsalma və memarlıq sənətinin
bariz nümunələri olub, daim yüksək inkişaf səviyyəsinə
görə seçilən tarixi şəhərlərimiz
ötən dövrlərin memarlıq tendensiyalarına
uyğun böyüyüb genişlənməklə bərabər,
yerli mədəniyyətin əsas xüsusiyyətlərini
qoruyub saxlayıb.
Sərəncamda vurğulanıb ki, bu gün ölkə
ərazisində dövlət tərəfindən mühafizə
olunan müdafiə qalaları, karvansaralar, məscid, məbəd
və türbələr milli memarlığın parlaq ənənələrini
əks etdirir. Bədii-memarlıq həllinin kamilliyi
baxımından iftixar hissi doğuran dünya əhəmiyyətli
tarix və mədəniyyət abidələrindən Möminə
xatun türbəsi, Xudafərin körpüsü, “Atəşgah”
kompleksi və digər bu kimi misilsiz nümunələr Azərbaycanın
memarlığının rəmzlərinə çevrilib.
UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş
nadir sərvətlərimiz - qədim və orta əsrlərin
şəhər mədəniyyətini özündə təcəssüm
etdirən İçərişəhər və
Şirvanşahlar sarayı kompleksi, əzəmətli ruhunu
indiyədək qoruyan Qız Qalası, Şəkinin tarixi mərkəzi
və Xan sarayı Azərbaycan şəhərsalma və
memarlıq sənətinin dünya inciləri sırasında
layiqli yer tutan yadigarlarıdır.
Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik
etdiyi illər Azərbaycan şəhərsalma və
memarlığının inkişafında xüsusi mərhələ
təşkil edir. Tarixən təşəkkül
tapmış Azərbaycan şəhərlərinin və
bütöv şəhərsalma sistemlərinin qorunması ilə
bağlı bu illərdə Ulu öndərin təşəbbüsü
əsasında vacib qərarlar qəbul edilib, tədbirlər həyata
keçirilib, şəhərlərdə memarlıq abidələrinin
bərpası üzrə planlı iş aparılıb,
memarlıq və şəhərsalma fəaliyyətinin
davamlılığını təmin edən institutsional təsisatlar
qurulub.
Bu gün paytaxtdakı bir sıra binalar Bakının
yeni simvollarına çevrilməklə əsl memarlıq
nümunələrinə çevriliblər. Onların
sırasında Heydər Əliyev Mərkəzi, “Alov qüllələri”,
“Ağ şəhər”, “Bakı Kristal Sarayı” və digərlərini
qeyd etmək olar. Həmin tikililərin hər biri şəhərimizə
gələn turistlərin də baş çəkdikləri məkanlardır.
Son illərdə paytaxtda, eləcə də regionlarda
yeni parklar salınıb ki, burda da milli memarlıq üslubu ilə
müasirlik uzlaşdırılıb. Eyni zamanda, şəhərsalma
siyasətində ekoloji məsələlərə, ətraf
mühitin qorunmasına, estetik görünüşə
xüsusi diqqət yetirilir.
Məlumdur ki, Ermənistanın 30 il davam edən
işğalı nəticəsində Azərbaycanın şəhərləri
və kəndləri yerlə-yeksan edilib, dini-mədəni abidələri
dağıdılıb, ekologiyaya ciddi zərər yetirilib. Bu
gün azad olunmuş ərazilərimizdə innovativ
yanaşmaların tətbiqi ilə genişmiqyaslı bərpa-quruculuq
işləri aparılır. Dövlət
başçısının imzaladığı sərəncamda
qeyd olunub ki, Böyük Qayıdışa dair I Dövlət
Proqramına müvafiq qaydada “yaşıl enerji” zonası elan
edilmiş bu ərazilərdə 2020-2025-ci illərdə -
dünya memarlıq-inşaat təcrübəsində az rast gəlinən
qısa bir müddətdə 100-dən artıq
yaşayış məntəqəsi, o cümlədən 12
şəhər üzrə planlaşdırma sənədləri
hazırlanıb və quruculuq işlərinə
başlanılıb. Azərbaycanın mədəniyyət
paytaxtı, xalqımızın qürur mənbəyi
Şuşa şəhərinin əvvəlki memarlıq
mühiti və əsl tarixi siması bərpa edilməklə
dirçəldilməsi isə milli iradənin təzahürüdür.
Ölkəmiz, eyni zamanda iqlim dəyişmələri
və şəhərsalma ilə əlaqədar qlobal
çağırışların həllində, innovativ
yanaşmaların formalaşmasında etibarlı tərəfdaş
kimi tanınır. Bakının COP29-a uğurla ev sahibliyi etməsi,
nəticələrə nail olması, bu gün iqlim dəyişikliyi
ilə mübarizədəki səyləri, yaşıl
enerjinin inkişafı istiqamətində atdığı
addımlar qlobal miqyasda da təqdir edilir. Həmçinin
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü
sessiyası (WUF13) 2026-cı ildə Bakı şəhərində
keçiriləcək. WUF13 dünyanın ən böyük
və mühüm tədbirlərindən biridir. COP-dan sonra
daha bir qlobal miqyaslı tədbirin Bakıda keçirilməsi
dayanıqlı şəhərsalma proseslərində Azərbaycanın
artan rolunu nümayiş etdirir.
Milli Məclisin deputatı Naqif Həmzəyev “525”ə
deyib ki, Azərbaycan dövləti şəhərsalma və
memarlıq sahəsinə çox böyük diqqət
yetirir, tarixi-mədəni abidələrimizin qorunmasına, bərpa
edilməsi, restavrasiyasına önəm verir. Onun sözlərinə
görə, bu proseslərdə həm aidiyyəti
qurumlarımız, xüsusilə də Heydər Əliyev
Fondu öncül sıralarda yer alır və mədəni
irsin, xüsusilə də tarixi abidələrimizin
qorunmasına böyük önəm verilir: “Bütün
bunlarla yanaşı, 2020-ci ildə Vətən müharibəsində
qələbə qazandıqdan sonra Qarabağ və Şərqi
Zəngəzurun işğaldan azad olunması, həmin ərazilərdə
tarixi memarlıq abidələrinin qorunması və bərpası
ilə yanaşı, tamamilə dağıdılmış
rayonlarımızda yeni şəhərlərin və qəsəbələrin
inşasına da başlanılıb. Bir sözlə, Azərbaycan
yeni dövrün çağırışlarına cavab verərək,
“ağıllı şəhər” və “ağıllı kənd”
layihələrini bu ərazilərdə həyata keçirib.
Eyni zamanda, Azərbaycanın böyük şəhərlərində
də “ağıllı şəhər” komponentlərinin tətbiqinə
başlanılıb. Azərbaycan şəhərsalma və
memarlıq sahəsində böyük irəliləyişə
imza atıb və bu gün ölkəmizin təqdim etməyə
böyük işləri var. Düşünürəm ki,
2026-cı ildə bu sahəyə xüsusi diqqət
ayırmaqla çağırışlara cavab verəcəyik.
Eyni zamanda, digər şəhər və rayonlarımızda
da mühüm işlər görüləcək, tarixi-mədəni
abidələrimizin qorunmasına diqqət daha da
artırılacaq. Şəhərlərin Baş
planlarının müasir dövrün tələblərinə
cavab verəcək şəkildə yenidən işlənməsi
həyata keçiriləcək. Baş planları təsdiqlənmiş
şəhərlərdə isə bu işlərin
ardıcıl şəkildə reallaşması mümkün
olacaq”.
Milli Məclisin deputatı Fatma Yıldırım “525”ə
deyib ki, Prezident İlham Əliyevin 2026-cı ili “Şəhərsalma
və Memarlıq İli” elan etməsi olduqca strateji, dərin məzmun
daşıyan və gələcəyə hesablanmış
mühüm bir qərardır. Bu təşəbbüs təkcə
şəhər infrastrukturunun müasirləşdirilməsi
ilə məhdudlaşmır, eyni zamanda tariximizə, mədəniyyətimizə
və milli kimliyimizə olan bağlılığın təzahürü
kimi dəyərləndirilməlidir: “Bildiyimiz kimi, Azərbaycan
dövləti ötən illər ərzində şəhərsalma
sahəsində böyük təcrübə qazanıb və
bu istiqamətdə bir sıra mühüm layihələrə
imza atıb. Xüsusilə işğaldan azad olunmuş
Qarabağ və Şərqi Zəngəzurda həyata
keçirilən bərpa və yenidənqurma işləri,
“ağıllı şəhər” və “ağıllı kənd”
konsepsiyalarının tətbiqi, ekoloji, iqtisadi və sosial
baxımdan balanslaşdırılmış urbanizasiya
nümunələri artıq dünyanın diqqət mərkəzindədir.
Ən önəmlisi isə bu prosesdə
keçmişə sayğı ilə yanaşılır.
İşğal dövründə məhv edilmiş tarixi-memarlıq
irsimizin bərpası, dini-mədəni abidələrin əvvəlki
görkəminə qaytarılması dövlətimizin mədəni
kimliyimizin qorunmasına verdiyi böyük önəmin
göstəricisidir. Bu yanaşma Ulu öndər Heydər
Əliyevin “Tarixini bilməyən xalq gələcəyini qura
bilməz” fəlsəfəsinin real təcəssümüdür.
Eyni zamanda, Bakının 2026-cı ildə ev sahibliyi
edəcəyi Dünya Şəhərsalma Forumu ölkəmizin
bu sahədə qazandığı beynəlxalq nüfuzun və
etimadın göstəricisidir. Bu Forum Azərbaycan
üçün yalnız beynəlxalq əməkdaşlığın
genişlənməsi deyil, həm də milli təcrübəmizin
dünya ilə paylaşılması, yerli mütəxəssislərimizin
qlobal proseslərə daha aktiv inteqrasiyası baxımından
da mühüm platformadır.
Mən bu mühüm ilin ölkəmiz
üçün yeni imkanlar açacağına, həm şəhərlərimizin,
həm də yaşayış məkanlarımızın daha
funksional, estetik və dayanıqlı olmasına töhfə
verəcəyinə inanıram”.
Pərvanə
525-ci qəzet .- 2025.- 25 dekabr (¹236).- S.5.