Şəfa adamı
Tanınmış neyrocərrah Rəşid Musayevin 84
yaşı tamam olur
Bu gün tanınmış neyrocərrah Rəşid
Musayevin 84 yaşı tamam olur. Ali dərəcəli neyrocərrah,
5 mindən çox neyrocərrahiyə
əməliyyatının müəllifi olan R.Musayev
sözügedən sahənin ən tanınmış və təcrübəli
həkimlərindən biridir.
Rəşid Musayev 1941-ci ildə Qərbi Azərbaycanın
Allahverdi rayonunun Böyük Ayrım kəndində dünyaya
gəlib. Orta təhsilini kəndlərindəki və qonşu
Noyenberyan rayonunun Zənbəli kəndindəki məktəblərdə
alan gənc Musayev 1962-ci ildə Azərbaycan Dövlət Tibb
İnstitutunun müalicə-profilaktika fakültəsinə qəbul
olub və 1968-ci ildə oranı bitirib.
Həkimlik həyatına Rusiyanın Vladivostok şəhərindəki
hərbi hospitalda neyrocərrah kimi başlayan təbib daha sonra
Leninqrad (indiki Sankt-Peterburq) Neyrocərrahiyə İnstitutunda
sözügedən ixtisası üzrə ordinatura dərəcəsini
alıb. Az sonra Vətənə dönərək Respublika
Klinik Xəstəxanasında neyrocərrahiyə şöbəsində
ordinator, şöbə müdiri vəzifələrini icra
edib. 1985-ci ildən bəri Neyrocərrahiyə Mərkəzində
şöbə müdiri olan R.Musayev 2021-ci ildə təqaüdə
çıxıb.
Qeyd edək ki, peşəkar karyerası ərzində
onlarla gəncin bir həkim kimi yetişməsində də əvəzsiz
əməyi olan R.Musayev təqaüddə olmasına
baxmayaraq, bu gün də təcrübəsini və biliyini gənc
nəsil ilə bölüşür.
Məhəmməd Tağıyev
525-ci qəzet .- 2025.- 25 dekabr (№236).- S.16.