Alimlik, pedaqoqluq və insanlıq
nümunəsi
MƏRHUM PROFESSOR ƏKBƏR BAYRAMOVUN 95
İLLİYİNƏ
2025-ci ildə görkəmli alim və pedaqoq, Əməkdar
elm xadimi, psixologiya elmləri doktoru, Bakı Dövlət
Universitetinin (BDU) fəxri professoru, "Şöhrət"
ordenli Əkbər Salman oğlu Bayramovun anadan olmasının
95 illiyi tamamlanır. İxtisasıma müvafiq
olmadığı üçün bu məqalədə mən
heç də onun elmi yaradıcılığı
haqqında təhlillər aparmaq fikrində deyiləm. Ölkəmizdə
psixologiya elminin və onun tədrisinin korifeylərindən
sayılan Əkbər Bayramovun həyat və
yaradıcılığı bir sıra görkəmli pedaqoq
və psixoloqlar tərəfindən ətraflı
araşdırılıb, onun haqqında sanballı məqalələr
yazılıb və heç şübhəsiz ki, bundan sonra
da yazılacaq. Sadəcə olaraq bu məqaləni qələmə
alarkən mən hər ikimizin həyatının böyük
bir hissəsinin Ulu öndər Heydər Əliyevin məzunu
olduğu və Azərbaycan xalqının, Azərbaycan
Respublikasının milli sərvəti və milli iftixarı
adlandırdığı Bakı Dövlət Universiteti ilə
bağlı olduğunu, uzun illər bu Universitetdə birlikdə
çalışaraq əməkdaşlıq etdiyimizi nəzərə
alaraq, özümü 95 illik yubileyi münasibətilə
Əkbər müəllim haqqında bir neçə söz
demək fikrindən daşındıra bilmədim.
Ə.Bayramov 30 dekabr 1930-cu ildə Ağdam rayonunun
Əlimədətli kəndində anadan olub. O, 1945-ci ildə
Əlimədətli kənd 7 illik məktəbini, 1949-cu ildə
Ağdam Pedaqoji Texnikumunu bitirərək elə həmin ildə
Azərbaycan Dövlət Universitetinə (indiki Bakı
Dövlət Universiteti) daxil olmuş, 1954-cü ildə
filologiya fakültəsinin məntiq-psixologiya şöbəsini
əla qiymətlərlə bitirmişdi. BDU-nun Elmi
Şurasının qərarı ilə aspiranturaya tövsiyə
edilmiş və 1954-1957-ci illərdə təhsilini psixologiya
ixtisası üzrə Azərbaycan Pedaqoji İnstitutunun (indiki
Azərbaycan Dövlət Pedaqoji Universiteti - ADPU)
aspiranturasında davam etdirmişdi. 1959-cu ildə "Təfəkkürün
müstəqillik və tənqidiliyinə görə III - IV
sinif şagirdlərinin fərdi xüsusiyyətləri"
mövzusunda namizədlik dissertasiyası müdafiə edərək
psixologiya elmləri namizədi, 1969-cu ildə isə
"Kiçik məktəb yaşlı şagirdlərdə
təfəkkürün müstəqillik və tənqidiliyinin
inkişaf dinamikası" mövzusunda doktorluq
dissertasiyası müdafiə edərək psixologiya elmləri
doktoru elmi dərəcələrini alıb.
Ə.Bayramov əmək fəaliyyətinə 1957-ci
ildən başlayıb. 1957-1958-ci illərdə ADPU-da
aspirantura şöbəsinin müdiri, 1958-1960-ci illərdə
elmi işlər üzrə prorektorun köməkçisi
olub. 1960-1971-ci illərdə ADPU-nun psixologiya kafedrasında
baş müəllim, dosent, professor vəzifələrində
işləyib. Eyni zamanda o, əvəzçiliklə
1965-1969-cu illərdə Azərbaycan Dövlət Elmi-Tədqiqat
Pedaqogika İnstitutunda baş elmi işçi vəzifəsində,
1965-1983-cü illərdə Yerevan Pedaqoji İnstitutunun Azərbaycan
bölməsinə kömək məqsədilə orada
çalışıb.
1971-ci ildən başlayaraq professor Ə.Bayramovun elmi və
elmi-pedaqoji fəaliyyəti BDU ilə bağlı olub. 1971-1999-cu
illərdə əvvəlcə BDU-da pedaqogika və psixologiya
kafedrasının, 1992-ci ildə kafedralar ayrıldıqdan
sonra isə psixologiya kafedrasının müdiri, 1999-cu ildən
ömrünün sonunadək həmin kafedrada professor vəzifəsində
çalışıb.
Professor Ə.Bayramov 46 monoqrafiya, dərslik, dərs vəsaiti,
elmi-kütləvi kitabın, 250-dan artıq elmi məqalə və
məruzə tezislərinin müəllifidir. Eyni zamanda o,
psixologiya elminin, təlim-tərbiyənin aktual məsələlərinə
dair 270-dən artıq qəzet məqaləsinin müəllifidir.
Psixologiya, pedaqogika, məntiq və s. elmlər üzrə o,
35-dən artıq dərslik, dərs vəsaiti və
monoqrafiyanın elmi redaktoru olub.
Professor Ə.Bayramov "Psixologiya", "Sosial
psixologiya", "Məhkəmə psixologiyası",
"Məhkəmə psixologiyası və psixoloji ekspertiza məsələləri",
"Etnik psixologiya" kimi fundamental dərsliklərin müəllifidir.
Həmin dərsliklər psixologiya elminin müasir inkişaf səviyyəsini
tam dolğunluğu ilə əks etdirir və milli zəmində
zəngin ədəbi-bədii irsimizdən yetərincə bəhrələnmək
əsasında yazılıb.
Professor Ə.Bayramov 10 cildlik Azərbaycan Sovet
Ensiklopediyası, Kitabi Dədə-Qorqud Ensiklopediyası
üçün psixologiya elminin müxtəlif problemlərinə
aid 58-dən artıq məqalə yazıb. Eyni zamanda o, 10
cildlik Azərbaycan Sovet Ensiklopediyasının və 3 cildlik
Uşaq Ensiklopediyasının redaksiya nəşriyyat
şurasının üzvü olub.
Görkəmli alim Ə.Bayramov kadr
hazırlığı sahəsində də gərgin əmək
sərf etmişdi. O, nəinki respublikada, eləcə də
digər (Tacikistan, Qırğızıstan, İran İslam
Respublikası və b.) ölkələr üçün
psixologiya üzrə yüksəkixtisaslı elmi kadrlar
hazırlanmasında yaxından iştirak edib. Onun elmi rəhbərliyi
ilə psixologiya elmi üzrə 35-dən artıq elmlər
namizədi və elmlər doktoru dissertasiyası
yazılıb, 15-dən artıq magistr dissertasiyasının
elmi rəhbəri olub. Bununla bərabər, o, keçmiş
sovetlər məkanında 10-dan artıq namizədlik və
doktorluq dissertasiyalarının rəsmi opponenti olmuşdu.
Professor Ə.Bayramov SSRİ Psixoloqlar Cəmiyyəti
Azərbaycan şöbəsinin, Azərbaycan Təhsil Nazirliyi
Elmi-Metodik Şurasının pedaqogika və psixologiya bölməsinin
sədri, Respublika İctimai rəyi öyrənən Sosioloji
Mərkəzinin üzvü, 1994-2000-ci illərdə onun təşəbbüsü
və yaxından köməyi ilə psixologiya elmləri
üzrə BDU-nun nəzdində təşkil olunmuş
ixtisaslaşdırılmış müdafiə
şurasının sədri, 2000-2004-cü illərdə Azərbaycan
Respublikası Prezidentinin yanında Ali Attestasiya
Komissiyasının ekspert şurasının üzvü olub.
Ə.Bayramov görkəmli alim və
qayğıkeş insan olmaqla yanaşı, həm də
gözəl müəllim idi. Bacarıqlı bir müəllim
kimi, o, həmişə tələbələrinin təkcə
biliklərə yiyələnməsinə deyil, eyni zamanda,
geniş dünyagörüşə, yüksək mənəvi
keyfiyyətlərə malik olmasına, bütöv şəxsiyyət
kimi yetişməsinə çalışırdı. Mətbuatda
dəfələrlə qeyd edildiyi kimi, o, tədris etdiyi elmin
nailiyyətlərinin geniş xalq təbəqələri
arasında yayılmasının büyük təbliğatçısı
olmuşdu, elmi biliklərin yayılması yolunu gənc
istedadların üzə çıxarılması və
onların elmi fəaliyyətə cəlb edilməsinin ən
real vasitələrindən biri hesab edirdi. Eyni zamanda o, elmdə
varislik ənənələrini onun inkişafının ən
zəruri əsası kimi qiymətləndirərək görkəmli
alimlərin elmi irsinin gənc nəslə
çatdırılmasına, onların zəngin təcrübəsi
və bilikləri ilə gənclərin yaradıcılıq
imkanlarının müvəffəqiyyətlə əlaqələndirilməsinə
xüsusi qayğı göstərirdi. Xeyirxah, mehriban, təvazökar,
yüksək davranış mədəniyyətinə malik
olan Əkbər müəllim eyni zamanda ciddi və prinsipial
bir insan idi. Qarşısına qoyduğu məqsədə
nail olmaq üçün o, heç vaxt yolundan dönmür,
addım-addım, eyni zamanda inamla irəliləyirdi.
Bütün bunlara görə hər yerdə ona hörmət
edir, onu müdrik bir insan kimi qəbul edirdilər.
Professor Ə.Bayramovun elmi və ictimai fəaliyyəti
yüksək qiymətləndirilib. O, "Fədakar əməyə
görə" yubiley medalı (1970), "Şərəf
nişanı" ordeni (1976), "SSRİ maarif əlaçısı"
(1977) və Azərbaycan Respublikası Prezidentinin fərmanı
ilə elm və təhsil sahələrində xidmətlərinə
görə "Şöhrət ordeni" (2000), eləcə
də bir neçə dəfə Azərbaycan Təhsil
Nazirliyinin fəxri fərmanları ilə təltif edilib.
1981-ci ildə ona Əməkdar elm xadimi fəxri adı verilib.
O, 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin fəxri
təqaüdünə layiq görülmüş, 2016-cı
ildə Bakı Dövlət Universitetinin fəxri professoru
seçilmişdi.
Görkəmli alim 2017-ci il iyulun 8-də Bakıda vəfat
edib. Özü həyatda olmamasına baxmayaraq, onun
yaratdığı elmi məktəb bu gün də
yaşayır, irəli sürdüyü ideyalar və qələmə
aldığı əsərlər bu gün də öz
müasirliyini saxlayır, uzun illər
çalışdığı və 30 ilə yaxın
müddətdə rəhbərlik etdiyi kafedra fəaliyyətini
uğurla davam etdirir.
Bu məqaləni Azərbaycanda psixologiya elminin digər
korifeylərindən biri, əməkdar elm xadimi, psixologiya elmləri
doktoru, professor, "Şöhrət" ordenli Əbdül
Əlizadənin həmkarı haqqında yazdığı
aşağıdakı fikirlərlə bitirmək istəyirəm:
"Elmin zirvəsinə yol fədakarlıqdan və istedaddan
keçir. Ancaq ağır zəhmətə qatlaşanlar,
bütün həyatının mənasını elmə həsr
etməkdə görən istedadlı şəxslər bu zirvəyə
yüksələ bilərlər. Bu gün həmin zirvədə
duranlardan biri ömrünün müdriklik
çağını yaşayan görkəmli psixoloq, əməkdar
elm xadimi, professor Əkbər Salman oğlu Bayramovdur.
Respublikada psixologiya elminin inkişafında, yeni psixoloqlar nəslinin
yetişməsində Əkbər müəllimin xidməti əvəzsizdir".
Professor Əkbər Bayramovun əziz və parlaq xatirəsi
qəlblərdə əbədi yaşayacaq.
Aydın KAZIMZADƏ
Bakı Dövlət Universitetinin professoru, AMEA-nın
müxbir üzvü
525-ci qəzet .- 2025.- 25 dekabr (№236).- S.15.