Tamaşaçı
tərbiyəsi kimin borcudur?
Mədəniyyət haqqında danışanda adətən
sənətçidən, yaradıcıdan, rejissordan,
aktyordan, musiqiçidən danışırıq. Onların
məsuliyyətindən, zəhmətindən,
yaradıcılıq borcundan söz açırıq. Amma
çox nadir hallarda bir anlayışı mərkəzə
qoyuruq: tamaşaçı. Daha doğrusu,
tamaşaçının mədəni səviyyəsini,
zövqünü, gözləntisini və məsuliyyətini.
Sanki tamaşaçı özü-özünə
formalaşmalı, özü-özünə seçməli,
özü-özünə dəyərləndirməlidir. Amma
bu, doğrudanmı belədir?
Bugünkü reallıq göstərir ki,
tamaşaçı zövqü təsadüfən
formalaşmır. O, ya tərbiyə olunur, ya da elə
özbaşına buraxılır. Özbaşına
buraxılan tamaşaçı isə zamanla tələbkar
olmağın daşını atır, istehlakçıya
çevrilir. İstehlakçı tamaşaçı sənəti
dəyərləndirmir, ondan yalnız anlıq həzz gözləyir.
Bu isə mədəniyyət, həqiqi sənət
üçün təhlükəli bir nöqtədir.
Tamaşaçı doğulur, yoxsa yetişdirilir?
Heç kim estetik zövqlə doğulmur. Heç kim
klassik musiqini, mürəkkəb teatr dilini, dərin mətnləri
anadangəlmə anlamır. Ona görə də
hazırlıqlı, zövqlü tamaşaçı kimi
doğulmaq mümkün deyil. Əsl tamaşaçı
yetişdirilir. Bu, uzun prosesdir. Ailə ilə başlayır, məktəbdə
davam edir, cəmiyyət və media ilə möhkəmlənir.
Əgər bu zəncirin hər hansı halqası
qırılırsa, nəticədə ortaya təsadüfi, səthi,
səbirsiz, zövqsüz tamaşaçı
çıxır. O tamaşaçı ki, artıq
sorğulamır, gözləmir, tələb etmir.
Bizdə isə uzun illərdir tamaşaçı tərbiyəsi
sanki kənarda qalıb. Mədəniyyət istehsal olunur, sənət
icra edilir, amma onu anlayacaq, qəbul edəcək, tələb
edəcək auditoriya ilə sistemli iş aparılmır.
Tamaşaçıdan gəlmək, baxmaq, izləmək, qiymətləndirmək
tələb olunur, amma tamaşaçıya heç nə
izah edilmir.
Dövlətin rolu: siyasət varmı?
Tamaşaçı tərbiyəsi ilk növbədə
mədəniyyət siyasəti məsələsidir. Dövlət
yalnız tədbir keçirməklə, konsert təşkil
etməklə, festival sayını artırmaqla bu məsuliyyətdən
azad olmur. Əksinə, əsas məsuliyyət elə buradan
başlayır.
Əgər dövlətin mədəniyyət siyasətində
uzunmüddətli tamaşaçı formalaşdırma
strategiyası yoxdursa, nəticə qaçılmazdır:
boş zallar, formal tədbirlər, statistik uğurlar,
bayağı performanslar, gündən-günə ölən
sənət.
Uşaq yaşlarından teatrla, musiqi ilə, muzeylə
sistemli tanışlıq proqramları yoxdursa, regionlarda mədəniyyət
yalnız bayram günlərində xatırlanırsa, o zaman
tamaşaçı mərkəzləşdirilmiş və
dar çevrədə formalaşır. Bu isə cəmiyyətin
böyük bir hissəsinin mədəni prosesdən kənarda
qalması deməkdir.
Məktəb və təhsil: unudulan əsas
Tamaşaçı tərbiyəsinin ən vacib mərhələsi
məktəbdir. Əsl tamaşaçı elə uşaq
yaşlarından mədəniyyətin, sənətin
içində formalaşan, onunla məhz məktəb
dövründən tanış olan
tamaşaçıdır. Xatırlayıram ki, əvvəllər
teatrların məktəblərə səfərləri təşkil
olunar, kiçik və tərbiyəvi mövzulu səhnəciklər
hazırlanar, tanınmış şairlərlə,
yazıçılarla şagirdlərin görüşləri
keçirilərdi. O zaman uşaq teatrın, kinonun, ədəbiyyatın,
keyfiyyətli sənətin dəyərini anlayar, o zövqlə
formalaşar, ədəbiyyatımızın aparıcı
simalarını, kitablardan şeirləri, hekayələri ilə
tanıdıqları ədibləri canlı görər,
onları maraqlandıran sualları vermək imkanı
tapırdılar. Amma təəssüflər olsun ki, indiki
dövrdə məktəb proqramlarında mədəniyyət
çox vaxt ikinci dərəcəli mövzu kimi təqdim
olunur. Ədəbiyyat əzbərə çevrilir, musiqi
formal xarakter alır, teatr isə ümumiyyətlə
tanıdılmır. Hər kəsin “diplom yarışına”
girdiyi zamanda sənət lap arxa plana, ən sonuncu yerə
atılıb.
Əvvəllər ədəbiyyat dərslərində
“sinifdən xaric oxu” keçirilər və dərs
proqramından əlavə olaraq əsərlər şagirdlərə
təbliğ olunar, oxudulardı. Bu dərslərdə həmin
əsərlərin geniş müzakirəsi təşkil edilər
və şagirdin anlama qabiliyyəti, şərh etmə
potensialı qiymətləndirilərdi. Eyni zamanda şagirdlər
onları maraqlandıran suallar ətrafında da müzakirələr
aparmaqda sərbəst idilər. Bir tərəfdən diskussiya
xarakteri də alan bu dərslər şagirdin
dünyagörüşünü genişləndirir, məntiqi
düşünmə, şərh etmə və mühakimə
yürütmə qabiliyyətini inkişaf etdirirdi. Amma indi ədəbiyyat
sadəcə dərslikdə yazılan əsərlərin
qısa xülasələri ilə çərçivələnib.
Şagirdə əsərin niyə dəyərli olduğu izah
edilmir, sadəcə “lazımdır” deyilir. Bu yanaşma gələcəkdə
oxucu və tamaşaçı yox, yalnız imtahan verən,
daha doğrusu, test işləyən əzbərçi insan
formalaşdırır. İmtahan bitəndə isə mədəniyyət
də, ədəbiyyat da onun həyatından
çıxır.
Əgər uşaq ilk dəfə teatra müəllimi
ilə getmir, sonra onun izahını eşitmir, müzakirəsində
iştirak etmirsə, onda teatr marağından söhbət belə
gedə bilməz. Deməli, o, böyüyəndə də
teatra yad qalacaq. Yad qalan tamaşaçı isə ya gəlməyəcək,
ya da kiminsə təkidi, yaxud “elit görünmək” xatirinə
gəlsə də, nə gördüyünü, səhnədə
nə baş verdiyini anlamayacaq.
Media: zövqü formalaşdıran, yoxsa korlayan?
Müasir tamaşaçının
formalaşmasında medianın rolu danılmazdır. Televiziya,
sosial şəbəkələr, platformalar zövqə
birbaşa təsir edir. Təəssüflər olsun ki, bu
gün bu təsir heç də inkişafa xidmət etmir,
yüksək zövq formalaşdırmır, əksinə,
kütləvi zövqsüzlüyə xidmət edir. Reytinq
naminə sadələşdirilmiş,
ucuzlaşdırılmış məzmun normal kimi təqdim
olunur. Onlayn media İP xətrinə ucuz, bayağı, kimsəyə
lazım olmayan xəbərləri tirajladıqları kimi,
televiziya da reytinq uğrunda günbəgün
ucuzlaşmağa, bayağılaşmağa davam edir. Hətta
iş o yerə çatıb ki, artıq hər şey əndazədən
çıxmağa, tərbiyəsizliyə və əxlaqsızlığa
doğru getməyə başlayıb. Milyonlarla
tamaşaçının önündə ağzına gələni
danışanlar, bədən əzaları ilə gündəmdə
qalmağa çalışanlar, hətta gündəm naminə
yalandan özü özünün ölüm xəbərini
tirajlayanlar bu gün tamaşaçı zövqünün qatilinə
çevriliblər. Təbii ki, bu kimi xəbərlər,
görüntülər səviyyəli layihələrdən
daha çox baxış yığır, daha çox
danışılır. Axı bütün cəmiyyətlərdə
savadlı, intellektual, zövqlü təbəqə cahil təbəqədən
daha az saydadır. Kütləvilik hər zaman bayağı və
zövqsüzdür. Bu, öz yerində...
Lakin problem ondadır ki, media
tamaşaçının zövqünü yüksəltmək
əvəzinə, ona uyğunlaşmağa
çalışır. “Xalq bunu istəyir” arqumenti ilə səviyyə
hər gün bir az daha aşağı salınır. Amma sual
verən yoxdur ki, xalq bunu niyə istəyir? Bu istəyin
formalaşmasında medianın öz payı yoxdurmu? Xalq
axı ona veriləni, göstəriləni, təqdim ediləni
istəyir. Onsuz da sənətdən uzaq kütləyə bir
az da zövqsüzlük, bayağılıq
aşılandıqca, bir zamandan sonra o da onun tələbinə
çevriləcək. Çox uzun müddət
düşünməkdən, beynini işlətməkdən,
sorğulamaqdan uzaq salınan kütlə, təbii ki,
yüngüllüyə can atacaq.
Media yalnız göstərən yox, həm də
öyrədən olmalıdır. Amma bizdə izah edən
proqramlar, sənəti anladan verilişlər, konteksti
açan müzakirələr çox azdır. Onu mediadan ala
bilməyən tamaşaçı başqa harada axtaracaq və
tapacaq ki?!
Sənətkarın məsuliyyəti varmı?
Bu mövzuda şübhəsiz ki, sənətkarın
da məsuliyyəti yox deyil. Amma bu məsuliyyət çox
vaxt yanlış anlaşılır. Sənətkarın borcu
onu toylara, tədbirlərə çağırsınlar deyə,
tamaşaçıya yaltaqlanmaq, onun istədiyini təqdim etmək
deyil. Onun borcu öz işini vicdanla, peşəkar şəkildə
görməkdir. Amma eyni zamanda tamaşaçı ilə
dialoq qurmaq, onu tamamilə kənarda qoymamaq, onun istəkləri
ilə müəyyən qədər hesablaşmaq da vacibdir.
Bəzən sənətkar tamaşaçını
“anlamaz” deyə ittiham edir və bu ittihamla məsafə
yaradır. Bu, bəzi şairlərin,
yazıçıların “mən yazılarımı
özüm üçün yazıram, oxucu anlamasa da olar”
fikrinə bənzəyir. Özü üçün yazan adam
yazdıqlarını işıqlandırmaz, kitab çap etməz,
yazar və “atar balışının altına”.
Tamaşaçını, oxucunu anlamamaqda günahlandırmaq,
bütün məsuliyyəti onun üzərinə atmaq
problemi həll etmir, əksinə, dərinləşdirir.
Tamaşaçı ilə ünsiyyət, izah, açıq
müzakirə mədəniyyəti formalaşmalıdır.
Bu, sənəti ucuzlaşdırmır, əksinə, onu
yaşadır.
Tamaşaçı özü nə qədər məsuliyyətlidir?
Bütün məsuliyyəti dövlətin, məktəbin,
medianın, sənətkarın üzərinə atmaq da
doğru olmaz. Bu mövzuda tamaşaçı da passiv
mövqe tutmamalıdır. Tamaşaçı
soruşmalıdır, oxumalıdır, maraqlanmalıdır.
Amma bunu etmək üçün ona stimul verilməli, imkan
yaradılmalıdır.
Əgər tamaşaçı illərlə
yalnız sadə, səthi məzmunla
qarşılaşıbsa, ondan birdən-birə dərinlik
gözləmək ədalətsizdir. Zövq zamanla dəyişir.
Amma dəyişməsi üçün mühit mütləq
şərtdir.
Regionlarda tamaşaçı problemi daha kəskindir.
Orada seçim azdır, alternativ yoxdur. Tamaşaçı nə
təqdim olunursa, onu qəbul edir. Bu isə tələbin
formalaşmamasına gətirib çıxarır. Mərkəzdə
isə seçim çoxdur, amma zövq yenə də
sistemsizdir. Əgər regionda mədəniyyət hadisəyə
çevrilmirsə, tamaşaçı da hadisə gözləmir.
Bu qırılma nöqtəsi uzunmüddətli fəsadlar
yaradır.
Tamaşaçı tərbiyəsi - kollektiv məsuliyyət
Beləliklə, tamaşaçı tərbiyəsi tək
bir qurumun, tək bir şəxsin borcu deyil. Bu, kollektiv məsuliyyətdir.
Dövlət strategiya qurmalıdır, məktəb əsas
yaratmalıdır, media zövqə təsir etməlidir, sənətkar
dialoq qurmalıdır, tamaşaçı isə maraq göstərməlidir.
Bu zəncirin bir halqası qırılanda bütün sistem
axsamağa başlayır.
Tamaşaçı tərbiyə olunmursa, sənət
öz-özünə tənha qalır. Boş zalların, səssiz
alqışların, formal uğurların arxasında çox
vaxt bu məsələ dayanır. Biz sənəti yaşatmaq
istəyiriksə, tamaşaçını da
düşünməliyik. Tamaşaçı isə
yalnız bilet alan insan deyil. O, mədəniyyətin
iştirakçısıdır.
Ən vacib sual isə budur ki, biz
tamaşaçıdan nə gözləyirik, amma ona nə
veririk?
Bu suala dürüst cavab vermədikcə, mədəniyyət
yalnız danışılan mövzu olaraq qalacaq, yaşanan dəyərə
çevrilməyəcək.
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025.- 25 dekabr (¹236).- S.14.