Yaşıl pərdəli pəncərə
Esse
Xəstənin yatdığı evin pəncərəsinə
yaşıl pərdə çəkilmişdi. Xəstə rəngi
dəyişib gündən-günə saralsa da, o yaşıl
pərdəli pəncərə bütün
ağrıları, ümidsizlikləri unutdururdu ona. Amma bununla
belə...
Ağrı yaman ağrıyırdı. Dərd yaman dərdiydi.
"Azar da batmanla gələr..." Atalar sözüdür.
Əbülqasımın topladığı kitabında da var.
Arvadın başı açılan kimi deyim ona, o kitabı
versin mənə, yenə baxım. Yaxşı sözlər
var orda. Hələ mətbəxdədir mənə - yəni
pəncərəsinə yaşıl pərdə çəkilmiş
bu kiçik yataq otağında iki aydan çox tir-tap
uzanıb qalmış xəstəyə -
şalfeydən qarqara üçün dərman
hazırlayır... Srağagün həkimin göstərişi
idi..."
Dırnaq arasındakı sözlər
yazıçı Yusif Səmədoğlunun "Qətl
günü" romanındandır. Həmin romandakı xəstənin
əhval-ruhiyyəsini əks etdirən bir epizoddur. "Qətl
günü"ndəki xəstə ölümə doğru
gedirdi. Və özündən xəbərsiz ona baxan həkimi
də (ondan yazan yazıçını da) ölümə
sürükləyirdi.
"Qətl günü"nü yazmaq gündə
neçə dəfə ölümlə üz-üzə
durmaq deməkdir.
Yusif heç vaxt xəstələnməzdi. "Qətl
günü"ndəki xəstə xəstələndirdi
onu. Elə həmin xəstə kimi yatağa düşüb
ölümə qənşər getdi.
Yusif Səmədoğlu vəfat etdi.
Sözün bir oğlu da öldü.
Qulağıma sözün ağlamaq səsi gəldi.
Ağlayıb-ağlayıb kiriyəcək yəqin.
Ağlayacaq ki, çətindir belə bir oğulu-sənətkarı
itirmək!
Kiriyəcək ki, kim ağlamaqla öləni geri
qaytara bilibdi?!
Yusif Səmədoğlu 63 ildə öz
ömrünü yaşadı (öz ölümünü
yaşayırdı bəlkə)...
İndi daha ölməyəcək!
Ölməkdən canı həmişəlik
qurtardı!
Ona görə ki, böyük sənətkardır!
Ona görə ki, Səməd Vurğunun oğludur!
Ona görə ki, sözün oğludur!
Əsərində təsvir etdiyi hadisələr
öz başına gəldi.
Puşkinin "Belkinin hekayələri"ndə,
Lermontovun "Zəmanəmizin
qəhrəmanı"nda yazdıqları eynilə dueldə
öz başlarına gəlmədimi?!
Azərbaycan filosofu Eynəlqüzlat şeirlərindən
birində yazmışdı:
Bir şəhid olmaqdır arzum, ey xuda,
Ucuz üç şey də ver mənə dünyada.
Əgər mən deyəni eyləsən ey dost,
Həsir ver, neft gətir, od vur sonra da.
Onu doğrudan da şeirində yazdığı və
arzuladığı kimi neftə
bulaşdırılmış həsirə bükərək
dərs dediyi mədrəsəsinin qabağında
yandırmışdılar.
Səməd Vurğun "Unudulmuş tək məzar"ı
yazanda öz nekroloquna qol çəkməmişdimi?!
Bütün bu deyilənlərdən aydın olur ki,
böyük qələm sahibləri öz ölümlərini
görürlər və öz ölümlərini qələmə
alırlar.
"Qətl günü" romanından daha bir
parçanı xatırlatmaq kifayətdir (Hətta mən buna,
belə öncə görmələrə dahiyanəlik deyərdim!).
"Birdən çomaq Qulamın ağzı
açıldı, bu cod, əsəbi səsi Mahmud
ömründə birinci dəfə eşitdi:
- Bu gün qətl günüdür. Mahmud!
Mahmudun qaşları çatıldı.
- Qətl günü niyə olur, ayə, əvara?!
Çünki Baba Kahanı partladırlar, Mahmud!
- Haranı partladırlar, cəhənnəmə
partlatsınlar, buna bax eey!
Yerində göl olacaq, sənnən mən də yayda
orda çiməcəyik - Mahmud şaqqanaq çəkib
güldü.
Qulam daha heç nə demədi. Mahmud əlini yellədib
ondan aralandı, bir az getmişdi ki, arxadan çomaq Qulamın
dediyi qəribə sözləri eşitdi:
- Dərd də azar kimi, gələndə batmanla gəlir,
bacım!
Mahmudu elə bil, ilan çaldı...
Özünü necə evə çatdırdı,
bir Allah bilir...
Nə qədər yatdığını bilmədi.
...Kimsə onu eşikdən çağırdı.
Qaraltının sifətini seçə bilmədi. Soruşdu:
- Kimsən a bala?
- Mənəm, Mahmud.
Şəhərdə xəstə yatan qohumunu
qayaaltı deyilən yerdə, aşağıda, Kürün
qurumuş vadisində kəndir kimi daşlara. Qayalara
sarmaşmış otun, yosunun arasında gördü.
Aşağı enib soruşdu:
- Kürün suyu hanı, ay qağa?
- Sumu qalar indiyə, Mahmud?
Mahmud irəli gəldi.
- Ölümün xeyir, Mahmud!
Ölümə qənşər, qağam!
- Gedəkmi?
- Gedək.
- Onlar əl-ələ tutub
adımladılar"...
...Dünyada bircə hələ də
üzü-üzlər görmüş yaşıl pərdəli
pəncərələr qaldı.
Barat VÜSAL
525-ci qəzet .- 2025.- 25 dekabr (№236).- S.13.