Mühacir dramaturq haqqında dəyərli
tədqiqat əsəri
ABİD TAHİRLİNİN "ABAY DAĞLININ
HƏYAT VƏ YARADICILIĞI" MONOQRAFİYASINA BİR
BAXIŞ
Azərbaycan mühacirət ədəbiyyatı
xalqın istiqlal uğrunda mücadilə tarixində önəmli
bir mərhələdir. Çünki Azərbaycanın
özünəməxsus siyasi və sosial şəraiti, Rusiya
işğalı, xüsusilə 1920-ci ildən sonra çox
sayda azərbaycanlı aydının vətəndən məcburi
ayrılmasına səbəb olub. Qardaş ölkə
Türkiyə onlar üçün ilk
sığınacaqlardan biri idi. İşğaldan sonra
Türkiyəyə gələn aydınlar müxtəlif dərnəklər
yaradaraq, jurnallar və kitablar nəşr edərək bir
"mühacirət irsi" formalaşdırdılar. Bu mədəni
irs içində ədəbi əsərlər olduğu kimi,
siyasi və tarixi əsərlər də önəmli yer
tutur. Lakin siyasi şərait səbəbindən uzun müddət
bu mərhələ Azərbaycan elmi dünyası
üçün qaranlıqda qalmışdı. Doğrusu,
Türkiyədəki tədqiqatçılar da - bir neçəsi
istisna olmaqla - uzun müddət bu irsi fərq edə bilməmişlər.
Lakin son illərdə Türkiyədə Azərbaycan
mühacirət irsi ilə bağlı elmi işlər
artmış, azərbaycanlı mühacir aydınların əsərləri
və nəşr etdikləri jurnallar üzrə tezislər
hazırlanmağa başlanıb. Bu, Azərbaycan-Türkiyə
münasibətlərinin həmin mərhələsini görmək,
uzun müddət elmi dünyaya məlum olmayan azərbaycanlı
mühacir aydınları tanımaq, tanıtdırmaq,
onların Türkiyədəki fəaliyyətlərini, mədəni
irslərini və çətin həyatlarını gün
işığına çıxarmaq baxımından önəmli
bir addımdır. Və hazırkı tədqiqatlar göstərir
ki, Azərbaycan mühacirət irsini nəzərə almadan Azərbaycanın müstəqillik uğrunda
mücadilə tarixini yazmaq və anlamaq mümkün deyildir. Təəssüf
ki, rusların qəsdən tətbiq etdiyi "yaddaşı
silmə" siyasəti uzun müddət Azərbaycan elmi
dünyasının əllərini bağlı
saxlamış, tədqiqatçılar həm arxiv,
kitabxanalarda müstəqil işləmək hüququndan
faktiki məhrum olmuşdu. Lakin xüsusilə 1990-cı illərdən
etibarən bu sahədə bir oyanışın baş verdiyi,
Azərbaycan tarixi və ədəbiyyatı üzrə tədqiqatların
artdığı nəzərə çarpır. Bu çərçivədə
Azərbaycan mühacirət irsi ilə bağlı elmi işlərdə
də artım müşahidə olunur. Dəyərli tədqiqatçı
Abid Tahirli də bu mühüm mövzuya özünü həsr
etmiş, mühacir aydınların çətin həyatları
və irsi ilə bağlı araşdırmalar aparmış
bir alimdir. Bu baxımdan onun elmi xidmətləri təqdirəlayiqdir.
Hörmətli Tahirli mühacirət irsi ilə
bağlı araşdırmalarını bu dəfə
"Abay Dağlının həyat və
yaradıcılığı" adlı əsəri ilə
davam etdirib. Kitab "Giriş, Abay Dağlının həyatı,
imzaları və Dövlət Arxivindəki Fondu, Abay
Dağlı irsinin tədqiqi tarixi və vəziyyəti,
"Onlar Türklərdi" romanında repressiyanın,
bolşevizmin və faşizmin bədii ittihamı, Mühacirət
dramaturgiyası haqqında bir neçə söz, Füzulinin
və Dədə Qorqudun bədii obrazları, "Əsir
ruhlar" diyarında, Milli dəyərlər uğrunda
mücadilə, Dram əsərlərində Atatürk
obrazı və İstiqlal mücadiləsi, Müəllif
haqqında, Sənətkarın elmi pasportu seriyasından
çap olunmuş kitablar" başlıqları altında
bölmələrə ayrılıb.
"Giriş" bölməsində dəyərli tədqiqatçı,
hörmətli Abid Tahirli qeyd edir ki, Azərbaycan 1991-ci ildə
müstəqilliyini qazandıqdan sonra "Azərbaycan
mühacirət ədəbiyyatı" mövzusu alimlərin
diqqətini cəlb edib və bu sahəyə maraq getdikcə
artıb. Haqlıdır, çünki Azərbaycanın
istiqlalında mühacir aydın və siyasətçilərin
böyük payı vardır. Vətəndən məcburi
mühacirət onları heç vaxt ümidsizliyə
salmamış, getdikləri ölkələrdə -
xüsusilə Türkiyədə - nəşr etdikləri
kitablar və jurnallarla mübarizələrini davam etdirmiş,
Azərbaycanın istiqlal ideallarını hər zaman canlı
saxlamışlar. Bu səbəbdən sözügedən irs
nəzərə alınmadan Azərbaycanın müstəqillik
hərəkatı, bu hərəkatın tarixi, şəxsiyyətləri
və ideoloji əsasları tam mənası ilə
işıqlandırıla və anlaşıla bilməz. Nəticədə
Azərbaycanın elmi müəssisələri, Azərbaycan
Milli Elmlər Akademiyası Nizami Gəncəvi Ədəbiyyat
İnstitutu Elmi Şurasının qərarına əsasən,
Azərbaycan mühacirət ədəbiyyatı şöbəsinin
hazırladığı "Azərbaycan mühacirət ədəbiyyatı
kitabxanası" seriyası çərçivəsində
aşağıdakı əsərlər nəşr edilib:
"Məhəmməd Əmin Rəsulzadə. Mühacirət
dövrü ədəbi-elmi irsindən seçmələr"
(Bakı, "Elm", 2016, 386 səh.), "Ceyhun Hacıbəyli.
Seçilmiş əsərləri" (Bakı, "Elm",
2017, 368 səh.), "Səlim Rəfiq Rəfioğlu.
Füzuli" (Bakı, "Elm və Təhsil", 2019, 440 səh.),
"Teymur Atəşli. Seçilmiş əsərləri"
(Bakı, "Elm və Təhsil", 2020, 336 səh.),
"Alazan Baycan. Seçilmiş əsərləri"
(Bakı, "Elm və Təhsil", 2021, 204 səh.),
"Süleyman Təkinərin seçilmiş əsərləri"
(Bakı, "Elm və Təhsil", 2022, 280 səh.),
"Mirzə Bala Məhəmmədzadə. Seçilmiş əsərləri"
(Bakı, "Elm və Təhsil", 2023, 612 səh.) və
digərləri. Bu əsərlər mövzu ilə maraqlanan tədqiqatçıların
istifadəsinə təqdim olunub.
Elm, əlbəttə ki, yalnız fərdi səylərlə
deyil, dövlətin təşviqləri ilə də
inkişaf edir. Məsələn, Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan
mühacir aydınları ilə bağlı müvafiq sərəncamları
bu mövzuda işləyəcək tədqiqatçılar
üçün qiymətli bir təşviqdir. Tahirli də əsərinin
"Giriş"ində buna xüsusi olaraq diqqət yetirir.
Kitab "Giriş"dən sonra "Abay
Dağlının həyatı" başlığı ilə
başlayır. Tədqiqatçı bu bölümdə
Dağlının həyatını, doğum tarixindən
etibarən diqqətlə izləyir. Onun təhsil həyatı
və peşəkar fəaliyyəti haqqında məlumat
verir. İkinci Dünya müharibəsində iştirak
etdiyini də qeyd etdikdən sonra, Ankara və İstanbulda
yaşadığını, lakin bundan sonra həyat hekayəsinin
qaranlıqda qaldığını, 1989-cu ildə vəfat
etdiyini, amma qəbrinin harada olduğunun tam məlum
olmadığını bildirir.
Kitabın "İmzaları və Dövlət
arxivindəki fondu" başlıqlı bölməsində,
ədəbi həyatda Abay Dağlı kimi tanınan Cəmil
Ağayevin təxəllüsləri və əsərləri
haqqında ümumi məlumat verən müəllif, daha sonra
unudulmuş və qaranlıqda qalmış bu şəxsiyyətlə
bağlı aparılan ilk elmi işlərdən bəhs edir və
nəhayət, arxivə təqdim olunan sənədlər sayəsində
onun qaranlıqda qalan bəzi cəhətlərinin
işıqlandırıldığını qeyd edir.
Əsərin "Abay Dağlı irsinin tədqiqi
tarixi və vəziyyəti" bölməsində, Abay
Dağlı haqqında aparılan ilk işlər barədə
ümumi məlumat verən Tahirli, beləliklə, onunla
bağlı toplu bir ədəbiyyat siyahısı təqdim edir.
Daha sonra Abayın incəsənət və ədəbiyyat həyatı
iki dövrdə araşdırıla biləcəyini bildirir.
Buna görə də müəllifin birinci dövrü
"Mühacirətə qədərki" dövrdür. Bu
dövrdə Abayın mühacirətə qədər
yazdığı ilk ədəbi cəhdləri, şeirləri
və pyesləri yer alır. İkinci dövr isə
"Mühacirət dövrü"dür. Müəllifin
Türkiyədəki sənət və ədəbiyyat həyatı
bu dövrdə fərqlilik göstərir.
Tahirli, tədqiqatının növbəti bölmələrində
Abay Dağlının ədəbi əsərlərini
araşdırır. Bu çərçivədə ilk olaraq
nəzərdən keçirdiyi əsər müəllifin
"Onlar Türklərdi" adlı romanıdır. Tədqiqatçı
"Onlar Türklərdi" romanında repressiyanın,
bolşevizmin və faşizmin bədii İttihamı"
başlıqlı bölümdə 1951-ci ildə nəşr
olunmuş həmin əsərin Türkiyə tədqiqatçılarının
diqqətindən yayınmasını, Azərbaycanda isə yalnız
1993-cü ildə çap oluna bildiyini və bu nəşrdə
Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə
keçiddə müəyyən səhvlərin olduğunu
qeyd edir. Doğrudur, "Onlar Türklərdi" əsəri
Türkiyədəki tədqiqatçıların diqqətindən
yayınmış və onun haqqında təəssüf ki,
araşdırma aparılmamışdır. Həmçinin, əsərin
Azərbaycan türkcəsinə çevrilməsi
üçün həm Türkiyə türkcəsini, həm
də Azərbaycan türkcəsini yaxşı bilən
mütəxəssislərə ehtiyac vardır.
Tədqiqatçı bu bölümdə romanın
"Rana" təxəllüsü ilə
yazıldığından bəhs edir, bu təxəllüsün
Abay Dağlıya aid olub-olmaması probleminə toxunur və nəticədə
əsaslı sübutlarla onun Abaya məxsus olduğunu təsdiqləyir.
Bu bölümdə kitabın xatirəmi, yoxsa roman olduğuna
da münasibət bildirən Tahirli, əsərin xatirə
deyil, bir "sənədli tarixi roman" olduğu qənaətinə
gəlir. Türk xalqının Sovet rejimində
qarşılaşdığı basqıları və
faşizmin yaratdığı böyük çətinlikləri
əhatə edən romanın birinci bölümündə
türklərin Sibirdə sürgünə göndərilməsi
və həbsxanalarda qarşılaşdıqları işgəncələr
təsvir edilir, beləliklə, Abay, bolşevizmi və Sovet
rejimini ifşa edir. "Qanlı cəbhələr"
başlıqlı ikinci bölümündə isə cəbhəyə
göndərilən türklərin mücadilələri təhlil
olunur. Aydın görünür ki, romanda belə iki hadisə
zənciri mövcuddur: birinci hadisə zəncirində Sibirdəki
həbsxanalarda türklərə qarşı edilən
zülmlərin, ikinci hadisə zəncirində isə cəbhədəki
mübarizənin hekayəsi əks olunub. Tahirli, bu
bölümdə romanda əsas mövzunun Sovet-Stalin
dövründə türklərə qarşı tətbiq
olunan basqılar olduğunu, müəllifin bu baxımdan kommunist
rejimini sərt tənqid etdiyini, lakin bəzən almanlara
simpatiya ilə yanaşdığını müəyyənləşdirib
və bu mövqenin səhv olduğunu ifadə edib.
Tədqiqatçı bu bölümdə "Onlar
Türklərdi" romanını, ehtiva etdiyi siyasi fikirlər
baxımından ətraflı şəkildə araşdırıb,
beləliklə, həmin dövrdəki mühacir
aydınların Sovet rejiminə necə
baxdığını da müəyyən edib. Tahirliyə
görə, bu cür romanlar dövrün siyasi və sosial vəziyyətini,
azərbaycanlı istiqlal mücahidlərinin
yaşadıqları çətin həyat, duyğu və
düşüncələrini əks etdirən bir növ
güzgü rolunu oynayır. Əsər estetik baxımdan zəif
ola bilər, lakin tarixi və ideoloji baxımdan bir
dövrü, həmin dövrün aydınlarının ruh
halını əks etdirməsi baxımından önəmlidir.
Hörmətli Tahirlinin təhlilləri məhz bu səbəbdən
əhəmiyyət kəsb edir.
Kitabın "Mühacirət dramaturgiyası
haqqında bir neçə söz" başlıqlı
bölməsində tədqiqatçı bu dəfə
"mühacirət teatrı" və Abayın teatr əsərlərinə
diqqət yetirir. Bu çərçivədə əvvəlcə
"Füzuli" pyesini araşdırır, böyük
şair haqqında yazılmış əsərlərdən,
elmi və ədəbi fəaliyyətlərdən bəhs
edir, daha sonra isə ardıcıl olaraq "Dədə
Qorqud", "Əsir ruhlar" və "Okullular"
adlı pyeslərini təhlil edir. Bu çərçivədə
Abay "Əsir ruhlar" adlı əsərində Sovet
rejiminin basqılarını, "Okullular"da isə Qərbə
heyran olan, öz tarixindən, mədəniyyətindən
uzaqlaşan gəncləri və tələbələri əks
etdirir. Abayın xüsusilə "Okullular" əsəri
idealist, müdrik bir müəllimin köklərindən
uzaqlaşan şagirdlərinə etdiyi bir xəbərdarlıq
kimi də dəyərlidir.
Tahirlinin yazdığına görə, Abay Dağlı
"Sakarya", "Atatürk cephelerde ve Çankayada",
"Sakarya çətəsi" (1969), "Bir Mayıs gecəsi"
(1960), "Sakarya" (1965), "Atatürk" (1966),
"Atamızın gəncliyi" (1967), "Malazgirdən
Sakaryaya" (1971), "Sakaryada 22-ci gün" (1971), "Ata
anıları" (1974), "Albay" (1975) kimi
Atatürkü, Qurtuluş müharibəsini və Kipr hərəkatını
mövzu edən pyeslər yazıb. Tədqiqatçı
kitabında bu əsərləri ümumilikdə ideya
quruluşu və obraz tərkibi baxımından təhlil edir.
Əsərlərin çoxunda aşıq obrazına diqqət
çəkir ki, bunun da, Abay Dağlının Azərbaycan
aşıqlıq ənənəsindən miras qalmış
bir üslub olaraq pyeslərində əks etdirdiyini
vurğulayır.
Əlbəttə, burada cavab axtarılmalı əsas
suallardan biri belədir: "Abay Dağlı pyeslərində
niyə bu qədər Atatürk və Qurtuluş müharibəsini
mövzu etmişdir?" Mənim fikrimcə, azərbaycanlı
mühacir aydınlar istiqlal arzusunu bu əsərlər vasitəsilə
ifadə edirdilər. Bunları türk xalqının
imperialist dünyaya qarşı çıxmaq hissinin bir azərbaycanlı
aydının dili ilə ifadəsi kimi oxumaq lazımdır.
Beləliklə, Abay bu pyeslərində dolayı yolla Azərbaycanın
qurtuluş arzusunu da çatdırır və türk tələbələri
üçün yazdığı bu əsərlərin
onlarda milli bir oyanış yaratmasını istəyirdi.
Nəticə olaraq, hörmətli Abid Tahirli bu
kitabında ömrünün böyük bir hissəsini
qürbətdə keçirmiş azərbaycanlı
mühacir aydının həyatını və əsərlərini
gün işığına çıxarır. Bunu, qürbətdə
unudulmuş, həyatının və ədəbi irsinin
böyük bir hissəsi qaranlıqda qalmış azərbaycanlı
bir aydınla bağlı ilk əhatəli, dolğun tədqiqatı
kimi qəbul etmək lazımdır. Elmdə sanballı
işlər həmişə çətinliklə ərsəyə
gəlir və müəyyən çatışmazlıqlar
da ola bilər. Çünki mənbələr hələ azdır,
sənədlərə və kolleksiyalara çatmaq problemdir.
Xüsusilə Abay kimi ömrünün yarısını
qürbətdə keçirmiş və bəzi ciddi səbəblərə
- sovet rejiminin təqib, təhdidlərinə görə hətta
adını dəyişmək məcburiyyətində
qalmış şəxsiyyətlərin həyatı və əsərləri
barədə araşdırma aparmaq daha çətindir. Bu
baxımdan, Abid Tahirli çətin bir işə
girişmişdir. Əvvəla, buna görə onu təbrik
etmək lazımdır.
Dediyim çətinliklər səbəbindən
kitabda çatışmazlıqlar yoxdurmu? Vardır! Məsələn,
Abid Tahirlinin də qeyd etdiyi kimi, Abay Dağlının
Türkiyədəki həyatı, müəllimlik illəri,
ailəsi və məzarı haqqında hələ kifayət
qədər məlumatımız yoxdur. Bunlar yalnız Tahirlidən
sonra gələcək tədqiqatlarda
işıqlandırılacaq.
Beləliklə, dəyərli alim
araşdırmaları növbəti tədqiqatçılar
üçün yol açır. Bundan sonra görüləsi
iş Tahirlinin də fəal iştirakı ilə açılan yolla Azərbaycan
mühacirət ədəbiyyatı irsini; həmin
aydınların nəşr etdiyi jurnalları, müxtəlif
qəzet və jurnallarda dərc olunmuş
yazılarını, çap olunmuş kitablarını
üzə çıxarmaq, onların üzərində
araşdırmalar aparmaq və beləliklə, "mühacirət
irsi"ni ortaya qoymaqdır. Çünki bu irs həm Azərbaycanın
tarixi, mədəniyyəti, ədəbiyyatı və siyasətini,
həm də Türkiyə ilə olan sarsılmaz
bağlılıqlarını kəşf etmək və
görmək baxımından böyük əhəmiyyət
kəsb edir. Burada görüləsi iş azərbaycanlı
alimlərin Türkiyədəki həmkarları ilə bu sahədə
"birgə layihələr" həyata keçirərək
tarixdə qaranlıqda qalmış həmin dövrü və
irsi ortaya çıxarmaq, toplamaq, tədqiq, təbliğ etməkdir.
Alaattin KARACA
Professor
(Türkiyə Cümhuriyyəti Muğla Sıtkı
Koçman Universiteti Ədəbiyyat Fakültəsi Türk
Dili və Ədəbiyyatı Bölməsi)
525-ci qəzet .- 2025.- 25 dekabr (№236).- S.12;13.