Musiqi elminə yeni töhfələr
Məlum olduğu kimi, bu il dahi Üzeyir Hacıbəylinin
anadan olmasının 140 illik yubileyidir. Möhtərəm
Prezidentimiz, cənab İlham Əliyevin 3 fevral 2025-ci il tarixli
sərəncamı ilə bu yubiley həm ölkəmizdə,
həm də onun hüdudlarından uzaqlarda böyük təntənə
ilə qeyd olunur. Musiqi ictimaiyyətinin hər bir nümayəndəsi
bu yubileyə öz töhfəsini verməyə
çalışır. Daha doğrusu, hər bir musiqiçi Üzeyir
bəyin ruhuna minnətdarlıqla onu yad edir. Amma elə bir
görkəmli ziyalımız var ki, o, yalnız Üzeyir
Hacıbəyli haqqında yazmaqla kifayətlənmir, onun
dünyada təbliği üçün də əlindən
gələni əsirgəmir. Bu, görkəmli alim, sənətşünaslıq
elmləri doktoru, Əməkdar incəsənət xadimi,
Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü Zemfira
Səfərovadır.
Zemfira xanımın Üzeyir bəy irsinə olan
sonsuz məhəbbəti onun elmi və yaradıcılıq fəaliyyətinin
əsas qayəsidir. Bu yerdə onun Üzeyir bəy haqqında
qələmə aldığı kitablarından bəzilərinə nəzər salaq:
«Óçåèð Ãàäæèáåêîâ» (Áàêó, «ßçû÷û», 1983), “Üzeyir Hacıbəyovun əsərləri”
(çapa hazırlayan ön söz və şərhlər
Z.Səfərova), “Leyli və Məcnun” partitura, I və II
cildlər (Bakı, “İşıq”, 1984), “Üzeyir Hacıbəyov”
(ingilis, fransız, ərəb, fars, türk, rus dillərində.
Bakı, “Yazıçı”, 1985). “Ölməzlik”, “Akademik
Üzeyir Hacıbəyli: yanan ürəyin
aydınlığa çıxan sənəti” (Bakı, “Elm”
2015), “Türk dünyasının müzik yıldızı –
Üzeyir Hacıbəyli” (Ankara: TULPARS, 2016).
Qeyd olunan mənbələr Üzeyir bəy
haqqında Zemfira Səfərovanın tədqiqatlarının
az bir hissəsidir. O, yeganə musiqişünas alimdir ki, təkcə
Üzeyir bəylə bağlı 30-dan çox kitabların
müəllifidir və bunlar yalnız Azərbaycan dilində
deyil, müxtəlif dillərdə işıq üzü
görüb. Zemfira xanımın Üzeyir bəy haqqında
kitablarının rus, ingilis, macar, türk, serb, ərəb və
başqa dillərə tərcümə olunması Üzeyir bəy
irsinin təbliğinə də mühüm təkan verən
elmi mənbələrdir.
Elmi və yaradıcılıq fəaliyyətinin 60
ilini Üzeyir irsinə həsr edən alim, bu gün də
öz dəyərli tədqiqatları ilə musiqi elminə
yeni töhfələr bəxş edir. Bununla da Zemfira xanım
Üzeyirbəyşünaslığa sədaqətliliyini,
özünün yüksək elmi potensialının son dərəcə
aliliyini ifadə edir. Zemfira xanım Üzeyir dünyasına,
Üzeyir musiqisinə bitib tükənməyən məhəbbətini
belə ifadə edir: “Mən Üzeyir musiqisinə elə bənd
olmuşam ki, o cazibədən çıxa bilmirəm”.
Beləcə, Üzeyir musiqisinin cazibəsindən
yeni-yeni kitablar yaranır və Zemfira xanım bir alim olaraq
musiqi elminə dəyərli mənbələr bəxş
edir.
Əziz oxucular, indi də akademik Zemfira xanım Səfərovanın
yeni kitablarından, bu kitabların təqdimat mərasimindən
söhbət açaq.
Dekabrın 22-də Azərbaycan Bəstəkarlar
İttifaqının konfrans salonunda baş tutan tədbir bir
neçə mənada musiqi ictimaiyyəti üçün əhəmiyyətli
oldu. Çünki burada akademik Zemfira Səfərovanın
kitablarının təqdimatı ilə yanaşı, həm
də Zemfira xanımın yetirmələrinin də
kitabları təqdim edildi. Bu da onun nəticəsidir ki, Zemfira
xanım yalnız özü tədqiqatlar aparmır, o, öz
ardıcıllarını da yetişdirir. Belə olduqda biz
Zemfira xanımı ustad musiqişünas adlandıra bilərik.
Elə isə gəlin əvvəlcə öz kitablarından
başlayaq.
Musiqi elminə əvəzsiz töhfələr verən
Zemfira xanım 2025-ci il Üzeyir bəyin anadan olmasının
140 illiyinə - «Ïàòðèàðõ àçåðáàéäæàíñêîé ìóçûêè Óçåèðà Ãàäæèáåéëè» - (rus
dilində, “Azərbaycan musiqisinin patriarxı Üzeyir Hacıbəyli”.
Áàêó, “ÑBS”, 2025, - 304 ñ.),
“Üzeyir Hajibeyli Life and Creative Career” – (ingilis dilində,
“Üzeyir Hacıbəyli. Həyatı və
yaradıcılıq fəaliyyəti”. Baku, “Elm”, 2025, - 112 p.)
kitablarını bəxş etdi. Bu kitabların hər biri
Üzeyir irsinə sədaqətlə xidmət edən, Şərq
musiqi elminin dərin qatlarına vararaq orta əsr alimlərinin
risalələrini üzə çıxaran və Azərbaycanın
musiqi tarixinin 5 cildinin işıq üzü görməsini ərsəyə
gətirən nəhəng bir alimin akademik elmi
yanaşmasının təzahürüdür.
Zemfira xanımın yüksək səviyyəli elmi və
ictimai fəaliyyəti sənətşünaslıq üzrə
fəlsəfə doktoru Ülkər Talıbzadənin yeni
işıq üzü görən “Akademik Zemfira Səfərova”
kitabında bütün təfərrüatı ilə
işıqlandırılıb.
Ülkər Talıbzadənin qələmə
aldığı kitabda Zemfira xanımın ömür yolu,
yaradıcılığı, ictimai və elmi fəaliyyəti
hərtərəfli təhlil olunur. Kitabda öz əksini tapan
- “Z.Səfərovanın
yaradıcılığı müasir Azərbaycan
musiqişünaslığı kontekstində”, “Z.Səfərovanın
“Azərbaycanın musiqi elmi” tədqiqatında Azərbaycan
musiqisinin nəzəri problemləri”, “Üzeyir Hacıbəylinin
musiqi və elmi irsinin tədqiqində Z.Səfərovanın
rolu”, “Z.Səfərovanın tədqiqatlarında
musiqişünaslığın aktual problemləri və
şəxsiyyətlər”, “Akademik Zemfira Səfərova
fotolarda”, “Zemfira Yusif qızı Səfərovanın kitablarının
siyahısı”- bölmələrə uyğun olaraq müəllif
görkəmli alimin fəaliyyətini tutarlı faktlarla və
öz mülahizələri ilə nəticələndirərək
oxucuya Zemfira xanımın bir vətəndaş, şəxsiyyət,
alim, ictimai xadim olmaqla bərabər, yüksək insani dəyərləri,
layiqli övlad, sədaqətli ömür-gün
yoldaşı, gözəl ana və nənə timsalında
da təqdim edir.
Ülkər Talıbzadənin “Akademik Zemfira Səfərova”
kitabı bir daha onu isbat edir ki, akademik Zemfira xanım Səfərova
dəyərli mənbələr yaratmaqla özü də dəyərli
tədqiqat obyektidir. Bu kitabda Zemfira xanımın elmi fəaliyyəti
müxtəlif istiqamətlərdən təhlil olunmaqla sanki
musiqişünaslar üçün də musiqi elminin
axtarış yolları göstərilir.
Uzun illər AMEA-nın “Memarlıq və İncəsənət”
İnstitutunda musiqi şöbəsinə rəhbərlik edən
Zemfira Səfərova
Akademiyanın fəaliyyətində də yaxından
iştirak edib. Bu barədə də Ülkər Talıbzadənin
kitabında daha ətraflı yazılıb.
Zemfira xanımın bir rəhbər olaraq diqqət və
qayğısının bir təzahürü də onun öz
kitabları ilə yanaşı, əməkdaşlarının
da kitablarının təqdim olunmasıdır. Demək, o, rəhbəri
olduğu şöbənin fəaliyyətini də daim diqqət
mərkəzində saxlayıb.
Təqdim olunan digər kitablar sənətşünaslıq
üzrə fəlsəfə doktorları Lalə
Kazımovanın “Füzuli qəzəlləri Azərbaycan
musiqisində” və Sehranə Kasiminin “Azərbaycan musiqisinin
inkişafı: mədəni tarixi kontekstdə təhlil”
adlanır. Bu araşdırmalar da musiqi elminə bəxş
olunan yeni və dəyərli töhfələrdir. Bu
kitabların hər birinin araya-ərsəyə gəlməsi
müəlliflərin tədqiqatları ilə yanaşı, həm
də AMEA-nın rəhbərliyi tərəfindən musiqi
elminə göstərilən diqqətin ifadəsidir. Təqdimat
mərasimində AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin
və digər rəhbər şəxslərin iştirakı
da buna misaldır. Bu həm də Zemfira Səfərovanın fəaliyyətinə
və şəxsiyyətinə olan yüksək hörmətin
təzahürüdür. İndi isə bir qədər təqdimat
haqqında.
Əvvəla, bir daha qeyd edirik ki, bu kitabların hər
birinin işıq üzü görməsində
Üzeyirşünas alim Zemfira Səfərovanın
böyük rolu var. Məhz buna istinadən tədbiri giriş
sözü ilə açan Azərbaycan Bəstəkarlar
İttifaqının sədri, AMEA-nın müxbir
üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə Zemfira
Səfərovanın kitablarının Azərbaycan
musiqişünaslıq elminin inkişafı sahəsində
xüsusi xidmətlərini qeyd edib. Təqdim olunan
kitabların milli musiqişünaslıq elminə böyük
töhfə olduğunu vurğulayıb.
Təqdimatda AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli,
AMEA-nın Memarlıq və İncəsənət
İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü,
professor Ertəgin Salamzadə də çıxış edərək,
Zemfira xanımın yüksək elmi potensiala malik fədakar
alim olduğunu söylədilər.
Təqdimat mərasimində sənətşünaslıq
üzrə elmlər doktoru, professor Nailə Rəhimbəyli
“Zemfira Səfərovanın “Üzeyir Hajibeyli Life and Creative
Career” kitabı haqqında”, Əməkdar mədəniyyət
işçisi, sənətşünaslıq üzrə fəlsəfə
doktoru Ülkər Talıbzadə “Akademik Zemfira Səfərovanın
rəhbərliyi ilə Musiqi tarixi və nəzəriyyəsi
şöbəsinin 2025-ci il elmi nəticələri və 5
yeni nəşri”, sənətşünaslıq üzrə
elmlər doktoru, professor İradə Köçərli
“Ülkər Talıbzadənin “Akademik Zemfira Səfərova”
kitabı haqqında”, musiqişünas Raya Abbasova “Zemfira Səfərovanın
«Ïàòðèàðõ àçåðáàéäæàíñêîé ìóçûêè Óçåèðà Ãàäæèáåéëè» kitabı haqqında”
məruzələri dinlənildi.
Bədii hissədə bəstəkar
Sevda Məmmədli Üzeyir Hacıbəylinin “Arşın
mal alan” operettasının mövzuları əsasında
“Fantaziya”sını ifa edib.
Bu maraqlı ifadan sonra akademik Zemfira Səfərova
çıxış edərək Üzeyir musiqisindən təsirləndiyini
və daim bu musiqidən xüsusi ilham aldığını
belə ifadə edib:
“20 il bundan öncə Bəstəkarlar
İttifaqında Üzeyir bəyə həsr olunan
kitabımın təqdimatı idi. O zaman Xalq artistləri
Xuraman Qasımova və Azər Zeynalov Üzeyir bəyin
“Arşın mal alan” operettasından “Elə bənd oldum”
duetini ifa etdikdən sonra mən də dedim ki, Üzeyir bəy
irsinə elə bənd olmuşam ki, 40 ildir onun cazibəsindən
çıxa bilmirəm. Bu gün həmin fikrin üstünə
20 il də əlavə edilib. Bəli, 60 ildir ki, Üzeyir bəy
musiqisinin cazibəsi məni özünə ram edib”.
Üzeyir bəylə bağlı öz tədqiqatlarından
danışan Zemfira xanım digər müəllifləri də
yeni kitablarının işıq üzü görməsi
münasibəti ilə təbrik edib və tədbirin təşkilində
iştirakı olan və eləcə də təqdimat mərasimində
çıxış edən hər kəsə öz təşəkkürünü
bildirib. Görkəmli Xalq yazıçısı Anar müəllim
də Zemfira xanımın fikirlərinə qoşularaq tədbirin
təşkili üçün Bəstəkarlar
İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadəyə,
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyliyə,
AMEA-nın Memarlıq və İncəsənət
İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü,
professor Ertəgin Salamzadəyə və bütün tədbir
iştirakçılarına minnətdarlıq hissini ifadə
edib.
Biz də öz növbəmizdə akademik Zemfira
xanım Səfərovaya minnətdarıq. Çünki onun
elmi və ictimai fəaliyyəti yalnız Azərbaycanın
deyil, hətta başqa xalqların da musiqi elminə dəyərli
töhfələr verib. Sevimli Zemfira xanıma
cansağlığı, uzun ömür və Üzeyir bəy
musiqisinin cazibəsi ilə yazıb-yaratmağı
arzulayırıq.
Səadət Təhmirazqızı
Sənətşünaslıq üzrə fəlsəfə
doktoru, Əməkdar mədəniyyət işçisi
525-ci qəzet .- 2025.- 25 dekabr (¹236).- S.11.