Akademik İsa Həbibbəyliyə ədəbi
məktub
Hörmətli İsa müəllim,
İraqda yaşayan soydaşlarımızla hər dəfə
əlaqə saxlayanda Sizi soruşur, salamlarını və
xeyir-dualarını sizə çatdırmağı xahiş
edirlər. Bu, təsadüfi deyil. Siz Azərbaycan-İraq
Türkman ədəbi-elmi-mədəni əlaqələrinə
töhfə verən alimlərdənsiniz.
12 iyun 2023-cü il tarixdə əlamətdar hadisə
baş verdi. Təşəbbüsünüz və rəhbərliyinizlə
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət
Heyətində "İraq Türkman Araşdırmaları
Əlaqələndirmə Şurası"nın
yaradılması barədə qərar qəbul olundu.
Şuranın sədri akademik Teymur Kərimli, həmsədr
professor Qəzənfər Paşayev təyin edildi.
Bundan sonra əlaqələrimiz təşkilatı
status qazandı və onun daha geniş vüsət alması
üçün çeşidli tədbirlər keçirməyə
mənəvi stimul oldu.
2024-cü ilin may ayının 22-23-də Sizin və
akademik Muxtar İmanovun təşəbbüsü ilə Mili
Elmlər Akademiyasının Ədəbiyyat və Folklor
İnstitutlarının, eləcə də Kərkük
Kültür Dərnəyinin başqanı Dr.Şəmsəddin
Küzəçinin təşkilatçılığı
ilə İraq Türkman alimi, folklorşünaslıq və ədəbiyyatşünaslıq
elminin bünövrəsini qoyan, hər iki sahədə məktəb
yaradan görkəmli elm xadimi Əta Tərzibaşının
anadan olmasının 100 illiyinə həsr olunmuş
"İraq Türkman folkloru və ədəbiyyatı"
adlı Beynəlxalq konfrans keçirildi. Konfransda
Türkmanelindən və dünyanın başqa ölkələrindən
100-ə yaxın Türkman alimləri, yazıçı və
şairləri, mətbuat, radio və televiziya nümayəndələri
iştirak edirdilər. Folklor İnstitutunun "Dədə
Qorqud" dərgisinin bir sayı (№2, 2024, 206 s.)
bütövlükdə Əta Tərzibaşının
yüz illiyinə həsr olundu.
Gün kimi aydın həqiqətdir ki, beynəlxalq
konfransların keçirilməsi və məruzələrin
çap olunması ədəbi-mədəni, elmi əlaqələrin
ən yaxşı örnəyi, birliyimizin ən ümdə
yoludur.
Sizin və Dr.Şəmsəddin Küzəçinin
təşəbbüsü ilə AMEA-nın Mərkəzi
Kitabxanasında "İraq Türkman ədəbiyyatı"
bölümünün yaradılması və Ədəbiyyat
İnstitutunda İraq Türkman ədəbiyyatı üzrə
Orxan İsayevə dissertant yeri ayırmağınız, Şəmsəddin
Küzəçiyə Ədəbiyyat İnstitutunun fəxri
doktoru adı verməyiniz çox mətləblərdən xəbər
verir.
22 aprel 2025-ci il tarixdə təşəbbüsünüz
və rəhbərliyinizlə AMEA-nın Rəyasət Heyətində
İraq Türkmanlarının XX əsrdə yetişdirdiyi
dahi şəxsiyyət, Ulu öndərin dostu İhsan
Doğramacının anadan olmasının 110 illiyi təntənəli
şəkildə qeyd edildi. Yaxşı yadımdadır,
yığıncağı açaraq İhsan
Doğramacını görkəmli elm xadimi, şəxsiyyət
kimi təqdim etdiniz. O dahi şəxsiyyəti əfsanə
insan adlandırdınız. Akademik Əhliman Əmiraslanov
İhsan Doğramacı haqqında məruzə etdi. Məruzəsini
Doğramacının yaradıcılığına
işıq tutan cümlə ilə bitirdi: "Dünyada səhiyyə
və təhsil sahəsində elə bir zirvə yoxdur ki,
Doğramacı fəth etməmiş olsun, elə bir
mükafat yoxdur ki, almamış olsun". Akademiklər
İradə Hüseynova, Misir Mərdanov Doğramacının
səhiyyə sahəsində məktəb
yaratdığından söz saldılar. Uzun müddət
Türkiyədə səfir işləyən professor Məmməd
Əliyev Doğramacının şəxsi keyfiyyətlərindən
danışdı və Doğramacıya həsr etdiyi
"Xoca bəy" kitabını zalda əyləşənlərə
payladı.
Mən Ulu öndərlə Doğramacının
dostluğundan söz açdım. Dedim ki, dağlar zirvələri
ilə, xalqlar şəxsiyyətləri ilə tanınır.
Bu iki dahi şəxsiyyət xalqımızı dünyada
tanıtmaqda müstəsna xidmətlər göstəriblər
- deyərək Ulu öndərin tarixi sözlərini yada
saldım: "Tarixi araşdıranda gördüm ki, Güney
Azərbaycan, Quzey Azərbaycan və İraq Türkmanları
bir bütövün parçalarıdır".
İsa müəllim, İraq Türkmanları ilə
milli birliyimizi, milli mənsubiyyətimizi, ortaq milli-mənəvi
dəyərlərə sahib olduğumuzu dərindən duyan,
bu sahədə əmək sərf edən, töhfələr
verən alimlərimizdən biri Sizsiniz.
Gördüyünüz işlər göz
qabağındadır.
İraqlı soydaşlarımız eşidəndə
ki, onlar haqqında kitablarıma ön söz olaraq
yazdığınız məqalələri, eləcə də
başqa alimlərin yazılarını toplayıb Kərkükdə,
Ankara və Bakıda çap etdirmək qərarına gəlmişik,
çox sevindilər. Səbirsizliklə kitabın əlyazmasını
gözləyirlər.
Kitab möhtəşəm "Ziyalı fədakarlığına
örnək", "Kərkükşünaslığın
lideri", "Əməkdar elm xadimi Qəzənfər
Paşayevin Bayatnaməsi", yetişdirməm, filologiya
üzrə fəlsəfə doktoru Orxan İsayevlə birgə
yazdığım "İraq Türkman ədəbiyyatı
tarixi" kitabına yazdığınız "İraq
Türkman ədəbiyyatının ilk elmi salnaməsi"
adlı ön sözünüzün hər biri bitgin əsərdir.
Hörmətli İsa müəllim, Azərbaycan Milli
Elmlər Akademiyasının prezidenti, Azərbaycanda ədəbiyyatşünaslıq
elminin taleyinə cavabdehlik missiyasını uğurla həyata
keçirən Ədəbiyyat İnstitutunun baş direktoru
kimi həddən artıq məşğul olduğunuz halda,
vaxt tapıb haqqımda ürəkdən gələn
xeyirxahlıqla yazdığınız çox maraqlı və
sanballı məqalələrə görə sizə minnətdaram.
Xüsusən də Ulu öndərə və möhtərəm
Prezidentimiz İlham Əliyevə həsr etdiyim
"Xilaskarlar" kitabıma yazdığınız
"Xilaskardan-Xilaskara"adlı ön sözə və "Hüseyn
Kürdoğlunun poetik dünyası" adlı monoqrafiyama
yazdığınız "Ədəbiyyatşünaslıqda
faydalı örnək" adlı ön sözə görə
sizə xüsusi minnətdarlığımı bildirirəm.
Təəssüf ki, sonuncu iki məqalə sırf
Quzey Azərbaycanla bağlı olduğuna görə
iraqlı soydaşlarımızla bağlı İraqda
çap olunacaq kitabda yer alması məqbul sayılmaz. Yerdə
qalan dörd məqalə isə yetərli deyildir. Odur ki, sizin
məqalələrinizi, eləcə də Anar, Sabir Rüstəmxanlı,
Bəkir Nəbiyev, akademiklər Rafael Hüseynov və
Möhsün Nağısoylunun, professorlar Qasım Qasımzadə,
Qənirə Paşayeva, Məhərrəm Qasımlı, Məmməd
Əliyev, Nizami Tağısoylu və Dr.Orxan İsayevin məqalələrini
birinci bölümdə, Bakıda işıq üzü
görən kitablarımda çap olunan iraqlı
soydaşlarımızdan Dr.Əbdüllətif Bəndəroğlu,
Prof.Dr. Mahir Naqib, Prof.Dr.Süphi Saatçı,
yazıçı Mövlud Taha Qayaçı, Dr.Mustafa Ziya,
Dr.Şəmsəddin Küzəçi və
başqalarının məqalələrinini, məqbul
sayılsa, ikinci bölümdə verərik.
Kitaba ön söz kimi Sizin çox sanballı və əhatəli
"Azərbaycan dünyası və Kərkük
sevdası" məqalənizi verəcəyik.
İsa müəllim, elmi fəaliyyətimdə,
xüsusən də iraqlı soydaşlarımızla
bağlı çalışmalarımda mənə dayaq
olduğunuzu hər an hiss etmişəm. Mən İraqda
yaşayan, eləcə də siyasi rejim ucbatından pərən-pərən
düşərək yad ölkələrə pənah aparan
soydaşlarımız və şəxsən öz adımdan
sizə minnətdarlığımı bildirirəm. Uzun illər
indiki enerji və məhəbbətlə ədəbiyyatşünaslıq
elmimizin inkişafına töhfələr verməyinizi arzu
edirəm.
Qəzənfər PAŞAYEV
Respublika Ağsaqqallar Şurası İdarə Heyətinin
üzvü, Əməkdar elm xadimi, professor
525-ci qəzet .- 2025.- 25 dekabr (№236).- S.10.