Pərakəndə ticarətdə
sadələşdirilmiş dövriyyə
artırılır, vergi azaldılır
Dəyişikliklər pərakəndə ticarət və
əhaliyə xidmət sahələrində ədv
qeydiyyatı ilə bağlı qaydaları əhəmiyyətli
dərəcədə yeniləyir
Azərbaycanda pərakəndə ticarət və əhaliyə
xidmət sahələrində fəaliyyət göstərən
sahibkarlar üçün vergi mühitinin
yumşaldılması istiqamətində mühüm addım
atılır. Belə ki, 2026-cı ildən etibarən ƏDV
qeydiyyat limitinin POS-terminal vasitəsilə aparılan
nağdsız əməliyyatlara 0.5 əmsal tətbiq etməklə
iki dəfə artırılaraq 400 min manata
çatdırılacaq. Həmçinin, eyni yanaşma vergi
ödəyicisinin ƏDV qeydiyyatının ləğvi
zamanı da tətbiq ediləcək. Belə ki, Vergi Məcəlləsinin
qüvvədə olan müddəalarına əsasən vergiyə
cəlb olunan əməliyyatlarının həcmi əvvəlki
tam 12 təqvim ayı 100.000 manatdan çox olmadığı
halda vergi ödəyicisi ƏDV-nin məqsədləri
üçün qeydiyyatın ləğv olunması barədə
ərizə təqdim edə bilirdisə, 1 yanvar 2026-cı ildən
etibarən ƏDV qeydiyyatının ləğvi zamanı
vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği
müəyyən edilərkən vergi ödəyicisinin pərakəndə
ticarət və vergi orqanında uçotda olmayan şəxslərə
göstərilən xidmətlər üzrə nağdsız
qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr
əsasında formalaşan dövriyyəsi 0,5 əmsal tətbiq
edilməklə nəzərə alınacaq.
Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər
pərakəndə ticarət və əhaliyə xidmət sahələrində
ƏDV qeydiyyatı ilə bağlı qaydaları əhəmiyyətli
dərəcədə yeniləyir. Hazırkı qanunvericiliyə
görə, ardıcıl 12 aylıq dövrdə vergi tutulan əməliyyatların
məbləği 200 min manatı keçdikdə vergi ödəyicisi
məcburi qaydada ƏDV qeydiyyatına alınmalıdır.
Bu ödənişlər POS-terminal və elektron
ödənişləri təşviq edir, həmçinin
bildirilir ki, nağdsız işlədikcə vergi
baxımından daha əlverişli şərait yaranır.
Nağdsız dövriyyəyə üstünlük verilməsi
gəlirlərin daha şəffaf uçotuna gətirib
çıxarır. Bu isə uzunmüddətli perspektivdə
kölgə iqtisadiyyatının daralmasına xidmət edir.
Eyni zamanda rəqəmsal və nağdsız iqtisadiyyata
keçidi sürətləndirir.
Xüsusilə regionlarda fəaliyyət göstərən
xidmət və ticarət obyektləri üçün bu dəyişiklik
biznesin davamlılığı baxımından əhəmiyyətlidir.
Bu qərar həm sahibkarların maraqlarına cavab verir, həm
də dövlətin uzunmüddətli iqtisadi strategiyası -
rəqəmsallaşma və şəffaflıq hədəfləri
ilə uzlaşır.
Bu dəyişiklik birbaşa ucuzlaşma yaratmasa da,
qiymətlərin nisbətən sabit saxlanılmasına,
qarşıdakı aylarda isə zəruri artım sürətinin
azalmasına dəstək ola bilər. Başqa sözlə, bu
güzəşt həmin sektorlar üzrə qiymət
artımlarının gecikdirilməsi üçün
kompensasiya mexanizmi rolunu oynaya bilər.
Eyni zamanda yenilik nağdsız ödənişləri
daha da təşviq edəcək, dövriyyələrin şəffaflaşmasına
və iqtisadiyyatın "ağardılmasına" xidmət
göstərəcək. Ümid edək ki, bununla da nağdsiz
ödəniş etmək istəyən müştəriyə
"POS-terminalı təmirə göndərmişik"
tipli şablon bəhanə cavablarının sayı azalacaq.
Onların dövriyyəsi 200 min manatı keçsə də
belə, 400 min manatdan az olduğu halda ƏDV ödəməyəcəklər.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən
bildirilib ki, ictimai iaşə fəaliyyəti ilə məşğul
olan şəxsin ay ərzində göstərdiyi xidmətlərin
dəyəri 50 min manat məbləğində olub və bu məbləğin
10 min manatı nağd şəkildə, 40 min manatı isə
POS-terminal vasitəsilə nağdsız qaydada ödənilib.
Digər şəxslərə ödədiyi və əvəzləşdirdiyi
ƏDV-nin məbləği isə 3 min manat olub. Bu halda
büdcəyə ödənilməli ƏDV-nin məbləği
6 min manat hesablanacaqdısa, dəyişiklikdən sonra həmin
məbləğ 2400 manat təşkil edəcək:
"İctimai iaşə fəaliyyəti ilə məşğul
olan sadələşdirilmiş vergi ödəyicisinin ay ərzində
göstərdiyi xidmətlərin dəyəri 50 min manat məbləğində
olub və bu məbləğin 10 min manatı nağd şəkildə,
40 min manatı isə POS-terminal vasitəsilə nağdsız
qaydada ödənilib. Bu halda büdcəyə ödənilməli
sadələşdirilmiş verginin məbləği 4 min manat
hesablanacaqdısa, dəyişiklikdən sonra həmin məbləğ
3200 manat təşkil edəcək.Göründüyü
kimi, nağdsız ödənişlərin xüsusi çəkisi
artdıqca, dəyişiklik sahibkarlar üçün vergi
yükünün azalmasına, daha çox qazanc əldə
etməsinə imkan yaradacaq".
Dəyişiklik sahibkarlar üçün vergi
yükünün azalmasına, daha çox qazanc əldə
etməsinə imkan yaradacaq
İqtisadçı millət vəkili Vüqar
Bayramov deyir ki, dəyişikliklərə əsasən, pərakəndə
ticarət və əhaliyə xidmət sahələrində
nağdsız dövriyyə üzrə ƏDV qeydiyyat limiti
200 min manatdan 400 min manatadək artırılması ilə
vergi ödəyicisinin pərakəndə ticarət və xidmətlər
üzrə nağdsız qaydada POS-terminal vasitəsilə
aparılan ödəmələr əsasında formalaşan
dövriyyəsi 0,5 əmsal tətbiq edilməklə nəzərə
alınacaq: "Bu o deməkdir ki, gələn ildən etibarən
sadələşdirilmiş vergi dövriyyəsinin 2 dəfə
artırılması nəzərdə tutulur. Sadə dildə
izah etsək, əgər hazırda 12 aylıq ardıcıl
dövriyyəsi 200 min manatdan çox olan sahibkarlar 18.0 faiz əlavə
dəyər vergisi (ƏDV) ödəyirlərsə, gələn
aydan etibarən 400 min manatədək sadələşdirilmiş
vergi ödəyəcəklər. Yəni onların dövriyyəsi
200 min manatı keçsə də belə, 400 min manatdan az
olduğu halda ƏDV ödəməyəcəklər. Bu isə mikro sahibkarların vergi
yükünün azalmasına gətirib çıxaracaq. Sadələşdirilmiş
vergi əhaliyə göstərilən xidmətlər üzrə
nağdsız qaydada POS-terminal vasitəsilə aparılan
ödəmələr əsasında formalaşan vergitutma
obyekti üzrə isə 2026-cı il yanvarın 1-dən 3 il
müddətinə 6 faiz dərəcə ilə hesablanacaq.
Beləliklə, sadələşdirilmiş vergi dərəcəsi
8 faizdən 6 faizə endiriləcək. Nağdsız ödəmələr
nəzarət-kassa aparatına vahid əməliyyat sistemində
inteqrasiya edilmiş POS-terminal vasitəsilə
aparılmalıdır. Pərakəndə ticarət və əhaliyə
xidmət sektorunda tətbiq edilən yeni güzəştlər
sahibkarların xərclərini azaldacaq. Bu isə onların
qiymət azalmalarına getmələri üçün də
iqtisadi əsas yaradır. Qiymətlərin necə dəyişəcəyi
isə, təbii ki, sahibkarların qərarlarından
asılı olacaq".
Dəyişiklik nağdsız ödənişləri
stimullaşdırmaq məqsədi daşıyır
Azərbaycan Respublikasının Auditorlar
Palatasının üzvü, auditor Mehdi Babayev bildirib ki, dəyişiklik
nağdsız ödənişləri stimullaşdırmaq məqsədi
daşıyır: "Pərakəndə ticarət və
vergi orqanında uçotda olmayan şəxslərə
göstərilən xidmətlər üzrə POS-terminal vasitəsilə
nağdsız aparılan ödənişlərə 0,5 əmsal
tətbiq edilir. Bu, həmin dövriyyənin ƏDV
qeydiyyatı üçün yarı məbləğ kimi qəbul
edilməsi deməkdir. Bu yanaşma sahibkarların
nağdsız əməliyyatlarını faktiki dövriyyədən
daha aşağı göstərici ilə ƏDV məqsədlərinə
hesablanmasına imkan verir. Yeni qaydaların tətbiqi praktikada
sahibkarlar üçün real güzəştlər
yaradır. Məsələn, fərdi sahibkarın bir il ərzində
POS-terminal vasitəsilə 300 min manat nağdsız dövriyyəsi,
əlavə olaraq isə 40 min manat nağd dövriyyəsi
formalaşdığını nəzərə alaq. Bu halda
sahibkarın ümumi dövriyyəsi 340 min manat təşkil
edir. Mövcud yanaşmaya görə, bu məbləğ
ƏDV qeydiyyatı üçün öhdəlik yaradır.
Lakin yeni mexanizm çərçivəsində nağdsız
dövriyyəyə 0,5 əmsal tətbiq olunduğundan, 300 min
manatlıq nağdsız dövriyyə ƏDV məqsədləri
üçün 150 min manat kimi qəbul edilir. Nağd
dövriyyə ilə birlikdə hesablandıqda sahibkarın
ƏDV məqsədləri üçün dövriyyəsi
190 min manat təşkil edir. Bu məbləğ 200 min
manatlıq məcburi ƏDV qeydiyyatı həddindən
aşağı olduğuna görə, sahibkarın ƏDV
ödəyicisi kimi qeydiyyata alınması öhdəliyi
yaranmır".
Bu mexanizm sadələşdirilmiş vergi sistemində
fəaliyyət göstərən sahibkarlar üçün əhəmiyyətli
dəstək olacaq
Dəyişikliklər nəticəsində sahibkarlara
demək olar ki, belə bir imkan yaradılır. Nağdsız
qaydada 400 min manat dövriyyə apar, amma yenə də ƏDV
ödəyicisi olma. Bu mexanizm sadələşdirilmiş vergi
sistemində fəaliyyət göstərən sahibkarlar
üçün əhəmiyyətli dəstək olacaq:
"Hazırkı qanunvericiliyə görə, vergi ödəyicisi
ardıcıl 12 ay üzrə dövriyyəsi 100 min manatdan
çox deyilsə, ƏDV qeydiyyatının ləğvi
üçün müraciət edə bilər. Yeni yanaşma
ƏDV qeydiyyatından çıxma prosesində də
sahibkarlar üçün daha əlverişli şərait
yaradır. Məsələn, fərdi sahibkarın bir il ərzində
50 min manat nağd, 90 min manat isə POS-terminal vasitəsilə
nağdsız dövriyyəsi formalaşıb. Bu halda
ümumi dövriyyə 140 min manat təşkil etdiyindən,
hazırkı qaydalara əsasən sahibkar ƏDV
qeydiyyatının ləğvi üçün müraciət
etmək hüququ əldə etmir. Lakin yeni mexanizm tətbiq
olunduqda nağdsız dövriyyə 0,5 əmsalla hesablanır
və 90 min manatlıq dövriyyə ƏDV məqsədləri
üçün 45 min manat kimi qəbul edilir. Nağd
dövriyyə ilə birlikdə hesablandıqda isə
sahibkarın ƏDV məqsədləri üçün
dövriyyəsi 95 min manat təşkil edir. Bu isə ona
ƏDV qeydiyyatının ləğvi üçün
müraciət etmək hüququ verir. Nəticə etibarilə,
nağdsız ödənişlərə tətbiq edilən
0,5 əmsal mexanizmi sahibkarların vergi yükünü
azaltmaqla yanaşı, onların maliyyə əməliyyatlarını
daha şəffaf və sistemli şəkildə aparmasına
imkan yaradır. Bu islahat nağdsız dövriyyənin təşviqinə
xidmət edir, sahibkarların fəaliyyətini yüngülləşdirir
və dövlətin nağdsız iqtisadiyyatın genişləndirilməsi
istiqamətində müəyyən etdiyi strateji hədəflərlə
uzlaşır".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 25 dekabr (№236).- S.8.