Bir udumluq nəfəs
("İnsan mənzərələri"
silsiləsindən)
İllər keçir, amma o mənzərə
hələ də gözlərimin
qabağındadır
Atam bu dəfə məni də özü ilə
bazara aparmışdı. İlk dəfə idi ki, evdə
tez-tez adını eşitdiyim bu məkana gəlmişdim. Hər
şey mənim üçün təzə idi. Ona görə
də ağzımı ayırıb elə hey ora-bura
baxırdım. Asfaltın üstünə
yığılmış qarpız-yemiş qalaqları balaca
təpələrə bənzəyirdi. Yaxınlıqdakı
ucuz yeməkxanadan mehin qovub gətirdiyi təzə kotlet iyi
bazarı başına götürmüş, öz
mallarını tərifləyən satıcıların
bağırtıları bir-birinə qarışıb qəribə
bir uğultu yaratmışdı və mənə elə gəlirdi
ki, bir az da keçsə, biz bu iyin və uğultunun
içində itib-batacağıq.
Piştaxtaların arasında gəzişib
alacaqlarının ucuz və keyfiyyətlisini axtaran atam
növbəti dəfə başını qaldıranda
baxışları uzaqda nəyəsə ilişib qaldı və
mənə elə gəldi ki, həmin
o anda içindən çölə - gözlərinə,
üzünə bir ağrı axdı. Mən uşaq idim,
amma hiss edirdim ki, nə isə gözlənilməz bir hadisə
baş verəcək. Nəzərlərimi qeyri-ixtiyari atam
baxan tərəfə yönəldim - bir az aralıda beli azca
donqar, ağ saqqallı, çöhrəsi illərin
yorğunluğuna bulaşmış bir qoca biz tərəfə
gəlirdi. O qocanın sifətində
eyni ilə atamın üzündə olan cizgiləri
görüb təəccübləndim - elə bil atamın
qocalığı bir kölgə kimi onun üstünə gəlirdi.
Qoca bizə çatar-çatmaz atamın bayaqkı
ağrılı görkəmi dəyişdi, sanki
dönüb balaca bir uşaq oldu, kənara çəkilib
hörmətlə qocaya yol verdi. O da başını
qaldırıb atama baxdı və həmin anda mənə elə
gəldi ki, hər ikisinin sifətindəki ifadə dəyişdi.
Sonra atam nədəsə təqsiri olan uşaq kimi
büzüşüb boynunu azca bükdü, qoca isə
dodaqlarının altında nə isə mızıldana-mızıldana
uzaqlaşdı. Atam kədərli nəzərlərlə bir
müddət onun arxasınca baxdı, sonra yenidən kartofun,
soğanın... ucuz və keyfiyyətlisini axtaran adamlara
qarışdı. Qəribədir, bu gözlənilməz
görüşə qədər istədiklərini tələsmədən,
rahatlıqla axtaran atamın hərəkətlərində
indi bir tələskənlik
vardı - mən az qala onu qaça-qaça təqib edirdim
ki, adamların arasında itirməyim.
Evə gələndən sonra bu əhvalatı anama
danışıb, o qocanın kim olduğunu soruşdum. Anam
"Babandır" - dedi. - "Atanın atası" və
köks ötürüb susdu.
Mən babanın nə olduğunu bilirdim, amma indiyədək
belə bir babamın olmasından xəbərsiz idim. Qəribədir
ki, atamın anası - yəni nənəmlə bir evdə,
bir dam altında yaşasaq da, ağlıma gəlməmişdi
ki, kiminsə nənəsi varsa, mütləq babası da olmalıdır. Bəlkə
elə buna görə bir uşaq marağı və
şıltaqlığı ilə növbəti sualı
verdim:
- Bəs babam niyə bizə gəlmir, niyə nənəm
kimi bizimlə yaşamır?
Anamın gözləri yol çəkdi... Sonra bayaq
bazardan aldığımız pomidorlardan soya-soya üzümə
baxıb dedi:
- Sizinki baba sarıdan gətirmədi, bala. Mənim
atamı müharibə uddu, bu baban da belə. - Qəfildən
əl saxlayıb üzümə baxdı. - Belə şeyləri
başa düşmək üçün hələ balacasan.
Get dərslərini oxu. Vaxt gələr bilərsən.
Anam hardasa haqlı idi. O vaxt mən ikinci sinifə
keçmişdim, nə biliyim, nə də həyat təcrübəm
insanlar arasındakı münasibətlərin mürəkkəb,
qəliz tərəflərini anlamağıma imkan vermirdi. Amma
bu gün bazarda gördüklərim, keçirdiyim hisslər
düyünlənib ürəyimdə qaldı və o
düyün doğrudan da yalnız mən yaşa dolduqca, pis və
yaxşının, sevgi və nifrətin nə olduğunu
anladıqca yavaş-yavaş
açılmağa başladı.
Boyük bacılarımdan, anamla atamın axşamlar
şam yeməyindən sonra hərdən ikilikdə dərdləşmələrindən,
bu dünyanın işlərindən gileylənmələrindən oğurlaya-oğurlaya bildim ki, atam anadan
olandan az sonra nənəm babamdan ayrılıb indi bizim
yaşadığımız öz ata həyətindəki
köhnə evə qayıdıb, yeganə övladını
- atamı tək böyüdüb. Dediklərinə görə,
bu ayrılığa səbəb babamın nənəmə xəyanəti
olubmuş. Nənəm babamdan elə küsmüşdü
ki, ömrünün sonuna qədər bir dəfə də
olsun onun adını dilinə gətirmədi. Atası ola-ola
atasızlıq dərdi yaşamış,
uşaqlığı aclıq, əziyyət, məşəqqət
içində keçmiş atam isə hətta ahıl
vaxtlarında da özünü "atalı yetim"
adlandırsa da, nəyə görəsə babama bu ifadəyə
uyğun münasibət bəsləmir, ona nənəm kimi
nifrət etmirdi. Hətta adını
mənə qoymuşdu. Bu isə nənəmə əlavə
problemlər yaratmışdı. Onun dilindən bir dəfə
də olsun öz adımı eşitmədim - məni həmişə
"ay uşaq" - deyib çağırırdı...
Son vaxtlar nənəmin gözləri yaxşı
görmürdü. Bir dəfə təqaüd ardınca gedib
evə qayıdanda öz küçə
qapılarının ağzında kətildə oturub babamla
söhbət edən qonşumuz molla Kazım kişiyə
salam vermişdi, sonra biləndə ki, babam da orda imiş və
verdiyi salamdan dolayısı ilə ona da pay düşüb -
yazıq arvad səhərə kimi ağlaya-ağlaya
günahından keçməsi xahişi ilə Allaha
yalvardı...
Atamın uşaqlığı çox ağır
vaxtlara düşmüş, küçələrdə
ac-yalavac, yiyəsiz səfil kimi böyümüşdü.
Onun uşaqlıq illərini xatırlayan idman müəllimimiz
bir dəfə mənə dedi ki, atan çox
dözümlü atamdır ki, o zıppıltıdan sağ
çıxa bildi və əgər yiyəsi, arxasında
duranı, oxudanı olsaydı,
bəlkə də indi tanınmış, hörmətli
adamlardan biri idi.
Mən yavaş-yavaş başa düşdüm ki,
atamın ailəyə, övladlarına məhəbbəti ilə
yanaşı, sərtliyi, əsəbiliyi, açıq desəm,
bir az qəddarlığı, kobudluğu uşaq vaxtı
aldığı psixi zədələrin, atası ola-ola
atasız qalmasının nəticəsi imiş. Amma iş
burasındadır ki, bütün bunlara rəğmən,
atasının təəssübünü çəkir, evdə,
çöldə, məclislərdə onun haqqında xoş
olmayan söhbətlərə rəvac vermirdi.
Mən bu dolaşıq məsələdən
heç cür baş aça bilmirdim.
...Nənəm ata evinə gələndən bir az
sonra babam evlənmiş və təzə arvadından bir
qızı olmuşdu. Başqa sözlə desək,
atamın ta bir, ana ayrı
bacısı, yəni bizim bibimiz vardı. Atam nə
atasının, nə də bibimin evinə ayaq basırdı.
Bibim isə ara-sıra bizə gəlsə də, evə
qalxmır, uzaq başı eyvanın qırağında bir az
oturur, ordan-burdan danışıb gedirdi. Bibimin yeddi
uşağı vardı və bildiyimə görə,
onların hamısı babamgilin bizim evdən yeddi-səkkiz ev
o yandakı həyətlərində ən arzulanan qonaqlar idi.
Və mən hərdən küçədə babamın
öz qız nəvələrinin biri ilə söhbətləşə-söhbətləşə,
zarafatlaşa-zarafatlaşa harasa
getdiyini görəndə bu mehribanlığa
paxıllığım tuturdu, istəyirdim ki, o
bibiuşağının yanında mən də olum, babam mənə
də mehribanlıq göstərsin. Amma bu, arzudan o yana
keçmirdi. Başa düşürdüm ki, biz, yəni
doğmaca oğlundan olan uşaqlar onun üçün
aşağı sort dəyərində olan nəvələrdir.
Bu həqiqət içimdə kədər qarışıq
bir kin yaratsa da, əslində elə belə də olmalı
idi - doğmaca oğluna o cür münasibət bəsləyən
adamdan o oğuldan olan nəvələrinə hansı sevgidən,
mehriban münasibətdən söhbət gedə bilərdi?
Bu ağrını evimizdə atamdan sonra ən
çox yaşayan mən idim. Amma bir şeyi başa
düşmürdüm:
atamın ürəyində sağ-salamat ola-ola onu yetim,
köməksiz qoymuş, əsəblərini pozmuş bu
kişiyə qarşı niyə
nifrət, daxili bir etiraz yox idi? Onu görəndə təqsirkar
uşaq kimi büzüşməyi, boynunu əyməyi nəyin
ifadəsi idi?
Sonralar nənəmin gözləri tam tutuldu. Çox
qəribədir ki, mən nənəmin gözlərinin
tutulmağında da atamın öz arzularını ürəyində
həmişəlik dəfn etməsinin baiskarı olan
babamı günahkar bilirdim və mənə elə gəlirdi
ki, nənəm gecələr otağında xəlvətcə
ağlamaqdan kor olub. Yavaş-yavaş içimdə adıma
qarşı yaranan nifrət də bundan qaynaqlanırdı. Tərs
kimi də öz arvadına, oğluna zülm edən,
onların ruhunu zədələyən belə bir adamın
adını daşıyırdım. Bu ad ağır daş
kimi bütün ruhumu əzirdi. Üstəlik, hamı deyirdi
ki, böyüdükcə atama oxşayıram. Atam isə lap
babamın burnundan düşmüşdü. Belə
çıxırdı ki, babamın yeganə oğul nəvəsi
- yəni mən xoş, ya naxoş bu adı, geni gələcəyə
daşımağa məhkum idim. Bunları uşaq ağlı
ilə olsa da, dərk edir, zorla boynuma qoyulmuş bu öhdəliyin
heç olmasa birindən yaxa qurtarmaq üçün yollar
axtarırdım. Sir-sifətdən babama oxşamağım məndən
asılı deyildi. Ona görə də bu barədə fikirləşməyə
dəyməzdi. Qalırdı ad məsələsi.
Bir ildən sonra mən 6-cı sinifdə oxuyanda nənəm
66 yaşında vəfat etdi. O vaxta qədər bir dəfə
də qapımızı açmayan babam heç nə
olmamış kimi onun bütün hüzür məclislərində
iştirak etdi. Görəsən, nə üçün? Rəhmət
oxumağa gəlmişdi? Necə ola bilərdi ki, qırx ildən
də çox vaxt ərzində özünün adicə
insanlıq borcun haqqında fikirləşməyəsən,
amma axırda gözə kül üfürmək
üçün guya son borcunu verməyə gələsən?
Dişim bağırsağımı kəsirdi, istəyirdim
atam ona üz göstərməsin. Amma əksini
görürdüm: atam dönüb yenə həmişəki
uşaq olurdu, onun pişvazına çıxır,
müşayiət edirdi. Hətta mənə elə gəlirdi
ki, ürəyinin dərinliyində onun gəlişinə
sevinir.
Nənəmin qırxı çıxandan sonra bir
axşam böyük bacıma yanaşıb yavaşca
soruşdum ki, adamlar sonradan öz adlarını dəyişdirə
bilərlərmi? Bacım dedi, bəli, dəyişdirə bilərlər.
Sonra sınayıcı nəzərlərlə üzümə
baxıb soruşdu:
- Niyə soruşursan ki?
Dedim:
- Adımı dəyişdirmək istəyirəm.
Xoşum gəlmir indiki adımdan.
- Başın xarab olub? - bacım dedi. - Bu adı sənə
ata verib. Özü də öz atasının adıdır.
- Elə buna görə də dəyişmək istəyirəm.
Ad mənimdir, özüm bilərəm - deyib aralandım.
Səhəri gün mənə lazım olan idarənin
adını öyrəndim. Evə gəlib bəlayi-ehtiyat
atamın və anamın pasportlarını götürdüm
və üz tutdum ora. İçəri girib şəstlə
dedim:
- Mən adımı dəyişdirməyə gəlmişəm!
Masanın arxasında oturmuş qadın
başını qaldırıb məni başdan ayağa
süzdü.
-.Valideynlərinin notariusda təsdiq olunmuş
razılığı var?
Cavab verməyə macal tapmamış qapı
şappıltı ilə açıldı. Arxadan kimsə əlini
sağ çiynimə qoyub çəkdi və arxaya
çevrilməyimlə sol qulağımın dibinə dəyən
şillərin şappıltısı qadının "vay!"ına
qarışıb divarlarda əks-səda verdi
- Qudurmusan, küçük?!!
Atamın çox ağır əli vardı.
Yaxşı ki, səndələsəm də,
yıxılmadım. Əlimlə alışıb yanan
üzümü tutub çölə atıldım və
hirsimdən ağlaya-ağlaya evə sarı
götürüldüm.
Elə bilirdim ki, axşam atamın mənə
tutduğu bu divanın davamı daha yüksək səviyyədə
davam edəcək, ola bilsin sağ qulağımın da dibi
qızaracaq. Amma gözlədiyimin əksi oldu. O, təklikdə
məni yanına çağırdı və heç vaxt
eşitmədiyim həlim səslə dedi:
- Mən səni başa düşürəm, bala.
Amma gərək sən də məni başa düşəsən.
Sənin babana olan kinini hiss eləmişəm. Amma...
Nəyə görəsə sözünün
dalını gətirməyib susaraq fikrə getdi.
- Sən niyə ona hirslənmirsən? Axı o, səni,
nənəni tək, köməksiz qoyub.
Atam çox sakit, amma dərin bir tonda dedi:
- O, mənim atamdır, oğlum... Pis də olsa,
varlığıma görə Allaha və ona borcluyam.
- Bəs sizə elədiyi zülm, günahlar?
- Əgər günah eləyibsə, buna görə mənim
onu cəzalandırmağa haqqım çatmır. Allah bilən
məsləhətdir. Mən onun işinə qarışa bilmərəm
axı.
Mən atamın dediklərinin mənasını
beş ildən sonra babam rəhmətə gedəndə
başa düşdüm. Başa düşdüm ki,
atamın illərlə öz içində gizlətdiyi hiss
onu babama nə nifrət etməyə, nə də onu
bağışlamağa qoymurmuş.
Anamdan eşitdiyimə görə, babam son nəfəsdə
atamı çağırtdırıb, yaşarmış
gözlərini ona dikib, nə isə demək istəyib, amma
deməyə bir udum nəfəsi çatmayıb.
Bəlkə günahlarına görə
bağışlanmağını xahiş edəcəkmiş
atamdan?
Bəs atam necə, bağışlayacaqdımı
onu?
İnanmıram, çünki xəyanət bu
dünyada heç Allahın da
bağışlamadığı çox böyük
günahdır.
Atam isə Allahın işinə
qarışmağı çox yox, ən böyük
günah sayırdı.
Amma o, sevginin tükənib nifrətin
başladığı yerdə - bu iki ərazinin sərhədində
dayanıb atasından imtina etmədi, ondan üz çevirmədi də.
Bəlkə də bunun özü də güc tələb
eləyən, hər kəsin bacarmadığı bir
kişilik idi. Çünki bəzən nifrət etməməyin
çəkisi bağışlamaqdan daha ağır olur.
Əlisəfdər HÜSEYNOV
525-ci qəzet .-2025.- 26 dekabr(¹237).-S.14.