Üsküpdə şairlər
görüşü və şeir şöləni
Bəzən günlərlə eyni şey üzərində
işləyəndə və ya düşünəndə
vaxtın dolanıb gəlib həmin düşüncənin
real həyatda yaşayacağı insanın ağlına belə
gəlmir. Həftələrdir ki, tanınmış türk
yazıçısı Ömər Seyfəddinin hekayələrinin
tərcüməsi ilə məşğulam. Həmin hekayələrdə
baş verən hadisələrdə Məşrutiyyət
dönəmində, Osmanlı zamanında yaşayan
qarışıq xalqlar içində türklərin öz
dilləri, kimlikləri, mədəniyyətlərini qorumaq
üzərində verdiyi mücadilələr
büsbütün düşüncələrimi zəbt
etmişdi. Həmin xəyallar içində öz işimə
davam edərkən bir neçə həftə sonra Şimali
Makedoniyada - qədim türk şəhəri Üsküpdə
- Skopyedə yaşayan, ədəbiyyat tədbirlərindən
tanıdığım dəyərli şair dostum Leyla Şərif
Emindən telefonuma zəng gəldi. Mənim Avropada oturum sənədim
olduğunu bildiyi üçün Şimali Makedoniyaya
vizasız gələ biləcəyimi və "Yəhya Kamal
Bayatlı adına 11-ci Şeir Şöləninə" dəvət
etdiyini söylədi. Böyük sevinc və məmnuniyyət
içində razılıq verdim...
Bu tədbirin davamında Şimali Makedoniyada yaşayan
türklərin 21 dekabr "Türk Dili Günü"
bayramına qatılmaq şansımız da olacaqdı. On iki
dövlətdən otuz şairin qatılacağı tədbirin
həm də Üsküpdə keçirilməsi məni
olduqca məmnun etmişdi. Səyahətləri çox sevən
biri olaraq xüsusilə də tarixi yerləri, həm də
türklüklə bağlı yerləri görmək, həm
də ədəbiyyat, dil, milliyyət adına bir arada olmaq
xoşbəxtliyini yaşayacaqdım. Nəhayət ki, o
gün gəlib çatdı, sözümü, sevgimi, Azərbaycan
türkü kimi qürur və məmnuniyyət hissimi də
özümlə götürərək başqa bir ölkəyə
- Bakıdan İstanbula, İstanbuldan Üsküpə
doğru yola düşdüm. İstanbulda Sabiha Gökçən
hava limanından Üsküpə getdiyimiz təyyarədə
bir neçə ölkədən qatılan şair və sənətçi
dostlarla birlikdə yola düşdük. İlk
tanıdığım insan Hələb türklərindən
Adil Şan oldu. Adil bəy "Diriliş Ərtoğrul"
serialında ozan rolunu oynamış istedadlı aktyor, şair
və "Türkvizion" səs yarışında yer
qazanan səs sənətçisi kimi Azərbaycana olan
sevgisindən və türkün böyük qızı, mərhum
Qənirə Paşayevanın onun
yaradıcılığına nə qədər dəstək
olduğundan və Azərbaycanda da konsertlər verdiyindən
söz açdıqca böyük ürəkli xanımı
yada salaraq kövrəldik. Uzaq Saxa - Yakutskun 50 dərəcəlik
şaxtasından isti ürəyini götürüb bizə
qatılan Aqrefina Kuzmina, yavru vətən Kıbrısı təmsil
edən əziz dostum Feyzan Korur xanım, Kərkükdən
hamımızın yaxşı tanıyıb hörmət bəslədiyi
Şəmsəddin Kuzəçi, türkmənistanlı
böyük ürəkli qadın Arazgül Rəcəbova,
İsveçdə yaşayan uyğur türkü
Abdulşükür Kumtur, ədirnəli professor, şair
Rıdvan Canım bəy, üsküplü şair Celal Balkan,
mən və başqaları yüksək əhvalla təyyarəyə
minib 1 saatlıq yolumuza üsküplü Leyla Şərif Emin
və yoldaşı Hüsrəv Eminin saldığı
söz Körpüsünün sayəsində mənzilə nə
vaxt gəlib çatdığımızı belə bilmədik.
Üsküp və Üsküp türkləri
qollarını açıb bizi qarşılayırdı.
Günlərimiz dolu-dolu keçirdi. Uyğur türklərindən
İmran Sədai və nişanlısı Rümeysa, Kosovodan
Taner Güclütürk, İsgəndər Müzbeg, Zeynel
Beksaç, Bolqarıstandan Kadriye Cəsur,
Yunanıstan-Batı Trakyadan Müberra Karadayı və dəyərli
yoldaşı, İstanbul Yazarlar Birliyindən hörmətli
Mahmut Bıyıklı, Ərzurumdan Həyati Yavuzər
hocamız, Üsküpdən Seyhan Yakub Bağdat, Rabiyə
Ruşid, Mümin Ali, Mehmet Arif və başqaları da bizimlə
eyni yol yoldaşı, ədəbiyyat və söz
silahdaşı idilər.
Yəhya Kamal Beyatlının doğulduğu şəhəri
gəzdikcə ətrafdan gələn azan səsinə tələsərək
dükanlarını, iş yerlərini bağlayıb cümə
namazına toplaşan türkləri, məscidlərdə yer
qalmadığı üçün məscidin kənarında,
çöldə toplu şəkildə namaz qılan türk
qardaşlarımızı gördükcə Balkanlarda uzun illər
keçməsinə rəğmən, hələ də
öz adət-ənənələrinə, dillərinə,
türkçülüyünə sahib çıxan, onu
qürurla qoruyan bu cəsur insanlara sevgi dolu kövrəkliklə
nəzər salırdım. Şəhəri dövrəyə
alan camilərdə azanlar vüqarla səs-səsə verib:
"Burada türklər var, burada bizlər varıq!"
deyirdi.
Dünyada yurd və torpaq sevgisinin nə qədər
ali bir hiss olduğunu Leyla Şərif Emin və Hüsrev Emini
tanıdıqdan sonra bir daha anlamaq olur... İllərdir hər
biri ayrı sahədə çalışmasına rəğmən,
ədəbiyyatın xidmətində mənəvi borc hissi
duyaraq böyük bir sevgiylə dayanıb
"Körpü" jurnalını və dərnəyini
qurub yaşadırlar. Bu işdə onlara qoşulan
üsküplü türk gənclər də vardır. Onlar
bu gənclərin yetişməsində də böyük əmək
sərf edirlər.
Şimali Makedoniyada yaşayan türk
qızlarının da bir başqa cür gözəl
olduqlarını vurğulamaq istəyirəm. Bu istedadlı
türk gənclərindən Səna İmeri, Nəcmiyyə
Almas, Nərmin İbişi, Abdülkərim Murati və
başqaları bizim dörd günlük ədəbiyyat gəzintimizdə
gələn qonaqları məmnun etmək üçün əllərindən
gələni etdilər.
Gələcəyimizin belə ağıllı,
gözəl, tərbiyəli, istedadlı gənclərin əlində
olması məni çox sevindirirdi...
Matusiteb və TİKA-nın dəstəyi ilə
keçirilən bu unudulmaz dörd gün həm də
Matusitebin başqanı, dəyərli Tahsin İbrahim bəyin
bizi öz məkanında qarşılaması ilə də
yadda qaldı. TİKA başqanı Abdullah Erenlə birlikdə
bütün tədbirlərdə böyük səbr və dəyər
hissi ilə iştirak edərək qonaqları
onurlandırdılar.
Ayrıca millət vəkili Mustafa Şentop və
Avrasiya Yazarlar Birliyinin başqanı Ufuk Tuzman da bu üç
günlük tədbirlərdə Üsküp türklərinin
yanında olduğunu varlıqları ilə bir daha təsdiq
etdilər.
21 dekabr Şimali Makedoniya Türklərinin türkcə
bayramı münasibətilə keçirilən, bir-birindən
maraqlı silsilə tədbirlərin qala gecəsində
Şimali Makedoniyanın prezidenti Gordana Siljanovska Davkova da
çıxış edərək hər kəsin
bayramını ən sonda türk dilində təbrik etdi.
TİKA-nın Balkanlarda türklər
üçün mədəniyyət və ədəbiyyat
adına gördüyü gözəl işlər təqdirəlayiqdir.
Dünyanın bir çox ölkələrində ofisləri
olan bu böyük qurum çox uğurlu işlərə
imzasını atmaqda davam etməkdədir.
Şəhərin mərkəzi meydanına tərəf
addımlayarkən uzaqdan məşhur Makedoniyalı İsgəndərin
heykəli ziyarətçiləri salamlayır. Üzü gur
sulu, çılğın Vardar çayına baxan bu heykəl
əzəməti və böyüklüyü ilə
insanı valeh edir. Çayın üstündə
salınmış körpünü keçərək
meydanın o biri başına tərəf gedəndə qəhrəmanlığı,
cəngavərliyi təcəssüm etdirən at üstündə
nəhəng heykəllərə də baxmaqdan doymaq olmur.
Dodağımın altında Vardar ovası mahnısını
zümzümə edərək çayın kənarına tərəf
enərkən bir anda ruhum təlatümə gəlir, bu
çılğın çayın güclü
axınına qoşulub
dağları, çayları aşmaq istəyirdim.
Şimali Makedoniyada həm türk mətbəxinin, həm
də Şimali Makedoniya mətbəxinin müxtəlif təamlarını
daddıqca əhvalımız daha da gözəlləşirdi.
Bir tərəfimiz ədəbiyyat, mədəniyyət və
qardaş xalqlar, türklük sevdası və bu
sadaladıqlarım uğruna çıxdığımız
müqəddəs səfər, o biri tərəfimiz də
hiss etdiyimiz doğmalıqdan aldığımız o möhtəşəm
həzz... Şəhərin dumanı, sisi və cəmi 1-2 dərəcə
istiliyi olmasına rəğmən, buradakı insanların sayəsində
ürəyimiz günəşli və olduqca isti idi.
Yəhya Kamal Beyatlı adına şeir
axşamını Adil Şanın və Kosovodan gələn
gənc, istedadlı xanımın ifaları daha da gözəlləşdirmişdi.
Tanınmış türk müğənni Kıracın
Türk dili günü münasibətilə təşkil
edildiyi konsertdə səhnə alması isə Şimali
Makedoniyadakı türkləri daha da coşdurmuşdu.
Həyati bəyin maraqlı izahları, söhbətləri,
bəzən də Şəmsəddin bəylə etdiyi baməzə
danışıqları hər kəsin üzündə
xoş təbəssümə səbəb olur, Mahmut bəyin
hər sözə şeir ilə, bəzən də qafiyəli
sözlərlə cavab verməsi könlümüzü
açırdı.
Tədbirlər bitdikdən sonra belə kimsə
otağında dincəlməyə getmək istəmir,
çay, qəhvə süfrəsi arxasında oturub hərə
öz gəldiyi ölkənin dilində şeirlər,
mahnılar oxuyur, səmimi bir ortamda xoş zarafatlar edərək
deyib gülürdük. Dörd günə ən azı
dörd insan ömrü sığdırmışdıq, ailə,
bacı-qardaş olmuşduq.
Günlərdir hava şəraiti səbəbilə
uçuşlarda yaranan çətinliklər belə bizi
narahat etmədi. Çünki əmin əllərdə
olduğumuzu, ilk dəfə gəlsək də, doğma şəhərdə
olduğumuzu iliklərimizə qədər hiss edirdik.
Üsküpdən yenidən görüşmək arzusu ilə
ayrılırdıq. Leyla Şəhər meydanındakı
bulaqdan su içən hər kəsin yenidən bura
qayıdacağını deyəndə heç bir şeyi
düşünmədən ovuclarımı bulağın
bumbuz suyu ilə doldurub ləzzətlə qurtumladım. Ürəyimizdə
böyük bir minnətdarlıq hissi ilə buradan
ayrılırdıq.
Şeir və sənət Üsküpdə bayram
edirdi... Öz ölkəsini təmsil edən hər bir
türkün öz dilində söylədiyi misralar
Üsküp torpaqlarını sevgiyə və bayrama qərq
etmişdi. Azan səslərinə qarışan
qarışıq türk ləhcələri Üsküp
boyunca dostluq və qardaşlıq körpülərinin ərazisini
daha da genişləndirir, gücləndirirdi. Vardar
çayı daha başqa bir ahənglə sularını
daşlardan süzür, şeir, nəğmə ritmində
coşub çağlayırdı... Vəfalı türk yenə
gəlmişdi və dünyada nə qədər ki,
türklük var, türk var, hər zaman gələcək, xəritənin
bütün nöqtələrindən qəlbinin sevgi və
dostluq, birlik dalğalarını bir-biriylə birləşdirəcəkdi,
bundan əminəm...
Tanrı türkü qorusun!
Aysel XANLARQIZI SƏFƏRLİ
525-ci qəzet .-2025.- 26 dekabr(№237).-S.13.