İki əsrin
maarifçi filosofu
Filosof Firudin Köçərlinin 105 illiyinə
"Həqiqəti anlayıb yaşamaq həyatda hər
kəsə nəsib olmayan bir xoşbəxtlikdir. Bu, təbiətin
insana olan mərhəməti, Allahın Lütfidir". Bu
gün 105 illiyini qeyd etdiyimiz filosof-alim, sitat gətirdiyimiz bu
düşündürücü fikirlərin müəllifi
Firudin Köçərli məhz həmin xoşbəxt
insanlardandır. O, 85 illik faydalı və zəngin alim
ömrünün 26 ilini Fəlsəfə və Hüquq
İnstitutunun rəhbər heyətində keçirib. Məhz
uzun illər boyunca çəkilmiş əziyyətlərin bəhrəsidir
ki, bu gün Fəlsəfə və Hüquq İnstitutu Azərbaycan
fəlsəfi irsini yaşadır, onu yeni dövrün
çağırışlarına uyğunlaşdıraraq
daha da inkişaf etdirir.
Elə insanlar var ki, zaman keçdikcə onların cəmiyyətdəki
rolu nəinki azalır, əksinə, daha ciddi aktuallıq kəsb
etməyə başlayır. Firudin müəllim məhz belə
şəxsiyyətlərdəndir. O, sadə kənd həyatı
yaşayan bir ailədən çıxaraq öz zəhməti,
əziyyəti sayəsində Azərbaycan fəlsəfə
elminin zirvələrinə yüksəlib, ömrünün
sonuna kimi mənəvi bütövlüyünü zərrə
qədər də itirməyib; gənc yaşlarından bir həqiqəti
dərk edib - insanın dəyəri vəzifə ilə deyil,
özünə və başqalarına olan vicdanlı
münasibətlə ölçülür. Firudin
Köçərli bu keyfiyyətləri bütün
ömrü boyu ləyaqətlə daşıyıb. Həyatının
ən mənalı hissəsini Fəlsəfə və
Hüquq İnstitutunda keçirmiş Firudin Köçərli
üçün 26 ildən artıq müddətdə bu elm
ocağına rəhbərlik etmək sadəcə vəzifə
icrası deyildi. Həmin dövr ərzində bu institutda
güclü filosoflar nəsli formalaşdı. Firudin müəllimin
dövründə institut təkcə elmi müəssisə
deyildi - burada fikrə, əməyə, şəxsiyyətə
dərin hörmət hökm sürürdü. Onun adı Azərbaycan
fəlsəfə məktəbinin təməl daşına
çevrildi, düşüncə tərzi isə
respublikanın humanitar mühitinin ayrılmaz hissəsi oldu.
Amma o, hər şeydən əvvəl İNSAN idi. Həyatı
boyu kimsəyə səsini qaldırmadı, heç kimi incitmədi,
başqalarını əzməklə ucalmadı. Onun
nüfuzu qorxudan deyil, ləyaqətdən, ədəb-ərkandan,
müdriklikdən və nadir mənəvi saflıqdan
qaynaqlanırdı.
F.Köçərli əsasən Azərbaycan fəlsəfə
tarixinin tədqiqi ilə məşğul olurdu. Onun müəllifi
olduğu "N.Nərimanovun
dünyagörüşünün formalaşması",
"Üzeyir Hacıbəyovun həyatı və
yaradıcılığı", "Üzeyir Hacıbəyovun
ictimai-siyasi baxışları", "Cəlil Məmmədquluzadənin
ictimai-fəlsəfi görüşləri",
"M.F.Axundzadənin yaradıcılığında fəlsəfə
və sosiologiya" əsərlərinin hər biri fəlsəfə
elminin bir incisidir. Bu əsərlər Azərbaycan maarifinə
böyük töhfə vermiş şəxsiyyətlərin
həyat və yaradıcılığında fəlsəfi və
sosioloji məsələlərin öyrənilməsi sahəsində
ilk tədqiqatlar olub. O zamanlar F.Köçərlinin məqalələri,
məruzələri, ümumittifaq konfranslarındakı
çıxışları həm Azərbaycanda, həm də
respublika hüdudlarından kənarda dərc edilirdi. 1991-ci ildən
sonra isə onun həyatında çətin və kəskin dəyişikliklər
dövrü başladı. Həmin vaxt bir çoxları
baxışlarını dəyişir, yeni mövqelər
axtarırdı. Amma Firudin Köçərli dəyişmədi.
O inanırdı ki, dünyagörüş ilk növbədə
vicdan məsələsidir. İnsan əqidəsini nədənsə
və kimdənsə faydalanmaq məqsədilə seçməməlidir.
Ömrünün son gününə qədər prinsiplərindən
imtina etmədi. Bu sakit, nümayişsiz, amma möhkəm
mövqe onun öz ideyalarına necə bağlı olduğunu
göstərirdi.
Firudin Köçərli gündəlik prosesləri
abstrakt deyil, cəmiyyətin, mədəniyyətin, xalqın
mənəvi şüurunu formalaşdıran real qüvvə
kimi dərk edənlərdən idi. Biz tez-tez insan həyatında
dinin və inamın rolu barədə söhbət edirdik.
Marksist filosof kimi, o, bəzən mənimlə
razılaşardı ki, insan inamsız, mənəvi istiqamətsiz
öz daxili dayağını itirə bilər. O, inamla dini
aydın şəkildə ayırırdı. Onun
üçün inam insanın daxili, şəxsi, dərin mənəvi
halı; din isə bu inamın sosial forması, tarixi
quruluşu idi. O, ideyanın yalnız ideologiyaya çevrildiyi
zaman real qüvvəyə dönməsi fikrini yüksək
qiymətləndirirdi, xüsusən marksist ideologiya
baxımından. Mən isə inanırdım ki, inam da dini
formaya keçdikdə tarixi gücə çevrilə bilər.
Bu söhbətlər heç vaxt mübahisə ilə bitməzdi,
dialoqumuz ancaq sakit, qarşılıqlı hörmət və
varlığın əbədi suallarına yönəlmiş
düşüncə ilə yekunlaşardı. Firudin
Köçərli sözün əsl mənasında
böyük ictimai xadim idi. O, həm paytaxtda, həm rayonlarda
keçirilən tədbirlərdə tez-tez iştirak edir,
maraqlı mühazirələrlə çıxış
edir, insanları dəyərli ideyalarla
silahlandırırdı. Akademik Firudin Köçərlinin
elmi yaradıcılığının mərkəzində hər
zaman Azərbaycan fəlsəfə tarixinin tədqiqatı
olub. Onu xalqa sevdirən və bağlayan məhz bu xüsusiyyəti
idi.
Onun həyatı bu gün müasir gəncliyə
örnək ola biləcək epizodlarla zəngindir. Məsələn,
ona sahəsi böyük və rahat mənzil təklif ediləndə
o, düşünmədən bu fürsətdən imtina edərək,
daha kiçik mənzil seçmişdi. Səbəb isə
dostu, dəyərli filosof Məqsəd Səttarovdan uzaqlaşmamaq
idi. Onun üçün dostluq rahatlıqdan önəmli idi.
Bu, adi jest deyildi - güclü xarakterin nümunəsi idi. Bu
iki filosofun, iki görkəmli intellektual şəxsiyyətin
saf dostluğu dillərə dastan idi. Həyatda belə
dostluqlara çox nadir hallarda rast gəlinir.
Firudin müəllim üçün dostluq demək
olar ki, müqəddəs idi. Evinin qapısı hər zaman
dostlarının üzünə açıq olurdu. Həyat
yoldaşı Zərifə xanımın səmimiyyəti,
qonaqpərvərliyi isə bu mənzildə xüsusi ab-hava
yaradırdı. O, təkcə evin xanımı deyildi, Firudin
müəllimin həyat dayağı idi. Onların evinə gələn
heç kim çaysız, yeməksiz, səmimi söhbətsiz
ayrılmazdı. Akademik Ziya Bünyadov, yazıçı Mirzə
İbrahimov, Hüseyn Hüseynov, Teymur Əhmədov, Əslən
Aslanov, institut əməkdaşları, aspirantlar, doktorantlar
insanın ruhunu isidən bu kiçik mənzilin daimi
qonaqları idilər. Gədəbəydə kimin təhsillə,
işlə, elmi məsələlərlə bağlı
çətinliyi yaransa, dərhal Firudin müəllimin evinə
üz tutardı. Gədəbəy aşıqlarının
televiziyada çıxışlarına kimi Firudin müəllim
təşkil edərdi.
Əslində Köçərli ailəsinin qonaqpərvərliyi
köklərindən, qanlarından gəlirdi. Qohumlarla
münasibətdə də çox səmimi idilər.
Onların evinə qədəm qoyan hər kəs həm
Firudin müəllimin insanlara olan ehtiramını, həm də
prinsipiallığını hiss edirdi. Onun və ailəsinin qonaqpərvərliyi,
insansevərliyi, deyərdim ki, onun taleyinin bir parçası
idi. O, alim kimi, dost kimi, ailə başçısı kimi əsl
nümunə idi - sözdən daha güclü, daha təsirli
olan bir nümunə. Onun yüksək mənəviyyatı,
başqasının fikrinə hörmətlə
yanaşması daxili aləminin təmizliyindən
qaynaqlanırdı. Biz bilirik ki, xarici davranış insanın
ruh halının, ağıl və qəlb
harmoniyasının əksidir. Firudin müəllimdə bu
harmoniya təbii, sakit və bütöv idi. Bu gün, onun
dünyadan köçməsindən demək olar ki, iyirmi il
keçsə də, biz hələ də onu hörmət və
minnətdarlıqla xatırlayırıq. Bu, onun kimliyini
doğru və dolğun şəkildə isbatlayan göstəricidir.
Rafiq ƏLİYEV
525-ci qəzet .-2025.- 26 dekabr(№237).-S.12.