"Qobustan" dərgisinin
Qış sayı işıq üzü gördü
"Qobustan" dərgisinin bu il üçün son
sayı işıq üzü görüb. Dərgidə sənətin
müxtəlif sahələrinə aid bir-birindən maraqlı
məqalələr, esselər yer alıb. Azərbaycan mətbuatının
150 illiyi Günel Mehrinin Zərdabilər haqqında - "Onlar
belə sevirdilər" essesi, Şövkət Səlimov
Budadın "Əyalət qəzetlərimizin birincisi" məqaləsi
ilə qeyd olunub. Böyük vətənpərvər alim
Cavad Heyətin yüz illiyi münasibətiylə filologiya
üzrə elmlər doktoru Pərvanə Məmmədlinin
"Millət mürşidi" məqaləsi dərgidə
yer alıb. Bəxtiyar Vahabzadənin 100 illik yubileyi isə
şair-publisist Aysel Xanlarqızının məqaləsiylə
qeyd olunub.
Akademik Teymur Kərimli Hindistan və dünya sənətinin
incisi Tac Mahal məqbərəsi haqqında "Mahalın
tacı - dünyanın tacı" məqaləsində bu böyük
abidənin tarixini incələməklə yanaşı, onun fəlsəfəsinin
klassik ədəbiyyatımızdakı izlərini də
oxucuya təqdim edir. Professor Rahid Uluselin İ.Getedən tərcümə
etdiyi "Təbiət" essesi və ona yazdığı təqdimat
isə sənətin əbədiliyi və dünyanın
öz tarixini dönə-dönə təkrarlaması
haqqında düşüncələri ortaya qoyur. Ədəbiyyatşünas-alim
Dilarə Adilgilin böyük dramaturq İlyas Əfəndiyev
haqqqında məqaləsi isə yazıçının
bioqrafiyasının və yaradıcılığının
ən maraqlı məqamlarına işıq salır.
Qədirşünaslığı əsas meyar hesab edən
dərginin redaksiya heyəti bu dəfə də Millət
Atası Hacı Zeynalabdin Tağıyevin nəcib əməllərini
Mahcamal Şərifin məqaləsi ilə oxuculara
çatdırmağı mühüm hesab ediblər. Məqalədə
sadəcə Tağıyevin millətin maarifi, incəsənəti
yolunda gördüyü böyük işlər yox, həm də
bütün bunların kinoda, səhnədə əksi önə
çəkilib.
Sənətşünas-yazıçı Əlisəfdər
Hüseynovun "Yarımçıq portretin sirri" hekayəsi
rəssamlıq sənətinin incəliklərini bədii mətnlə
anladır. Dərginin əməkdaşı Narıngül
Nadirin "Yurd ətirli nənələr" məqaləsi
isə milli adət-ənənələrimizi əyalətdə
qoruyub saxlayan, yaşadan lənkəranlı nənələr
etno-qrupuna həsr olunub.
İstedadlı gənclərə hər zaman yer verən
dərgi bu dəfə də gənc sənətşünas
Özləm Əliyevanın Vaqif Mustafazadə haqqında
essesini, rəssam Mahizar Sadıqlının xüsusi
istedadlı balaca fırça ustaları - şagirdləri
haqqında məqaləsini, Aydanın gənc sənətşünas-bloqer
Təyyibə Sevda ilə müsahibəsini oxucalara təqdim
edib. Həmçinin Azərbaycan Dövlət Pedaqoji
Universitetinin Filologiya fakültəsinin tələbələri
- Hüseynova Minayə, Qafarova Maral, Cəfərova Mələk,
Əhmədova Kəmalə, Bəbirli Ləman, Qədirli Fədayə,
Teymurova Gülşən, İsmayıllı Gülçin,
Murtuzayeva Ulduz - Xalq yazıçısı Yusif Səmədoğlunun
90 illik yubileyinə həsr edilmiş "Söz gənclərdə"
layihəsi çərçivəsində məqalələrlə
çıxış ediblər!
Dərginin budəfəki sayının sənətkar
qonağı isə gənc rəssam Ceyran
Mirqasımovadır. Böyük Mirqasımovlar ailəsinin ən
gənc üzvü dərgi redaktoru,
yazıçı-dramaturq Pərvinin təqdimatında
oxucularla görüşür. "Hədəf vətənə
qayıtmaqdır" başlıqlı müsahibədə həm
Mirqasımovlar ailəsinin Azərbaycan mədəniyyətinə
çoxyönlü xidmətlərindən söz
açılır, həm də gənc rəssamın həyat,
sənət, dünya haqqında düşüncələrinə
yer verilir. Dərginin qapaq rəsmində isə C.Mirqasımovanın
"Mənim irsim" silsiləsindən cəsarətli bir əsəri
yer alıb.
Qeyd edək ki, bu il "Qobustan"ın daha öncəki
saylarından - Dahi Üzeyir Hacıbəylinin 140 illik yubileyinə,
Xalq rəssamı Ömər Eldarova həsr edilmiş özəl
sayları oxucular və sənətşünaslar tərəfindən
böyük maraqla qarşılanıb!
525-ci qəzet .-2025.- 26 dekabr(№237).-S.12.