Səma qəhrəmanlarına...

 

Esse

 

25 dekabr artıq sadəcə ilin sonuna yaxın bir tarix deyil. O gün Azərbaycan üçün səmanın qapandığı, sözlərin ağırlaşdığı, insan talelərinin yarımçıq qaldığı gündür.

2024-cü ilin 25 dekabr tarixi ölkəmiz və xalqımız üçün ümidin, hüznün, qəhrəmanlığın və möcüzənin bir anda yaşandığı kədər yüklü gündür: insan talelərinin yarımçıq qaldığı, ailələrin bir anın içində dağıldığı, səmaya baxmağın belə çətinləşdiyi bir gün.

Ötən ilin 25 dekabr günü "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysi üzrə uçan "Embraer 190" tipli sərnişin təyyarəsi yerli vaxtla səhər saat 07:56-da Bakını tərk etmişdi. Bakıdan qalxan təyyarə adi bir reys idi.

Adi sərnişinlər vardı: bayram üçün ailəsinin yanına gedənlər, işgüzar səfərə çıxanlar, tələbələr, valideynlər, qocalar, gənclər... Hava limanında kiminsə son dəfə qucaqlaşdığını, kiminsə tələsik "çatanda zəng elə" dediyini heç kim bilmirdi. Heç kim bilmirdi ki, bu reys geri dönməyən bir yol olacaq.

Uçuşun ilk mərhələsi normal idi. Lakin müəyyən müddətdən sonra təyyarədə texniki problemlər yarandı. Rabitədə nasazlıq baş verdi, idarəetmə çətinləşdi. Ekipaj vəziyyəti nəzarətdə saxlamağa çalışırdı. Pilotlar son ana qədər təyyarəni xilas etmək üçün mübarizə apardılar.

Bu məqamda aviasiya qəhrəmanlığı səssiz olur. Orada pafos yoxdur. Orada soyuqqanlılıq, peşəkarlıq və məsuliyyət var. Qeyri-adi mexaniki və ya fiziki müdaxilə sonrası ekipaj nəzarəti bərpa etməyə çalışsa da, uçuş təyinatını dəyişərək Qazaxıstanın Aktau şəhəri istiqamətinə yönəldi. Bu qərar son ümid idi. Lakin Azərbaycanın sərhədlərindən çox uzaqda - Aktau aeroportuna təxminən 3 km qalmış təyyarə qəza enişi etməli oldu.

Göyərtədə 62-si sərnişin, 5-i ekipaj üzvü olmaqla, 67 nəfər var idi. Onlardan 42 nəfər Azərbaycan, 16 Rusiya, 6 Qazaxıstan və 3 Qırğızıstan vətəndaşı idilər. Təəssüf ki, bu faciədə 38 insan həyatını itirdi, 29 nəfər yaralandı.

 

lll

Bu rəqəmlər statistik məlumat kimi görünsə də, hər birinin arxasında bir insan taleyi, bir yaşam hekayəsi, bir ağrılı xatirə var idi.

Bu hadisə təkcə aviasiya qəzası deyildi. Bu, ictimai yaddaşın sarsılması, insanın texnikaya, təhlükəsizliyə, taleyə inamının sınağı idi. Ən əsası isə bu, insan davranışının - qorxu anında belə ləyaqətin - ölçü vahidinə çevrildiyi bir gündü.

Həmin faciə sonrası tirajlanan kiçik bir video öncə bizə bir səsi tanıtdı. Qəzadan dəqiqələr öncə çəkilmiş o videoda təyyarənin salonundakı həyəcan, qorxu, gərginliyin fonunda titrək bir səs "Hər şey yaxşı olacaq!" deyirdi. Bu, bələdçi Hökumə Əliyevanın səsi idi. Onun müəllim, dost, bacı, bir insanın ali məqsəd üçün verdiyi son təsəllisini xatırladan səsi həmin videoyazıda qalmışdı. Hökumə Əliyeva son dəqiqələrdə həm öz qorxusunu, həm də sərnişinlərin qorxusunu yüngülləşdirmək üçün içdən gələn bir səmimiyyətlə "Hər şey yaxşı olacaq!" dedi. Cümlə çox sadə idi. Amma o sadə sətirlərdə insanlıq, ümid və şücaət vardı. Onun bu cümləsi indi çoxlarımızın ürəyində əbədi bir əks-səda kimi səslənir.

Bu ifadə həm bir xanımın son sözüdür, həm də əslində üzləşdiyimiz reallıqla bağlı ən böyük paradoksdur. Bəzən ən çətin anda belə gözlənilməz şəkildə ümid toxumu cücərir.

"Hər şey yaxşı olacaq!"

Bu sözlər təsəlli idi. Bu sözlər peşə borcu idi. İnsanlığın ən ali forması idi. Çünki bəzən insan özünün də inanmadığı ümidə başqaları üçün sığınır.

Bu cümlə bir anda ölkə gündəminə çevrildi. Sosial şəbəkələrdə paylaşıldı, mediada sitat gətirildi, insanların boğazında düyün yaratdı. Çünki bu cümlə qorxu içində deyilmiş bir yalandan çox, insanı sakitləşdirmək üçün deyilmiş vicdanlı bir təsəlli idi.

Hökumə Əliyeva bu sözləri deyərkən vəziyyətin ağırlığını bilmirdi demək sadəlövhlük olardı. O bilirdi. Amma peşə etikası, məsuliyyət hissi və insani borc ona öz qorxusunu geri plana çəkməyi diktə edirdi.

Ona görə də onun bu cümləsi faciənin mərkəzinə düşən kövrək bir ümid işığına çevrildi. O, özünün həyəcanına, qorxusuna rəğmən, qorxu içində olan sərnişinlərə peşəkarlıqla ümid verirdi. Son anlarında belə başqalarının rahatlığı üçün öz qorxusuna qalib gəlməyi bacaran bu səs qəhrəmanlıq deyilən ən saf məqamın təcəssümünə çevrildi.

lll

Həmin gün o təyyarədə beş qəhrəman var idi. Onlardan ikisi təyyarəni, üçü isə sərnişinləri idarə edirdi. Ən böyük qəhrəmanlar isə pilotlar idilər, şübhəsiz. Çünki təyyarə qəzaları dünyanın az-az baş verən, amma ən dəhşətli qəzaları hesab olunur. Təyyarə qəzasından sağ çıxmaq əksər hallarda mümkün deyil. Ən azından mütəxəssislər belə deyirlər. Amma pilotların peşəkarlığı, mübarizliyi və çoxsaylı səyləri nəticəsində o təyyarədə olan 67 sərnişindən 29-u xilas oldu. Xilas olanlar da həmin anları xatırlayarkən ekipajın davranışının onların həyatda qalmasının əsas səbəbi olduğunu söylədilər. Onlar bildiriblər ki, ekipajın verdiyi təlimatlar, sakitləşdirici davranışı bir çox insanın həyatda qalmasına kömək edib. Bu, təsadüf deyil. Bu, illərlə formalaşan peşə etikasıdır.

 

lll

Faciələrdən sonra diqqət adətən ölənlərə yönəlir. Amma etiraf edək ki, qəzalardan sonra ən ağır yük bəzən ölənlərin deyil, sağ qalanların çiyinlərinə düşür. Onlar təkcə fiziki yaralarla deyil, psixoloji travmalarla, günahkarlıq hissi ilə, xatirələrlə yaşamalı olurlar. Psixoloqların da qeyd etdiyi kimi, belə hadisələrdən sonra travma illərlə davam edə bilər. Sağ qalmaq bəzən ikinci bir sınaq olur.

Aktaudakı qəza Azərbaycanda geniş ictimai rezonans doğurdu, Azərbaycan cəmiyyətində dərin sarsıntı yaratdı. Çünki bu dəfə söhbət uzaq bir ölkədə baş verən abstrakt faciədən yox, öz insanlarımızdan, tanış simalardan, eyni dildə danışan, eyni bayramı gözləyən insanlardan gedirdi.

Qəzadan sonra ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 26 dekabr tarixi Azərbaycanda bir günlük matəm elan edildi. Həmin günlərdə matəm tədbirləri keçirildi, xatirə yazıları dərc olundu, sosial şəbəkələrdə minlərlə insan bu faciəyə münasibət bildirdi. Qazaxıstanda qəza yerində xatirə abidəsinin ucaldılması təşəbbüsü irəli sürüldü.

Pilotların və ekipaj üzvlərinin qəhrəmanlığı nəticəsində təyyarədə olan 30-a yaxın sərnişin sağ qalmağı bacardı. Prezident İlham Əliyev bu fədakarlığı yüksək qiymətləndirərək "Azərbaycan Hava Yolları" QSC-yə məxsus "Embraer 190" tipli sərnişin təyyarəsinin Bakı-Qroznı reysini yerinə yetirərkən baş vermiş qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş şəxslərin təltif edilməsi" haqqında Sərəncam imzaladı.

Sərəncama əsasən, pilotlar Kşnyakin İqor İvanoviç, Kalyaninov Aleksandr Georgiyeviç və bələdçi Əliyeva Hökumə Cəlil qızı ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görüldülər. Digər bələdçilər - Əsədov Zülfiqar Sərdar oğlu və Rəhimli Aydan Vaqif qızı isə I dərəcəli "Rəşadət" ordeni ilə təltif edildilər.

Həmçinin təyyarənin ekipaj üzvləri - pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva II Fəxri xiyabanda torpağa tapşırıldılar. Onlarla vida mərasimində dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəxsən iştirak etdilər.

Bütün bunlar bir həqiqəti göstərdi ki, heç bir faciə unudulmur və insan həyatı hər şeydən daha önəmli, hər şeydən daha vacibdir.

Bu dəhşətli faciədən bir il keçib... Zaman bir su kimi ömrümüzdən axıb gedib. Gündəlik həyat öz ritmini bərpa edib. Amma bu faciə Azərbaycan cəmiyyətinə, onun haqqında eşidən, oxuyan hər kəsə çox böyük həqiqətlər aşıladı.

Mərhum bələdçi Hökumə Əliyevanın davranışı göstərdi ki, peşə sadəcə maaş və vəzifə deyil. Peşə bəzən son ana qədər başqasının yanında qala bilmək, öz qorxularına başqalarının hüzuru naminə qalib gəlməyi bacarmaq, həyatını onlarla insanın həyatı uğruna fəda edə bilməkdir, deməli, qəhrəmanlıqdır.

Aktauda həyatını itirən 38 insanın hər biri xatırlanmağa layiqdir. Onların adları statistikadan çıxıb insan taleyi kimi yaşamalıdır. Hökumə Əliyevanın səsi isə bu faciənin içindən yüksələn insani ölçü kimi qalacaq.

Bəlkə də hər şey yaxşı olmadı. Amma o gün bir şey doğru oldu: insan insan olaraq davrandı. Bəzən tarix məhz bunu yadda saxlayır.

 

Şahanə MÜŞFİQ

525-ci qəzet .-2025.- 26 dekabr(№237).-S.11.