Siqaret bahalaşacaq?
2026-cı il yanvarın 1-dən tütün məmulatları
üzrə aksiz dərəcələri artırılır
Məlum olduğu kimi, 2026-cı ilin yanvarından Azərbaycanda
siqaretlərin qiymətində artım gözlənilir. Buna səbəb
Vergi Məcəlləsinə edilən dəyişiklikdir -
aksiz dərəcəsi əvvəlki 1000 ədəd
üçün 45.5 manatdan 1000 ədəd üçün
55 manata yüksəldilib. Aksiz dolayı vergi olduğundan bu
artım birbaşa pərakəndə satış qiymətlərinə
təsir edəcək.
Qeyd edək ki, Vergi Məcəlləsinə edilən
dəyişiklik 2026-cı il yanvarın 1-dən qüvvəyə
minəcək.
Siqaretin bahalaşması qısa müddətdə
narazılıq yaratsa da, uzunmüddətli perspektivdə ictimai
sağlamlığın qorunması baxımından əhəmiyyətli
addım hesab olunur. Qiymət artımı bir çox hallarda
siqaret istifadəsinin azalmasına səbəb olur. Xüsusilə
gənclər və aşağı gəlirli qruplar
üçün siqaret daha az əlçatan olur. Bu isə
uzunmüddətli perspektivdə əhalinin sağlamlıq
göstəricilərinin yaxşılaşmasına, tənəffüs
və ürək-damar xəstəliklərinin azalmasına
müsbət təsir göstərə bilər.
Maya dəyəri yüksəlir
İqtisadçı ekspert Natiq Cəfərlinin
sözlərinə görə, ölkədə tütün
məmulatlarının qiymətinin artmasının səbəbi
vergilərin, aksiz dərəcələrinin yüksəlməsidir.
Artıq demək olar ki, hər il bu artım
görünür. Nəticədə, siqaretin qiyməti
artır. Hökumət bu məsələdə çox rahat
davranır. Çünki bu, sosial məsələ deyil deyə
etirazlara da səbəb olmur: "Maya dəyəri yüksəlir,
çünki vergiləri artır, o zaman da qiymətlər
yüksəlir. Bu, sosial bir məsələ deyil. Qiymət
artımı narazılığa da səbəb ola bilmir. Belə
bir irad bildirdikdə rəsmi qurumlar deyirlər ki, siqareti tərgidin,
zərərlidir, sağlamlığınıza zərər
vurur, qiyməti də ona görə qaldırırıq ki,
cibinizə ziyan dəysin və siqareti tərgidəsiniz.
Ərzaq qiymətlərinin artımında, müxtəlif məsələlərin
vergi artımlarına irad bildirmək olar, amma siqaretdə
etiraz etmək olmur. Azərbaycanda, eləcə də bir
çox digər ölkələrdə, xüsusən Avropa
Birliyində tətbiq olunan müzakirə olunan bu yanaşmaya
üstünlük verilir. Burada məqsəd təkcə
siqaret deyil, bütün tütün məmulatlarının
vergilərini və aksiz dərəcələrini artırmaq
yolu ilə insanları bu zərərli vərdişdən
uzaqlaşdırmaqdır. Amma bu addım həmişə
gözlənilən effekt verirmi? Təbii ki, yox. Bununla belə,
istənilən halda tütün məhsullarına qoyulan vergi
və aksizlərin artması qiymətlərin artımı ilə
nəticələnir. Bu, başqa cür mümkün də
deyil. Yəni aksiz dərəcələri artırsa, bu,
avtomatik şəkildə məhsulun son qiymətinin üzərinə
gəlir".
Qiymətlər qonşu ölkələrdə bizdən
ucuz olanda qaçaqmalçılıq artır
Natiq Cəfərli qeyd edib ki, problem odur ki, Azərbaycanda
qiymətlər kəskin artanda, qonşu ölkələrdə
daha ucuz olanda qaçaqmalçılıq geniş vüsət
alır: "Bax bu isə ciddi bir problemdir. Siqaretin qiyməti
artdıqca qonşu ölkələrdən
qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən
siqaretin həcmində artım olacaq. Tütün məmulatlarının
qonşu ölkələrdə bizdən daha ucuz olması
qaçaqmalçılıq kimi neqativ halların
çoxalmasına gətirib çıxaracaq. Hətta ən
güclü dövlətlərdə belə
qaçaqmalın qarşısını bütünlüklə
almaq mümkün olmur. Buna görə də hazırda
Bakının bir çox yerlərində qaçaq yolla gətirilən
aksizsiz siqaretlər satılır. Aksizlər artandan sonra bu
kimi halların da sayı daha da çoxalacaq. Yəni aksizləri
artırmaqla büdcəyə daxilomaları
artırmağı hədəflənib, amma bu, əks-effekt də
verə bilər. Qeydiyyatdan yayınmaqla idxal arta, rəsmi idxal
isə azalar ki, bu da büdcəyə daha az vəsaitin gəlməsinə
səbəb olar".
Siqaretin bahalaşması gözləniləndir
İqtisadçı-ekspert Razi Abbasbəyli deyir ki,
siqaretin bahalaşması gözləniləndir: "2025-ci
ilin yanvar ayından etibarən aksiz rüsumlarının
artırılması qüvvəyə mindi. Hətta fevral
ayının ortalarından qiymət artımının
baş verəcəyini düşünürdük.
Çünki aksiz dərəcələrinin
artırılması idxal olunan tütün məhsullarının
bahalaşmasına səbəb olacaqdı. Unutmaq olmaz ki, Azərbaycanda
tütün məhsullarının tədarük göstəriciləri
aşağı düşüb.
Tütünçülük sahəsində statistik göstəricilər
də ürəkaçan deyil. Bu baxımdan qiymət
artımı bazarın təbii halıdır. Qiymətlərin
10 qəpik yüksəlməsi bazarda ciddi təsir yaratmayacaq.
Təəssüf ki, Azərbaycan tütün istehlakına
görə MDB məkanında ilk üç ölkədən
biridir. Ölkədə ərzaq istehlakı xərclərinin
20 faizi tütün və spirtli içkilərə
ayrılır ki, bu da narahatedici göstəricidir. Vətəndaşların
sağlamlığının qorunması məqsədilə
bir sıra ölkələr tütün məhsullarının
qiymətini qaldırır. Azərbaycanda isə siqaretin qiymətləri
o qədər də yüksək deyil. Əgər inkişaf
etmiş Avropa ölkələri, MDB dövlətləri, eləcə
də Gürcüstan və Türkiyə ilə müqayisə
etsək, ölkəmizdə siqaretin qiymətinin daha ucuz
olduğunu görərik. Üstəlik, bazarda keyfiyyətsiz
tütün məhsullarının çeşidi kifayət qədər
çoxdur. Bu sahənin tənzimlənməsinə ciddi
ehtiyac var. Buna görə də qiymət artımı istiqamətində
atılan addımlardan biri də idxal rüsumlarının
artırılması olmalıdır. Eyni zamanda, ölkə
daxilində tütünçülüyün inkişafı
ilə bağlı bir sıra tədbirlər görülməlidir.
Məsələn, 2024-cü ilin statistikasına əsasən,
Azərbaycanda hər il 60 min ton tütün istehsal olunurdu.
Lakin son 5 ildə bu göstərici 2-3 min tona qədər
azalıb. Tütünçülüyün inkişafı ilə
bağlı bir sıra dövlət proqramları qəbul
edilsə də, ölkədə bu sahənin inkişafına
ciddi şəkildə nail olunmayıb''.
Ekspertin dediyinə görə, dünya bazarında əla
növ tütünün qiyməti 5 dollar, birinci növ
tütünün qiyməti 4 dollar, ikinci növ
tütünün qiyməti isə 2 dollar təşkil edir:
''Araşdırmalar göstərir ki, Azərbaycana əsasən
2 dollar dəyərində olan ikinci növ tütün məhsulu
idxal edilir. Ucuz tütün alınaraq ölkədə
qablaşdırılır, lakin bütün bunlara baxmayaraq,
qiymətlər hələ də adekvat deyil, yəni kifayət
qədər ucuzdur. Yeni tədarük dövrünə qədər
tütünlə bağlı idxal rüsumlarının da
artırılması gözlənilir''.
Aksiz dərəcələrinin qaldırılması
qiyməti artıran amildir
İqtisadçı ekspert Xalid Kərimli
vurğulayıb ki, məlum olduğu kimi, ölkədə
siqarlar və siqaretlər üçün aksiz dərəcəsi
artırılıb. Aksiz dərəcələrinin
qaldırılması qiyməti artıran amildir. Sözsüz
ki, qiymət artımı olacaq. Lakin siqaret məhsullarında
vergi min ədədə hesablandığından hər ədədə
düşən artım da cüzi olur. Buna görə də,
siqaret qiymətində ciddi artım gözlənilirmir. Aksiz dərəcəsi
əvvəlki 1000 ədəd üçün 45.5 manatdan 1000 ədəd
üçün 55 manata yüksəldilib. Bu məhsulların
hər ədədi üçün aksiz vergisinin
qaldırılması sahibkarın xərcinin artması deməkdir.
Bu isə əhəmiyyətli artımdır. Ona görə də
bu artım qiymətlərə mütləq şəkildə
təsir göstərəcək. Belə məhsullar adətən
tam qiymətə satıldığına görə güman
edirəm ki, bu siqaretlərin qiyməti bahalaşacaq".
Yerli iqtisadçıların ümumi rəyinə
görə, aksiz vergisinin artırılması pərakəndə
satış qiymətlərinə o qədər də təsir
etməyəcək və siqaretin qiyməti 10-15 qəpik arta
bilər. Bununla belə, ÜST-nin qaydalarına və hökumətin
büdcə gəlirləri ilə bağlı ifadə etdiyi
narahatlıqdan sonra aksiz vergisi sonrakı illərdə də
artmağa davam edəcək.
Qiymətlər mərhələli şəkildə
mütəmadi qalxacaq
İqtisadçı ekspert Fuad İbrahimovun sözlərinə
görə, tütün məhsullarının ilbəil
bahalaşması bütün dünya ölkələrində
müşahidə edilən tendensiyadır: "Siqaretlə
bağlı artıq bütün dünya ölkələrində
belə bir tələb var ki, qiymətlər bahalaşacaq. Yəni
aksizlərinin bahalaşması, istehsalın məhdudlaşdırılması,
reklam edilə bilməməsi kimi addımlar qiymət
artımını yaradır. İnsan orqanizminə ziyan
olduğu üçün bu növ, məhsulların
antireklamı gedir. Mərhələli şəkildə bu
biznesin üzərinə hücum var. Siqaret istifadəçisi
nəzərə almalıdır ki, qiymətlər mərhələli
şəkildə mütəmadi qalxacaq".
Ekspert qeyd edib ki, "qara bazar"dan dövriyyəyə
daxil olan məhsullar olduqca təhlükəlidir:
"Doğrudur, adətən, qiymətlər qalxdıqda,
yaxud hansısa məhsulun satışına qadağa qoyulan
zaman "qara bazar" formalaşır. Bu çox sahələrdə
belədir. Spirtli içkilərin "qara bazar"ı isə
olduqca təhlükəli bir məsələdir. Bu hallarda
insan orqanizminə 2-3 qat daha ziyanlı məhsullar dövriyyəyə
buraxıla bilər. Çünki sənaye üsulu ilə
hazırlanmayan spirtli içkilər insan orqanizmi
üçün təhlükəlidir".
Bunun cəmiyyətə heç bir xeyri olmayıb
İqtisadçı ekspert Akif Nəsirli qeyd edib ki,
sosial layihə olaraq siqaretin bahalaşmasının tərəfdarıyam.
Yəni bu bahalaşma ilə həm əhalinin bir qismi siqaretdən
istifadə kimi pis vərdişlərdən çəkinə
bilərlər, digərlər tərəfdən isə
uşaqların istifadəsini də məhdudlaşdıra
bilir: "Amma məsələ burasındadır ki, siqaret təklif
edən şəxslər üçün bu, önəmli
deyil. Əgər bu belə omasaydı, bu kimi sahibkarlar bir gecədə
siqaretin qiymətini 2-3 manat bahalaşdıra bilərdilər.
Amma bu, siqaret sənayesinin zərərinə ola bilərdi,
çünki bunun nəticəsində 20-30 faiz insan siqareti
ata bilər. Ona görə də bu kimi sənaye obyektləri
qiyməti 10-20 qəpik artırırlar ki, siqaret istifadəçiləri
siqaretdən imtina etməsinlər, digər tərəfdəndə
yavaş-yavaş siqaret istehsalçılarının mənfəəti
artsın. Yəni bugün siqaretin bahalaşmasının əsas
səbəbi siqaret istehsalçılarının mənfəətinin
artmasıdır. Bu, tamamilə siqaret biznesinin istehsalı ilə
məşğul olan cameənin, dairənin gəlirlərinin
və mənfəətinin artırılmasını hədəfləyir.
Bunun cəmiyyətə nə əvvəl, nə də bundan
sora heç bir xeyri olmayıb".
Sevinc QARAYEVA
525-ci qəzet .-2025.- 26 dekabr(№237).-S.8.