Yeni qurulan Ağdamdan dünyaya verilən
mesajlar
Azərbaycan Prezidenti İlham Əliyev ənənəyə
sadiq qalaraq öz ad günündə yenə də azad
olunmuş ərazilərə səfər etdi. Dövlət
başçısı dekabrın 24-də Ağdam şəhərində
2-ci yaşayış kompleksinin açılışında
iştirak edib, buraya köçən sakinlərlə
görüşərək onlara evlərin
açarlarını təqdim edib.
Xatırladaq ki, dövlət başçısı bu
kompleksin təməlini 2023-cü ildə qoyub. Prezident
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu ilin
fevralında kompleksdə görülən tikinti işlərinin
gedişi ilə tanış olublar. Dekabrda buraya 104 ailənin
(426 nəfər) köçürülməsi nəzərdə
tutulur. 2026-cı ilin yanvar-fevral aylarında isə daha 1164 ailə
(4772 nəfər) köçürüləcək.
Prezident İlham Əliyev sakinlərlə
görüşündə çıxışı
zamanı Ermənistanın Azərbaycana qarşı
talançılıq siyasətindən danışaraq bir
sıra mühüm mesajlar verib.
Məlumdur ki, 30 il ərzində ermənilər
işğal altındakı torpaqlarımızı viran qoyub,
bütün tikililəri, infrastrukturu dağıdıb. Ən
çox dağıntılara məruz qalan
regionlarımızdan biri məhz Ağdam olub. Ermənilər
Ağdamı yerlə-yeksan edib, bir tikilini belə salamat
qoymayıblar. Dövlət başçısı 2020-ci il 20
dekabrda MDB Dövlət Başçıları
Şurasının videokonfrans formasında keçirilən
iclasında çıxışı zamanı deyib ki,
Ağdam şəhəri yoxdur. O dağıdılıb:
"Ağdam şəhərindən
yarımdağıdılmış məscid qalıb. Biz
maraqlananda ki, bəs onu niyə digər məscidlər kimi
dağıtmayıblar, bizə deyildi ki, bu, özünəməxsus
oriyentir olub. Yəni Azərbaycan Ordusu bu istiqamətdə
hücum edərsə, artilleriyanın vurmağına dəqiq
oriyentirlər vermək üçün olub".
Dövlət başçısının bu
açıqlaması ermənilərin Ağdamı hansı vəziyyətə
salmasını tam şəkildə təsvir edirdi. Bəli,
işğal dövründə Ağdam urbisidə məruz
qalıb. Bu, Ermənistan dövlətinin məqsədyönlü
siyasəti, Azərbaycana qarşı olan düşmənçiliyin
bariz nümunəsi idi.
Prezident öz çıxışında məqsədin
tam aydın olduğunu deyib: "Birincisi,
talançılıq. Çünki bütün binaların
daşları bir-bir sökülərək talan edilmişdir,
müxtəlif yerlərdə, Ermənistan ərazisində
satılmışdır. Digər tərəfdən, Ermənistan
dövləti bu bölgələrdə Azərbaycan
xalqının tarixi irsini tamamilə silmək istəyirdi.
Üçüncü məqsəd isə bu şəhəri
elə vəziyyətə salmaq idi ki, artıq burada
yaşayış mümkün olmasın, azərbaycanlılar
heç vaxt buraya qayıtmaq haqqında düşünməsinlər.
Ancaq səhv etdilər. Biz, xalqımız bütün bu əzablı
illər ərzində bir amalla yaşamışıq ki,
öz doğma dədə-baba torpaqlarımıza qayıdaq və
qayıdandan sonra bu torpaqları, bu şəhərləri, kəndləri
bərpa edək. Azərbaycan xalqı heç vaxt
işğalla barışmamışdır. Əminəm,
bütün xalqımız, o cümlədən
keçmiş köçkünlər bilirdilər və
inanırdılar ki, tarixi ədalət bərpa ediləcək.".
Azərbaycan tarixi ədaləti beş il əvvəl
öz gücünə bərpa etdi. Keçmiş
münaqişənin həlli ilə məşğul olmaq
öhdəliyi daşıyan beynəlxalq strukturlar ötən
30 ildə nəinki öz vəzifələrini yerinə
yetirdilər, əksinə, işğalçıya dəstək
verməklə, münaqişəni dondurmağa çalışmaqla
əvvəlki status-kvonu saxlamağa cəhd edirdilər. Onlar
Azərbaycanın haqq səsini eşitmək, həqiqətlərini
görmək istəmirdilər. Bakı isə dəfələrlə
bəyan edirdi ki, sülh danışıqları nəticə
verməsə, digər varinatlar istisna deyil.
Prezident sakinlərlə görüşdə bu məqama
da diqqət çəkərək deyib ki, Ermənistan-Azərbaycan
münaqişəsi ilə məşğul olan, hər halda
beynəlxalq təşkilatlar tərəfindən bu vəzifəni
icra etməli olan qurumlar başqa fikirdə idi: "Onlar Ermənistan
dövləti ilə, işğalçı, talançı
dövlətlə həmrəy idilər. Xüsusilə
ATƏT-in Minsk qrupunun yarıtmaz və antiazərbaycan fəaliyyətini
qeyd etmək istərdim. Bu qrup 1992-ci ildə
yaradılmışdır və o vaxt bizim
torpaqlarımızın işğal altına düşməsinin
birinci mərhələsi idi. Bu qrupun və onun həmsədrlərinin
məqsədi məsələni həll etmək əvəzinə,
əksinə, bu işğalı əbədi etmək, Ermənistana
haqq qazandırmaq, Azərbaycan xalqını və dövlətini
isə işğalla barışdırmaq idi. Mən 17 il ərzində
ATƏT-in Minsk qrupunun həmsədrləri ilə təmasda
olmuşam, onlarla çoxsaylı görüşlər keçirmişəm.
Hər dəfə görüşəndə illər
keçdikcə görürdüm ki, bunların məqsədi
məsələni həll etmək, işğala son qoymaq, BMT
Təhlükəsizlik Şurasının qətnamələrinin
icrasına nail olmaq yox, işğalı əbədi etmək
idi. Sanki danışıqlar masasında bir tərəfdə
Ermənistan və Minsk qrupunun həmsədrləri, digər tərəfdə
isə Azərbaycan idi. Bax, bu 17 il ərzində keçirdiyim
saysız-hesabsız görüşlərin nəticəsi
budur. Hesab edirdilər ki, buna nail olacaqlar. Hesab edirdilər ki,
bizi inandırmağa nail olacaqlar ki, biz öz əzəli torpaqlarımızdan
əl çəkək. Ancaq yenə də Ermənistan
dövləti kimi səhv etdilər. Mən işğal
dövründə dəfələrlə demişdim ki,
xalqımız və dövlətimiz heç vaxt
işğalla barışmayacaq, nəyin bahasına
olursa-olsun, öz doğma torpaqlarını qaytaracaq".
2016-cı il Aprel döyüşlərindən sonra
Ermənistana ixracı qadağan olunan "İskəndər
M" raketlərinin verilməsi, müharibə dövründə
həmin raketlə Şuşanın vurulması
İşğal dövründə Ermənistan təkcə
siyasi dəstək göstərilmirdi, həm də hərbi,
iqtisadi maliyyə dəstəyi göstərilirdi ki, bu da
İrəvanı işğalı davam etdirməyə
şirnikləndirirdi. Ermənistana İkinci Qarabağ
müharibəsində bəzi güclər tərəfindən
hərtərəfli dəstək verildi. 44 günlük müharibə
dövründə Ermənistanın
silahlandırılması, təyyarələrlə, İran ərazisindən
Ermənistana silah-sursat göndərilməsi davam edirdi.
Dövlət başçısı bildirib ki, həm
İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı
nəticəsində Ermənistandan qənimət kimi
götürdüyümüz və məhv etdiyimiz
silahların pul dəyəri təqribən 5-6 milyard
dollardır: "Bunların dağılmış bəzi
nümunələri Bakıda Hərbi Qənimətlər
Parkında nümayiş etdirilir, o cümlədən
"İsgəndər M" ballistik raketi, hansı ki,
ümumiyyətlə, Ermənistanda olmamalı idi.
Çünki "İsgəndər M" raketinin ixracı
qadağandır. Əgər belə demək
mümkündürsə, ixraca açıq olan "İsgəndər
E", yəni eksport növüdür. "İsgəndər
M" raketi necə Şuşaya zərbə endirdi? Elə bu,
böyük sualdır. Yəni pulsuz silah, maliyyə
yardımı. Hər il Amerikada, Fransada marafonlar
keçirilirdi. Separatçılar, separatçı liderlər,
- hansılar ki, bu gün Bakıda məhkəmə
qarşısında cavab verirlər, - oraya vizalar
alırdılar. Necə ola bilər? Minsk qrupunun həmsədr
ölkələrinə separatçılar necə gedə bilərdilər?
Axı digər separatçı ərazilər də var.
Onlara Amerikaya, yaxud da ki, Fransaya kimsə viza verə bilər?
Gedin, baxın, bu gün nə qədər separatçı
inzibati ərazi var?! Ukrayna ərazisində, Moldova ərazisində,
Gürcüstan ərazisində separatçı yuvalar var.
Onların rəhbərlərinə Amerika, Fransa, Avropa ölkələri
viza verə bilər? Yox. Amma erməni
separatçılarına niyə vizalar verilirdi? Yəni dediyim
sözün bir təsdiqi də budur. Onlar telemarafonlar
keçirirdi, 100 milyonlarla dollar pul yığırdılar.
Onlara gizli mənbələrdən də pul
ötürülürdü, bir məqsədlə ki, bu
torpaqları əbədi işğal altında saxlasın, Azərbaycan
xalqına divan tutsun, bu şəhər və kəndləri
daim nəzarət altında saxlasın. Bax, görün biz
kimlərlə kəllə-kəllə getmişik. Biz
görün Ermənistana olan hansı dəstəyin fonunda
İkinci Qarabağ müharibəsində Qələbə
qazanmışıq. Yəni, ona görə bütün
bunlar, necə deyərlər, həm düzgün
çatdırılmalıdır, həm də bizim təhsil
müəssisələrimizdə, ictimai məkanda dəqiq təqdim
edilməlidir, yəni bu unudulmamalıdır və biz də
heç vaxt unutmamalıyıq".
Ermənistan işğal dövründə Azərbaycanın
təbii sərvətlərini də talan etdi. Meşələri
kütləvi məhv etdi, qızıl və digər yataqlar,
mineral mədənlər talan olundu. Gələcəkdə bu ərazilərdə
yaşayışa imkan verməmək üçün
torpaqlarımız kütləvi şəkildə
minalandı. Azərbaycan bu gün həm bərpa-quruculuq
işləri ilə məşğul olur, həm də ərazilərin
minalardan təmizlənməsini həyata keçirir.
Təəssüf ki, postmüharibə dövründə
də Ermənistan antiazərbaycan fəaliyyətini davam
etdirir. Hazırda Ermənistanın və xaricdəki ermənipərəst
dairələr, siyasətçilər Azərbaycana
qarşı fəaliyyət göstərməkdə davam edirlər.
Azərbaycanda məhkəməsi gedən müharibə cinayətkarlarının
əsir kimi qələmə verilməsi və onların
azadlığa buraxılmasının tələb olunması
da qərəzli münasibəti göstərir, sülh
prosesinə mane olmaq istəyindən irəli gəlir.
Milli Məclisin deputatı Arzuxan Əlizadə
mövzu ilə bağlı "525"ə deyib ki, Azərbaycan
beş il əvvəl 44 günlük Vətən müharibəsi
ilə öz torpaqlarını işğaldan azad edərək
böyük Zəfər əldə etdi. Daha sonra isə bir
günlük antiterror əməliyyatları ilə
Qarabağdakı separatçı rejimin varlığına
son qoyaraq öz ərazi bütövlüyünü və
suverenliyini tam bərpa etdi: "Bununla da regionda yeni
reallıqlar yarandı. Bu, məsələnin bir tərəfidir,
digər tərəfdən isə təbii ki, 30 ilə
yaxın müddət ərzində işğal
altındakı ərazilərimizi yenidən qurmğa
başladıq, genişmiqyaslı və sürətli bərpa-quruculuq
işlərinə start verildi. Biz torpaqlarımızı
işğaldan azad etdikdən sonra çox acınacaqlı və
dəhşətli bir mənzərə ilə
qarşı-qarşıya qaldıq. Faktiki olaraq düşmən
30 il ərzində bütün infrastrukturu sıradan
çıxarmış, yaşayış evləri, inzibati
binalar, hətta məzarlıqlar, yəni ərazidə nə
varsa, hamısı yerlə-yeksan edilmişdir. Azərbaycan
dövləti beş il ərzində azad edilmiş ərazilərdə
misli görünməmiş işlər həyata
keçirib. Üç böyük beynəlxalq əhəmiyyətli
hava limanı istifadəyə verilib, Füzuli, Zəngəzur,
eləcə də Laçında, yollar çəkilib, dəmir
yolları xətləri bərpa olunmaqdadır,
insanlarımız öz yurd-yuvasına qayıdır.
Böyük Qayıdış proqramı həyata
keçirilir. Artıq 10 minlərlə sakin öz doğma
el-obasına qayıdıb. Bu proses çox uğurla davam
edir".
Deputat deyib ki, Prezident mütəmadi olaraq azad
edilmiş ərazilərdə yeni infrastruktur layihələrinin
həm təməlqoyma mərasimlərində, həm
açılışlarında şəxsən iştirak
edir: "Dövlət başçısı davamlı olaraq
Qarabağa və Şərqi Zəngəzura səfərlər
edir.
Eyni zamanda, Prezident bayram günlərində, ad
günündə azad olunmuş ərazilərə səfərlər
edir, insanlarla görüşüb, onlara mənzillərinin
açarlarını şəxsən təqdim edir.
Dekabrın 24-də dövlət başçısı ad
gününü növbəti dəfə Ağdama geri
qayıdan vətəndaşlarla birgə keçirdi, onlara evlərinin
açarlarını təqdim etdi. Prezident İlham Əliyev,
eləcə də Birinci vitse-prezident Mehriban Əliyeva bu
proseslərdə mütəmadi olaraq şxsən iştirak
edirlər. Prezident hər dəfə sakinlər
qarşısındakı çıxışında faktiki
olaraq çox ciddi mesajlar verir. Bu mesajlar həm
dostlarımıza, həm düşmənlərimizə
ünvanlanır. Ermənistan tərəfə mütəmadi
olaraq ciddi mesajlar verilir ki, onların 30 il ərzində
darmadağın etdikləri ərazilərimiz yenidən
qurulur, bərpa edilir. Bütün dünyaya bu mesajlar verilir. Təəssüflər
olsun ki, dünyanın müəyyən bir qismi, bəzi beynəlxalq
təsisatlar, Avropa İttifaqı başda olmaqla bütün
bunları görməzdən gəlirlər. Azərbaycan
torpaqları 30 il ərzində işğal altında olanda səslərini
çıxarmayan, faktiki olaraq işğala rəvac verən,
işğalçıya dəstək göstərən həmin
qurumlar bu gün Azərbaycanın üzərinə gəlməyə
qalxırlar və cənab Prezidentin verdiyi mesajlar əslində
ən çox da elə onlara ünvanlanıbdır ki, biz
öz gücümüzə beynəlxalq hüququn norma və
prinsiplərini həyata keçirmişik. Biz bu yolda dayanmadan
irəliləyirik. Və heç kim bu proseslərin
qarşısını ala bilməz. Bu gün Azərbaycan
regionun əsas lider ölkəsidir. Bundan narahat olan qüvvələr
var, cənab Prezidentin mesajı həm də onlara yönəlibdir
ki, Azərbaycanın inkişafından, möhkəmlənməsindən,
bütövlükdə Türk dünyasının güclənməsindən
narahat olan qüvvələr qoy narahat olmaqda davam etsinlər.
Biz öz yolumuzla gedirik, ədaləti, haqqı bərpa
etmişik. Bu baxımdan təbii ki, Azərbaycanın həm
iqtisadiyyatı güclənməkdə davam edir, infrastruktur
layihələri həyata keçirilir. Kommunikasiya
qovşaqları genişlənir. Azərbaycanın əhəmiyyəti
bir qədər də artır".
Pərvanə
525-ci qəzet .-2025.- 26 dekabr(№237).-S.5.